Məhkəmə qərarları › İş №2-1(103)-1609/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1609/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1609/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (3-cü şəxs “X5” MMC) qarşı “sərəncamın etibarsız hesab edilməsi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3658/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli 13 saylı sərəncamının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda iddiaçılar iş üzrə müvəqqəti xarakterli tədbirlərin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, “X5” MMC tərəfindən iddiaçılara məxsus sökülmüş mənzillərin (Bakı şəhəri, Xan Şuşinski və Sabit Rəhman küçələrinin kəsişdiyi yerdə, cavabdeh tərəfindən göstərilmiş iddia ərizəsində ünvanlara aid) yerində hündürmərtəbəli binanın tikilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3658/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə “X5” MMC iş üzrə 3-cü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3658/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçılar həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini və məhkəmə gedişində kobud qanunvericiliyin pozulması ilə qanunsuz və əsassız qərardad qəbul etmiş hakim barədə qərardad qəbul etməklə aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim prosesdə özünü açıq-aydın cavabdehin vəkili rolunda göstərərək heç bir araşdırma aparmaq fikri olmadan nəzərə almamışdır ki, İddiaçı1 “X5” MMC-nin direktoru olan zaman məcburiyyət qarşısında qalaraq Tağı İbrahimovun (ATV) göstərişi əsasında ona təqdim olunmuş müxtəlif dövlət orqanlarına ünvanlanmış məktublara imza edilməsinin əsas səbəbi ona və qardaşına ümumilikdə 16 (on altı) mənzilin gələcəkdə dəyərinin alınmaları fikirləri olmuşdur. Əsas məqam ondan ibarətdir ki, mübahisələndirilən sərəncam vətəndaşların hüququ pozulduqda (X2 və digərlərinin) “28” noyabr 2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi tərəfindən ləğv edilərək Ali Məhkəməyə qədər çəkişmə davam etdikdə vətəndaşların ərizəsi əsasında, yəni onlarla “X6” MMC ilə barışdıqda inzibati iş üzrə icraata xitam verilmişdir. Bu da onu göstərir ki, hal-hazırda həmin sərəncamın mübahisələndirilməsi ona dəlalət edir ki, həqiqətən də onların konstitusion (mülkiyyət) hüquqları kobud surətdə pozularaq böyük bir ailə-kütlə kirayələrdə yaşayaraq halal zəhmətlə qazanılmış mənzilləri sökülərək və hal-hazırda intensiv tikinti aparılaraq üçüncü mərtəbənin astanasında tikinti aparan şirkət bir daha öz gücünüməhkəmələr yolu ilə nümayiş etdirməkdədir. Qərardadda hakim göstərir ki, İddiaçı1 şirkətin rəhbəri olaraq bütün sənədlərə imza atmaqla söküntütikinti işlərinin onun rəhbərliyi ilə aparılan ona məxsus mənzillərin öz istəyi ilə sökülməsini göstərərək nəzərə almamışdır ki, onun qardaşı İddiaçı2 məxsus evlərin sökülməsində heç bir razılıq əldə olunmayan halda, baxmayaraq ki, həmin mənzillər 2015-ci ildə alınmışdır və onların söküntüsü 2019-cu ilin əvvəlində olmuşdur, yəni tikinti başlayan zaman. Qərardadda göstərilir ki, hal-hazırda inşa edilən binadan qabaq bir bloklu, 18 mərtəbəli evin tikilib qurtarmasına baxmayaraq həmin vaxtı iddiaçıların nə səbəbdən iddia qaldırmamaları şübhə altındadır və ona görə də iddiaçıların irəli sürülmüş tələbləri ehtimal üzərində qurulması məhkəmə tərəfindən sübuta yetirilməyərək, hakim sadəcə olaraq hüquqverici sənədləri sadalamaqla qanunsuz və əsassız qərardad qəbul etmişdir. Bununla yanaşı hakim qəsdən tez-tələsikli məhkəmə keçirərək, məni məhkəməyə dəvət edərək və məhkəmədə işə aid olmayan mənasız suallar verməklə nəzərə almamışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə bizim konstitusion-mülkiyyət hüquqlarının tam şəkildə pozulması açıq-aydın sübuta yetirilsə də, hakim kimlərinsə sifarişi əsasında qanunsuz olaraq böyük bir kütlə ailəni evsiz-eşiksiz qoymuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçılar və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçıların və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Özəlləşdirilmiş ərazilərdə binanın, fərdi evin layihələşdirilməsi və tikintisinə icazə verilməsi, “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinə istehsalat sahəsinin təşkili haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2003-cü il tarixli 466 nömrəli sərəncamının surətindən görünür ki, müvafiq sərəncama əsasən “xxxxxx” Holdinq kompaniyasının müraciəti və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 945 nömrəli məhəllədə 0,386+0,08 ha torpaq sahəsi (0,08 ha torpaq sahəsi özəlləşdirilib, Dövlət X4 və Özəlləşdirilməsi Departamentinin 000048 nömrəli şəhadətnaməsi) yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında həmin kompaniyanın istifadəsinə verilməsi qərara alınmışdır (5-ci bənd). Ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin mövcud qanunvericilik əsasında köçürülməsi “xxxxxx” Holdinq kompaniyasının vəsaiti hesabına həyata keçirilsin (5.1-ci bənd). “xxxxxx” Mənzil Tikinti Kooperativinin sədri İddiaçı1 xx xxxxxx 2014-cü il tarixdə ünvan 1 ünvanında yaşayan İslam Abdullayevə, Validə Cəfərovaya və Dilarə Məmmədovaya məktub ilə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 466 saylı Sərəncamı ilə Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 33 ilə Sabit Rəhman küçəsi 33 və Xan Şüşinski küçəsi 33 kəsişmələrində yerləşən 945-ci məhəllədə “xxxxxx” Holdinq Kompaniyasına hündürmərtəbəli binaların tikintisinə icazə verilməsini, həmin sərəncamın 5.1-ci bəndinə əsasən ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin mövcüd qanunvericilik əsasında köçürülməsi “xxxxxx” Holdinq Kompaniyasının vəsaiti hesabına həyata keçirilməsini, sərəncamda nəzərdə tutulan əraziyə görə onların yaşadıqları mənzillərin inşa edilən hündürmərtəbəli binanın tikinti meydançasının ərazisinə aid olduğunu bildirərək, onların yaşadıqları mənzillərin hüquqi sənədlərini (mülkiyyət haqqında çıxarış və ya qeydiyyat vəsiqəsini, mənzilin texniki pasportunu) tanış olmaq üçün “xxxxxx” MTK-ya təqdim etməsini xahiş etmişdir. “xxxxxx” X1 İsmayılov.V.C tərəfindən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 002 saylı, xx xxxxxx 2015-ci il tarixli məktubundan görünür ki, “xxxxxx” Holdinq Kompaniyası Bakı Şəhər İcra Hakimiyyətinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 466 saylı sərəncamı ilə “xxxxxx” Holdinq Kompaniyasına Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 33, məhəllə 945-də hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılmasını və sərəncamda qeyd olunmuş 1 blokdan ibarət iki binanın inşası başa çatdırılmasını və bununla əlaqədar olaraq Kompaniyanın təsisçilərinin həmin binaların 2015-ci ilin sonunadək dövlət Komissiyasına təhvil verilməsini öz öhdəsinə götürdüyünü bildirərək, Sərəncamda qeyd olunmuş yeni iki bloklu binanın inşa olunması üçün ayrılmış torpaq sahəsi təmizləndiyinə, tikinti-mühafizə zolağının yaradıldığına və aidiyyatı dövlət qurumlarından lazımi rəylər və razılaşmalar alındığından tikinti nişanın verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Tikinti işlərinə dair 088 nömrəli xx xxxxx 2015-ci il tarixli xüsusi nişan nömrəsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2003-cü il tarixli, 466 nömrəli; xx xxxxxx 2015-ci il tarixli, 51 nömrəli və xx xxxxxx 2015-ci il tarixli 13 nömrəli sərəncamlara əsasən “xxxxxx” Holdinq Kompaniyasına Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 945 nömrəli məhəllədə yaşayış binasının (18 mərtəbəli (+texmərtəbə) 2 girişli, 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı avtodayancaq və texniki sahə) tikintisi üçün müvafiq xüsusi nişan verilmişdir. İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (ərizəçinin hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları isə İPM-in 43cü maddəsində dəqiq müəyyən edilmişdir. Həmin maddəyə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Qeyd edilən normaların tələblərinə əsasən ərizəçi ilkin təcili tənzimlənmənin zəruri olması və maddi tələbinin mövcud olması ehtimalını məhkəməyə aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Bu o deməkdir ki, ərizəçi hüquqi müdafiə üçün iddia icraatının nəyə görə yetərli olmadığını, yəni “faktlar yaradılmamışdan” əvvəl nə üçün müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməli olmasını təsvir etməlidir. Sözügedən hallarda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2003-cü il tarixli 466 nömrəli sərəncamının 5-ci bəndini nəzərə alaraq, hesab etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 945-ci məhəllədə yaşayış binasının tikintisi üçün “xxxxxx” Holdinq Kompaniyasına icazə verilmişdir. Həmin ərazidə yeni yaşayış binalarının tikilməsinə yönəlmiş tədbirlərin dayandırılması məqsədəuyğun deyildir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçılardan biri olan İddiaçı1 “X5” MMC prezidenti və “xxxxxx” MTK-nin sədri vəzifəsində fəaliyyət göstərib. Mübahisə predmetini təşkil edən sökülmüş mənzillər iddiaçıların mülkiyyətində olsa da və iddiaçılar Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2015-ci il tarixli, 13 saylı sərəncamının qanunsuz olaraq qəbul edildiyini və bu səbəbdən həmin ərazidə binaların tikilməsinə qadağan olunmasını tələb etsə də, işin hallından aydın olur ki, İddiaçı1 “X5” MMC prezidenti vəzifəsində fəaliyyət göstərdiyi zaman, şəxsən Bakı şəhər İcra Hakimiyyətinin Başçısına məktub ilə müraciət edərək, tikinti nişanın verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi, İddiaçı1 tikinti işlərinin başlanılması üçün xüsusi tikinti nişanının verilməsində, həmçinin, həmin ərazidə yaşayan vətəndaşlara mənzillərinin hüquqi sənədlərinin təqdim olunmasında və tikinti işlərinin başlanılmasında şəxsən marağı olmuşdur. Hazırkı halda “X5” MMC tərəfindən iddiaçılara məxsus sökülmüş mənzillərin (Bakı şəhəri, Xan Şuşinski və Sabit Rəhman küçələrinin kəsişdiyi yerdə, cavabdeh tərəfindən göstərilmiş iddia ərizəsində ünvanlara aid) yerində hündürmərtəbəli binanın tikilməsinə hazırkı iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək qadağa qoyulmadığı təqdirdə, ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması həm ərizədə, həm də apelyasiya şikayətində əsaslandırılmamışdır. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, mübahisənin hazırkı mərhələsində işin mahiyyəti üzrə araşdırılması üçün sübutların hərtərəfli tədqiq edilməsi, onlara hüquqi qiymət verilməsi, bununla da yekun məhkəmə qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu ortaya çıxarmaq zəruriyyətinin hələ davam etdiyini, qaldırılan iddianın aqibətini və gələcəkdə hansı qərarın qəbul ediləcəyini müəyyənləşdirmək hazırkı mərhələdə təyin etmək qeyri-mümkün olduğundan, bu hal isə öz növbəsində iddianın uğurluluq ehtimalını aydın etmədiyindən, kollegiya belə nəticəyə gəlir ki, iddiaçının müvəqqəti xarakterli müdafiə barədə ərizəsini təmin etməyən birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsinin təmin edilməməsi barədə düzgün nəticəyə gəldiyindən, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanmalı və apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 40, 41 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3658/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar