Məhkəmə qərarları › İş №2-1(103)-161/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-161/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-161/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlundan və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)- 3653/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin güzəştli şərtlərlə pensiya təyin olunmasından imtinaya dair 18 noyabr 2020-ci il tarixli, **********0 nömrəli məktubunun qanunsuz hesab edilməsi, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və həmin Qanununa 13.07.1997-ci il tarixli 321- İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklik nəzərə alınmaqla iddiaçıya qanunla hüququnun yarandığı gündən, yəni 57 yaşı tamam olduğu 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3653/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3653/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarə tərəfindən iddiaçıya ünvanlanmış 18.11.2020-ci il tarixli **********0 nömrəli cavab məktubunun məzmunundan göründüyü kimi hazırki iş üzrə cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirilmişdir. Lakin baxılan halda İdarə cavabdeh kimi cəlb edildiyi məsələdə nə inzibati aktı qəbul etməkdən imtina etmiş, nə də hərəkətsizliyə yol vermişdir. Əksinə, pensiya təyinatı aparmaq üçün müvafiq sənədlərin əsillərini təqdim etməməklə iddiaçı hərəkətsizliyə yol vermişdir. Bundan əlavə məhkəmə iddiaçının güzəştli iş stajının qiymətlənidirilməsində səhvə yol vermiş, işlədiyi vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olub-olmamasını müəyyən etmək üçün ətraflı araşdırma aparmamış və müvafiq arayışlar tələb etməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3653/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2- 1(112)-3653/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il tarixdə Beyləqan rayonu, Örənqala qəsəbəsində anadan olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 18 noyabr 2020-ci il tarixli, **********0 nömrəli bildirişindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla biləcəyi bildirilmişdir. - "xxxx" ASC-nin arayışına əsasən, İddiaçı həqiqətən də, 01.06.2011-ci ildə (29/9-kş nömrəli, 26.06.2011-ci il tarixli əmr) "xxxx"ASC və Mülki Tikinti İdarəsinin Tamamlama və Abadlaşdırma sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə qəbul edilib, 07.01.2013-cü ildə (10/9-kş nömrəli, 29.01.2013-cü il tarixli əmr ) Həmin idarənin Təmir sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə keçirilib, 03.06.2013cü ildə (34/9-kş nömrəli, 18.06.2013-cü il tarixli əmr) vəzifə və dərəcəsi saxlanılmaqla həmin İdarənin Yarımstansiyaların təmiri sahəsinə keçirilib, 08.07.2013-cü ildə (104/18-kş nömrəli, 29.07.2013-cü il tarixli) həmin İdarənin 2 vəzifə və dərəcəsi saxlanılmaqla Yarımstansiyaların Tikintisi sahəsinə keçirilib, 21.05.2014-cü ildə (72/18-kş nömrəli, 20.05.2014-cü il tarixli) Təmir sahəsinə 10-cu dərəcəli usta vəzifəsinə keçirilib, 17.06.2014-cü ildə (84/18-kş nömrəli, 18.06.2014-cü il tarixli əmr) X3 Tikinti Layihəsinə 15-ci dərəcəli layihə rəhbəri vəzifəsinə keçirilib və halhazırkı dövrədək işləyir. Göstərilən vəzifələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinə əsasən bilavasitə zərərli sahələr hesab edilir və “Tikinti və quraşdırma işləri”nə uyğun olduğu üçün zərərli əmək şəraitində işləyən vəzifələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 02 il, 11 ay, 20 gün təşkil edir. Məlumat üçün bildiririk ki, Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komtitəsinin 09.10.2008-ci il 323 nömrəli sərəncamına əsasən "xxxx"ASC adlandırılıb. - İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada Azərbaycan dilinə tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 03.10.1977-ci ildə 1-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, 01.08.1978-ci ildə 2-ci dərəcəli fəhlə dərəcəsi verilmiş, 11.04.1979-cu ildə Sovet Ordusunun sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmişdir. 11.04.1979-cu ildən 02.15.1981-ci ilə qədər Sovet Ordusundə xidmət etmiş, 13.07.1981-ci ildə 2-ci dərəcəli fəhlə dərəcəsi verilmiş, 01.04.1982-ci ildə 3-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, 02.01.1984-cü ildə 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, 01.12.1987-ci ildə tikinti ustası işinə keçirilmiş, 02.01.1989-cu ildə BBTİ “Hündüryaşayıştikinti” trestinin 303 saylı Tİ “Bakımonolittikinti” Layihə - İstehsalat Tikinti Birliyinin (LİTB) 303 saylı Tİ adlandırılmışdır. 14.04.1989-cu ildə iş icraçısı vəzifəsinə keçirilmiş, 02.01.1990-cı BBTİ “Bakımonolittikinti” LİTB 303 saylı Tİ “Bakıyaşayıştikinti” 303 saylı Tİ adlandırılmış, 01.01.1992-ci ildə şəxsi istəyi ilə işdən azad olunmuş, 14.07.1992-ci ildə “X2 Assosiasiyasının “Qarabulağ” firmasının direktor müavini vəzifəsinə qəbul olunmuş, 14.12.1993-cü ildə 9 saylı TTİ-nə keçirilmə yolu ilə işdən azad edilmiş, 15.12.1993-cü ildən 03.10.1996-cı ilədək “Məişəttəmirtikinti” 9 saylı KT TTİ-nə iş icraçısı, 26.03.2002-ci ildən 21.12.2006-cı ilədək "xxxx" MTK da baş mühəndis, 03.01.2007-ci ildən 26.10.2011 ci ilədək X5 təsərrüfatına təsərrüfat rəhbərinin tikinti və təmir işləri üzrə müavini vəzifəsində çalışmışdır. - Hərbi biletə əsasən iddiaçı 18 aprel 1979-cu ildən 24 aprel 1981-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 9.1, 9.8, 32.1, 32.1-1-ci maddələrini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli dəyişikliyi tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qаrşı iddiası təmin edilməli, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanunsuz hesab edilməli, iddiaçıya 57 yaşı tamam olduğu 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə - güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, baxılan iş üzrə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olmalı, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan qeydlərdə elektrik qaynaqçısı vəzifəsində işlədiyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısının 33-cü bölməsinin 23200000—19906 yarımbəndində isə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinin qeyd olunduğu müəyyən edilmişdir. Yaranmış ziddiyətin aradan qaldırılması üçün iddiaçının çalışdığı müəssisələrin fəaliyyətinə dait məlumatın əldə olunması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, eləcə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə müvafiq sorğular ünvanlanmışdır. Cavab məktublarına əsasən qeyd olunan müəssisələrin fəaliyyətinə dair hər hansı malumatın aşkar olunmadığı müəyyən olunmuşdur. Belə olan halda uyğunluğun müəyyə edilməsi məqsədilə tikinti sahəsində ixtisaslaşmış "xxxx" ASC-yə müvafiq sorğu ünvanlanaraq elektrik qaynaqçısının qaynağı əl ilə, yaxud digər formada həyata keçirməsinə dair məlumatın növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Cavab məktubunda elektrik qaynaqçısının vəzifə təlimatlarına əsasən tələb olunan metodlar vasitəsilə əllə qaynaq işini yerinə yetirmək kimi vəzifəsi də qeyd olunduğu, eyni zamanda, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi prosesində metalların qaynaq edilməsi elektrik qaynaqçısı tərəfindən əl ilə həyata keçirildiyi qeyd olunmuşdur. Beləliklə, iş materiallarına eyni zamanda, məhkəmə araşdırmasına əsasən iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısının 27-ci bölməsində (Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (bənd: ********) “yeni tikinti və quraşdırma işlərinin ustaları” (2290000b-23419 yarımbəndi); həmin siyahının, həmin bölmənin, həmin bəndin 2290100b—24441 yarımbəndinə əsasən “iş icraçıları”; həmin siyahının 33-cü bölməsinin 23200000—19906 yarımbəndinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsində güzəştli iş stajı 12 il 09 ay 22 gün, ümumi iş stajı 25 il 09 ay 18 gün olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-289/2021 saylı, 02.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar