Məhkəmə qərarları › İş №2-1(103)-1609/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1609/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1609/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Ceyhun Bəşir oğlu və X10 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11 və X7) “çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9976/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də X8 xx.xx.2019-cu il tarixli **********22-05101-093002 reyestr nömrəli texniki sənədə düzəliş edilməklə 14a mənzilin natura hissəsindən 10 metr kənar məsafədə yerləşən 5,5 kv.m (7,5) sahəli 8 saylı otaqanbar göstəricisinin çıxarılması; Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94də yerləşən 5,5 kv.m (7,5) sahəli qeyri-yaşayış sahəsinə dair yeni qeydiyyat aparılmaqla İddiaçı adına çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də X8 xx.xx.2019-cu il tarixli **********22-05101-093002 reyestr nömrəli texniki sənədə düzəliş edilməklə 14a mənzilin natura hissəsindən 10 metr kənar məsafədə yerləşən 5,5 kv.m (7,5) sahəli 8 saylı otaqanbar göstəricisinin çıxarılması; Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94də yerləşən 5,5 kv.m (7,5) sahəli qeyri-yaşayış sahəsinə dair yeni qeydiyyat aparılmaqla İddiaçı adına çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; naturada kompensasiya olaraq Bakı şəhəri, Səbail Rayonu, Mirzə Mənsur küçəsi, ev 94də yerləşən Səbail Rayol İcra Hakimiyyətinin 1997-ci il sərəncamı əsasında təsərrüfat məqsədli istifadəsinə verilmiş 5,5 kv.m (faktiki 4 kv.m) sahəli otağa dair qeyri-yaşayış təyinatlı ilkin qeydiyyatın aparılması, İddiaçı adına çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11, xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildə Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmiş və 5 mart 1997-ci il 325 saylı sərəncamı ilə 5,5 kv.m (faktiki 7,5 kv.m) qeyri-yaşayış sahəsi üzərində hüquq əldə etmişdir. 2019-cu ilə qədər bu sahəni təyinatı üzrə istifadə etmişdir. Bundan başqa, qonşuluqda yerləşən 14a mənzilinə qonşu olan Pyaçiqorskyaya aid olan 20,5 kv.m sahəli mənzili də 2 iyun 1994-cü il 1771 saylı oxşar sərəncam ilə mənzilinə birləşdirmişdir. 1988-ci ildə 14a mənzilinə dair cəmi 51 kv.m sahə üzrə Dövlət Reysterindən qeydiyyat vəsiqəsi almışdır. 2004-cü ildə cəmi bu 51 kv.m sahəni banka girov qoyub, bu bankın əməkdaşı üçüncü şəxs Yəhyayev Rəşadın qanunsuz müdaxiləsi ilə batırmışdır. Əşyaları da 2007-ci ildən üçüncü şəxsə təhvil verilmişdır. Məhkəmə gedişatları bitdikdən sonra üçüncü şəxs ilə sözdə razılaşmaları olmuş, o, sülh yolu ilə məsələni maddi-mənəvi ziyanı ödəməkdə söz vermiş, ödənişdən sonra növbəti gedişatlarda razılaşacaqlarını qərarlaşdırmışlar. Bütün bu olanlara şahid 94 həyətində qonşu X7 olmuşdur. Lakin üçüncü şəxs onlarla razılaşdırmamış, 2019-cu ildə 14a mənzilin mübahisəli sahələri də daxil olmaqla özgəninkiləşdirmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2004-cü il 82 №-li qiymətləndirmə aktı deyilənlərə sübutdur. Daşınmaz əmlakın Yəhyayev Rəşada mülkiyyət sənədləri verərkən 2018-ci il ekspert hesabatı və müvafiq məhkəmə qərarı ilə 14a mənzili sahəsinin faktiki 129 kv.m olduğu halda, 1 saylı Bakı Ərazi İdarəsi ona məxsus olan 5,5 kv.m 14a mənzilin naturasından 10 metr məsafəyədək kənar yerləşən qeyri-yaşayış sahəsini də qanunsuz olaraq üçüncü şəxsə 133 kv.m sahədə mülkiyyət hüququ tanımaqla onun hüququnu pozmuşdur. Bununla da 129 kv.m sahəli kifayət qədər geniş bir mənzilin guya anbar sahəsinə ehtiyacı olduğu kimi göstərməklə otaq göstəricilərinə onu da daxil etmişdir. Bunu yeni müəyyən edən kimi üçüncü şəxsə etirazını bildirmiş, o isə cavabında mənzilini satacağı ilə hədələmişdir. Əşyalarını belə 2019-cu ildən yoxa çıxarmışdır. Daha sonra bu səbəbdən o, cavabdehə 50 gündür ki, problemi həll etmək üçün müraciət etsə də, ona rəsmi cavab yalnız poçt zərfi olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-9976/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsində 2018ci ildə üçüncü şəxs Rəşad Yəhyayevin iddia tələbi üzrə qonşuların hüquqlarını pozmaqla əsassız və qanunsuz qərar qəbul olunmuş, sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərar dəyişdirilmiş, bu qərar Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarı indiyədək icra olunmamışdır. Bu kimi qanunsuzluqlar səbəbindən onlar iki predmet üzrə iddia qaldırmış, bir predmet 14a mənzilin texniki pasportuna düzəliş edilməsidir. Digər tərəfdən onlar inzibati məhkəməyə ilkin olaraq ərizəçi kimi onların işə cəlb olunmaları üçün müraciət etmişlər. Lakin yuxarı instansiyalar indiyə qədər icra olunmamış qərarını qüvvədə saxladılar. Hazırki iddiada yuxarı instansiyaların qərarları əleyhinə çıxış etmirlər. Onların digər iddia predmeti indiyə qədər iddia olunmamış 7,5 kv.m sahə ilə qonşuluqda yerləşən 94 saylı binada tam invertarlaşdırmanı nəzərdə tutan 4 kv.m müstəqil otaq-hamam barəsindədir. Onların iddiası üzrə icra hakimiyyətindən icazə alan şəxs deyir ki, 5,5 kv.m təsərrüfat məqsədli sahə 4 kv.m hazırki hamam otağına tətbiq olunmalıdır. Lakin hazırki iş üzrə məhkəmənin mövqeyinə görə işin materillarına sonradan iddiaçının icazəsi olmadan qoyulmuş 5,5 kv.m sahəyə dair sərəncam artıq digər şəxslər tərəfindən istifadə olunub. İddiaçı bu mövqə ilə razılaşmır. Bununla bağlı iddiaçı qoruq idarəsinə 4 kv.m sahəyə icarə müqaviləsi bağlanması üçün 2017-ci ildə müraciət etmişdir. Cavabdeh qismində cəlb edilmədiyi üçün iddiaçı müraciətinə onların cavablarının nəticəsini öyrənə bilməmişdir. 14a saylı mənzilə dair Ədliyyə Nazirliyi məhkəmə eksperti tərəfindən 14611 saylı xx.xx.2016-cı il tarixli mötəbər sübutla sahəsinin 129.34 kv.m olması müəyyən olunmuşdur. Hazırki iddia üzrə işdə hakim bu halları nəzərə almamışdır. İddiaçı 4 kv.m otağı 36 ildir faktiki istifadə edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan sənədlər birinci instansiya məhkəməsi tərəfindən qərardadda tam şəkildə qeyd edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisələndirilən ünvana aid arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1232/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddiası qismən təmin edilərək ünvan 2, 9 saylı mənzilə dair ümumi sahəsi 31.4 kv.m kimi göstərilməklə, ünvan 2, 12 saylı mənzilə dair ümumi sahəsi 36.4 kv.m göstərilməklə ünvan 2, 14 a saylı mənzilə dair ümumi sahəsi 133.2 kv.m kimi göstərilməklə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənillərə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması, iddianın maddi və mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2270/18 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-1232/2018 saylı iş üzrə qəbul etdiyi 11 may 2018-ci il tarix qərarı dəyişdirilmiş, ünvan 2 ünvanında yerləşən 14 a saylı mənzilə dair ümumi sahəsi 129,39 kv.m kimi göstərilməklə X6 adına dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarında mənzilin faktiki sahəsi Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 94 nömrəli sərəncamı ilə 14a saylı mənzilə əlavə olaraq verilmiş 5.5 kv.m (faktiki olaraq 7.5 kv.m) sahə ilə birlikdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-646/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2270/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sahəyə cavabdeh tərəfindən mülkiyyət hüququ üzrə qeydiyyat qanuni qüvvəyə minmiş məhkəmənin qərarı əsasında aparılmışdır. Həmin məhkəmə qərarı hazırda da qüvvədə olmaqla ləğv edilmədiyindən, həmin qərarla müəyyən edilmiş faktlar və hallar başqa bir məhkəmə icraatında mübahisələndirilə bilməz və bu əsasla iddiaçının mübahisələndirdiyi qeydin ləğvi və iddiaçının adına müvafiq qeydin aparılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və orada nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan 2-1(103)-2270/2018 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı üçüncü şəxs qismində cəlbetmə barədə vəsatəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-717/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan 2-1(103)-2270/2018 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, ərizəçi İddiaçı 14a saylı mənzil üzrə heç bir mülkiyyət hüququ qalmamışdır, X1 14a saylı mənzili tək payla alqı-satqı yolu ilə almışdır. Göründüyü kimi, qeyd olunan mənzil, o cümlədən onun mübahisələndirilən hissəsi üzərində hazırki iş üzrə İddiaçı hər hansı hüququnun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə müəyyən edilmişdir. İddiaçı da qeyd olunan mənzil, o cümlədən onun mübahisələndirilən hissəsi üzərində (5.5 kv.m, 7.5 kv.m və ya 4 kv.m) hər hansı hüququnun olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 15.4. İPMin 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9976/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar