Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1614/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi X5, iddiaçının nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrdə dəyişiklik edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N №-li hərbi hissədən ehtiyata buraxılması ilə bağlı əmrdə düzəliş edilməsi və hərbi qulluq fəaliyyətini həyata keçirərkən xəstəliyi ilə əlaqədar hərbi qulluqdan azad edilməsi kimi əmrin formalaşdırılmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehin üzərinə Azərbaycan Respublikası Müdafiə nazirinin onun, yəni xx.xx.1991-ci il təvəllüdlü leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında xx.xx.2017-ci il tarixli 0353 №li əmrində dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 №li 29 noyabr 2021-ci il tarixli Qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılmasına dair öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Hərbi Dəniz Qüvvələrində xidmət etmiş və leytenant rütbəsində olmuşdur. İşlədiyi dövrdə nümunəvi davranmışdır. Lakin son zamanlar səhhətində ciddi psixoloji problemlər yaranmışdır. Buna görə də ailəsi onun qulluq etdiyi “N” saylı hərbi hissədən müayinə olunmaq üçün Hərbi Hospitala göndərilməsini tələb etmişlər. 23 dekabr 2016-cı ildə Hərbi Hospitalda müayinə olunduqdan sonra həkim ona “Azteno-veqetativ təzahürlər" diaqnozu qoyaraq 10 gün ambulator müalicəni ev şəraitində aparılmasını məsləhət görmüşdür. Müalicədən 7 gün sonra 31 dekabr 2016-cı il tarixdə gözaltı damarlarının qanla dolması nəticəsində, üzünün həmin nahiyəsində qaraltılar yaranmışdır. 02 yanvar 2017-ci il tarixdə işə çağırılmış, üzündəki həmin qaraltıların fiziki xəsarət olub-olmaması ilə bağlı cinayət hadisəsinin baş verib-verməməsini aydınlaşdırmaq üçün hərbi polisdə araşdırma aparılmışdır. Orada həmin qaraltıların ev şəraitində öz-özünə kənar təsir olmadan baş yarandığını bildirmişlər. Həmin ilin yanvar ayında ondan laborator müayinələr üçün nümunələr götürülmüş, nümunələrin müayinəsi nəticəsində onda narkotik vasitənin qalıqları aşkar olunmamışdır. Müalicələr səmərə vermədiyinə görə 17 may 2017-ci ildə o, məzuniyyətdə olarkən psixiatrın yanında müayinə olunmuş, sonuncu onun psixioloji durumunda gərginlik olduğunu bildirərək, belə vəziyyətdə işləyə bilməyəcəyini bildirmişdir. Məzuniyyətinin bitməsinə N gün qalmış hərbi hissədən işdən azad olunduğu bildirilmişdir. O, Hərbi Dəniz Qüvvələrində xidmət edərkən xəstələnmiş və psixi xəstəlik tapmışdır. Hərbi qulluqda olarkən xəstələnməsinə görə ehtiyata buraxılması, pensiya və digər hüquqlarının bərpa olunması barədə Müdafiə Nazirliyinə olunmuş müraciətləri nəticəsiz qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin iddiaçı xx.xx.1991-ci il təvəllüdlü leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında xx.xx.2017-ci il tarixli 0353 №li əmrində dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 №li 29 noyabr 2021-ci il tarixli Qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılması məsələsinə baxılması üçün cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 2 (iki) aylıq müddət təyin edilmişdir. Qərardaddan narazı qalan cavabdeh şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün inzibati iş üzrə materialların Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il ntarixli 0353 nömrəli əmrlə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndi ilə ehtiyata buraxılmışdır. İddiaçı barədə təqdimat səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya təqdim edilmiş və müvafiq əmrə əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağrğış üzrə Dövlət xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılması ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmri ilə tanış olmuşdur və əmri icra etmişdir.Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmişdir 2 (iki) ildən çox vaxt küçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Digər tərəfdən N nömrəli hərbi hissənin Müşahidə rayonunun Baş informasiya postunun rəisi leytenant İddiaçı Əlzamin oğlunun xidmət etdiyi müddət ərzində vəzifə borcunun öhdəsindən gələ bilmədiyinə, şəxsi intizamsızlıq etdiyinə, nizamnamələrin tələblərini kobud şəkildə pozduğu üçün ümumi olaraq 51 dəfə intizam cəzası ilə cəzalandırılmasına və ona edilən iradlardan heç bir nəticə çıxarmadığına, N nömrəli hərbi hissədə onun barəsində N dəfə kiçik zabitlərin şərəf məhkəməsi keçirilməsinə baxmayaraq nəticə olaraq faydası olmamışdır. Bundan əlavə, xx.xx.2017-ci il tarixdə leytenant Tağızadə X6 Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Mərkəzində müayinə olunarkən ondan götürülmüş qan və sidik nümunələrinin tədqiqi zamanı çətənə bitkisindən təbii üsulla alınan marixuana, həşiş və həşiş qətranı kimi tanınan narkotik vasitələrin tərkibində narkotik effekt yaradan 9-tetra-hidro-kannabional adlı maddənin izləri aşkar edilmişdir. İddiaçı ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində ehtiyata buraxılması barədə söhbət aparılmış, söhbət vərəqəsində hərbi həkim komissiyasından keçirilməsinə ehtiyac olmadığını və ehtiyata burxılmasından xəbərdar olması barədə öz imzasını çekmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasında araşdırılaraq xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli, 330 saylı qərarı ona verilmişdir. Bakı şəhəri Qaradağ RHK tərəfindən 2009-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstəliyi və xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə kimi Bakı şəhəri 2 nömrəli X3 müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Depressiv epizod” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Didmətinin Bakı şəhər Qaradağ rayon idarəsinin xx.xx.2021-ci il tarixli 487 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 1097 nömrəli arayışı, 2 nömrəli Bakı şəhəri 2 nömrəli X1 verilmiş xx.xx.2017-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, Müdafiə Nazirliyinin MHHK-nin həkim mütəxəsissinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. Azərbaycan Respublikası Nazirlər Kabinetiinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç yarımbəndi qeyd olunsa da iddiaçının xəstəliyinin səbəbli əlaqəsi müəyyən edilməsi iddiaçının ehtiyata buraxılmasından 4 il sonra yəni, xx.xx.2021-ci il tarixdə olmuşdur. Apellyasiya baxışı zamanı məhkmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətə uyğun izahat verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - EZ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı 2009-cu ildə C.Naxçıvanski adına hərbi liseyi, 2013-cü ildə isə Azərbaycan Ali Hərbi Dənizçilk Məktəbini bitirmişdir. xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmmri ilə “Hərbi xidmətkeçmə haqqında əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. - N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 21 iyun 2017-ci il tarixli 165 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, leytenant İddiaçı Əlizamın oğlu, Müşahidə Rayonunun Baş İnformasiya postunun rəisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 may 2017-ci il tarixli 0353 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 21 iyul 2017-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 5 iyun 2002-ci il tarixli 220 №-li əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq görülməmişdir. Leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinətinin verilməsi əmr edilmişdir. Leytenant İddiaçı 2017-ci il üçün nəzərdə tutulmuş maddi yardım və növbəti məzuniyyətə getməsi ilə əlaqədar olaraq bir aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı verilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 19 may 2017-ci il tarixli 0353 nömrəli əmrindən çıxarış (dax.ol.№ 1078), leytenant İddiaçı üzülüşmə vərəqəsi (dax.ol.№4072). Təhvil-qəbul aktı (dax.ol.№4015). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 22 may 2020-ci il tarixli 1/768 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü İddiaçı 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək Bakı şəhəri 2 nömrəli X4 stasionar müalicə olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə idarəsi 19 saylı Birləşmiş şəhər xəstəxanasının xx.xx.2020-ci il tarixli 294 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı, xx.xx.2017ci il tarixdən 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin psixiatr kabinetində qeydiyyata götürülüb. Dz:Depressiya, psixotik əlamətlərlə Şizofreniya başlanması istisna olunmur. Dəfələrlə ambulator müalicələr almışdır. Hal-hazırda özəl müalicəsini davam etdirir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 1905 №li məktbda qeyd olunmuşdur ki, SHXÇDX-nin Qaradağ rayon idarəsi tərəfindən İddiaçı dair sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında araşdırılaraq xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi müəyyən edilmiş və xx.xx.2021 -ci il tarixli, 330 saylı qərarı ona verilmişdir. Qeyd olunan məktuba əlavə olunmuş Komissiyanın xx.xx.2021-ci il tarixli 330 nömrəli qərarında qeyd olunmuşdur ki, Bakı şəhəri Qaradağ RHK tərəfindən 2009-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə kimi Bakı şəhəri 2 nömrəli X3 müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Depressiv epizod” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon idarəsinin xx.xx.2021-ci il tarixli 487 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 1097 nömrəli arayışı, 2 nömrəli Bakı ş. 2 nömrəli X1 verilmiş xx.xx.2017-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR". Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2. bəndinin ç) yarımbəndi. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” və “v” bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 5.1, 6.3, 7.2-ci bəndlərini, “İnzibati icraat haqqında” Qanunun 20.1, 24.1, 24.3-cü maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin iddiaçı xx.xx.1991-ci il təvəllüdlü leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında xx.xx.2017-ci il tarixli 0353 №li əmrində dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 №li 29 noyabr 2021-ci il tarixli Qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılması məsələsinə baxılması üçün cavabdeh inzibati orqana 2 aylıq müddət təyin edilməli və inzibati orqan həmin müddət ərzində bunun nəticəsi barəsində məhkəməyə məlumat verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ 6 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xəstəliyə görə (hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 5.1-ci bəndinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Həmin Əsasnamənin 6.3-cü bəndinə əsasən səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. Həmin Əsasnamənin 7.2-ci bəndinin ç) yarımbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” barədə qərar çıxarır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 0353 №li əmrdən də göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçı xidmətdən buraxılarkən bu barədə əmrdə əsas kimi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndində qeyd olunan hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması əsasına istinad edilmiş və bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdehin mübahisəli əmri 1) inzibati orqan (Müdafiə Nazirliyi) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasını) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs (hərbi qulluqçu olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (iddiaçının xidmətinə xitam verən) əmr formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan "İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. İPM-nin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Göründüyü kimi, inzibati orqannın mübahisələndirilən qərarı qəbul edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmadığından birinci instansiya məhkəməsi haqlı olaraq müraciətə yenidən baxılması üçün cavabdeh inzibati orqana 2 aylıq müddət təyin etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1614/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1614/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver