Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1619/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçının vəkili X5, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(112)-996/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(112)-996/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir.(hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayon bələdiyyəsinin sərəncamı əsasında icarədə olan ünvan 1 ünvanında yerləşən 199,5 kv.m torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına icarə hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal Bələdiyyəsinin 09.02.2006-ci il tarixli 11/06 sərəncamına və sərəncam əsasında eyni tarixdə bağlanmış 10 saylı icarə müqaviləsinə əsasən Yasamal rayonu,Ə.Ələkbərov küç.,1056-ci məhəllə ünvanında yerləşən 199,5 kv.m. torpaq sahəsi iddiaçıya icarəyə verilib. 15.10.2019-ci il tarixində DƏDRX-in 1 saylı ərazi idarəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, icarə hüququnu təsdiq edən çıxarışın verilməsi barədə ərizə ilə müraciət etmişdir. 06.11.2019-ci il tarixində aldığı cavaba əsasən ərizəsinin icrasından imtina edilmişdir. İmtinaya səbəb kimi isə torpaq sahəsinin yaşayış binasının qarşısında ümumi istifadə üçün nəzərdə tutulan yaşıllıq ərazisində yerləşdiyi və yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının rəyi əlavə edilməməsi göstərilmişdir. Bundan sonra o, qeyd edilən çatışmamazlıgı aradan qaldıraraq, yəni Yasamal rayon İcra Hakimiyyətinin 24.05.2013-ci il tarixli 203 saylı sərəncamı sənədlərə əlavə edərək 22 fevral 2020-ci il tarixində təkrar olaraq icarə hüququnu təsdiq edən çıxarışın verilməsi barədə ərizə ilə DƏDRX-1 saylı Bakı ərazi idarəsinə müraciət etdi. Bu dəfədə ərizənin icrasından imtina olundu. Səbəb olaraq isə qeyd edilir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarını sənədlərə əlavə etməmişdir. Bu formal xarakter daşıyan bir imtinadır. Bələ ki, həm bələdiyyə qərarı həm də yerli icra orqanının sərəncamı ərizəsinə əlavə edilmişdir. Göründüyü kimi inzibati orqan heç bir tutarlı səbəb və ya əsas göstərmədən ərizənin icrasından imtina etmişdir. İddiaçı qeyd etdiyi torpaq sahəsinin ona icarəyə verilməsinə əsas olmuş Yasamal rayon Bələdiyyəsinin 09.02.2006-ci il tarixli 11/06 saylı sərəncamı hələ 2008-ci ildə məhkəmə qaydasında mübahisələndirilmiş və sərəncamın ləğvi barədə məhkəmədə iddia qaldırılmışdır. Yasamal Rayon Məhkəməsinin 30 may 2008 -ci il tarixli qətnaməsi ilə sərəncamın ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2008ci il tarixli qərarı və Ali Məhkəmənin Mülki Kollegiyasının 04 noyabr 2011-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə hələ 2011-ci ildən qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə Yasamal rayon Bələdiyyəsinin 09 fevral 2006-ci il tarixli 11/06 saylı sərəncamı qanuni hesab edilmişdir. Bu baxımdan DƏDRX-in 1 saylı Bakı Ərazi darəsi tərəfindən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına almayaraq, icarə hüququnu təsdiq edən çıxarışın verilməsindən imtina edilməsi tam qanunsuzdur. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçının vəkili X8 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, Bakı şəhər,Yasamal Bələdiyyəsinin 09.02.2006-ci il tarixli 11/06 sərəncamı və sərəncam əsasında eyni tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Yasmal rayonu, Ə.Ələkbərov küç.,1056-ci məhəllə ünvanında yerləşən 199,5 kv.m. torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. 2008-ci ildə vətəndaş X9 oglu qeyd edilən Bələdiyyə sərəncamının qanunsuz olduğunu iddia edərək ,sərəncamın ləgv edilməsi tələbi ilə Yasamal rayon məhkəməsinə iddia ilə müraciət etmişdir.Yasamal rayon məhkəməsinin 30 may 2008-ci il tarixli qətnaməsi ilə sərəncamın ləgv edilməsi barədə iddiaçının iddiası təmin edilməmişdir.Bakı Apellyasiya məhkəməsinin 28 oktyabr 2008-ci tarixli qətnaməsi ilə və Ali Məhkəmənin Mülki Kollegiyasının 04 noyabr 2011-ci il tarixli qərarı ilə qeyd edilən Yasamal rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Göründiyi kimi 04 noyabr 2011-ci il tarixində qanuni qüvvəsini almış Ali Məhkəmənin qərarı ilə Yasamal Bələdiyyəsinin 11/06 saylı 09 fevral 2006-ci il tarixli sərəncamı və onun əsasında bağlanmış eyni tarixli icarə müqaviləsi məhkəmə qərarı ilə qanuni və qüvvədə olan hesab edilmişdir.Bundan sonra Yasamal rayon icra hakimiyyəti başçısının 24 may 2013-cü il tarixli ,203 saylı sərəncamına əsasən ünvan 3 küç.),1056-ci məhəllə, 97 saylı bina ünvanında hazırki iş üzrə İddiaçı razılaşdırılmış eskiz layihəsində göstərilən 228 ,0 kv.m. torpaq sahəsində ofis və xidmət binasının tikintisinə icazə verilmişdir.İcazənin verilməsinə əsas olmuş sənədlər arasında Bakı şəhər İcra Hakimivvəti Memarlıq və Şəhərsalma Bas İdarəsinin rəyi və razılıq məktubu mövcuddur və məhkəmənin qərarında həmin sənədlərə istinad edilib. Məhkəmə qərarında məhkəmə mövqeyi üçün (eyni “zamanda cavabdehin imtinasındada) əsas olmuş səbəb kimi Yasamal Bələdiyyəsinin qərarı deyil,sərəncamı əsasında torpaq sahəsinin iddiaçıya icarəyə verilməsidir.Bir daha qeyd edirəm ki,həmin Bələdiyyə sərənçamı məhkəmə qaydasında mübahisələndirilib və yekun məhkəmə qərarı ilə qanuni və qüvvədə olan hesab edilib.Belə olan halda,yəni Ali Məhkəmənin qanuni qüvvəsini almış qərara heç bir məhkəmə instansiyası və yaxud dövlət və digər orqanlar tərəfindən əlavə şərh vermək və yaxud onu yenidən mübahisələndirmək hüququ yoxdur.Bu baxımdan inzibati məhkəmənin bu səbəbi rəhbər tutaraq iddianı təmin etməməsi qanunsuz olduğu ild yanaşı,anlaşılan deyil.Digər tərəfdən cavabdehin imtinasında Bələdiyyə qərarının olmaması ilə yanaşı,MŞBİ -nin rəyinində olmaması qeyd edilib.Lakin yuxarıda qeyd etdiyim kimi bu yalandır və cavabdeh orqana,həmdə məhkəməyə Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyi və razılıq məktubu tərəfimdən təqdim edilib.Bütün yazdıqlarım sübüt edir ki cavabdeh orqanın imtinası qanunsuzdur və inzibati məhkəmənin gəldiyi nəticədə əsassızdır. İddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillıərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan: Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin 07 fevral 2006-cı il tarixli, 11/06 nömrəli Sərəncamında qeyd olunmuşdur: “ ünvan 4 ünvanda yaşayan X7 ərizə ilə Yasamal bələdiyyəsinə müraciət edərək,Ə.Ələkbərov küçəsi 1056-ci məhəllə ev 97-də onun mülkiyyətində olan 18 saylı mağazanın qarşısında abadlaşdırılıb istifadə etdiyi (9,5 x 21) metr ölçüdə torpaq sahəsinin sənədləşdirilməsni xahiş etmişdir.Ərizə yerində araşdırılmış və müəyyən edilmişdir ki. İddiaçı qeyd olunan ünvanda (9,5 x 21) metr ölçüdə torpaq sahəsini setkaya alıb onun Ə.Ələkbərov küçəsi 1056-cı məhəllə, ev 97-də onun mülkiyyətində olan 18 saylı mağazanın qarşısında abadlaşdırıb istifadə etdiyi 199.5 kv.metr torpaq sahəsindən istifadə etməsi faktı təsdiq edilsin və o vergi ödəyicisi kimi qeydə alınsın. 2 “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaş İddiaçı 199.5 kv.metr torpaq sahəsi icarəsinə verilsin.3. İcarəyə verilmiş torpaq sahəsinin icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vətəndaş İddiaçı bildirilsin.4. sərəncamın icrası icra aparatının vergi və ödənişlər şöbəsinə tapşırılsın” ”Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 24.05.2013-cü il tarixli, 203 nömrəli Sərəncamında qeyd olunmuşdur: “ 1.Yasamal rayonu, Ak.Ş.Mehdiyev küçəsi,1056-cı məhəllə, 97 saylı binanın vətəndaş İddiaçı razılaşdırılmış eskiz layihəsində göstərilən 228,0 kv.m torpaq sahəsində ofis və xidmət binasının tikintisinə icazə verilsin.2. Tikinti işləri müvafiq razılaşmalar və ekspertiza edilmiş işçi layihə sənədləri əsasında aparılsın;3. İddiaçı tapşırılsın ki, torpaq sahəsindən istifadəyə dair müvafiq qurumlara müqavilə bağlansın və torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən çıxarışını təmin etsin.4. işçi layihəsi FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıq –planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunsun... Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış 09 fevral 2006-cı il tarixli, 10 nömrəli torpaq icarə müqaviləsinə əsasən, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 199,5 kv metr olan torpaq sahəsi 09 fevral 2006-cı il tarixdən 09 fevral 2021-ci il tarixə qədər İddiaçı icarəyə verilir. Yasamal Rayon Məhkəməsinin 30 may 2008-ci il tarixli, 2(004)-1031/2018 saylı Qətnaməsindən görünür ki, X4 cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı maraqlı şəxs İddiaçı olmaqla “sərəncamın ləğv edilməsi “ barədə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 28 oktyabr 2008-ci il tarixli, 2(103)-3764/2008 saylı qətnaməsindən görünür ki, X4 Yasamal rayon Bələdiyyəsinə qarşı sərəncamın ləğvi edilməsi barədə Yasamal Rayon Məhkəməsinin 30 may 2008-ci il tarixli, 2(004)-1031/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2011-ci il tarixli, 2(102)-3303/2011 saylı qərarından görünür ki, X4 Yasamal rayon Bələdiyyəsinə qarşı sərəncamın ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 28 oktyabr 2008-ci il tarixli, 2(103)- 3764/2008 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi 30.06.2020ci il tarixli, 09/3-67 saylı məktubunda məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, Yasamal rayonu Yasamal Bələdiyyəsinin 9 fevral 2006-cı il tarixli, 11/06 saylı sərəncamı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində aşkar olunmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin 02 dekabr 2020-ci il tarixli, 1135 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal Bələdiyyəsi sədrinin 09 fevral 2006-cı il tarixli 11/06 saylı sərəncamı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ünvan 7 ünvanda 199.5 kv.metr ölçüdə torpaq sahəsi vətəndaş İddiaçı uzun müddətli icarəyə verilmiş və onunla Yasamal Bələdiyyəsi arasında 09 fevral 2006-cı il tarixli, 10 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır və hazırda da həmin icarə müqaviləsi qüvvədədir…Yasamal bələdiyyəsi tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidməti ********** saylı 11.11.2016-с il tarixli məktubla bildirmişdir ki, qeyd olunan koordinatlara əsasən sözü gedən torpaq sahəsi Yasamal bələdiyyəsinin mülkiyyətinə aid torpaqların hüdudları daxilində yerləşir. İddiaçı tərəfindən bağlanılmış icarə müqaviləsi üzrə icarə haqqları tam və vaxtlı-vaxtında ödənilir. Müqavilə müddətinin uzadılmasına dair 10 noyabr 2020-ci il tarixli əlavə razılaşmaya əsasən, Bakı şəhər Yasamal bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış “Torpaq icarəsi haqqında” 09 fevral 2006-cı il tarixli, 10 nömrəli müqavilənin müddəti 09 fevral 2006-cı il tarixdən 09 fevral 2070-ci il tarixə qədər uzadılmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı 28.01.2013-cü il tarixli, K-22 nömrəli məktubuna əsasən, ünvan 9 ünvanında yaşayan vətəndaş İddiaçı müraciət edərək, Ş.Mehdiyev küçəsi 1056-cı məhəllə, 97 saylı binada, ona məxsus mağazanın yanındakı ərazidə yerləşən, uzun illər istifadəsində olan sahədə təqdim etdiyi eskiz layihəsi əsasında ofis və xidmət binasının tikintisinə icazə verilməsini xahiş etmiş və qeyd edilən ünvanda vətəndaş İddiaçı istifadəsində olan sahədə təqdim olunmuş eskiz layihəsi əsasında ofis və xidmət binasının tikintisinə etiraz etmədiyini və qaldırılmış məsələnin onların müzakirəsinə təqdim etdiyi qeyd edilmişdir. Memarlıq və Şəhərsalma Baş İdarəsinin Yasamal rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 22.05.2013-cü il tarixli məktubuna əsasən, 28.01.2013-cü il tarixli, K-22 saylı razılıq məktubu nəzərə alaraq, vətəndaş İddiaçı Yasamal rayonu, Ak.Ş.Mehdiyev küçəsi, 1056-cı məhəllədə ofis və xidmət binasının tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi (ArxDizayn MS MMCnin işi, memar L.Şıxlarova) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyinin alınması şərti ilə razılaşdırılır, obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıqplanlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalı, tikinti altına düşməsi zəruri olan ağacların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.09.2005-ci il tarixdə təsdiq etdiyi “Azərbaycan Respublikasında meşə fonduna aid olmayan ağac və kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları” haqqında 173 saylı Qərarın tələblərinə əsasən köçürülməsi təmin olmalı, sahənin ayrılması və tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşdirmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmalı olduğu, bildirilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 06.11.2019-cu il tarixli, **********69 nömrəli məktubunda bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq faktiki torpaq sahəsi yaşayış binasının qarşısında olan ümumi istifadə üçün nəzərdə tutulan yaşıllıq ərazisində yerləşir. Yerləşmə cizgisindəki perimetrik ölçülərə əsasən 199.5 kv.m-dir, faktiki koordinatlara əsasən isə 298.0 kv.m təşkil edir. Eyni zamanda sözügedən torpaq sahəsi ilə yaşayış binasının ara məsafəsi nəzərə alınmalıdır. Sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi əlavə edilməmişdir. Bu səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Cavabdehin iddiaçıya ünvanlandığı 01.05.2020-ci il tarixli, **********91 məktubunda bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarı əlavə olunmamış və MŞBİ-nin rəyi sənəd toplusuna əlavə edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 06.11.2019-cu il tarixdə, **********69 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Beləliklə,birinci instansiya məhkəməsi iş materialları ilə müəyyən etmişdir ki, Yasamal bələdiyyəsinin sədrinin 09.02.2006-cı il tarixli, 11/06 nömrəli sərəncamı əsasında 10 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi., 1056-cı məhəllə ünvanında yerləşən 199,5 kv.metr torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi., 1056-cı məhəllə ünvanında yerləşən 199,5 kv.metr torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, icarə hüququnu təsdiq edən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; İşin faktiki hallarına görə iddiaçı Yasamal rayonu,Ə.Ələkbərov küç.,1056-ci məhəllə ünvanında yerləşən Yasamal bələdiyyəsinə məxsus 199,5 kv.m. torpaq sahəsindən icarə müqaviləsi əsasında istifadə edir. İddiaçı həmin torpağın onun icarəsinə verilməsi barədə Yasamal bələdiyyəsinin sərəncamını əsas göstərərək torpaq sahəsinə icarə hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla. Həmin 56-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası torpaq və bələdiyyələr haqqında qanunvericiliyə əsasən bələdiyyə məxsus torpağın şəxslərə icarəyə verilməsi yalnız bələdiyyənin qərarı əsasında həyata keçirilir. Lakin iddiaçı tərəfindən yuxarıda sadalanan normalarda qeyd edilən bələdiyyə qərarını cavabdehə, inzibati işə baxılmasının gedişində isə məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərin, o cümlədən bələdiyyə sədrinin sərəncamı, daşınmaz əmlakın dövlət reyestrində torpaq üzrə icarə hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1. –ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bələdiyyə sədri bələdiyyə məxsus torpağının icarəyə verilməsi səlahiyyətinə malik olmadığından, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilməsi haqlı olmuş və yuxarıda qeyd edilmiş qanunvericiliyin normalarına uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gədiyi nəticə ilə razılaşır və hesab edir ki, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(112)-996/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1619/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1619/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver