Məhkəmə qərarları › İş №2-1(103)-1618/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1618/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1618/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Abşeron rayon XDS İcrayə Komitəsinin xx.xx.1991-ci il tarixli, 175 № li qərarı ilə Maştağa tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə yaşayış evi tikmək üçün hər ailəyə 0,12 ha hesabı ilə 60 ailəlik 7.2 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

2. Maştağa tərəvəzçilik-südçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 66 № li əmri ilə X4 fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində 0,12 ha torpaq sahəsi ayrılmışdır.

3. Abşeron rayon XDS İcrayə Komitəsinin xx.xx.1991-cu il tarixli 195 saylı Qərarı ilə X4 torpaq sahəsinin ayrılması nəzərə alınaraq fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

4. X5 ilə İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuşlar. X5 xx.xx.2014-cü ildə Rusiya Federasiyasının Smolensk şəhərində vəfat etmişdir.

5. İddiaçı nümayəndəsi vasitəsi ilə mərhum həyat yoldaşına ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlı Cavabdehnə (bundan sonra - cavabdeh) müraciət etmişdir.

6. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Cavabdehnə təhvil verilmədiyindən Sizə ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu XDS İcrayyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 195 nömrəli qərarına əsasən X4 Bakı şəhəri Maştağa tərəvəzçilik - südçülük sovxozuna məxsus torpaq sahəsindən ayrılmış 0,12 hektar torpaq sahəsinin yer quruluşu planının (yerləşmə sxeminin) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsində ev tikməyə imkanları olmasa belə tərəflərindən mişar daşları ilə hasara alınaraq istifadələrində olmuşdur. Hal-hazırda sözügedən torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) verilməsi zəruriyyəti yaranmışdır.

9. Cavabdeh iddiaya dair hər hansı münasibət bildirməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 34 il bundan öncə yəni 1991-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi 0,12 ha torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Ümumiyyətlə iddia tələbində də torpaq sahəsinə dair yerləşəmə sxeminin hansı ərazidə verilməli olduğu qeyd edilməmişdir. İddia tələbində 0,12 ha torpaq torpaq sahəsinə yerləşmə sxeminin verilməsi xahiş olunsa da, araşdırma zamanı faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü 0,0118 ha olması müəyyən edilmişdir. Qanunvericiliyin tələbindən də açıq-aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Həmçinin bildirik ki, “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində digər qurum tərəfindən ayrılmış torpaq sahəsinə dair Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi barədə müddəa öz əksini tapmayıb. Buna baxmayaraq məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almamış və torpaq sahəsinin konkret olaraq harada yerləşməsi barədə ekspertiza təyin etmədən torpaq sahəsinin kordinatlarını müəyyən etmədən iddia tələbini təmin etmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

14. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılması məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Məhkəmə Kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

17. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (27 fevral 2001-ci il tarixli 96- İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir:1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü madəsinə görə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

24. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı Abşeron rayonu XDS İcrayyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 195 nömrəli qərarına əsasən mərhum əri X4 Bakı şəhəri Maştağa tərəvəzçilik - südçülük sovxozuna məxsus torpaq sahəsindən ayrılmış 0,12 hektar torpaq sahəsinin yer quruluşu planının (yerləşmə sxeminin) verilməsini tələb edir. İddiaçı mərhum Azad Fərziyevin qanun üzrə vərəsəsi hesab olunması səbəbindən hazır ki, iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.

25. Cavabdeh orqan isə Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatlarının Cavabdehnə təhvil verilmədiyini bildirirək, iddianı təmin etməkdən imtina etmişdir.

26. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. 02 aprel 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən NECAS məlumatlarına əsasən sözügedən ərazının qeydiyyatı barədə məlumat aşkar edilmədiyindən zəruri məlumatların təqdim edilməsi mümkün olmamışdır.

27. Belə ki, qanunvericiliyin normalarından göründüyü kimi vətəndaşlara torpaq sahəsinin verilməsi yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmçinin torpaq kadastrının aparılmasını və yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yer-təsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək Yerli İcra Hakimiyyəti orqanlarının səlahiyyətinə aid məsələ olmuşdur.

28. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Faktiki sahəsi 0.0118 ha təşkil edir. Üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Eyni zamanda sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir”.

29. Göründüyü kimi torpaq sahəsi Abşeron rayon XDS İcrayə Komitəsinin xx.xx.1991-ci il tarixli, 175 № li qərarı ilə ayrılsa da, torpaq sahəsi hazırda Sabunçu rayonunun inzibati ərazisində yerləşir.

30. Belə olan halda kollegiya qeyd edir ki, Torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində, yəni Sabunçu rayonu ərazisində yerləşiyindən, eyni zamanda torpaq ayıran qurum olan sovxozlar ləğv edildiyindən, həmin torpaq sahəsinin naturada yerləşməsini müəyyən etməyə imkan verən yerləşmə cizigisini də Cavabdeh verməlidir.

31. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar