Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1617/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteran adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2646/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 1992-ci il tarixlərində “R.Qəmbərov” adına özünümüdafiə batalyonunun tərkibində Şuşa şəhəri ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehə həvalə olunması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məcburi hərbi xidmətdən qayıtdıqdan sonra 1992-ci ildən könüllü olaraq “R.Qəmbərov” adına özünümüdafiə batalyonunun tərkibində Şuşa şəhərinin müdafiəsi uğrundə gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş əməliyyatlarının gedişində yaxınlığında mina partlayışı baş vermişdir. Partlayış çox yaxınlığında baş verdiyindən həmin partlayışla əlaqədar onda psixoloji narahatçılıqlar yaranmışdır. Müalicə olunması üçün Bakı şəhərində yerləşən 2 saylı xəstəxanaya göndərilmişdir. Həmin xəstəxanada 15 gün qalıb müalicə aldıqdan sonra evə buraxılmağına baxmayaraq sağalmamışdır. Təkrar müalicələrə ehtiyac yaranmışdır. Bu günədək ev şəraitində müalicə alır, əmək qabiliyyətini itirib heç bir yerdə işləyə bilmir. Şuşa Hərbi Komissarlığı onu Bakı şəhərində yerləşən 2 saylı xəstəxanaya göndərmişdir. Həmin hadisədən sonra o, əmək qabiliyyətini itirdi. Ona 2-ci qrup əlillik verilmişdir. xx.xx.1996-cı il tarixli Şuşa Rayon hərbi komissarlığı tərəfindən verilmiş arayışdan da görünür ki, o, “R.Qəmbərov” adına özünümüdafiə batalyonunun tərkibində Şuşa şəhərinin müdafiəsi zamanı xəsarət almışdır. Şuşa rayonu işğal olunduqdan sonra ona məxsus sənədlər işğal altında olan torpaqlarda qalmışdır. Bildirmək istəyir ki, onun Şuşa şəhəri ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyini onunla birlikdə xidmət etmiş şahidləri də təsdiq edə bilər. Hal-hazırda o, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin qurumun 11 noyabr 2020-ci il tarixli məktubu ilə hərbi biletdə heç bir qeyd olmadığından xidmətini müəyyən etmək mümkün olmadığı üçün xidmət dövrü aylarla qeyd edilməklə Mərkəzi Arxivə müraciət etməsi məqsədəuyğunluğu bildirilmişdir. Onun hərbi biletində bu barədə qeyd olmasa da, arxiv idarəsindən aldığı məktuba əsasən bu barədə sənədlər arxivdə aşkar olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Şuşa rayon İcra Hakimiyyəti “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adı siyahısı”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmiş, lakin tərtib olunmuş siyahıya İddiaçı adı mövcud deyil. Əlavə olaraq bildirirlər ki, məhkəmə sorğusuna Xidmətin Şuşa rayon şöbəsi tərəfindən verilmiş cavabın ".Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2019-cu il tarixli, 413 saylı məktubunda İddiaçı “Şuşa R.Qənbərov könüllü batalyonu”nda 10.1991-1992-ci illərdə Şuşa rayonun müdafiəsi zamanı mina partlayışı nəticəsində xəsarət alması qeyd edilmişdir” hüquqi əsasları yoxdur. Belə ki, adıçəkilən qeyd Xidmətin Şuşa rayon şöbəsi tərəfindən ona MN MTE və PAM verilən göndərişdə yazılmış və bu qeyd şahidlərin ərizələri əsasında yazılmışdır. Həmçinin “Şuşa R.Qənbərov könüllü batalyonu” Şuşa İcra Hakimiyyətinin tabeliyində deyil, Müdafiə Nazirliyinin tabeliyində hərbiləşdirilmiş könüllü batalyon olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün deyil. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-2646/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı 1992-ci ildə “R.Qəmbərov” adına özünümüdafiə batalyonun tərkibində Şuşa şəhəri ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyini araşdırmaq məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu edilmiş, lakin onun xidməti barədə məlumatlar aşkar edilməmişdir. Məhkəmə əsas kimi götürmüş Xidmətin Şuşa rayon şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2019-cu İ tarixli, 413 saylı məktubunda İddiaçı “Şuşa R.Qənbərov könüllü batalyonu”nda 10.1991 - 1992-ci illərdə Şuşa rayonun müdafiəsi zamanı mina partlayışı nəticəsində xəsarət alması qeyd edilmişdir” hüquqi əsasları yoxdur. Belə ki, adıçəkilən qeyd Xidmətin Şuşa rayon şöbəsi tərəfindən ona MN MTE və PAM verilən göndərişdə yazılmış və bu qeyd şahidlərin ərizələri əsasında yazılmışdır. Həmçinin “Şuşa R.Qənbərov könüllü batalyonu” Şuşa İcra Hakimiyyətinin tabeliyində deyil, Müdafiə Nazirliyinin tabeliyində hərbiləşdirilmiş könüllü batalyon olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı “müharibə veteran" adı və vəsiqəsinin verilməsi mümkün deyil. İddiaçı barəsində nə Azərbaycan Respublikası Müdafiə Nazirliyində, nə də Şuşa Rayon İcra Hakimiyyətində (“Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı"nda) onun barəsində heç bir məlumat aşkar olunmadığı üçün onun iddia tələbi təmin edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd olunmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının tələbi 1992-ci il tarixlərində “R.Qəmbərov” adına özünümüdafiə batalyonunun tərkibində Şuşa şəhəri ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlıdır. Cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, Şuşa rayon İcra Hakimiyyəti “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adı siyahısı”nda iddiaçının adı mövcud deyil. Həmçinin, “Şuşa R.Qənbərov könüllü batalyonu”nun tərkibində döyüş əməliyyatlarında iştirak etməsi sübuta yetirilmir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də nəzərdə tutulan əsas (xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar), yəni Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon Bölməsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli 39 nömrəli cavab məktubunda istinad olunan İddiaçı Müdafiə Nazirliyi Məhkəmə və Tibbi Ekspertiza və X4 xx.xx.2019-cu il tarixli 413 saylı məktubunda qeyd olunan "Şuşa R.Qənbərov könüllü batalyonunda 1991-1992-ci illərdə Şuşa rayonunun müdafiəsi zamanı mina partlayışı nəticəsində xəsarət alması məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, qərar maddi hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 01-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericilik normasının təhlilindən göründüyü kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Lakin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş Şuşa Rayon İcra Hakimiyyətinin “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı”nda İddiaçı adı qeyd edilməmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli ***-**** nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə nazirinin 1992-ci il tarixli əmrlərində olan “Şuşa könüllü” özünümüdafiə dəstəsinin siyahısında İddiaçı xidməti barədə məlumatlar aşkar edilməmişdir. Beləliklə, iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə sübutlar mövcud deyildir. Məhkəmə kollegiyası onu da qeyd etmək istəyir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən döyüşlərdə iştirakını əsaslandırdığı Şuşa Hərbi Komissarlığı tərəfindən verilmiş arayış xx.xx.1996-cı il tarixli olmaqla onun verilməsinin hüquqi əsası iş materialları ilə müəyyən edilmir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin olunması zamanı əsas kimi götürülmüş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2019-cu iİ tarixli, 413 saylı məktubunda qeyd edilmiş – “İddiaçı “Şuşa R.Qənbərov könüllü batalyonu”nda 10.1991-1992-ci illərdə Şuşa rayonun müdafiəsi zamanı mina partlayışı nəticəsində xəsarət almışdır” - məlumatının araşdırılması zamanı müəyyən edilmişdir ki, MN MTE və PAM –nin məktubunda sözügedən məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsi tərəfindən verilmiş göndərişə əsasən yazılmışdır. Məhkəmə kollegiyası tərəfindən işin araşdırması zamanı qeyd edilən göndərişdə sözügedən məlumatın yazılmasına əsas olan inzibati icraat materialları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsindən tələb edilmiş, təqdim edilmiş sorğuya cavab məktubundan aydın olur ki, göndərişin verilməsinə əsas iddiaçının öz ərizəsi və xəstəlik haqqında çıxarış olmuşdur. Xəstəlik haqqında çıxarış xx.xx.1999-cu il tarixli olmaqla qeyd edilən məlumatların yazılması əsasları göstərilməmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3), bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2646/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2646/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1617/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1617/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver