Məhkəmə qərarları › İş №2-1(103)-1613/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1613/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1613/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Nəsimi rayon şöbəsinə) qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-1114/21 saylı iş üzrə qəbul etdiyi 11 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Мəhkəməsinin 2-1(81)-1114/21 saylı iş üzrə qəbul etdiyi 11 fevral 2021ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı "xxxx" və "xxxx" Kiçik Müəssisələrində işlədiyi dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş (2017-ci ilin mart ayından) dövr üçün ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 25.11.1992-ci ildən 01.06.1993-ci ilədək "xxxx" kiçik müəssisəsində (VÖEN **********), 02.06.1993-cü ildən 25.05.1999-cu ilədək "xxxx" özəl firmasında (VÖEN-i və təşkilati hüquqi formasını müəyyən etmək mümkün olmadı.) işlədiyini və sosial sığorta haqlarını ödədiyini iddia edir. Qeyd edilən illər vətəndaşın sosial sığorta stajına daxil edilməmişdir. Çünki əmək kitabçası ilə vətəndaşın işlədiyi dövrü qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Məhkəmə tərəfindən müəssisənin qeydiyyatda olması araşdırılsa da, müəssisələrinin aktiv qeydiyyatının olub-olmaması araşdırılmamışdır. Vətəndaşın işlədiyini iddia etdiyi "xxxx" kiçik müəssisəsinin Ədliyyə Nazirliyi tərəfindən 16.03.1993-cü ildə 674 nömə ilə dövlət qeydiyyatına alındığı müəyyən olunur. Lakin vətəndaşın sübut qismində təqdim etdiyi əmək kitabçasında işə qəbul əmri 25.11.1992- ci il tarixdə qeyd edilmişdir. Qeyd edilən tarixdə isə müəssisə qeydiyyatdan keçməmişdir. Həmin dövrdə qeydiyyatdan keçməyən müəssisədə vətəndaşın işləməsi faktı şübhə doğurur. Həmçinin, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf şikayətin təmin edilmədən, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşdə olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin Nəsimi rayon şöbəsinin iddiaçıya ünvanlanmış 30.04.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya 01.01.2006-cı il tarixə qədər 15 il 4 ay iş stajı nəzərə alınmaqla hüququnun yarandığı 07.05.2015-ci il tarixdən 135 manat 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, 31.01.2017-ci il tarixli ərizəsinə əsasən pensiyası 01.03.2017-ci ildən 2-ci qrup əlillikdən yaşa görə əmək pensiyası növünə keçirilmiş, 31.01.2018-ci ildən işdən azad olmağı səbəbindən pensiyasının məbləği yenidən hesablanmış, pensiyasının məbləği 01.02.2018-ci ildə 217,19 manat, 01.01.2019-cu ildə 223,72 manat, 01.01.2020-ci ildə 260,84 manat təşkil edir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı 28.07.1980-cı ildən 03.08.1984-cü ilə qədər Bakı çörək ticarəti müəssisəsində 06.08.1984-cü ildən 03.02.1992-ci ilə qədər mərkəzi konstruktor texnoloji bürosunda, 03.02.1992-ci ildən 03.08.1992-ci ilə qədər TMM Dövlət Komitəsində,03.08.1992-ci ildən 25.11.1992-ci ilə qədər X3, 25.11.1992-ci ildən 01.06.1993-cü ilə qədər "xxxx" KM-də, 02.06.1993-cü ildən 25.05.1999-cu ilə qədər "xxxx" KM-də, 20.12.2002-ci ildən 19.03.2007-ci ilə, 16.08.2007-ci ildən 02.09.2010-cu ilə qədər Bakı Telefon Rabitəsi İstehsalat Birliyində, 14.09.2010-cu ildən 31.01.2018-ci ilə qədər Xətai telefon qovşağında işləmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işindəki sənədlərin surətlərinə əsasən iddiaçı 28.03.2018-ci ildə cavabdehin Nəsimi rayon şöbəsinə müraciət edərək təqdim etdiyi sənədlər əsasında pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 26.09.2020-ci il tarixli, **********8 nömrəli, 30.09.2020-ci il tarixli, **********4 nömrəli məktublarına əsasən iddiaçıya 07.05.2015-ci ildən İİ qrup əlilliyə görə 135,93 manat əmək pensiyası təyin edilmişdir, pensiya hesablanması 01.01.2006-cı ilədək olan 15 il 4 ay əmək stajı nəzərə alınmaqla aparılmışdır. 2017-ci ildə iddiaçının ərizəsi əsasında pensiya növü yaşa görə əmək pensiyası növünə keçirilmişdir və 193,07 manat müəyyən edilmişdir, 01.02.2018-ci ildə işdən azad edilməsi ilə əlaqədar pensiyası yenidən hesablanaraq 214,60 manata çatdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 29.12.2020- ci il tarixli məktubuna əsasən "xxxx" KM Ədliyyə Nazirliyi tərəfindən 16.03.1993-cü il tarixdə 674 № ilə dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir, "xxxx" Kiçik Müəssisəsi adlı kommersiya qurumu aşkar edilməmişdir, lakin müəyyən edilmiş "xxxx" firması 15.11.1993cü ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Beləliklə, müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya 01.01.2006-cı i tarixə qədər 15 il 4 ay iş stajı nəzərə alınmaqla hüququnun yarandığı 07.05.2015-ci il tarixdən 135 manat 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, 31.01.2017-ci il tarixli ərizəsinə əsasən pensiyası 01.03.2017-ci ildən 2-ci qrup əlillikdən yaşa görə əmək pensiyası növünə keçirilmiş, 31.01.2018-ci ildən işdən azad olmağı səbəbindən pensiyasının məbləği yenidən hesablanmışdır. İddiaçının əmək kitabçasına əsasən iddiaçının 2006-cı ilə qədər əmək stajı 20 ildən çoxdur, lakin pensiya hesablanması 01.01.2006-cı ilədək olan 15 il 4 ay əmək stajı nəzərə alınmaqla aparılmışdır. Cavabdeh etirazında bunun səbəbini iddiaçının 25.11.1992-ci ildən 01.06.1993-cü ilə qədər "xxxx" KM-də, 02.06.1993-cü ildən 25.05.1999-cu ilə qədər "xxxx" özəl firmasında işlədiyi müddətlərin həmin müəssisələrin sənədlərinin arxivdə aşkar edilməməsi, "xxxx" KM adında bir neçə fərqli hüquqi şəxsin qeydiyyatdan keçməsi, "xxxx" özəl firmasının isə hüquqi şəxslərin qeydiyyat reyestrindən keçməməsi, "xxxx" MMC-nin isə 02.06.2005-ci ildə qeydiyyata alınması səbəbi ilə nəzərə alınmaması ilə əsaslandırmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.3-cü və 24.4-cü maddələrinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir; 1.5. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əmək kitabçalarının hazırlanması, verilməsi, doldurulması və saxlanması qaydası Azərbaycan Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 3.1-ci bəndinə də göstərilmişdir: “Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı...” Həmin Qaydaların 3.2-ci bəndində göstərilmişdir: 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Apelyasiya şikayətindən görünür ki, iddiaçının əmək kitabçasında qeyd olunan əmək fəaliyyətilə bağlı cavabdehin mübahisələndirdiyi məqam 25.11.1992-ci ildən 01.06.1993-cü ilə qədər "xxxx" KM-də və 02.06.1993-cü ildən 25.05.1999-cu ilə qədər "xxxx" özəl firmasında işləməsinin qeyri dəqiqliyidir. Buna istinadən əsas dəlil kimi, bu müəssisələrin dövlət qeydiyyatına alınması tarixlərinin iddiaçının əmək kitabçasında həmin müəssisələrdə əmək fəaliyyətinə başlaması tarixlərindən sonrakı tarixə aid olması göstərilir. İş materiallarında olan, iddiaçının təqdim etdiyi sübut - əmək kitabçası ilə onun "xxxx" KM-də və "xxxx" KM-də işləməsi təsdiqlənir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilmədiyi təqdirdə, iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr onun xeyrinə şərh olunmalıdır. Məhkəmə kollegiyası iddiaçının əmək kitabçasına mötəbər sübut kimi qəbul edərək hesab edir ki, İddiaçı əmək kitabçası onun həqiqətən "xxxx" KM və "xxxx" özəl firmasında işləməsini təsdiq edir. Bununla yanaşı Kollegiya iddiaçının həmin müəssisələrdə işə başladığı tarixin müəssisənin dövlət qeydiyyatına alındığı tarixdən əvvələ təsadüf etməsinə dair apelyasiya şikatəyətinin dəlili ilə razılaşır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 29.12.2020-ci il tarixli məktubundan da görünür ki, "xxxx" KM və "xxxx" firması kimi müəssisələr həqiqətən də 1993-cü ildə dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarıdır. Kollegiya qeyd edir ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məktubundan iddiaçının mübahisəli əmək stajının aid olduğu müəssisələrin 1993-cü ildə dövlət qeydiyyatına alınmış olmaları aydınlaşdırılsa da, qeydiyyat tarixləri ilə iddiaçının həmin müəssisələrdə işə götürülmə tarixləri arasında aşkar uyğunsuzluq vardır. Belə ki, müvafiq məktubda Qartal” KM-nin Ədliyyə Nazirliyi tərəfindən 16.03.1993-cü ildə, "xxxx" firmasının 15.11.1993-cü ildə qeydiyyata alındığı göstərilir. İddiaçı əmək kitabçasındakı qeydlərdə isə onun 25.11.1992-ci ildən 01.06.1993cü ilə qədər "xxxx" KM-də, 02.06.1993-cü ildən 25.05.1999-cu ilə qədər "xxxx" özəl firmasında işlədiyi göstərilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə İddiaçı əmək kitabçasında "xxxx" və "xxxx" Kiçik Müəssisələrində işlədiyi bütün dövrləri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin etmişdir. Kollegiya məhkəmənin bu mövqeyilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi bu uyğunsuzluğa düzgün hüquqi qiymət vermədən yanlış nəticəyə gəlmişdir. Belə ki, qanunvericiliyin göstərişlərinə uyğun olaraq işin şübhəli halları iddiaçının xeyrinə şərh edilməli olsa da, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 29.12.2020-ci il tarixli məktubunu nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçıya əmək pensiyasının hesablanması zamanı onun "xxxx" KM və "xxxx" özəl firmasında iş müddətlərinin əmək kitabçasında göstərilən müddətlərə əsasən deyil, həmin müəssisələrin dövlət qeydiyyatına alındığı tarixlərdən hesablanmalıdır. Çünki, AR Mülki Məcəlləsinin 44-cü maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Apelyasiya şikayətinin ikinci dəlili kimi, cavabdeh iddiaçının mübahisələnirdiyi müəssisələrdə - "xxxx" KM və "xxxx" özəl firmasında işlədiyi müddətin sosial stajına daxil edilməsi üçün əsas şərt kimi işlədiyi dövrlər üçün dövlət sığorta haqlarının ödənilməsini göstərir. Lakin, bu dəlilə də münasibətdə sosial sığorta haqlarının ödənilməmiş olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır, sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir:..sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;.. Həmin Qanunun 2018-ci ilin noyabr ayına qədər qüvvədə olmuş 18-ci maddəsinin redaksiyasına əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq səlahiyyətiin olması nəzərdə tutulmuşdu. Belə olan halda iddiaçının 2000-ci ilə qədər işlədiyi "xxxx" KM və "xxxx" KM tərəfindən məcburi dövlət sosial sığorta haqlarını ödəməsini təmin etmək iddiaçının deyil,məhz cavabdehin vəzifəsi və səlahiyyəti olduğuna görə həmin müəssisələr tərəfindən məcburi dövlət sosial sığortalarını ödəmədiyi halda bunun məsuliyyəti cavabdehin üzərinə düşür və heç bir halda iddiaçının sosial təminat hüquqlarını məhdudlaşdırmamalıdır. Eyni zamanda məhkəmə o halı da qeyd edir ki, 1993-2002-ci illərdə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının özünün gəlirlərindən könüllü şəkildə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəzərdə tutulmamışdır. Bu hüquq və vəzifə müstəsna olaraq onun işlədiyi müəssisələrə aid idi və müəssisələr tərəfindən həmin hüquq və vəzifənin icra edilməməsi nəticəsində iddiaçının məsuliyyətinin yaranması qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi, cavabdeh orqan qanunvericiliklə üzərinə qoyulmuş sübut etmək vəzifəsini reallaşdırmamış, apelyasiya şikayətini əsaslandırdığı iddiaçının "xxxx" KM-də və "xxxx" KM-də işləməməsi, həmin müəssisələrdə işlədiyi müddətdə əmək haqqından sosial sığorta haqlarının ödənilməməsi iddialarına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə yuxarıda sadalanan hallara əsasən kollegiya bu nəticəyə gəlir ki, cavabdeh orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən İddiaçı əmək pensiyası hesablanarkən onun Qartal” KM və "xxxx" firmasında işləməsinə dair mübahisəli əmək stajı həmin müəssisələrin dövlət qeydiyyatına alındığı tarixlərə uyğun olaraq, "xxxx" KM-də 16.03.1993 - 01.06.1993-cü illər, "xxxx" firmasında 15.11.1993-25.05.1999-cu illər olaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh orqanın apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin müvafiq qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-1114/21 saylı iş üzrə qəbul etdiyi 11 fevral 2021ci il tarixli qərarı ləğv edilərək, İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" və "xxxx" Kiçik Müəssisələrində işlədiyi dövrlər, "xxxx" KM-də 16.03.1993-01.06.1993-cü illər, "xxxx" firmasında 15.11.1993-25.05.1999-cu illər olmaqla nəzərə alınaraq, yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş (2017-ci ilin mart ayından) dövr üçün ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Raqib Qurbanov Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar