Məhkəmə qərarları › İş №2-1(103)-1615/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1615/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1615/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2649/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 10-13 may 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1972-ci ildən 2010-cu ilə kimi əmək kitabçasında yazılmış stajın müəyyən edilməsi və 2021-ci ilin mart ayıdan 65 yaşının tamam olması ilə ona pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1956-cı ildə Azərbaycan Respublikasının (Mirbəşir) indiki Tərtər rayonunda doğulmuşdur. Onun 2021-ci ilin mart ayında 65 yaşı tamam olmuşdur. O, 1972-ci ildən işləmişdir. 2010-cu ilə kimi onun 38 il əmək kitabçasında stajı var. Ona pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, Mərkəzi Filialın verdiyi **********3 №li 21 avqust 2021-ci il tarixli cavabında işlədiyi həmin illərin staj təsdiqini tapmadığına görə sosial sığorta stajında nəzərə alınmamışdır. Əmək kitabçasında olan stajının hamısını qəbul etməyib, ona imtina cavabı vermişdirlər. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək, ona 65 yaşdan yəni, xx.xx.2021-c il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2649/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək Pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının və hərbi biletinin surətinə əsasən onun 17 il 3 ay sosial sığorta stajı mövcuddur. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2010-cu il tarixədək ''Azərittifaq” Şirvan səhər Kooperativ Cəmiyyətinin 12 saylı təsərrüfat hesablı mağazasında işlədiyini iddia etsə də, Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktında xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək həmin mağazanın əməkhaqqı cədvəllərində və əmr kitablarında iddiaçının adına rast gəlinmədiyi qeyd edilmişdir. Bu səbəbdən qeyd olunan illər onun sığorta stajına daxil edilməmişdir. Göstərilənlərə əsasən İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (13145.70 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə iddia tələbi təmin edilə bilməz. Qeyd etməyi zəruri hesab edirlər ki, tərəflərindən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2010-cu il tarixədək iş stajının yoxlanması məqsədilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şirvan filialına sorğu yazılmış və sorğuya döndərilən cavab məktubunda Şirvan səhəri 12 saylı təsərrüfat hesablı mağazanın əmrlər kitabının Dövlət arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna “Azərittifaq” Şirvan şəhər Kooperativ Cəmiyyəti tərəfindən İddiaçı xx.xx.1990-cu ildən xx.xx.2010-cu il tarixədək 12 saylı mağazanın müdiri işləməsi barədə sənədlərin arxiv idarəsində tapılmadığı məzmununda cavab verilsə də, birinci instansiya məhkəməsi bu halı nəzərə almamış (sorğulara göndərilmiş cavabları qərarın təsviri hissəsində qeyd etsə də, əsaslandırma hissəsində münasibət bildirməmişdir) və əsassız olaraq həmin dövrləri iddiaçının sığorta stajına əlavə edərək iddia tələbini təmin etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 65 yaşdan yəni, xx.xx.2021-c il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İş materiallarında olan НЗ ******* №-li hərbi biletin notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan İT-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1972-ci ildə 2710 saylı Avtokolona –birinci dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir (Əmr № 303, xx.xx.1972-ci il); xx.xx.1973-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur (Əmr № 114, xx.xx.1973-cü il); xx.xx.1973-cü ildə “Azərkitab” 76 saylı mağazaya köşkçü kimi qəbul edilmişdir ( Əmr № 93, xx.xx.1973-cü il); xx.xx.1974-cü ildə öz xahişi ilə vəzifədən azad edilmişdir ( Əmr № 103, xx.xx.1974-cü il); xx.xx.1975-ci ildə “Azərkitab” 76 saylı mağazaya köşkçü qəbul edilmişdir (Əmr № 1, xx.xx.1975-ci il); xx.xx.1975-ci ildə Sovet Ordusu sıralarına çağırışla əlaqədar işdən azad olunmuşdur (Əmr № 431, xx.xx.1975-ci il) xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet Ordusu sıralarında xidmət etmişdir (H/b № НЗ 3244634); xx.xx.1977-ci ildə Qaçar zavodu yanında 6 saylı stansiyanın yeməkxana bufetçisi vəzifəsinə qəbul olunmuşdur (Əmr № 282, xx.xx.1977-ci il); xx.xx.1978-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 239, xx.xx.1978-ci il); xx.xx.1978-ci ildə Əli- Bayramlı şəhər Təsərrüfat Hesablı ictimai iaşə müəssisələrinin birliyi 10 saylı mağazaya satıcı təyin olunmuşdur (Əmr № 80, xx.xx.1978- ci il); xx.xx.1982-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur (Əmr № 20, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə Sabirabad SFK-Qarasu yolüstü pavilyonuna bufet satıcısı təyin olunmuşdur (Əmr № 97/1, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 148, xx.xx.1982-ci il); xx.xx.1983cü ildə Əli-Bayramlı cihaz zavodu Maddi-texniki təminat şöbəsinə yüklərin daşınması üzrə ekspeditor qəbul olunmuşdur (Əmr № 5k, xx.xx.1983-cü il); xx.xx.1983-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur (Əmr № 123, xx.xx.1983-cü il); xx.xx.1983-cü ildə Qaraçal sovxoz kooperativinə müvəqqəti olaraq 34 nömrəli qarışıq mallar mağazasına müdir təyin olunmuşdur (Əmr № 185, xx.xx.1983-cü il); xx.xx.1984-cü ildə 34 nömrəli gündəlik təlabat malları mağazasının müdiri vəzifəsindən ərizəsinə əsasən işdən azad edilmişdir ( Sər № 51, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə müvəqqəti olaraq 27 № mağazaya məzuniyyət yerinə təyin olunmuşdur (Sər. № 100, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə işdən azad edilmişdir (Əmr № 124, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə Salyan rayon tədarük kontoruna müqavilə üzrə müvəqqəti tədarükçü vəzifəsinə qəbul edilmişdir (Əmr № 60/2, xx.xx.1984-cü il); xx.xx.1985-ci ildə müqavilə müddəti qurtardığı üçün işdən azad olunmuşdur ( Əmr № 09/3, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə Əli-Bayramlı SSRİ 60 illiyi adına cihaz zavodu Maddi-texniki təchizat şöbəsinə rəis müavini vəzifəsinə qəbul olunmuşdur ( Əmr № 255 1/s, xx.xx.1985-ci il); xx.xx.1986-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur (Əmr № 191, xx.xx.1986-cı il); xx.xx.1986-cı ildə Tİ-75 Trest 7-ştat cədvəlinə uyğun olaraq mühasib vəzifəsinə işə qəbul olunmuşdur (Əmr № 197-k, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur (Əmr № 75-k, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə 25 nömrəli Tikinti-Quraşdırma İdarəsinə 2-ci dərəcəli ixtisassız fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr № 37-k, xx.xx.1987-ci il); xx.xx.1988-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur (Əmr № 90/k, xx.xx.1988-ci il); xx.xx.1988-ci ildə “Tikinti” kooperativinə əmtəəşünas vəzifəsinə qəbul olunmuşdur ( Əmr № 5, xx.xx.1988-ci il); xx.xx.1989-cu ildə öz xahişi ilə işdən azad olunmuşdur ( Əmr № 12, xx.xx.1989-cu il); xx.xx.1989-cu ildə Əli-Bayramlı topdan satış müəssisəsində Əmtəəşünas vəzifəsinə qəbul olunmuşdur ( Əmr № 1, xx.xx.1989-cu il); xx.xx.1989-cu ildə “Azərmaş” maşınqayırma məhsullarının topdan satış Birliyi Əli-Bayramlı kiçik topdan satış müəssisəsinə Əətəəşünas vəzifəsinə qəbul olunmuşdur (Əmr № 28/k, xx.xx.1989-cu il); xx.xx.1990-cı ildə öz xahşi ilə işdən azad olunmuşdur (Əmr № 80/k, xx.xx.1990-cı il); xx.xx.1990-cı ildə “Azərittifaq” Əli- Bayramlı şəhər “İstehlak Cəmiyyəti”-nə 1 aylıq sınaq müddəti ilə 12 nömrəli mağazaya maddi-məsul şəxs kimi müdir vəzifəsinə qəbul olunmuşdur (Əmr № k-140, xx.xx.1990-cı il); xx.xx.1993-cü ildə 12 nömrəli Təsərrüfat hesablı mağazaya müdir vəzifəsinə təyin edilmişdir ( Əmr № -39, xx.xx.1993-cü il); xx.xx.2010-cu ildə öz xahişi ilə işdən azad olunmuşdur (sərəncam № 11, xx.xx.2010-cu il); İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Şirvan şəhər Kooperativ Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu ilə qədər Şirvan şəhər kooperativlər cəmiyyətində 12 №-li mağazanın müdir vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 549 nömrəli məktubda qeyd olunmuşdur ki, Şirvan şəhəri 12 saylı təsərrüfat hesablı mağazanın əmrlər kitabı dövlət Arxivi Şirvan filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AAŞ-14/15 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1990-xx.xx.2010-cu illərdə Şirvan Şəhər Kooperativ Cəmiyyətinin 12 saylı mağazasının müdiri vəzifəsində işləməsi barədə Azəritiifaqın arxivində heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Şirvan şəhər Kooperativ Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2 nömrəli arayışda qeyd olunmuşdur ki, Şirvan şəhər kooperativ cəmiyyətində xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu ilə qədər Şirvan şəhər kooperativlər cəmiyyətində 12 №-li mağazanın müdir vəzifəsində işləmiş İddiaçı həmin dövrə aid olan sənədlər arxiv idarəsində tapılmamışdır. İş materiallarında olan iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli **********3 saylı məktubda bildirilmişdir ki, təqdim etdiyi xx.xx.1985-ci il tarixində tərtib edilmiş ИТ-l № ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən onun ümumi sığorta stajı 17 il 3 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır və eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış 13.145,70 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi Şirvan şəhəri 12 saylı təsərrüfat hesablı mağazanın əməkhaqqı cədvəllərində və əmr kitablarında onun adına rast gəlinməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. O, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olmuş (2 il 8 gün), əmək kitabçasına əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək 2710 saylı Avtokolonda birinci dərəcəli çilingər vəzifəsində (6 ay 14 gün), xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Azərkitab” 76 saylı mağazada köşkçü vəzifəsində (1 il 4 ay 18 gün), xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək “Azərkitab” 76 saylı mağazada köşkçü vəzifəsində (9 ay 28 gün), xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Qaçar zavodu yanında 6 saylı stansiyanın yeməkxana bufetçisi vəzifəsində (10 ay 4 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Əli-Bayramlı şəhər Təsərrüfat Hesablı ictimai iaşə müəssisələrinin birliyi 10 saylı mağazada satıcı vəzifəsində (3 il 5 ay 29 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sabirabad SFK-Qarasu yolüstü pavilyonunda bufet satıcısı (3 ay 9 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Əli-Bayramlı cihaz zavodu Maddi-texniki təminat şöbəsində yüklərin daşınması üzrə ekspeditor (6 ay 28 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Qaraçal sovxoz kooperativinnə müvəqqəti olaraq 34 nömrəli qarışıq mallar mağazasında müdir vəzifəsində (1 il 1 ay 13 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək müvəqqəti olaraq 27 № mağazada məzuniyyət yerinə (1 ay 1 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Salyan rayon tədarük kontorunda müqavilə üzrə müvəqqəti tədarükçü (5 ay 1 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Əli-Bayramlı SSRİ 60 illiyi adına cihaz zavodu Maddi-texniki təchizat şöbəsində rəis müavini (1 il 28 gün), xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Tİ-75 Trest 7-ştat cədvəlinə uyğun olaraq mühasib (8 ay 10 gün), xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 25 nömrəli Tikinti- Quraşdırma İdarəsində 2-ci dərəcəli ixtisassız fəhlə (1 il 3 ay 12 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Tikinti” kooperativində əmtəəşünas vəzifəsində (7 ay 19 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Azərmaş” maşınqayırma məhsullarının topdan satış Birliyi Əli-Bayramlı kiçik topdan satış müəssisəsində Əmtəəşünas vəzifəsində (1 il 7 ay 10 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək “Azərittifaq” Əli-Bayramlı şəhər “İstehlak Cəmiyyəti”-ndə 1 aylıq sınaq müddəti ilə 12 nömrəli mağazaya maddi-məsul şəxs kimi müdir vəzifəsində,12 nömrəli Təsərrüfat hesablı mağazada müdir vəzifəsində işləmişdir (19 il 11 ay 20 gün). Göründüyü kimi iddiaçının hərbi xidmət illəri və əmək kitabçasına əsasən 36 il 10 ay 12 gün iş stajı olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə əsas iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi Şirvan şəhəri 12 saylı təsərrüfat hesablı mağazanın əməkhaqqı cədvəllərində və əmr kitablarında onun adına rast gəlinmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla və iddiaçının işlədiyi müəssisə tərəfindən təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dövrlər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə aid əmək fəaliyyətini əhatə edir və müvafiq olaraq həmin dövrlərdəki əmək fəaliyyətinin pensiya hüququ verən sosial sığorta stajına hesablanıb-hesablanmaması məsələsinə də məhz həmin Qanunun müddəalarından çıxış etməklə qiymət verilməlidir. Belə ki, həmin dövrdə əmək haqqının alınmaması və ya alınsa belə həmin əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi xx.xx.2006-cı ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək Şirvan şəhəri 12 saylı təsərrüfat hesablı mağazada işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə iddiaçı hərbi xidmət illəri və əmək kitabçasına əsasən 36 il 10 ay 12 gün sosial sığorta stajına malikdir. Yaş həddinə gəlincə isə 2021-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 65 ildir. İddiaçının xx.xx.1956-cı ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 65 yaşında, xx.xx.2021-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2649/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar