Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-161/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Binəqədi rayon Biləcəri Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2235/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Biləcəri Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, 9a mikrorayon, M.Cəlal küçəsi 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv. metr ölçüdə olan torpaq sahəsinin planölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 32,8 kv. metr qeyri-yaşayış obyektinin onun adına qeydiyyata alınaraq, xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv. metr ölçüdə olan torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 524 saylı 15 noyabr 2006-cı il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Binəqədi rayonu, 9a mkr., M. Cəlal küçəsi 29 və 31 saylı yaşayış binasının tinində 120 kv. metr torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Torpaq sahəsinin Situasiya planı tərtib edilərək, Bələdiyyə tərəfindən təsdiq edilmişdir və 357 saylı 15 noyabr 2006-cı il tarixdə onunla Bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanaraq, sonuncunun hesabına torpağın dəyəri ödənilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 205 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu, M.Cəlal küçəsi 31 saylı binanın qarşısında istifadəsində olan torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 32,8 kv. metr qeyri-yaşayış obyektinin təqdim etdiyi layihə əsasında sənədləşdirilməsi qərara alınmışdır. İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına 19 sentyabr 2017-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. Cavabdeh Reyestr Xidmətinə müraciət edərək, Binəqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv. metr ölçüdə olan torpaq sahəsinin planölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 32,8 kv. metr qeyri-yaşayış obyektinin onun adına qeydiyyata alaraq, xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi xahiş edilmişdir. Reyestr Xidməti tərəfindən **********40 saylı 30 iyul 2021-ci il tarixli məktubla bildirilmişdir ki, mülkiyyətinə verilmiş torpaq sahəsinin xüsusiyyətinə, torpağın ayırma məqsədinə, mövcud texniki normalara, habelə yerqurluşu və şəhərsalma sənədlərinə uyğun olaraq rayon icra hakimiyyəti orqanının rəyi əlavə edilməmişdir. Həmçinin təqdim edilmiş torpağın alqı-satqısına dair Akt sənədi ləğv edilmiş DT və XK tərəfindən təsdiq edilməmişdir. Dövlət və Bələdiyyə orqanlarının verdiyi rəsmi sənədlərə əsasən əldə etdiyi torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin qeydiyyata alaraq çıxarış verilməsindən göstərilən əsaslarla imtina etməkdə cavabdeh Reyestr Xidməti haqlı olmamışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixli, ********** daxilolma nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. Həmçinin obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmişdir və təqdim edilmiş layihə və İstismara İcazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə torpaq sahəsinə texniki baxışın keçirilməsi və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********40 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. 6.5-ci maddəsinin əvvəlki redakiyasında deyilir ki, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnaməsinin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnaməsinin Əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2235/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9A mikrorayon, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən, sahəsi 120 kv. metrdən ibarət olan torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqları Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq tələblə xx.xx.2021ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. Həmçinin obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmişdir və təqdim edilmiş layihə və İstismara İcazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti zamanı torpaq sahəsinə texniki baxışın keçirilməsi və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamış, bu səbəbdən məhkəmə qərarı idarəyə daxil olduqdan sonra torpaq sahəsinə yerli baxış keçirilmiş və məlum olmuşdur ki, göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir və yaşayış binasının qarşısında ümumi istifadə edilməsi üçün nəzərdə tutulan yerlərdir. Həmçinin bildiririk ki, elektron kadastr məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron bazada məlumat aşkar edilməmişdir. indiyədək Bakı şəhəri ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinin elektron uçotunun aparılması və xəritələşdirilməsi həyata keçirilməmiş və həmin torpaq sahələri barədə məlumatlar elektron kadastr uçotu informasiya sistemi və rəqəmsal kadastr xəritəsinə daxil edilməmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2235/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Bakı şəhəri Binəqədi rayonu X1 Elşad Qurban oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında 15 noyabr 2006-cı il tarixli 524 №-li Qərarın surətindən müəyyən olunur ki, İddiaçı ərizə ilə Bələdiyyəyə müraciət edərək, Binəqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində 120 kv. metr torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Bələdiyyəsinin sözügedən qərarı ilə Binəqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində 120 kv.m. torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün, əlavə edilmiş cizgi əsasında (hər kv. metr üçün YAN ilə 5 man. ödəmək şərti ilə) vət. İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır Torpaqların alqı-satqısına dair aktın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə xx.xx.2006-cı il tarixdə torpaq sahəsini almaq barədə müraciətinə bələdiyyənin ümumi iclasında baxılmış və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində yerləşən 120 kv. metr torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 524 №-li qərar qəbul olunmuşdur. Bunun müqabilində İddiaçı tərəfindən Binəqədi rayonu Binəqədi bələdiyyəsinin hesabına əvvəlcədən 600.00 manat haqq ödənilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərzisində olan Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 357 №-li müqavilənin surətindən müəyyən olunur ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında Bakı şəhəri Binəqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv.m torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Binəqədi rayonu X2 Mülkiyyətinin idarəedilməsi şöbəsi tərəfindən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadə etdiyi Binqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən torpaq sahəsinin (120 kv.m) situasiya planı hazırlanmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 205 №-li sərəncamın surətindən müəyyən olunur ki, Vətəndaş İddiaçı rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2017-ci il tarixli, N-70-159 saylı müraciətində Binəqədi rayonu, 9a mikrorayon, Mir.Cəlal küçəsi, 31 saylı binanın qarşısında istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyri yaşayış obyektinin təqdim edilən layihə əsasında mövcud vəziyyətdə sənədləşdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Binəqədi rayonu, 9a mikrorayon, Mir.Cəlal küçəsi, 31 saylı binanın qarşısında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı xx.xx.2000- ci il tarixli, 849 saylı Sərəncamı əsasında inşa edilmiş qeyri-yaşayış sahəsi (Bakı şəhəri 43 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 356 saylı etibarnamə) vətəndaş İddiaçı istifadəsindədir. Sözügedən ünvanda inşa edilmiş qeyri-yaşayış sahəsinin təqdim edilən layihəsi fiziki şəxs - X4 tərəfındən işlənilmişdir. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.1-ci bəndi rəhbər tutularaq, İddiaçı Binəqədi rayonu, 9a mikrorayon, Mir Cəlal küçəsi, 31 saylı binanın qarşısında istifadəsində olan torpaq sahəsində inşa edilmiş ümumi sahəsi - 32,8 kv metr olan qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihə əsasında mövcud ölçülərlə sənədləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına 19 sentyabr 2017-ci il tarixli 46 №-li icazənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9a mikrorayon, Mir Cəlal küçəsi, 31 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsi, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa etdiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, xx.xx.2017-ci il tarixində İddiaçı qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 9a mikrorayon, M.Cəlal küçəsi, 31 saylı binanın qarşısında vətəndaş İddiaçı məxsus mövcud vəziyyətdə qeyri-yaşayış obyektinin eskiz layihəsi Bakı şəhəri Biəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********40 №li xx.xx.2020-ci il tarixli cavab məktubu ilə müraciətçiyə bildirilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 524 nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində 120 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş cizgi əsasında mülkiyyətinə verilmişdir. Lakin sahənin xüsusiyyətinə, torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi əlavə edilməmişdir. Həmçinin təqdim edilmiş torpaqların alqı-satqısına dair Akt sənədi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.1-2- 2022- 416 saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində 120 kv. metr torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində heç bir sənəd aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli **********9 saylı məktubda qeyd olunmuşdur ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair koordinatlar və torpaqayırma sənədləri təqdim olunmadığından, həmin torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətinə aid olması barədə məlumatların verilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya ayrılarkən aidiyyəti dövlət orqanlarının rəylərinin alınmamasını bildirmiş, lakin bununla bağlı etirazını hər hansı mötəbər sübutla əsaslandırmamışdır. Cavabdehin imtinasından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (sərəncam verilən zaman qüvvədə olan redaksiyası): 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. 9.6-cı maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. 20.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarfnın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin (sərəcam verilən zaman qüvvədə olan redaksiyası): 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 4-cü bəndinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. 13-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alqı-satqı qaydasında verilir. 15-ci bəndinə görə bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. 17-ci bəndinin tələbinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. 25-ci bəndinin tələbinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir. 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnaməninin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini (sərəncamın verildiyi tarixdə qüvvədə olan redaksiyası) Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 04 may 2023-cü il tarixli mütəxəssis rəyində Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 524 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində 120,0 kv.m torpaq sahəsi hansı kateqoriya (dövlət,bələdiyyə) torpaqlara aid olması barədə suala cavab olaraq qeyd edilmişdir ki, vahid elektron kadasir baza məlumatlarına əsasən göstərilən 120,0 kv.m torpaq sahəsi dövlət mülkiyyətindədir. Sözügedən torpaq sahəsi yaşayış binasının qarşısında ümumi istifadə edilməsi üçün nəzərdə tutulan ərazidir (sahə yolkənarında yerləşməklə ətrafında yaşıllıq ağacları var). Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 524 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində 120.0 kv.m torpaq sahəsi məqsədli təyinatına görə hansı torpaqlara aiddir sualına cavab olaraq qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətidir. Bundan başqa, torpaq sahəsindən 23-25 metr aralı məsafədə (diametri 300mm, 325mm, 500mm və 530mm-iik) orta təzyiqli yeraltı qaz xətləri keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, bələdiyyə dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya verilməsi barədə qərar qəbul etmişdir. Mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda, yaşayış binasının qarşısında ümumi istifadə edilməsi üçün nəzərdə tutulan yerlərdir. Göründüyü kimi cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Yekunda kollegiya qeyd edir ki, Bakı şəhəri Binəqədi rayonu X1 Elşad Qurban oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında 15 noyabr 2006-cı il tarixli 524 №-li Qərarı hazırda qüvvədə olsa da torpaq sahəsi bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahəsi olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2235/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2235/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-161/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-161/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver