Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1611/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13281/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi tələbinə dair” məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (İPM m.33.1). İddia aşağıdakılarla əsaslandırılmışdır: “...2003-cü il oktyabr ayından Azərbaycan Respublikası Qaçqın və X3 üzrə Dövlət Komitəsi onu Ağdam rayonundan olan məcburi köçkün kimi Əzizbəyov rayonu, Buzovna qəsəbəsində qeydiyyata almışdır. 2005-ci ildə X5 ilə nikaha girmiş və bu nikahdan xx.xx.2006-cı ildə anadan olmuş övladı var. Müəyyən problemlər üzündən bağlanmış olan nikah Binəqədi Rayon Məhkəməsinin 2-2226/2007-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Nikahları ləğv edildikdən sonra övladı daima onunla yaşamışdır. O, indiyə kimi dövlət büdcəsindən vahid ödənişlər kimi qaçqın statusu və çörək pulu təmin olunmasına baxmayaraq qızına qaçqınlıq statusu ala bilməmişdir. Fərdi əmək fəaliyyəti ilə səhhətinə görə məşğul ola bilmir, qardaşı və qohumlarının köməyi sayəsində dolanır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən “valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu verilir.” Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı il tarixdə anadan olmuş X6 “Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qəardadı ilə dəqiqləşmə qəbul edilsə də məhkəmə tərəfindən mahiyyəti üzrə qərarında iddiaçı kimi X8 deyil, onun qanuni nümayəndəsi (anası) İddiaçı kimi göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13281/2023 saylı xx.xx.2023-cü saylı qərarı ilə iddia tələbi təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X6 “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar əsassızdır və etibarlı sübutla öz təsdiqini tapmır. Belə ki, X1 atası X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyil, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Onun anası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. O, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı X6 münasibətdə yuxarıda sadalanan üç şərtdən ikisinin ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək qızı Aysu Abbasovanın iddiaçı kimi göstərilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, X8 iş üzrə iddiaçı qismində, İddiaçı isə onun qanuni nümayəndəsi kimi qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxlması mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası iddiaçının qanuni nümayəndəsini dinləyib iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun (xx.xx.1999-cu il № 668-İQ) 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə və ya fərdi indentifikasiya kartına əsasən müəyyən edilir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 sentyabr 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı 759853 nömrəli “doğum haqqında şəhadətnamə”yə əsasən iddiaçı X8 xx.xx.2006-cı il tarixdə anadan olmuş, ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd edilmişdir. Eyni zamanda, işə əlvə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2- 2226/2007 saylı 28 sentyabr 2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 ilə X2 arasında 15 noyabr 2005-ci il tarixdə Binəqədi rayon VVADQ şöbəsində bağlanmış 1119 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 2-2226/2007 saylı 29 oktyabr 2007-ci il tarixindən qanuni qüvvəsini almışdır. İş materiallarının 11-ci vərəqindən görünür ki, iddiaçının anası İddiaçı xx.xx.2008-ci il tarixdə cavabdeh orqan tərəfindən AA 186470 No-li məcburi köçkün vəsiqəsi verilmişdir. Onun işə əlavə olunmuş ******** nömrəli şəsiyyət vəsiqəsindən görünür ki, ünvan 3 ünvannda qeydiyyatdadır (ASAN 5, xx.xx.2016). Həmçinin işə əlavə olunmuş, Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinin Sabunçu rayon Kürdəxanı qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 01 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, X8 həqiqətən Sabunçu rayonu, Kürdəxanı 810 YYK ünvanında yerləşən məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Cavabdehin iddia ərizəsinə etirazında və onun apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, iddiaçının anasının məcburi köçkün statusuna malik olması və onun Ağdam rayonunda qeydiyyatda olduğu mübahisələndirilmir. Onun tərəfindən mübahisəlndirilən hal ondan ibarətdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Dolayısı ilə iddiaçıya, anasının məcburi köçkün statusu nəzərə alınmaqla, verilməsin»i mümkünsüz sayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçıya məcburi köçkün statsunun verilməsindən imtina etməsi Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Belə ki, işin təqiq olunan sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, iddiaçının anası Ağdam rayonundan gəlmiş məcburi köçkündür və cavabdeh orqan tərəfindən ona məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Belə olan halda, cavabdeh Komitənin özü tərəfindən təsdiq edilmiş “sözügedən Qaydalar”ın 4.1.6-cı bəndi mübahisəli hüquq münasibətlərinə tətbiq edildiyi təqdirdə, iddiaçının konstitusion hüquqları pozulmuş olar. Çünki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: “İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir...” Azərbaycan Respublikasının Əsas Qanunun qeyd olunan normasının ehtiva etdiyi mənası - kişi ilə qadın eyni hüquqlara malik olmasıdır. Qadın cinsinə mənsubiyyətinə görə onun hüquqları məhdudlaşdırıla, güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Qadının da dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə kişi ilə bərabər hüquqları təmin edilir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən məcbur köçkün statusuna malik anasının himayəsində yaşamış - iddiaçı Aysu Abbasovaya da məcbur köçkün statusu verilməsindən imtina olunması Konstitusiyanın qeyd olunan tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə Konstitusiyanın qeyd olunan 25-ci maddəsinin tələbləri baxımından, cavabdehin istinad etdiyi “Qaydaları”ın sonradan qəbul edilmiş 4.1.6-cı maddəsinin tələbləri ona münasibətdə tətbiq edilməsini mümkün hesab etməmişdir. Belə ki, məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 4.1.6-cı bəndinə əsasən atası məcburi köçkün olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, anaları məcburi köçkün statusu olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi və Konstitusiya Məhkəməsinin qərarları kontekstində eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə, qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. ... Oxşar mövqe yuxarı instansiya məhkəmələrinin qərarlarında da (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1201/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı) ifadə olunmuşdur.” Beləliklə də, qeyd edilənlər onu demyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin – “Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə istinadən, iddiaçıya məcburi köçkün statusu verilməsini zəruri edən şərtlərin ödənilmədiyini mübahisələndirən dəlilləri əsassızdır, iddiaçının hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Bu baxımdan da, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, etibarlı sübutla öz təsdiqini tapmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13281/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM, m. 87.6.). Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13281/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1611/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1611/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver