Məhkəmə qərarları › İş №2-1(103)-1614/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1614/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1614/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı (xx.xx.1995-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə birdəfəlik ödəmənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-2038/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 07.10.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2020-ci ilin aprel, may, iyul, avqust ayları üçün hər ay 190 manat olmaqla birdəfəlik ödəmənin, 68,84 manat etibarnamənin tərtibi və poçt göndərişləri üçün 829 manat vəsaitin, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Koronavirus (COVİD-19) pandemiyası dövründə sosial karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi MAS-da işsiz kimi qeydiyyata alınmışdır. Bir müddət sistem tərəfindən yoxlama aparılaraq onun mobil telefonuna 190 manat birdəfəlik ödəmənin verilməsinə dair məlumat (mesaj) daxil olmuşdur. Bundan əvvəl o, qiyabi təhsilini başa vurub diplom almaq üçün növbəti dəfə Rusiya Federasiyasının Kazan şəhərinə getmişdir. Lakin pandemiya ilə əlaqədar sərhədlər bağlandığından, həmin ərəfədə onun geri qayıtması mümkün olmamışdır. Bu səbəbdən də o, 2020-ci ilin aprel ayı üçün birdəfəlik ödəməni ala bilməmişdir. Sərhədlər bir müddət qapalı qaldığından, birdəfəlik ödəmənin alınması məqsədilə o, atasının adına etibarnamə verməyə və onu göndərməyə məcbur qalmışdır. Nəhayət o, 2020-ci ilin iyul ayında etibarnaməni göndərməyə müvəffəq olmuşdur. "xxxx" MMC-nin məntəqəsinə yaxınlaşıb ona ayrılmış birdəfəlik ödəməni almaq istəyərkən qurumun əməkdaşı məsələnin həllindən imtina etmiş və bildirmişdir ki, rəhbərliyin göstərişinə əsasən bu ödəmə etibarnamə ilə verilmir. İddiaçının atası bu göstərişin qanunsuz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına zidd olduğunu bildirsə də, müsbət nəticə əldə olunmamışdır. Poçt xidmətinin hüquqşünası ilə də bu barədə söhbət aparılsa da, birdəfəlik ödəmə aparılmamışdır. Bundan sonra onun atası rəsmi şəkildə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişdir. Müraciət araşdırılması üçün "xxxx" MMC-yə göndərilmişdir. MMC-dən iddiaçıya ünvanlanan 22 iyul 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 24 aprel 2020-ci il tarixli məktubla AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edərək 190 manat birdəfəlik ödəmənin ünvanlığının təmin olunması məqsədilə vəsaitin nağdlaşdırılmasının etibarnamə əsasında həyata keçirilməsi dayandırılmışdır. Bu səbəbdən poçt əməkdaşı tərəfindən etibarnamə ilə ödənişlər verilmir. Bununla bağlı Nazirliyə müraciət edilməsi tövsiyə olunmuşdur. 4 oktyabr 2020-ci il tarixdə nəhayət çətinliklə də olsa, o (iddiaçı), Azərbaycana qayıtmışdır. Növbəti gün o, 190 manat birdəfəlik ödəmənin verilməsi üçün "xxxx" MMC-yə şəxsən müraciət etmişdir. Lakin ödənişin verilməsindən imtina olundu və bildirildi ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödənişi veri götürmüşdür. Həmin gün o, "xxxx" MMC-yə məktubla müraciət edib rəsmi məlumat istəmişdir. Bundan əlavə may ayı üçün 190 manat birdəfəlik ödəmənin verilməsinə dair onun mobil telefonuna növbəti məlumat gəlmiş və Azərbaycan Beynəlxalq Bankına müraciət olunması tövsiyə edilmişdir. Təxminən iyul ayının 15-dən sonra iddiaçının atası bankın müvafiq şöbəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, ödənişin verilməsi naməlum səbəbdən dayandırılmışdır. Məsələnin araşdırılması üçün Nazirliyin “142 Çarğı Mərkəzi” ilə əlaqə saxlanılmışdır, oradan verilən məlumatdan isə bəlli olmuşdur ki, etibarnamə əsasında ödənişin verilməsinin dayandırılması barədə Nazirlik tərəfindən hər hansı quruma göstəriş verilməmiş, may ayı üçün təyin olunmuş birdəfəlik ödəmənin verilməsinin dayandırılmasına səbəb müvafiq avtonəqliyyat vasitəsinin idarə edilməsi üçün onun adına etibarnamə verilməsidir. İddiaçının atası məsələyə etiraz edərək, həmin hərəkətlərin qanuna zidd olduğunu bildirmiş və rəsmi cavab verilməsini tələb etmişdir. Şikayət çarğı mərkəzində qeydiyyata alınmasına baxmayaraq, rəsmi cavab verilməmişdir. Belə olan halda, 17 iyul 2020-ci il tarixdə şikayət ərizəsi ilə Nazirliyə müraciət olunaraq, ödəmənin verilməməsinin qanunsuz və müvafiq Qaydalara zidd olduğu bildirilmiş və ödəmənin verilməsinin bərpası tələb olunmuşdur. Lakin həmin müraciət də cavablandırılmamışdır. Göründüyü kimi, “Koronavirus (COVİD-19) pandemiyası dövründə sosial karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydaları”nın 2.2, 2.3 və 3.5-ci bəndlərinin tələblərinə uyğun olaraq, 190 manat birdəfəlik ödəmə müvafiq qaydada qeydiyyata alınmaqla MAS tərəfindən düzgün təyin edilsə də, sonradan Nazirliyin əməkdaşlarının qanuna zidd hərəkətlərinə əsasən onun verilməsi dayandırılmış və nəticədə ona (iddiaçıya) əlavə də maddi ziyan vurulmuşdur. Belə ki, Rusiya Federasiyasında olarkən Azərbaycana qayıtmaq vaxtı bəlli olmadığından o, məcbur qalıb hüquqlarının müdafiəsi üçün atasına etibarnamə vermiş və bununla əlaqədar 1.700 rubl pul vəsaiti ödəmişdir. 6 oktyabr 2020-ci il tarixə 1 rublun Mərkəzi Bankda rəsmi məzənnəsi 0,0219 AZN təşkil etmişdir. Bu isə, 37,23 AZN-dir. Həmin etibarnamə məhkəməyə təqdim edilməsindən ötrü Azərbaycanda tərcümə olunub təsdiqlənməsi üçün onun atası tərəfindən iki dəfəyə cəmi 28 manat əlavə vəsait ödənilmişdir. Bundan əlavə Nazirliklərə və "xxxx" MMC-yə bir neçə dəfə müraciət edərkən poçt göndərişləri üçün 3,61 AZN vəsait ödənilmişdir. AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati orqan kimi təsnif olunmuşdur. Daha sonra iddiaçı iddianın dəyişdirilərək 2020-ci ilin aprel, may, iyul, avqust və dekabr ayları üçün, hər ay 190 manat olmaqla birdəfəlik ödəmənin 68.84 manat etibarnamələr və poçt göndərişləri, cəmi 1.019 manat maddi ziyanın cavabdeh tərəfindən iddiaçının xeyrinə tutulması kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-2038/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə birdəfəlik ödəmənin verilməsi» tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə prosessual xərclər İddiaçı özünə aid edilmişdir. 03.05.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-2038/2021 nömrəli qərarının ləğv edilərək, 2020-ci ilin aprel ayı üçün 190 manat birdəfəlik ödəmə və 68,84 manat etibarnamələr və poçt göndərişlərinə çəkilən xərclər, cəmi 259 manat cavabdehdən tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-2038/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -16 AA seriyalı, ******* nömrəli 17.08.2020-ci il tarixli, üç il müddətinə İddiaçı tərəfindən X2 (mətnə əsasən 10.10.1986-cı il təvəllüdlü) verilmiş etibarnamə Tatarıstan Respublikasının Kazan notariat dairəsinin notariusu X3 vəzifələrini müvəqqəti icra edən X1 tərəfindən təsdiq edilmişdir, reyestrdə 16/196-н/16-2020-7- 666 nömrə ilə qeydə alınmışdır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydaların 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Həmin Qaydaların 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; Həmin Qaydaların 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının 2020-ci ilin müvafiq dövrlərində ölkə hüdudlarından kənarda olması və istifadəsində minik avtomobilinin olması təşkil etmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd edilən hallar təkzib edilməmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxs olmasını təsdiq edən sənəd hər hansı sənəd-sübutu iş materiallarına əlavə edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiqlənmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nda qeyd edilən şərtlərə uyğun olmadığından onun hazırkı iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-2038/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-2038/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar