Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1610/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı Sərxan oğlunun iştirakı ilə, İddiaçı Sərxan oğlunun cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının iddiaçıya İddiaçı Sərxan oğluna aid hissəsində ləğv edilməsi” bаrədə iddiа tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(112)-6838/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Sərxan oğlu cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının iddiaçıya İddiaçı Sərxan oğluna aid hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə, “Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının iddiaçıya İddiaçı Sərxan oğluna aid hissəsində ləğv edilməsi” barədə dəqiqləşdirilmə barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "Şabandağ" bağçılıq-bostançılıq kollektivinin üzvü olub və ona Şabandağ sahəsində bağ sahəsi verilib. Bakı şəhər X4 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıqbostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılıb. "26 Bakı Komissarı" adına Neft- Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən iddiaçı "Şabandağ" bağçılıq-bostançılıq kollektivinin üzvü olub və "26 Bakı Komissarı" adına Həmkarlar Təşkilatının xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona sahəsi 900 kv. metr olan 47 saylı bağ sahəsi ayrılıb. "Bağçının üzvlük kitabça"sına əsasən iddiaçı 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına üzv qəbul edilib. İddiaçı 07 avqust 2020-ci ildə, 47 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, idarənin 31 avqust 2020-ci il tarixli, **********75 nömrəli bildirişi ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilib. imtina bildirişlərinin əsası kimi idarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıqyoldaşlıq üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması, elektron kadastr məlumatına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planı verilməsi, həmçinin "Şabandağ" bağçılıq- bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxeminin idarənin arxivinə təhvil verilməməsi göstərilib. İddiaçı 2021-ci ildə DƏDKR -nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığı tərəfindən ona ayrılmış sahəsi 900 kv. metr olan 47 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edib. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-1(112)-3137/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli, 10/5358 saylı ekspert rəyində qeyd edilib ki, ekspertin nəticəsinə əsasən, iddiaçıya ayrılmış torpaq sahəsinə dair elektron bazada məlumatın aşkar edilməməsi və torpaq sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə, Bakı Şəhər İcra Hakimiyyətinin 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə X9 ayrılmış (universitet kampusu tikintisi üçün) və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış, "Torpaq sahəsinin planı və ölçüsü" (kadastr nömrəsi **********00058) tərtib olunmuş torpaq sahəsi ilə üst üstə düşür. Bakı İnzibati Məhkəməsi 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-3137/2021 nömrəli qərarı ilə məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin harada yerləşməsini müəyyən etməyin mümkün olmadığını bildirərək iddia tələbi təmin edilməyib. İddiaçı 2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi 01 aprel 2022-ci il tarixli, 2- 1(103)-1057/2022 nömrəli qərarı ilə iddianı təmin etməkdən imtina edib və qərarını həm də onunla əsaslandırıb ki, mübahisəli torpaq sahəsinin X7 daimi istifadəsinə verilməsinə dair BŞİH başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı iddiaçı tərəfindən hər hansı qaydada mübahisələndirilməyib və həmin sərəncam hazırda qüvvədədir. İddiaçı və vəkili X3 2022 ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edib. Ali Məhkəmə 15 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbini təmin etməkdən imtina edib. Ali Məhkəmə qərarını onunla əsaslandırıb ki, BŞİH başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı, eləcə də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, iddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X9 ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq olunduğundan, X9 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər öz qüvvəsini saxladığından, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. Odur ki, həm Bakı Apellyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin mövqeyindən sonra iddiaçı BŞİH başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamını məhkəmə qaydasında mübahiləndirmək qərarına gəlib. BŞİH başçısı Hacıbala Abutalıbovun 16 dekabr 2005-ci il tarixli 330 saylı Sərəncamına əsasən, X7 05 avqust 2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Xocasən rayonlarının ərazilərində, Xocasən kəndinin şərqində yerləyəşən Xocasən gölü ətrafından universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X7 daimi istifadəsinə torpaq sahəsi verilib. İşin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi, iddiaçıya və çox sayda digər bağçıya verilmiş torpaq sahəsi ilə cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 saylı Sərəncamı əsasında X9 verilmiş torpaq sahəsinin kordinatları ilə üst-üstə düşür. Beləcə, iddiaçıya ayrılmış bağ sahəsi cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamı ilə X7 daimi istifadəsinə verilməsi ilə iddiaçının həmin torpaq sahəsi üzərində Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulmuş mənada mülkiyyət hüququ pozulub. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 31 avqust 2020-ci il tarixli imtina bildirişinin əsaslarından biri kimi göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi göstərilib. İşin hallarından görünür ki, iddiaçı qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnu 7 avqust 1991-ci ildə əldə edib. X12 isə həmin torpaqlar üzərində daimi istifadə hüququnu 16 dekabr 2005-ci ildə cavabdeh qurumun 330 saylı sərəncamı ilə əldə edib. Həmin torpaq sahələri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 adına X8 kitabında 12 yanvar 2011-ci ildə 23519 nömrə ilə uçota alınıb və "Torpaq sahəsinin planı və ölçüsü" tərtib olunub. İddiaçıya məxsus bağ sahəsi həmin dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq icra hakimiyyətlərinin nəzdində olduğu üçün cavabdeh qurum həmin torpaq sahəsinin iddiaçıya verilməsi ilə bağlı sənədlərə və digər arxiv məlumatlarına sahib olub. Ancaq iddiaçının və digər bağçıların qanuni istifadəsində olan torpaq sahələri X9 qeyriqanuni yolla verilib, onun və digər bağçıların adına torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər X4 İcraiyyə Komitəsinin 07 avqust 1991-cı il tarixli, 11/546 saylı qərarı, o cümlədən bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokolu ləğv və etibarsız hesab edilməyib ki, bu da ümumi əraziyə dair digər qurumun, indiki halda X7 adına verilmiş sərəncam və kadastr planının qanunsuz olduğunu təsdiq edir. DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı cavab məktubundan aydın olur ki, cavabdeh qurumun torpaq sahəsini X9 verməsi ilə bağlı sərəncamının İdarə tərəfindən qanunvericiliyə uyğun qəbul edilməsinin əsas səbəbi torpaq sahəsinin iddiaçıya məxsus olduğunu təsdiq edən arxiv məlumatlarının İdarənin əlində olmamasıdır. 2007-ci ildə 1 saylı Bakı Ərazi İdarəsini qeyd edilən arxivlə təmin etmək, beləcə cavabdeh qurumun sərəncamını ləğv etməklə İdarənin həmin torpaq sahəsini 12 yanvar 2011-ci ildə X7 adına uçota almasının qarşısını almaq və iddiaçının qeyd edilən torpaq üzərində mülkiyyət hüququnu təsdiq etmək üçün yeni hüquqi əsas yaranıb. Belə ki, "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli № 2186 Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazilər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi vəzifəsi sözügedən sərəncamla Nazirlər Kabinetinə həvalə edilib. Ancaq işin hallarından görünür ki, Nazirlər Kabineti qeyd edilən arxiv məlumatlarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdim etməyib, nəticədə idarə arxiv məlumatlarından xəbərsiz olduğu üçün cavabdeh qurumun qanunvericiliyə zidd sərəncamını rəsmiləşdirmək məcburiyyətində qalıb. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(112)-6838/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan və məhkəmənin özünün də istinad etdiyi Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********75 nömrəli “Daşınmaz əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə qeyd edilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Şabandağ” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı Sərxan oğlunun adı aşkar olunmamış, elektron kadastr baza məlumatlarına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planı verilmiş, həmçinin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxemi İdarənin arxivinə təhvil verilməmişdir.Göründüyü kimi İddiaçı Sərxan oğluna ayrılmış torpaq sahəsinin onun adına rəsmiləşdirilməsindən imtinanın əsaslarından biri kimi eyni ərazinin digər şəxsin adına kadastr planının verilməsi göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6838/2023 (**********) nömrəli sorğusuna cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-15-1-71/2023 **********71 nömrəli məktubla İddiaçı Sərxan oğlunun faktiki istifadəsində olan torpaq sahəsi üzrə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının və torpaq sahəsinin planının təsdiq olunmuş surətləri məhkəməyə daxil olmuşdur. Həmin sənədlərdən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhəri, Qaradağ rayonu, Hacı-həsən qəsəbəsində yerləşir və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının ləğvi tələb olunan 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə X9 ayrılmış torpaq sahələrinin hüdudları daxilinə diişür. Yuxarıda qeyd edilən Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı kimi bu sənədlər də Bakı İnzibati Məhkəməsi tərəfindən qiymətləndirilməmiş və qərar çıxarılarkən nəzərə alınmamışdır. Hər iki sənəd məhkəmənin gəldiyi qənaəti tamamilə təkzib edir. Hazırkı şikayətlə mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati iş üzrə icraatdan əvvəl 1 saylı Bakı Ərazi İdarəsinin müvafıq torpaq sahəsini İddiaçı Sərxan oğlunun adına rəsmiləşdirilməsindən imtina etməsi ilə əlaqədar məhkəməyə müraciət olunmuşdur. Həmin məhkəmə araşdırmasının gedişində Bakı İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-1(112)-3137/2021 nömrəli qərardadı ilə (hakim N.İ.Abıyev) iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli 10/5358 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertin nəticəsinə əsasən, İddiaçı Sərxan oğluna ayrılmış torpaq sahəsinə dair elektron bazada məlumatın aşkar edilməməsi və torpaq sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı Sərxan oğlunun iddia etdiyi və naturada göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritə çəkmə Komitəsi tərəfindən adına X6 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsii” (kadastr nömrəsi **********000058) tərtib olunmuş X9 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür. Mübahisələndirilən ərazi “Azneft” İB Əmirov adına NQCİ-nin ərazisidir. 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq torpaq sahəsini İddiaçı Sərxan oğlunun adına rəsmiləşdirilməsindən imtina etməsi ilə əlaqədar iş üzrə yekun - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1 (102)-1210/2022 saylı qərarı hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş iddia ərizəsinə əlavə edilmişdir. Eyni zamanda nümayəndə tərəfindən Ali Məhkəmənin qeyd edilən qərarı xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yüklənməklə təkrar olaraq məhkəməyə təqdim edilmişdir. İşə baxarkən Bakı İnzibati Məhkəməsi həmin qərarı da nəzərə alaraq qiymətləndirməli olduğu halda öz qərarında bununla bağlı heç bir qeyd verməmişdir. Halbuki Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarında yuxarıda qeyd edilmiş ekspertiza rəyinə də istinad edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən iş materiallarında olan bütün sənədləri araşdırmadan iş üzrə qənaətə gəlməsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 12-ci maddəsində təsbit edilmiş işin hallarının araşdırılması prinsipinin kobud pozuntusudur. 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq torpaq sahəsini İddiaçı Sərxan oğlunun adına rəsmiləşdirilməsindən imtina etməsi ilə əlaqədar əvvəlki məhkəmə icraatı zamanı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsinin X7 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də, onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü İddiaçı Sərxan oğlu tərəfindən mübahisələndirilməmişdir. İddiaçı Sərxan oğlunun iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X9 ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq olunduğundan İddiaçı Sərxan oğlunun torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə dair tələbi təmin oluna bilməz. Ali Məhkəmənin gəldiyi bu mövqe də Bakı İnzibati Məhkəməsinin hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən qərarında gəldiyi qənəti tamamilə təkzib edir və eyni zamanda Bakı İnzibati Məhkəməsi məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi səylərinə də xələl gətirmiş olur. Tərəflərin izahatları: Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirdi ki, bundan 5-6 il əvvəldən sözügedən bağ sahələrinin yerləşdiyi torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə X9 ayrılması barədə məlumatlı olmuş, hətta 2 il bundan əvvələdək aidiyyəti qurumda qəbulda da olmuşdur. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(112)-6838/2023 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab edib işə mahiyyəti üzrə baxarkən iddia tələbinin mümkünlüyü ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli, 330 saylı sərəncamı ilə iddiaçının maraqlarına toxunması Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarından məlum olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlüyü ilə bağlı gəldiyi nəticəni əsassız hesab edərək ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İşə baxılarkən birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü düzgün araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq, iddia tələbini təmin etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının ona aid hissəsində ləğv olunmasını tələb edir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan 18 il əvvəl (İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir) qəbul etdiyi inzibati aktı mübahisələndirir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). X2 Məcəllə qüvvəyə minənədək qüvvədə olan 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011 -ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktnın verdiyi hüquqi müdafiə imkanlarından, həm də aktla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhər İcra Hakimiyyəti başçısının 330 saylı sərəncamı 16 dekabr 2005-ci il tarixdə qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehin sərəncamının qəbul edildiyi tarixdən on səkkiz il ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı özü də izahatında qeyd etdi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamı ilə Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X7 daimi istifadəsinə verilməsindən təxminən 5-6 il bundan qabaq artıq məlumatlı olmuşdur. Həmçinin, 2 il bundan əvvəl X9 müraciət etmişdir. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, maraqlı şəxs nəinki həmin dövrdə qüvvədə olan qanunvericiliyə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin qərarı mübahisələndirməmişdir. Belə ki, AR İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddətinin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. Həmin normaya görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Kollegiya qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(112)-6838/2023 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(112)-6838/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı Sərxan oğlunun cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının İddiaçı Sərxan oğluna aid hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1610/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1610/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver