Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1612/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğvi və mənzil növbəsinin bərpası” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-794/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 220 saylı, xx xxxxxxx 2019-cu il tarixli sərəncamın ləğv edilməsinin və iddiaçının ailə üzvləri ilə bilikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş kimi güzəştli şərtlərlə mənzil növbəsinin bərpa edilməsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 4 nəfər ailə üzvü ilə uzun müddətdir ki, ünvan 1 ünvanda sahəsi 19 kv.m olan yataqxana tipli 1 otaqlı 46 saylı mənzildə yaşayırlar. Ailə tərkibi: ər-arvad və yetkinlik yaşəna çatmış bir oğlan və bir qız. Mənzil şəraiti olmadığına görə iddiaçının uşaqları ailə qura bilmirlər. Kirov rayon (Binəqədi rayonu) XDS İK-nin xx xxxxxx 1985-ci il tarixli, 79 saylı sərəncamı ilə iddiaçının anası X10 yaşayış yeri üzrə ümumi əsaslarla mənzil növbəsinə götürülmüşdür və həmin sərəncamda ailə üzvü kimi iddiaçı, onun həyat yoldaşı X4 və qızı X11 qeyd edilmişdir, yəni 4 nəfər ailə üzvü olmaqla mənzil növbəsinə götürülmüşdürlər. İddiaçının atası Böyük Vətən Müharibəsi əlili olduğundan onların mənzil növbələri güzəştli şərtlərlə olmuşdur. Buna baxmayaraq bu günə qədər onlar mənzillə təmin edilməmişdirlər. İddiaçının atası Babayev Meybulat 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində iştirak etmiş və ağır yaralandığına görə 1945-ci ildə ordudan tərxis edilmişdir, 3-cü qrup əlil olmuşdur. Buna baxmayaraq, onlar dəfələrlə İcra Hakimiyyətinə müraciət etmiş, onlara bildiriblər ki, 2015-ci ildə onlara mənzil verilməlidir, lakin verilməmişdir və onlar yenidən müraciət emiş, növbədə olanlara 2018-ci ildə mənzil veriləcəyi bildirilmişdir. Lakin əsassız olaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən mərhum X5 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılması barədə xx xxxxxxx 2019-cu il tarixdə 220 saylı sərəncam verilmişdir. Bu sərəncam tamamilə qeyri-qanunidir, belə ki İddiaçıa ilə yanaşı onlar üç nəfər olmaqla mənzil növbəsində olmuşlar və belə bir sərəncam verilməsi onların hüquqlarının pozulması ilə nəticələnir. Sərəncamda iddiaçının anası vəfat edərkən mənzil növbəsinin iddiaçının adına qanuna müvafiq qaydada keçirilmədiyi aydın olması göstərilmişdir, halbuki o, dəfələrlə bu barədə müraciət etmiş və bu hal iddiaçıya heç vaxt bildirilməmişdir və iddiaçının mənzil növbəsi sərəncam çıxarılana kimi davam etmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı məhkəmədə iddia irəli sürməzdən əvvəl xx.xx.2019-cu il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının qəbulunda iştirak etmişdir. Qəbul zamanı iddiaçı cavabdeh inzibati orqanla mənzil növbəsinin olmasını nəzərə alaraq, mənzil sahəsilə təmin olunmağına köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunan məsələ ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının anası X2 rayon İcra Hakimiyyətinin (keçmiş XDS İK-nin) xx.xx.1985-ci il tarixli, 79 saylı sərəncamı ilə ailə tərkibi 4 nəfərlə (özü, oğlu, gəlini və nəvəsi) mənzil növbəsinə götürülmüş və xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. (xx.xx.1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surəti) X12 Binəqədi rayon İcra Hakimiyyətində mövcud olan mənzil-uçot qovluğu inzibati orqan tərəfindən nəzərdən keçirildikdən sonra onun mənzil növbəsinin oğlu İddiaçı adına qanunamüvafiq qaydada keçirilmədiyi məlum olmuşdur. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 220 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən X10 yaşayış sahəsi yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmışdır. İddiaçının mərhum anası mənzil növbəsinə ümumi əsaslarla götürülmüşdür. Hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbacan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Sərəncamına dəyişiklik edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-794/2020 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, Binəqədi Rayon İcra hakimiyyəti başçısının xx.xx.2019cu il tarixli, 220 saylı sərəncamının ləğv edilməsi və İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, iddianın qalan hissədə rədd olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apellyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində dəyişdirilməlidir. Hazırki işin hallarından görünür ki, vətəndaş X10 barəsində keçmiş Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) xx.xx.1985-ci il tarixli, 79 saylı qərarı ilə X10 ailə tərkibi 4 nəfər olmaqla (özü, oğlu, gəlini və nəvəsi) ümumi əsaslarla mənzil növbəsinə götürülmüş, xx xxxx 1987-ci il tarixdə anası vəfat etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2019-cu il tarixli, 220 №-li sərəncamı əsasında iddiaçı mənzil növbəsində olan şəxslərin siyahısından çıxarılmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2005, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2015-ci, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2019-cu il tarixli məktubların surətlərindən aydın olur ki, İddiaçı Meybulat oğlunun və X3 müraciətlərinə baxılmış və boş mənzil sahəsinin olmaması, bu məqsədlə mənzil sahəsinin ayrılmadığı səbəbindən onlardan öncə növbəyə götürülmüş ailələr mənzillə təmin olunduqda sonra onların mənzillə təmin olunma ərizələrinə baxılacağı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Binəqədi rayon İcra Hakimiyyətinə göndərilmiş sorğuya cavab məktubunda və ona əlavə olunmuş Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş siyahıdan görünür ki, 1947-ci il təvəllüdlü İddiaçı adı Binəqədi rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə ümumi və güzəştli əsaslarla mənzil növbəsinə dayanan vətəndaşların ümumi siyahısının 62-ci qrafasında qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim olunmuş Azərbaycan Respublikası Binəqədi rayon İcra Hakimiyyətinin xx xxxxx 2020-ci il tarixli, 02/09-11- 31/686 saylı cavab məktubundan görünür ki, vətəndaş İddiaçı adı xx.xx.2019-cu il tarixədək yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində ümumi əsaslarla mənzil növbəsi siyahısında mövcud olmuş, lakin vətəndaşın adının siyahıya əlavə olunması barədə inzibati icraat materialları araşdırma zamanı aşkarlanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 220 saylı, xx xxxxxxx 2019-cu il tarixli sərəncamın ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir. İnzibati icraat haqqında qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati icraat haqqında Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin qanunun 58-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir (58.1). İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır (58.2).İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir (58.3). Həmin qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2).Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Birinci instansiya məhkəməsi iddia tələbinin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 220 saylı, xx xxxxxxx 2019-cu il tarixli sərəncamın ləğv edilməsinə münasbətdə qeyd etmişdir ki, inzibati orqan hazırki iddiaçını mənzil növbəsinə dayanan vətəndaşlar siyahısına salmaqla və bu barədə dəfələrlə müraciət edənə məlumat verməklə bir növ hakimiyyət tədbiri həyata keçirmişdir. Bu zaman inzibati orqan bunun prosedur qaydasına riayət etməsə də, əslində mövcud məsələni tənzimləyən maddi hüquq normalarından da aydın olur ki, mərhum anasının ölməsi halında ailə üzvü kimi (mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmadığından) iddiaçının sözügedən siyahıya salınması qanunsuz olmamışdır. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli sərəncamı qəbul edilən zamanı istinad edilən norma – sərəncamın hüquqi əsasları hazırki qüvvədə olan Mənzil Məcəlləsinin 55-ci maddəsi olmuşdur. Sözügedən sərəncamla vətəndaş X10 yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılsa da, onun ailə üzvülərindən biri olan İddiaçı onun yerinə uçota götürülməsi məsələsi həll edilməmişdir, halbuki 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi bu məsələnin həllini tələb edir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh inzibati orqan 2005-ci il tarixdən etibarən iddiaçıya mənzil növbəsində olması ilə bağlı vədlər vermiş, bu vədlər isə qanunsuz olmamış, belə ki, həmin dövrdə qüvvədə olan qanunvericiliklə uçotda olan vətəndaşın ölməsi halında ailə üzvlərindən birinin onun yerinə uçota götürülməsi ilə bağlı norma olmuş, şəxsin mənzil növbəsində olması ilə bağlı iddiaçıya müvafiq məktublar ünvanlamış, başqa sözlə desək iddiaçıya yazılı bəyanatlar etmiş, həmçinin “Ümumi və güzəştli əsaslarla” mənzil növbəsinə götürülən vətəndaşların siyahısına salınmış, hətta həmin siyahı cavabdehin rəsmi səhifəsində http://binegedi-ih.gov.az yerləşdirərək, iddiaçını ümidləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilən sərəncamın və cavabdehin apellyasiya şikayətinin əsasını Mənzil Məcəlləsinin 55.1.7-ci və 55.3-cü maddəsi təşkil edir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Həmin Məcəllənin 55.1.7-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələbləri baxımından əgər uçotda durmuş şəxs vəfat edərsə, o, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. İstisna hal yalnız odur ki, uçota durmuş və vəfat etmiş şəxs müharibə əlili olsun. Belə hal yaranarsa, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müəyyən olunmuş qaydada saxlanır. İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı tərəfindən mübahisələndirilən sərəncam 2019-cu il tarixə aid olsa da, həmin sərəncamın əsasını təşkil edən iddiaçının mərhum anası X1 Kirov rayon XDS İK tərəfindən mənzil uçotuna götürülməsi barədə qərar xx.xx.1985-ci il tarixə, həmçinin, iddiaçının mərhum anasının ölümü xx.xx.1995-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.1987-ci il tarixə aiddir. Bu səbəbdən tərəflər arasında hüquq münasibəti 1985-1987-ci il tarixdən yarandığından, hazırki iddia tələbi həmin dövrə aid olan maddi hüquq normaları, yəni 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar; 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; 2) daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; 3) iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; 4) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; 5) altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə, məhkum edildikdə. Uçotdan çıxarmanı vətəndaşları uçota götürmək haqqında qərar qəbul etmiş orqanlar həyata keçirirlər. Qəbul olunmuş qərar haqqında vətəndaşa yazılı şəkildə məlumat verilir. 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 34-cü maddəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür; həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki,o həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür. Uçotda olan ailə dolandıranını itirmiş, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab etmək üçün əsaslar aradan qalxmamışsa uçotdan çıxarıla bilməzlər. Göründüyü kimi, həmin dövr üçün qüvvədə olan qanunvericilikdə, uçotda olan vətəndaş ölərsə və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən birinin onun yerinə uçota durması mümkündür. Bu zaman, vəfat etmiş şəxsin hansı əsaslarla mənzil növbəsinə durması (ümumi və ya güzəştli əsaslar) nəzər alınmır. Cavabdeh orqan X7 vəfat etmə səbəbi ilə mənzil növbəsindən çıxarsa da, 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 34-cü maddəsini nəzərə almamış və mənzil uçotunda durmuş mərhum X5 oğlunu, yəni hazırki iddiaçını mənzil növbəsindən haqsız olaraq çıxarmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı adı Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş Binəqədi rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə ümumi və güzəştli əsaslarla mənzil növbəsinə dayanan vətəndaşların ümumi siyahısında mövcud olmuş, Binəqədi rayon İcra Hakimiyyətinin məktublarından göründüyü kimi iddiaçıya mənzillə təmin olunma ərizəsinə baxılacağı bildirilmiş, lakin daha sonra iddiaçı əsassız olaraq Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2019-cu il tarixli, 220 №-li sərəncamı əsasında mənzil növbəsində olan şəxslərin siyahısından çıxarılmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci, 13.3-cü və 13.4-cü maddələrinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlməmiş, iddianın ifadə tərzinə diqqət yetirməmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı ailə üzvləri ilə bilikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş kimi mənzil növbəsinin bərpa edilməsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin öhdəsinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı mənzil növbəsinin bərpa edilməsini xahiş etmişdir. AR İPM-in 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddiaçının tələbi onun 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə bərpa edilməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində dəyişdirilməli, İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə bərpa edilməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməli, qalan mübahisələndirilən hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1127/2020 saylı qərarı İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində dəyişdirilsin. İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə bərpa edilməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qalan mübahisələndirilən hissədə qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1612/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1612/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver