Məhkəmə qərarları › İş №2-1(103)-1609/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1609/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1609/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3429/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək adının əvvəlki adına, yəni İddiaçı - X1 qaytarılması (dəyişdirilməsi) və bu barədə adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, adının Gülbacı-dan Humay-a dəyişdirilməsi barədə 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Müraciətilə əlaqədar olaraq ona məxsus olan bütün məlumatlar araşdırılmış, uzun bir müddətdən sonra adının dəyişdirilməsi həyata keçirilmişdir. Adının Gülbacı-dan Humay-a keçirilməsi barədə 12 mart 2021-ci il tarixli AZ-İ 030849 nömrəli şəhadətnamə təqdim edilmişdir. Şəhadətnamə alındıqdan sonra müvafiq olaraq ona məxsus olan sənədlərdə ad qrafasının dəyişdirilməsi üçün müraciətlər edilmiş, sənədləri yeni adla verilmişdir. Ailə vəziyyətiylə əlaqədar olaraq hazırkı vəziyyətdə adının yenidən əvvəlki ada qaytarılması zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq o, cavabdehə 27.09.2021-ci il tarixində ərizə ilə müraciət ünvanlamışdır. Müraciətinə 01.10.2021-ci il tarixli məktubla cavab verilərək bunun mümkün olmaması qeyd edilmiş və imtina olunmuşdur. O, hazırkı iddia ərizəsi ilə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh imtinasında Nazirlər Kabinetinin 02 may 2011ci il tarixli qərarına istinad edərək bunun mümkünsüz olmasını qeyd edir, bu tamamilə səhv yanaşmadır, çünki o, burada yeni ad istəmir, əvvəlki adına qaytarılmağı xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3429/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarında Nazirlər Kabinetinin ad dəyişdirilməsi barədə qərarlarına toxunmuşdur, hesab edir ki, məhkəmənin bu kimi mövqeyi yalnışdır. Burada xüsusi ilə qeyd etmişdir ki, o yenidən yeni ad üçün müraciət etmir sadəcə olaraq öz əvvəlki adına qaytarılmaq və müvafiq olaraq şəhadətnamənin verilməsini istəyir. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin məhkəməyə ünvanladığı 04.04.2022-ci il tarixli, 05/Q-984/13 nömrəli məktubunda iddia tələbinə etirazlarının olmadığı bildirilmiş və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən göründüyü kimi, iddiaçının əvvəllər adı, soyadı və ata adı X2 olmuş, nikaha daxil olması ilə əlaqədar soyadını “Məlikova”- dan “Hüseynli”-yə dəyişdirmiş, daha sonra adını “Gülbacı”-dan “Humay”-a dəyişdirmiş, bu barədə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 12.03.2021-ci il tarixdə 20 nömrəsi ilə qeyd edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı növbəti dəfə adının əvvəlki adına “Humay”-dan “Gülbacı”-ya dəyişdirilməsini tələb edir. Cavabdeh 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 01.10.2021-ci il tarixli, 05/Q-4316/15 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.3-cü bəndinə əsasən isə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyada qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 12.03.2021-ci il tarixli 20 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən vətəndaşın adı “Gülbacı”dan “Humay”-a dəyişdirilmişdir. Adın yenidən dəyişdirilməsi üçün Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri olmaması əsasları ilə imtina edilmişdir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi qanunvericilik ad və soyadın təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili adının yeni adla dəyişdirilməsi deyil, əvvəlki adına qaytarılması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Göründüyü kimi iddiaçı hazırki “Humay” adının dəyişdirilməsini xahiş edir ki, iddiaçı adının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi bu hüquqdan artıq bir dəfə istifadə etmişdir. Adının növbəti dəfə dəyişdirilməsi isə yalnız yuxarıda sadalanan Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş konkret hallardan birinin olduğu halda mümkün hesab edilə bilər ki, hazırkı iş üzrə ididiaçıya münasibətdə həmin hallar mövcud deyildir. Belə olan halda iddiaçının adının dəyişdirilməsi barədə müraciətin təmin edilməsindən cavabdeh imtinasının qanunazidd olmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3429/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3429/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar