Məhkəmə qərarları › İş №2-1(103)-1609/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1609/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1609/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vəkili Vəkil1, Üçüncü şəxs "xxxx" MKM-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı 3-cü şəxs qismində "xxxx" MKM işə cəlb edilməklə sərəncamın etibarsız hesab edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2-1(112)-3521/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı 3-cü şəxs qismində "xxxx" KM işə cəlb edilməklə "xxxx" MKM-nə Əzizbəyov (hazırki Xəzər) rayonu, Maştağa-Buzovna yolu, 2706 nömrəli avtobus parkının cənub-qərb hissəsində iş həyəti layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 189 saylı xx.xx.1994-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə üçüncü şəxs "xxxx" KM - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" KM-nin xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəldilərək "xxxx" KM-nə məxsus MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən çıxarışda qeyd edilmiş "xxxx" KM-nin istifadəsində olan torpaq sahəsinin ölçülərinin müəssisəyə məxsus xx.xx.2021-ci il tarixli texniki pasporta uyğunlaşdırılmaqla 2175 kv.m göstərilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti üçüncü şəxs qismində işə cəlb edilmişdir. Yalnız bundan sonra Dövlət Neft Şirkətinə məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 189 saylı xx.xx.1994-cü il tarixli Sərəncamı əsasında "xxxx" KM-nə Əzizbəyov (hazırki Xəzər) rayonu, Maştağa-Buzovna yolu, 2706 nömrəli avtobus parkının cənub-qərb hissəsində iş həyəti layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, həmin sərəncam etibarsızdır. Belə ki, sözügedən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. "xxxx" KM-nə ayrılmış qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və buna səlahiyyəti olmadığı halda, Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş, dövlətin müstəsna mülkiyyətinə aid olan sənaye təyinatlı torpaq sahəsinin "xxxx" KM-nə ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti inzibati akt qəbul etməklə, qanunvericiliyin tələblərini pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2-1(112)-3521/2023 nömrəli qərardadı ilə (hakim A.Abdullayeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. "xxxx" LTD-nin Bakı İnzibati Məhkəməsində qaldırdığı iddiadan sonra Dövlət Neft Şirkətinə belə bir sərəncamın olduğu məlum olmuşdur. Məhkəmə isə bu halı nəzərə almadan iddia müddətinin ötürüldüyü qənaətinə gəlmişdir. Bu qənaətə gələn məhkəmə nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş, məqsədli təyinatı və hüquqi rejiminə görə sənaye təyinatlı torpaq kateqoriyasına aiddir və torpaq sahəsindən yalnız təyinatına görə istifadə oluna bilər. Torpaq sahəsindən təyinatı üzrə istifadə olunmaması özü-özlüyündə inzibati və cinayət məsuliyyəti yarada bilər. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili hüquqi məsələlərə dair izahat verərək, apellyasiya şikayətinin təminin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 189 saylı xx.xx.1994-cu il tarixli "xxxx" X2 rayonu, Maştağa- Buzovna yolu 2706 nömrəli avtobus parkının cənub-qərb hissəsində iş həyəti layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılması haqqında sərəncamının etibarsızlığına yönəlmişdir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Müjki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və köllbktivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011 -ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhər İcra Hakimiyyəti başçısının 189 saylı sərəncamı xx.xx.1994cü il tarixdə qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehin sərəncamının qəbul edildiyi tarixdən iyirmi doqquz il ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. “Qüvvədə olan inzibati prosessual qanunvericilikdə hazırkı iddianın, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün hər hansı prosessual müddət müəyyən edilməsə də, qərar qəbul edilən zaman qüvvədə olmuş mülki prosessual qanunvericilikdə belə müddət nəzərdə tutulmuşdu. Bu zaman həm də nəzərə alınmalıdır ki, mübahisə olunan qərar İnzibati Prosessual Məcəllə və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl qəbul edilmişdir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2-1(112)-3521/2023 nömrəli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2-1(112)-3521/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar