Məhkəmə qərarları › İş №2-1(103)-1613/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1613/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1613/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “qeydiyyatın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-13660/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1974-cü ildən qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 55/57, mənzil 87-yə qeydiyyatının bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, müvafiq mənzil 20 iyun 1974-cü il tarixdə atası X4 verilmişdir. Bakı şəhər X1 İcraiyyə Komitəsi tərəfindən ailəsinə verilən həmin mənzildə (order № 1362012) onun da adı qeyd olunmuş və ailə üzvü kimi həmin mənzildə digər ailə üzvləri kimi hüquqlara malikdir. O, xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə xx.xx.1955-ci il tarixdə H7K № 405777 saylı doğum haqqında şəhadətnamə təqdim olunmuşdur. 28 iyun 1974-cü il tarixdə AZ SSR OADKYC-nin texniki hazırlıq məktəbini bitirmişdir. Bakı şəhərində orta məktəbdə təhsil almışdır. Bakı şəhərindən xx.xx.1974-cü il tarixdə Hərbi Komissarlıq tərəfindən keçmiş SSRİ Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılmışdır və hərbi xidmətdə qulluq etmişdir. Atası öldükdən sonra ailə üzvlərinin razılığı ilə evin şəxsi hesabı qardaşı X2 adına keçmişdir və bu barədə “Azərneftyanacaq” İB (bina onların balansında idi) tərəfindən xx.xx.1999-cu il tarixdə 38 saylı Qərar qəbul edilmişdir. Bütün bu 25 il ərzində evin bütün kommunal xərcləri qardaşı tərəfindən ödənilsə də, iddiaçı daim ona ödəniş üçün pul vəsaiti ödəmişdir və ödəməkdə davam edir. İddiaçının xəbəri olmadan, ona naməlum səbəblərdən onun mənzil qeydiyyatından çıxarmışlar. Bu məsələyə aidiyyatı olan 3 saylı Mİİ-nin möhür və ştampları xx.xx.2002-ci il tarixli 80 №-li əmrin 3-cü bəndinə əsasən “Azərneftyanacaq” İB-nin xx.xx.2003-cü il tarixli aktına əsasən ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-13660/2024 saylı qərardadı ilə (hakim H.Ağalarov) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-13660/2024 saylı qərardadının ləğv edilərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçı tərəfindən məhkəməyə teleqram göndərilərək bildirilmişdir ki, müalicəsi ilə əlaqədar ölkə hüdudlarından kənarda olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcək, ona görə işin baxılmasının təxirə salınması xahiş edilmişdir. Lakin qeyd olunanlarla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. 7-ci maddəsinə əsasən, əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verilərkən, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsində, qaçqın vəsiqəsində, habelə müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda öz əksini tapır. İş materiallarında olan sənədlərdən məlum olur ki, iddiaçı İsrail dövlətinin vətəndaşı olmaqla orada yaşayır. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Əcnəbilər isə yalnız daimi və ya müvəqqəti olaraq Azərbaycan Respublikasında yaşadıqda yaşayış yeri üzrə qeydiyyata alınırlar. Beləliklə, iddiaçı başqa dövlətin vətəndaşı olduğundan və Azərbaycan Respublikasında yaşamadığından onun Azərbaycan Respublikasında olan yaşayış sahəsinə qeydiyyata alınmaqla bağlı subyektiv hüququ yaranmamış olur. Digər tərəfdən nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeydiyyatın bərpa edilməsi ilə bağlı iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciəti olmamışdır. Bu barədə iddia ərizəsinə də hər hansı sənəd əlavə edilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş müraciət ərizəsi X3 tərəfindən “qardaşının və bacısının qeydiyyata alınması” ilə bağlıdır ki, bu da birbaşa iddiaçının iradə ifadəsini göstərmir. Bu halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə müraciət və mübahisə mövcud deyil. Bundan əlavə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər polis orqanları tərəfindən deyil, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-13660/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar