Məhkəmə qərarları › İş №2-1(103)-1619/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1619/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1619/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınaraq, bağ sahəsinin planı və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X6, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən bağçılıq yoldaşlığı tərəfindən ayrılmış, sahəsi 1200 kv. metr olan 344/345 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınaraq, bağ sahəsinin planı və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2316/2022 saylı 18 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bağçının üzvlük kitabçasından görünür ki, Gözəlov X8 Cəmiyyəti üzvlərinin 3 saylı xx.xx.1996-ci il tarixli protokoluna əsasən 1996-cı ildə bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş və ona Dübəndi ərazisində yerləşən Bağçılıq Cəmiyyəti bağından sahəsi 1200 kv. metr olan 344/345 saylı bağ sahəsi 20/396 saylı xx.xx.1987-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X14 İnkişafı və İstismarı Birliyi tərəfindən İddiaçı ünvanlanmış 392 saylı xx.xx.2005-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının 18/924 saylı 15.10.86-cı il tarixli və 6/333 saylı 14.06.88-ci il tarixli Qərarlarına əsasən icarəsindəki bağ sahəsində hasar tikməyə icazə verildiyi bildirilmişdir. “İki sahil” qəzetinin 0132 saylı xx.xx.2011-ci il tarixli arayışından görünür ki, İddiaçı 1997-ci ildən 2009-cu ilin may ayına qədər ARDNŞ Departamentində sürücü vəzifəsində işləyərək “İki sahil” qəzeti redaksiyasına xidmət göstərmişdir. İddiaçı Bakı şəhəri, Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən bağçılıq yoldaşlığı tərəfindən ayrılmış, sahəsi 1200 kv. metr olan 344/345 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı 24 avqust 2021-ci il tarixli məktubda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən bağçılıq yoldaşlığı tərəfindən ayrılmış, sahəsi 1200 kv. metr olan 344/345 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınaraq, bağ sahəsinin planı və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Pirallahı rayonunun Dübəndi bağlar massivində olan yoldaşlıq bağçılıq təsərrüfatının üzvlüyünə 1997-cı ildə qəbul olunmuş və bağçılıq təsərrüfatının balansında olan, Bakı şəhəri, Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən torpaq sahəsindən 1200 kv. metr torpaq sahəsi olan 344/345 saylı bağ sahəsi ona ayrılmışdır. Yoldaşlıq bağçılıq təsərrüfatının üzvlüyünə qəbul və 344/345 saylı Bağ sahəsinin ona ayrılması Bağçılıq idarəsinin 3 saylı xx.xx.1996-cı il tarixli Protokolla və üzvlük biletinin verilməsi ilə rəsmiləşdirilmişdir. Qeyd edilən 1200 kv. metrdan ibarət bağ sahəsi həmin tarixdən hazırki vaxtadək faktiki sahiblik və istifadəsindədir. xx.xx.2005-ci il tarixdə onun müraciətinə əsasən bağın hasara alınması üçün Bakı şəhər İcra Hakimiyyətinin Aparatının Abadlaşdırma və X1 Departamenti tərəfindən bağ sahəsində hasarın tikilməsinə icazə verilmiş və həmin icazəyə bağ sahəsinin plan ölçüləri əlavə olunmuşdur. Torpağın yerləşdiyi ərazi yuxarıda qeyd edilən bağçılıq idarəsinə məxsus olmaqla, üzvlər arasında paylanılmış və hər tərəfdə fərdi yaşayış evləri inşa edilmişdir. Ətrafda faktiki olaraq boş sahə yoxdur. Ətrafdakı Bağ sahələri üzərində evlər tikilmiş mülkiyyət hüquqları qeydiyyata alınmışdır. O, faktiki mülkiyyətində olan Bağ sahəsi üzərində qanunauyğun olaraq mülkiyyət hüququnun qeydiyyatı üçün xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. Yoldaşlıq bağçılıq təsərrüfatının üzvlüyünə qəbul və 344/345 N-li Bağ sahəsinin iddiaçıya ayrılması bağçılıq idarəsinin xx.xx.1996-cı il tarixli, 3 saylı Protokolla həyata keçirilmişdir. Bu barədə ona verilmiş bağçının üzvlük kitabçasında qeyd var. O, 344/345 saylı bağ sahəsinin ona ayrılmasına dair protokolun surətinin ona təqdim edilməsi barədə dəfələrlə cavabdeh orqana müraciət etmişdir. Belə ki, DƏDRX-nin Bakı şəhəri ərazi idarəsi xx.xx.2011-ci il tarixli, 09/22195 №li məktubu ilə iddiaçıya bildirmişdir ki, “sözügedən Bağ sahəsinin hansı təşkilat tərəfindən ayrıldığı barədə daha dəqiq məlumat verildikdən sonra ərizəyə yenidən baxılacaq”. Cavabdehin arxivində hər hansı protokolun, siyahının və ya sənədin olmaması onun hüququnun qeydiyyatından imtina üçün əsas ola bilməz. Çünki həmin sənədləri saxlamaq və arxivləşdirmək sənədi verən orqanın və ya hüquqi varisin vəzifə borcudur. Bu sənədlərin arxivinin saxlanmasında vətəndaş kimi heç bir vəzifəsi və öhdəliyi yoxdur və bu hal əmlakın dövlət qeydiyyatına alınması üçün maneə yarada bilməz. O, Milli Arxiv İdarəsinə müraciət etdikdə xx.xx.2017-ci il tarixdə, 561 №li məktubla məlumat verilmişdir ki, sözügedən bağ sahəsi Bakı şəhəri Xalq Deputatları İcrayyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 №li Qərarın 1.1.31-ci bəndinə əsasən Əzizbəyov rayonun Dübəndi qəsəbəsində yerləşən torpaq sahələrində bağçılıq təsərrüfatarı yaratmaqla Azərbaycan Jurnalistlər Birliyinin 30 üzvü həmin bağçılıqın yoldaşlığına qəbul edilmişdir. "İki sahil” qəzetinin verdiyi arayışdan məlum olur ki, o, 1997ci ildən 2009-cu ilə qədər ARDNŞ Departamentində sürücü vəzifəsində işləyərək “İki Sahil” qəzeti redaksiyasına xidmət göstərmişdir. O, bağ sahəsindən faktiki olaraq 1997-ci ildən istifadə və sahiblik etməklə, həmin sahədə tikili inşa etmiş, lakin torpağa mülkiyyət hüquqlarını təsdiq edilmədiyi üçün mövcud tikiliyə də mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********28 saylı cavab məktubu ünvanlanmışdır. İddiaçı İdarəyə xx.xx.2017-ci il tarixdə müraciəti daxil olmuş, ərizəsinə üzvlük kitabçasının surətini əlavə etmişdir. Həmin müraciətə cavab olaraq İdarə tərəfindən ona ünvanlanan **********17 saylı 29 dekabr 2017-ci il tarixli məktubda bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir və Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. İddiaçı tərəfindən İdarəyə daxil olan sonuncu ərizəsinə müvafiq bağ sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Bundan əlavə iddiaçının İdarəyə müraciətləri yalnız bağ sahəsinə dair hüquqların qeydiyyatı ilə bağlı olmuş, üzərində yerləşən tikiliyə dair hüquqların qeydiyyatı ilə bağlı müraciət etməmiş və müvafiq tikiliyə dair hüquqmüəyyənedici sənədlər əlavə etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2316/2022 saylı 18 fevral 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o, yoldaşlıq bağçılıq təsərrüfatının üzvlüyünə xx.xx.1996-cı il tarixdə qəbul edilmişdir və buna müvafiq olaraq ona Bağçının üzvlük kitabçası verilmişdir, 1200 kv.metrdan ibarət bağ sahəsi həmin tarixdən bu günə qədər onun faktiki sahiblik və istifadəsindədir. Əlavə olaraq xx.xx.2005-ci il tarixdə iddiaçının müraciətinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Aparatının Abadlaşdırma və X1 Departamenti bağın hasara alınması, hasarın tikilməsinə icazə vermiş və həmin icazəyə bağ sahəsinin plan ölçüləri əlavə olunmuşdur. Hesab edir ki, hasarın tikintisinə icazə ona görə verilmişdir ki, bağ onun istifadəsində qanuni əsaslar əsasında olmuşdur. Məhkəmə bağın hasara alınmasına icazə verilməsi məsələsinə toxunmamış, buna lazım olan hüquqi qiymət verməmiş və məsələni araşdırmamışdır. Məhkəmə işin hallarının araşdırılması prinsipini pozmuşdur. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 12.1.-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə xx.xx.2022-ci il tarixli Qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün hüquqi nəticəyə gəlməmiş, əsassız qərar qəbul etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların qeydə alınmasının qanuni əsasları, 15-ci maddəsində isə daşınmaz əmlak üzrə hüquqların hüquqların qeydiyyata alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Əsaslardan yalnız biri mövcud olarsa, o zaman hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdehin imtinasında göstərilən hallar “Qanunun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Beləliklə də, cavabdehin imtina məktubunda göstərdiyi hallar qanunsuz və əsassızdır. Qərarda məhkəmə əsassız olaraq göstərmişdir ki, “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində iddiaçıya bağ sahəsinin ayrılmasına dair hər hansı məlumat yoxdur.” Bununla bağlı qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından yalnız qanunla müəyyən edilmiş hallarda imtina edilə bilər:” Məhkəmə qeyd olunan maddələrin hər hansı birinə istinad etməmiş və göstərilən hallardan iddiaçıya cavabdeh tərəfindən verilən imtinanın əsaslı olub- olmamasını Qərarda qeyd etməmişdir. İPM-nin 14.3.-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Bağ sahəsinə Çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (oğlu) X12, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən bağçılıq yoldaşlığı tərəfindən ayrılmış, sahəsi 1200 kv. metr olan 344/345 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınaraq, bağ sahəsinin planı və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən ayrılmış bağ sahələrinə dair icarə müqaviləsini, sərəncam və ya orderi təqdim etməməsinə, cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində iddiaçıya bağ sahəsinin ayrılmasına dair hər hansı məlumatın olmamasına, iddiaçının təqdim etdiyi xx.xx.1996-ci il tarixli protokolda iclasda iştirak edən bağçılıq yoldaşlıq təsərrüfatı üzvləri barədə hər hansı qeydın aparılmamasına, bağ sahəsinin ölçüsünun göstərilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsində göstərilmişdir: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarında olan olan bağçının üzvlük kitabçasından görünür ki, Gözəlov X9 Cəmiyyəti üzvlərinin 3 saylı xx.xx.1996-ci il tarixli protokoluna əsasən 1996-cı ildə bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş və ona 20/396 saylı xx.xx.1987-ci il tarixdə qeydə alınmış qərara əsasən Dübəndi ərazisində yerləşən Bağçılıq Cəmiyyəti bağından sahəsi 1200 kv. metr olan 344/345 saylı bağ sahəsi daimi istifadə etmək üçün ayrılmışdır. İddiaçı “Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən bağçılıq yoldaşlığı tərəfindən ayrılmış, sahəsi 1200 kv. metr olan 344/345 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınaraq, bağ sahəsinin planı və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı tələb edir. Hazırki işdən görünür ki, iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtinası, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğuya cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi idarəsinin **********92 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Jurnalist” bağçılıq-yoldaşlıq birliyi nəzdində İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində, 1200 kv. metr torpaq sahəsi olan 344/345 saylı bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq “Jurnalist” bağçılıq-yoldaşlıq birliyinin 21 may 1996-cı il tarixli, 3 nömrəli protokolunun və sözügedən bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş sənədlərdən, o cümlədən 21 may 1996-cı il tarixli 3 nömrəli protokoldan müəyyən olunur ki, Azərbaycan Jurnalistlər İttifaqının “Jurnalist” Bağçılıq yoldaşlığının idarə heyətinin iclasında “Jurnalist bağçılıq yoldaşlığının fəaliyyəti və üzvlükdən çıxmış və yeni qəbul edilmiş üzvlər barəsində gündəlik məsələyə baxılmışdır. İclasda İdarə heyətinin sədri Ş.Nəzərli “Jurnalist” bağçılıq yoldaşlığına Dübəndi qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsinin indiyə qədər istifadəsiz qaldığını nəzərə çatdıraraq bildirmişdir ki, 1988-ci il ildən hal-hazıra kimi “Jurnalist” Bağçılıq yoldaşlığının üzvlərinin əksəriyyəti öz bağ sahələrində bir dəfə də olmamış, orda heç bir iş görməmiş, abadlıq və becərmə işləri aparmamışlar. Bəziləri isə başqa respublikalara köçüb getmişlər. Ona görə də boş və istifadəsiz qalmış sahələrin yeni üzvlərə verilməsinin məqsədə uyğun olduğu qeyd edilmiş və aşağıdakılar qərara alınmışdır: Uzun müddət öz bağ sahəsindən istifadə etməyən, Bakı şəhərindən köçüb başqa respublikalara gedənlər və 5 ildən çox müddət ərzində bağ sahəsində heç bir abadlıq və becərmə işləri aparmayanlar (siyahı əlavə olunur) bağçılıq yoldaşlığı üzvlüyündən çıxarılsınlar və onlara verilmiş bağ sahəsinə aid sənədlər öz hüquqi qüvvəsini itirmiş hesab edilsin. Bağçılıq yoldaşlığına üzv olmaq istəyənlərin ərizələri qəbul edilsin, onlara indiki qaydalara uyğun olaraq 0,12 ha-dan artıq olmamaq şərti ilə torpaq sahəsi ayrılıb verilsin. Məhkəməyə təqdim olunmuş “Jurnalist” bağçılıq yoldaşlığının birliyinin üzvlərinin siyahısında və xx.xx.1996-cı il tarixli 3 nömrəli protokolu ilə bağçılıq üzvlüyünə yeni qəbul edilənlərin siyahısında İddiaçı adı qeyd olunmamışdır. Hazırki işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən “Jurnalist” bağçılıq-yoldaşlıq birliyinə aid sənədlər toplusunun (qovluğun) məhkəməyə təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu verilmişdir. Həmin sorğuya cavab olaraq cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər toplusundan (qovluqda) müəyyən olundu ki, iddiaçının adı və soyadı “Jurnalist” bağçılıqyoldaşlığının xx.xx.1996-cı il tarixli 3№-li protokolu ilə bağçılıq üzvlüyünə yeni qəbul edilən şəxslərin siyahısında da olmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağlar massivində yerləşən 1200 kv.metr torpaq sahəsi olan 344/345 №-li bağ sahəsi “Jurnalist” bağçılıq-yoldaşlıq birliyinə ayrılan torpaq sahələrinin hüdudları daxilində yerləşib-yerləşməməsi, o cümlədən “Jurnalist” bağçılıq-yoldaşlıq birliyinin digər üzvlərinə ayrılan, həmin bağ sahəsinin qonşuluğunda torpaq sahələri olan vətəndaşların torpaqla bağlı mülkiyyət hüquqlarının qeydiyyata alınıb-alınmaması barədə məhkəməyə məlumat verilməsi və bu barədə müvafiq sübutların məhkəməyə təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu verilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə məhkəməyə daxil olmuş məktublardan məlum oldu ki, sözügedən bağ sahəsi hasar daxilində olmaqla 1332,0 kv.m təşkil edir, bağ sahəsinin üzərində 2 mərtəbəli yaşayış evi və həyət tikililəri mövcuddur, Bağçılıq-yoldaşlıq birliyinə ayrılan torpaq sahələrinə dair bölgü sxemi təqdim edilmədiyindən bağ sahəsinin bağçılıq-yoldaşlıq birliyinə uyğun yerləşməsini araşdırmaq mümkün olmamışdır. Bağ sahəsinin üzərində mövcud olan tikililərin istifadəsi və qeydiyyatı barədə vahid elektron kadastr bazasında məlumat yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan sahənin qonşuluqlarında yerləşən torpaq sahələri hal-hazırda **********10 reyestr nömrəsi ilə X2, **********31 reyestr nömrəsi ilə X3 və **********27 reyestr nömrəsi ilə X5 xüsusi mülkiyyətindədir. Qeyd olunan sahələrin kimin istifadəsində olması barədə məlumat yoxdur. Qeyd olunmalıdır ki, yuxarıda sadalanan maddi hüquq normalarına görə iddiaçının tələbinin təmin olunması, yəni istədiyi bağ sahəsinə hüququnun qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşa ayrılmış bağ sahəsinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. Hazırki işdə iddiaçı tələbinin əsası olaraq məhkəməyə yalnız bağçılıq-yoldaşlıq cəmiyyətinin sədri tərəfindən 1996-cı ildə imzalanmış və möhürlə təsdiq edilmiş üzvlük kitabçasını təqdim etmişdir. Həmin kitabçada bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1996-cı il tarixli protokolu və bağ sahəsinin xx.xx.1987-ci il tarixdə 20/396 saylı qərarla qeydə alındığı göstərilmişdir. Bu barədə aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, üzvlük kitabçasında istinad olunan xx.xx.1987-ci il tarixdə 20/396 saylı qərarla Dübəndi ərazisindən Azərbaycan Yurnalistlər İttifaqının bağçılıq cəmiyyəti üzvlərinə torpaq sahəsinin ayrılması qərara alınsa da, həmin qərara sonuncu səhifəsində də göstərildiyi kimi adlı siyahı və cizgi əlavə olunmamış, sonradan həmin bağçılığın bəzi üzvləri tərəfindən torpaq sahələrinin uzun zaman istifadə olunmaması nəzərə alınaraq onların yerinə yeni üzvlərin cəmiyyətə qəbul olunması barədə xx.xx.1996-cı il tarixli 3 saylı protokol tərtib olunmuşdur ki, həmin protokol ilə bağçılıq üzvlüyünə yeni qəbul edilmiş şəxslərin siyahısında da iddiaçının İddiaçı adı olmamışdır. Beləliklə, iş üzrə iddiaçının istifadəsində olduğu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini tələb etdiyi bağ sahəsinin ona adı çəkilən üzvlük kitabçası əsasında verildiyi bildirilsə də, qanunun tələbinə görə həmin üzvlük kitabçasının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi müəyyən olunmur. Bundan başqa iddiaçı həmin bağ sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd qismində digər sübutları, məsələn: müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən ona ayrılmış bağ sahəsinə dair verilən icarə müqaviləsini, sərəncam və orderi; üzvlərin iclasının protokolundan çıxarışı (ona əlavə olunan adının olduğu siyahını) təqdim edə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya iddia etdiyi torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuna zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2316/2022 saylı 18 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar