Məhkəmə qərarları › İş №2-1(103)-1610/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1610/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1610/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə X1rşı əvvəlki illər də daxil olmaqla istifadə olunmayan məzuniyyətə görə ödənişlər (10857.4 manat) nəzərə alınmaqla iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-1(112)- 2471/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə əvvəlki illər də daxil olmaqla istifadə olunmayan məzuniyyətə görə ödənişlər (10857.4 manat) nəzərə alınmaqla iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı 2024-cü ilin aprel ayından dövlət qulluqçusu kimi əmək pensiyaçısıdır. Cavabdeh tərəfindən ona dövlət qulluqçusu kimi yaşa görə 1152,54 manat əmək pensiyası təyin edilib. Cavabdeh tərəfindən əmək pensiyası təyin edilməsinə dair inzibati aktda, onun əvvəlki illərdə istifadə olunmayan məzuniyyətə görə son 24 ay ərzində hesablanmış və büdcə vəsaiti hesabına ödənilmiş 12305,28 manat kompensasiyanın məbləği nəzərə alınmayıb. Belə ki, əvvəlki illər də daxil olmaqla istifadə olunmayan məzuniyyətə görə son 24 ay ərzində hesablanmış və büdcə vəsaiti hesabına ödənilmiş kompensasiyanın məbləği 12305,28 manat olmuş və bu vəsaitlərdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin mühasibatlığı tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanaraq tutulması təmin edilmişdir. Cavabdeh tərəfindən pensiya təyinatı ilə əlaqədar dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı istifadə olunmamış məzuniyyətə görə son 24 ay ərzində ödənilmiş 12305,28 manat dəyərində kompensasiyanın məbləği deyil, son 24 aya aid ödənilmiş 1447,88 manat kompensasiyanın məbləği əsas götürülmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin qaydaların 3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Qaydaların 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Qanunvercilikdən göründüyü kimi pensiya təyinatı ilə əlaqədar dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı dövlət qulluqçusunun son 24 aya aid olan aldığı dövlət məvacibindən deyil, son 24 ay ərzində aldığı dövlət məvacibindən hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunan qanunvericilik nəzərə alınmaqla dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın məbləği son 24 aya aid olan ödənilmiş 1447,88 manat məbləğ deyil, son 24 ay ərzində ödənilmiş 12305,28 manat götürülməlidir. İddaçı cavabdehə müraciət edərək 10857,4 (12305,28 - 1447,88) manat kompensasiya fərqindən əlavə pensiya hesablanması üçün yenidən baxılmasını xahiş etmişdir, lakin cavabdehin 15 avqust 2024-cü il tarixli 3-17-1/2-A-195450/2024 saylı cavab məktubundan görünür ki, cavabdeh ərizədə göstərilənləri nəzərə almayaraq əmək pensiyasını yenidən hesablamaqdan imtina edib və “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edildiyini, eyni zamanda büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən 10857,40 manat hissəsinin pensiya hesablanan məbləğdən azaldıldığı bildirilmişdir. Halbuki, Milli Gəlirlər Baş İdarəsinin təqdim etdiyi məktuba əsasən 12305,28 manat kompensasiya məbləği 2024-cü ilin mart ayında ödənilmişdir. Bununla da, iddiaçının sosial təminat və mülkiyyət hüququ pozmuşdur. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanununun 20.30-cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Həmçinin, Qanuna 01 yanvar 2023-cü il tarixdən tətbiq edilmiş dəyişikliyə, o cümlədən Qanunun 20.11-ci maddəsinin tələblərinə uyğun olaraq, 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin pensiyası iki hissədən ibarət olur: sığorta hissə və qulluq stajına görə əlavə. Qanunun 10.2-ci, 13.3-cü və 18.2-ci maddələrinə əsasən bütün növ əmək pensiyalarının sığorta hissəsinin müəyyən edilməsi metodologiyalar əsasında həyata keçirilir. Belə ki, əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən məbləğlərə münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları vətəndaşın (o cümlədən qulluq stajına görə əlavə alan şəxslərin) əmək pensiyasının sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınır. Qanunun 20.30-cu maddəsinə əsasən yalnız qulluq stajına görə əlavənin məbləğinin müəyyən edilməsi zamanı onların büdcədənkənar vəsaitlər hesabına aldıqları əlavələr orta aylıq əməkhaqqının, dövlət məvacibinin və ya təminat xərcliyinin tərkibində nəzərə alınmır. Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyinin tərkibində də büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr və digər ödənişlər nəzərə alınmır. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1162/2023 saylı, xx.xx.2020-ci il tarixli 2-1(102)-1966/2020 saylı, 25 may 2022-ci il tarixli 2-1(102)-691/2022 saylı, 05 aprel 2024-cü il tarixli 2-1(102)- 664/2024 saylı qərarlarında qeyd olunduğu kimi dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Belə ki, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. İddiaçıya vergi orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar 28 mart 2024-cü il tarixdən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 31 il 1 ay 11 gün qulluq illərinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının 1440.68 manatın (son 24 ay ərzində ödənilmiş 106809.28 manatdan 61375.21 manat büdcədənkənar ödənilmiş vəsait, həmçinin büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən 10857.60 manat hissəsi çıxıldıqdan sonra qalan 34576.47 manat pul vəsaitinin 24-ə olan nisbəti) 80 faizi 1152.54 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Qanuna 01 yanvar 2023-cü il tarixdən tətbiq edilmiş dəyişikliyə, o cümlədən Qanunun 20.11-ci maddəsinin tələblərinə uyğun olaraq, 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Sözügedən kateqoriyadan olan şəxslərin əmək pensiyalarında artımlar Qanunun 29-cu maddəsinə 01 yanvar 2023-cü il tarixdən tətbiq olunan dəyişikliyə görə əmək pensiyalarının indeksləşdirilməsi yolu ilə aparılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya müvafiq artım ona vergi orqanlarının sabiq əməkdaşı kimi pensiya müəyyən edildiyi tarixdən sonra olduğundan müraciətində göstərdiyi əsasla əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2471/2025 saylı qərarı ilə (hakim C.Ə.Quliyev) iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən birinci instansiyası məhkəməsinin qərarı mübahisələndirilmiş və apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən pensiya təyinatı ilə əlaqədar dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı istifadə olunmamış məzuniyyətə görə son 24 ay ərzində ödənilmiş 12305,28 manat dəyərində kompensasiya məbləğindən deyil, ancaq son 24 aya aid hesab etdiyi ödənilmiş 1447,68 (12305,28-10857,60) manat kompensasiya məbləği nəzərə alınmışdır. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsini əsas gətirərək istifadə olunmamış əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş 10857,60 manat kompensasiya məbləğini onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmaması ilə əlaqələndirmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(102)-659/2023 saylı iş üzrə qəbul etdiyi qərarını vahid məhkəmə təcrübəsinin formalaşdırılması kimi qəbul edən məhkəmə cavabdehin mövqeyini qanuni və əsaslı hesab etmişdir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 9-cu bəndinin tələblərinə riayət etməmişdir. Bu Qaydalar əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, bu Qanunun 20.12-ci maddəsində qeyd olunmuş qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi və dövlət məvacibinin hesablanması qaydası, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarla müəyyən edilir və bu Qaydalar əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin qaydaların 9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Dövlət məvacibi isə vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Göründüyü kimi dövlət məvacibinin tərkibində kompensasiya qeyd olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-4-cü hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı, onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği müəyyən edilir və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Əmək Məcəlləsinin qeyd olunan maddəsinin tələbindən görünür ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya illər üzrə ayrılıqda hesablanmır. Müəyyən edilmiş bir günlük əmək haqqının məbləğini məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla hesablanır. Göründüyü kimi kompensasiya əmsallaşdırılma nəticəsində dəyəri artırılmış vəsaitdir. Həmçinin, məcburi dövlət sosial sığortasına cəlb edilmiş bu vəsait hesablanıb ödənildiyi anda gəlirə aid olduğu üçün son 24 aya aid pul ödənişidir və illər üzrə ayrılıqda hesablanması mümkünsüzdür Bu səbəbdən, oxşar hal kimi mövcud olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2222/2023 saylı Qərarında iddiaçının “istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış ödənişlərdən (kompensasiya) gəlir vergisinin məzuniyyət illərinə görə ayrılıqda tutulması” hissəsinə aid iddiasını məhkəmə mümkünsüz saymışdır. Beləliklə, yuxarıda qeyd olunmuş qanunvericilik aktlarına və oxşar hal kimi mövcud olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarına əsaslanaraq, istifadə olunmamış əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş 10857,60 manat kompensasiya məbləği son 24 aya aid pul ödənişidir və illər üzrə ayrılıqda hesablanması mümkünsüzdür. Eyni zamanda, əmək pensiya təyinatı ilə əlaqədar dövlət məvacibi müəyyən edilərkən bu pul ödənişləri də nəzərə alınmalıdır, əks halda bu ödənişlər əməkdaşa aid heç bir hesablamada nəzərə alınmır, sanki bu ödənişin əməkdaşa heç bir aidiyyatı yoxdur. Bundan başqa nəzərə alınmalıdır ki, məzuniyyət günlərinin tam istifadə olunmaması əməkdaşın istəyi və ya günahı üzündən olmamış, onun fəaliyyəti ilə əlaqədar icazə verilən qədər istifadə olunması səbəbindən yaranmışdır. Nəzərə alsaq ki, fəaliyyətin əsasını dövlət büdcəsinə əlavə vəsait hesablamaq və alınmasını təmin etməkdən ibarət olmuşdur, məcburiyyət qarşısında istifadə olunmayan məzuniyyətə görə ödənişlərin təqaüd hesablanarkən nəzərə alınmaması əməkdaşa qarşı böyük haqsızlıq hesab olunmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar hal kimi qeyd olunmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli hər iki qərarında istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə ödənilmiş kompensasiya eyni qaydada hesablanmış, lakin birincidə sosial ödənişlər və gəlir vergisi ödənişlərin ümumi cəmindən tutulmuş, ikincidə isə əmək pensiyası ancaq son 24 aya aid iddia etdikləri ödənişlərdən hesablanmışdır. Belə olan halda, kompensasiyadan sosial ödənişlərin və gəlir vergisinin çox tutulması, əmək pensiyasının isə az hesablanması ilə müşaiyət olunmuşdur. Hər iki halda iddiaçının əleyhinə qərar çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “vahid məhkəmə təcrübəsinin formalaşdırılması” həyata keçirilərkən, Konstitusiyanın norma və prinsipləri rəhbər tutulmalı, Əsas Qanunun 147-ci maddəsinin tələbləri baxımından normativ hüquqi aktların müddəaları Əsas Qanuna uyğun şəkildə tətbiq olunmalı, habelə artıq formalaşmış məhkəmə təcrübəsində əhəmiyyətli dəyişikliklər edilərkən hüquq sisteminin sabitliyinin qorunması, vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü prinsipinin təmin olunmasının zəruriliyi nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat X3 nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o xx.xx.1957-ci il təvəllüdlüdür. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********305800 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuş və iddiaçıya pensiya hesablanması üçün Dövlət Vergi Xidməti tərəfindən “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayış” verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2022xx.xx.2024-cü il tarixlər üzrə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 3 nömrəli əlavəsinə uyğun Arayış tərtib edilmişdir. Əlavə olaraq qeyd edilir ki, son 24 ay üzrə istifadə edilməmiş məzuniyyət günləri üçün son haqq hesab məbləği 3321,19 (büdcədən 1447,68, büdcədənkənar vəsaitdən 1873,51) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6in Xüsusi Şərtlərlə Təyinat X3 xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-5146/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında Qərarına əsasən iddiaçının pensiya məbləği 697,50 manat məbləğdən 1152,54 manat məbləğə artırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6in Xüsusi Şərtlərlə Təyinat X3 xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir: “…“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Vergi orqanlarında qulluğunuza xitam verilməsi ilə əlaqədar sizə 28 mart 2024-cü il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. Belə ki, əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 31 il 1 ay 11 gün qulluq illərinizə uyğun olaraq, vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın 1440,68 manatın (son 24 ay ərzində ödənilmiş 106809,28 manatdan 61375,21 manat büdcədənkənar ödənilmiş vəsait, həmçinin büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən 10857,60 manat hissəsi çıxıldıqdan sonra qalan 34576,47 manat pul vəsaitinin 24-ə olan nisbəti) 80 faizi- 1152,54 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür”. İş materiallarında olan Bakı şəhəri X4 və Uçotun Təşkili baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, sabiq əməkdaş İddiaçı xx.xx.2007- xx.xx.2024-cü iş ili üzrə 272 gün istifadə edilməmiş əmək məzuniyyəti günlərinə əsasən 12305.28 kompensasiya məbləği hesablanmışdır. Ondan son 24 ay üzrə isə istifadə edilməmiş məzuniyyət günləri üzrə 1447.68 manat məbləğ hesablanmşdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Həmin Qanunun 20.1.8-ci maddəsinə görə, dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); Həmin Qanunun 20.11-ci maddəsinə müvafiq olaraq, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən X6 yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 20.30-cu maddəsinə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikasi Prezidentinin Fərmani ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə müvafiq olaraq, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad etdiyi kompensasiya məbləği 2022-ci ilədək olan dövrə aiddir, qulluğun son 24 ayının əmək haqqına və digər əlavələrə aid deyil. Qanunvericilik isə dövlət qulluğunun son 24 ayı ərzində alınan bütün əmək haqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən pensiyanın hesablanmasını nəzərdə tutmuşdur. Bu səbəbdən də ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya iddiaçının iddia etdiyi məbləğ onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2022-2024-cü illəri əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2471/2025 qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2471/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar