Məhkəmə qərarları › İş №2-1(103)-1619/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1619/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1619/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7922/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 17 iyun 1994-ci il tarixdə dövlət qeydiyyatdan keçmişdir, VÖEN və hazırkı qeydiyyat nömrəsi: **********-dir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 oktyabr 2020-ci il tarixli qərarına əsasən İddiaçı Firmasında növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama dövrü 2017 – 2020-ci illəri əhatə etmişdir. Keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə 7 fevral 2022-ci il tarixli, **********149046 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Aktda qeyd edilənlər faktiki vəziyyəti özündə olduğu kimi əks etdirmədiyindən və səyyar vergi yoxlaması qanunvericiliyin tələblərini pozmaqla aparıldığından, iddiaçı həmin aktı imza etməkdən imtina etmişdir. Qeyd edildiyi kimi, yoxlama aktında qeyd edilənlərlə iddiaçı razılaşmadığından, akta dair etiraz verərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Davamı olaraq, aparılan səyyar vergi yoxlamasına dair cavabdeh tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərar qəbul edilmişdir. Həmin məsuliyyətə cəlb edilmə haqqında qərar əsassız və qanunsuz olduğundan məhkəmə qaydasında ləğv edilməli, qanunsuz hesablanan vergi ləğv edilməlidir. İddiaçıya qanunsuz olaraq, növbəti qaydada əlavə vergi və maliyyə sanksiyaları hesablanmışdır: 345316,36 manat mənfəət vergisi, həmin məbləğə dair 172658,19 manat maliyyə sanksiyası; 461766,36 manat əlavə dəyər vergisi, həmin vergiyə dair 230893,29 manat maliyyə sanksiyası; 254829,16 manat Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə istinad edilərək maliyyə sanksiyası. Əlavə olaraq cəmi 807082,72 manat vergi hesablanmış və 658380,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarda mənfəət vergisi üzrə əlavə verginin hesablanmasına iddiaçının dövriyyəsinin bəyan etdiyi məbləğdən çox olması, həmçinin iddiaçının gəlirdən çıxılan xərclərinin bəyan etdiyi məbləğdən az olması səbəb kimi göstərilir. Lakin cavabdeh tərəfindən qəbul edilən məsuliyyət qərarında dövriyyənin azalmasının, xərclərin artırılmasının nədə ifadə olunması öz əksini tapmamışdır. Yəni, iddiaçı tərəfindən bəyan edilmiş konkret olaraq hansı xərclərin artırıldığı məsuliyyət qərarında əksini tapmamışdır. Mübahisələndirilən qərarda əlavə vergi məbləğinin hesablanmasının hüquqi əsası kimi, Vergi Məcəlləsinin 67.1 və 67.1.9-cu maddələrinə istinad edilir. Yoxlama zamanı bütün zəruri sənədlər yoxlayıcıya təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar aparılmamışdır. Bu səbəbdən də, Vergi Məcəlləsinin 67.1 və 67.1.9-cu maddələrinin iddiaçıya tətbiq edilə bilməz. Bununla sübut olunur ki, iddiaçı dövriyyəsini və gəlirdən çıxılan xərclərini faktiki vəziyyətə uyğun olaraq bəyan etmiş, buna istinadən vergilərini düzgün hesablamış və ödəmişdir. Əlavə hesablanan ƏDV cavabdeh tərəfindən əsassız və qanunsuz artırılmış dövriyyəyə istinadən hesablandığından, həmin ƏDV məbləği və onunla bağlı maliyyə sanksiyası qanunsuzdur. Qərarda əlavə vergilərin hesablanması ekspertiza rəyinə əsaslanmışdır. Bazar qiymətini müəyyən etmək üçün "xxxx" MMC tərəfindən hazırlanmış ekspertiza rəyində göstərilən qiymətlər real bazar qiymətlərini əks etdirmir. Belə ki, ekspertiza rəyində qiymətlərin formalaşmasında hansı mənbələrdən istifadə olunması qeyd olunmamış və nəticə etibarı ilə bazarda mövcud olmayan qiymətlər rəydə öz əksini tapmışdır. Hətta rəydə qeyd edilən məlumatlarla (dövriyyə) yoxlama aktında və məsuliyyətə cəlb edilmə haqqında qərarda istinad edilən analoji məlumatlar arasında ziddiyyət vardır. İddiaçı ekspert rəyində göstərilənlərlə razılaşmadığı barədə rəsmi olaraq vergi orqanına müraciət etməsinə baxmayaraq, cavabdeh Vergi Məcəlləsinin 44.11-ci maddəsinin tələblərini kobudcasına pozmuşdur. Mübahisələndirilən qərarda qeyd edilir ki, iddiaçı tərəfindən mallar təqdim edilən zaman, elektron qaimələr təqdim edilməmişdir, bununla da Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələbləri pozulmuşdur. Yoxlama aktında və ya qərarda qeyd edilən faktın konkret nədən ibarət olması, nə zaman baş verməsi öz əksini tapmamışdır. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları ilə bağlıdır. Yəni, cavabdehin əsassız gəldiyi nəticəyə belə həmin maddənin aidiyyəti yoxdur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Göstərilənlərə əsaslanaraq və İPM-in 32-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmədən cavabdehin iddiaçı barəsində qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərarının “345316,36 manat əlavə olaraq mənfəət vergisinin hesablanması, həmin məbləğə dair 172658,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 461766,36 manat əlavə olaraq ƏDV hesablanması, həmin vergi məbləğinə dair 230893,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 254829,16 manat məbləğində (Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən) maliyyə sanksiyanın tətbiq edilməsi” hissəsində ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7922/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərarı “345316,36 manat əlavə olaraq mənfəət vergisinin hesablanması, həmin vergi məbləğinə 172658,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 461766,36 manat əlavə olaraq ƏDV hesablanması, həmin vergi məbləğinə 230893,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 254829,16 manat məbləğində (Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən) maliyyə sanksiyanın tətbiq edilməsi” hissəsində ləğv edilməsi qərara alınmışdır. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarında qeyd edilmişdir ki: “cavabdeh inzibati orqanın iddiaçının fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlamasi qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır.... Lakin hazirki işin hallarindan görünür ki, səyyar vergi yoxlaması 13 aydan artıq vaxt davam etmiş,... Hazırkı işin hallarından görünür ki, inzibati orqan yoxlama keçirərkən 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamiş, bununla da yoxlamanın müddətini əsassız olaraq 25 gün uzatmışdır. Bütün göstərilənlər, səyyar vergi yoxlamasının aparılmasında Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət meyarlarının kobud pozuntusu qismində qiymətləndirilməlidir.” Qeyd edilənlərlə yanaşı digər prosessual pozuntular qeyd edilməklə mübahisələndirilən qərarın kobud pozuntularla qəbul edildiyi bildirilmişdir. Bunlarla bağlı bildirilir ki, vergi qanunvericiliyinin təhlili nəticəsində formalaşmış olan hüquqi mövqeyə əsasən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulmamışdır. Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olan 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz, müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilmə müddəti 90 günə qədər artırıla bilər. Nəzərə alsaq ki, vergi orqanları üçün beş günlük iş həftəsi müəyyən edilmişdir. Vergi orqanının səyyar vergi yoxlamasını yalnız vergi orqanları üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək imkanı var. Qeyd etməyi zəruri hesab edirik ki, Vergi Məcəlləsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan 38.2-ci maddəsinin tələbinə dair vergi orqanlarının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar hüquqi məsələlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Bununla əlaqədar Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(102)-6/2020 nömrəli qərarını qeyd edə bilərik. Həmin qərarda qeyd edilmişdir ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Vergi Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1-ci və digər maddələr, o cümlədən 38.2-ci və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Bundan əlavə, həmin vaxt qüvvədə olan Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddənin tələbindən göründüyü kimi səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş müddətlərin iş günü kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. Hesab edirik ki, məhkəmə Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlilini düzgün aparmamış və hüquq müəyyənedici orqanın qeyd olunan normaları qəbul edərkən günlərlə ifadə olunan müddətlər ilə bağlı həqiqi məqsədlərini düzgün təfsir etməmiş və nəticədə yanlış qənaətə gələrək maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Qeyd olunan sonuncu maddəyə və onun həqiqi mahiyyətini ortaya qoyan məzmununa diqqət edilmiş olarsa aydın olacaqdır ki, vergi orqanının səyyar vergi yoxlamasını yalnız vergi orqanı üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək imkanı olacaqdır. Belə olan halda 30 günü ifadəsini təqvim günü kimi qəbul etmiş olsaq, o zaman 30 gün ərzində olan qeyri-iş günlərində yoxlamanın keçirilməsi təbii ki, imkansız olacaqdır. Nəzərə alsaq ki, vergi orqanı üçün beş günlük iş həftəsi müəyyən edilmişdir ki, bu halda da qeyri-iş günləri hesab edilən bayram günlərini hətta nəzərə almasaq belə, təqvim ayı üzrə şənbə-bazar günləri 8 (səkkiz) gün təşkil edir. Nəticə etibarı ilə yoxlamanın həyata keçirilməsi üçün müəyyən edilmiş 30 gün müddətin 1/3 hissəsi yoxlamanın həyata keçirilməsi müddətinə aid olmadığı üçün yoxlamanın orta hesabla 22 gün davam etməsi mümkündür. Halbuki qanunverici orqan Vergi Məcəlləsinin 38.2-ci maddəsində günlərdə ifadə olunan müddəti təyin edərkən həmin günləri yoxlamanın həyata keçirilməsi üçün imkan müddəti kimi müəyyən etmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunur ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Bu normanın təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlaması ancaq 30 gün ərzində davam etməlidir. O zaman sual olunur ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsi yoxlamanın qeyri-iş günlərində davam etməsini qadağan edirsə, hansı halda səyyar vergi yoxlaması 30 təqvim günü ərzində keçirilə bilər və ya davam edə bilər?! Eyni zamanda prosessual pozuntular ilə bağlı qeyd edilmişdir ki, sənədlərin götürülməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə minmədən “ekspertiza təyin edilməsi” barədə qərar çıxarılmışdır. Bununla bağlı vergi qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Sənədlərin qismən təqdim edilməsi bir daha sübut edir ki, ekspertiza təyin edilməsi” barədə qərar əsaslı və qanuni çıxarılmışdır. Məhkəmə qərarında, eyni zamanda qeyd edilmişdir ki, 2017-2018-ci illər üzrə bazar qiymətinin müəyyən edilməsinə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin 1 yanvar 2019 - 1 yanvar 2022 tarixlərində qüvvədə olan tələbləri tətbiq edilə bilməz. Qeyd edirik ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixinə qədər olan redaksiyasında qeyd edilmişdir ki, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Göründüyü kimi 2017-2018-ci illər üzrə bazar qiymətinin müəyyən edilməsi zamanı Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin həmin dövrlər üzrə qüvvədə olan müddəalarının tətbiqinə heç nə maneə olmur. Eyni zamanda məhkəmə qərarında qeyd edilmişdir ki, 4 yük gömrük bəyannaməsi Dövlət Gömrük Komitəsi tərəfindən vergi orqanına təqdim edilməsə də, məhkəmə icraatında həmin bəyannamələr təqdim edilmişdir. Qeyd edirik ki, bununla bağlı məhkəmə icraatında cavabdehə heç bir sənəd təqdim edilməyib və bu sənədlərin Dövlət Gömrük Komitəsindən vergi orqanına təqdim edilməməsi həmin sənədlərin həqiqiliyini şübhə altına alır. Məhkəmə qərarında, eyni zamanda qeyd edilir ki, müvafiq mallar fiziki şəxs olan istehlakçılara pərakəndə satış qaydasında təqdim edildiyindən həmin şəxslərin vergi ödəyicisi statusuna malik olub-olmamasının yoxlanılması vergi ödəyicisi kimi iddiaçının vəzifəsi deyil, eləcə də həmin şəxslər malların satışı ilə bağlı elektron qaimə-faktura və vergi hesab fakturası tələb etmədiyindən belə sənəd tərtib olunmadan aparılmış əməliyyata görə vergi Məcəlləsinin 58.7-1-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq oluna bilməz. Bunlarla bağlı qeyd edirik ki, təqdim edilən malların siyahısına nəzər salsaq avadanlıqların açıq-aşkar istehlakçılara satılmadığı aydın görünər, eyni zamanda məhsulların istehlak xarakterli olmadığı tam aydın olmuş olar. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqanın 28 oktyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı Firmasının 2017-ci ilin sentyabr ayından 2020-ci ilin avqust ayınadək olan dövr üzrə fəaliyyəti ilə bağlı növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 12 noyabr 2020-ci il tarixdə başlanmış, 21 dekabr 2021-ci il tarixdə başa çatdırılmış və 7 fevral 2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərar qəbul edilərək, iddiaçıya 2017-ci il üzrə 24265,52 manat mənfəət vergisi, 17751,42 manat ƏDV, 2018-ci il üzrə 197623,15 manat mənfəət vergisi, 349618,41 manat ƏDV, 9,40 manat əmlak vergisi, 2019-cu il üzrə 123427,69 manat mənfəət vergisi, 94396,51 manat ƏDV, 2020-ci üzrə 0,02 manat ƏDV hesablanmış, eləcə də Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq müvafiq məbləğlərdə maliyyə sanksiyaları tətbiq edilmişdir. Qərarla həmçinin, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsaslanaraq 254829,16 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və iddiaçının fəaliyyəti üzrə 0,03 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi məbləğinin artıq hesablandığı müəyyən edilmişdir. İddiaçı cavabdehin qəbul etdiyi qərarla razılaşmayaraq hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. AR İPM-in 87.8-ci bəndinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Vergi Məcəlləsi: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə görə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: - 30 gün ərzində vergi ödəyicislərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30%-dən çox (aşağı və yuxarı) dəyişdikdə. Həmin Məcəllənin 14.3-cü maddəsinin 1 yanvar 2019-cu il tarixdən 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə görə bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: - (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə. Həmin Məcəllənin 38.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Yuxarıda qeyd olunan hüquq normaları ilə hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən və iş materialları ilə öz təsdiqini tapan faktiki halları qarşılıqlı olaraq təhlil edildikdə aydın olur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “......Hazırkı işin hallarından görünür ki, inzibati orqan yoxlama keçirərkən 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, bununla da yoxlamanın müddətini əsassız olaraq 25 gün uzatmışdır. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin müddəalarında səyyar vergi yoxlamasının müddətinin “iş günü” ilə hesablanması barədə müvafiq dəyişiklik 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, yoxlamanın keçirildiyi 1 il 1 aydan artıq müddət həmin tarixdən əvvəlki dövrə təsadüf edir. Bütün göstərilənlər, səyyar vergi yoxlamasının aparılmasında Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət meyarlarının kobud pozuntusu qismində qiymətləndirməlidir.” Cavabdeh apellyasiya şikayətində qanunvericilikdə səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş müddətlərin iş günü kimi qəbul edilməsinin nəzərdə tutulduğunu bildirsə də, həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsində səyyar vergi yoxlamasının 30 gündən artıq davam etməməli olduğu bildirilmişdir (maddə 38.2). Cavabdeh inzibati orqan apellyasiya şikayətində həmin normaları şərh etməyə çalışsa da, qanunvericiliyin həmin dövrdə səyyar vergi yoxlamasının müddətləri ilə bağlı tələbləri açıq-aydın qeyd olunmuşdur. Qanunvericilik vergi yoxlamasının müddətini VM-nin 38.2-ci maddəsində dəqiq müəyyən etmişdir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri- iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2).63. Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti,cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri-iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayına bərabər ola bilər. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixinə qədər olan redaksiyasına əsasən, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. “Göründüyü kimi 2017-2018-ci illər üzrə bazar qiymətinin müəyyən edilməsi zamanı Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin həmin dövrlər üzrə qüvvədə olan müddəalarının tətbiqinə heç nə maneə olmur”. Kollegiya qeyd edir ki, iş materiallarında olan sənədlərdən iddiaçının 2017-2018-ci illərdə satdığı eynicinsli malların qiymətində 30 gün ərzində 30 faizdən çox (aşağı və yuxarı) fərqlə satış etməsi müəyyən edilmir. İşin obyektiv araşdırılması məqsədi ilə, Kollegiya tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə kompleks (əmtəəşünaslıq və mühasibatlıq) məhkəmə ekspertizası təyin edilmiş və ekspertlər qarşısında qoyulan suallardan ikisi cavabdehin yuxarıda qeyd edilən dəlili ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli, 9/2842-9/2843 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Firmasının 2017-2018-ci illərdə 30 gün ərzində (vergi ödəyicisinin) eyni il xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsinin 30 faizdən çox aşağı və yuxarı fərqlənməsi (dəyişməsi) müəyyən olunmur. Eyni zamanda, rəydə qeyd edilir ki, yuxarıda göstərilənlərə, təqdim edilmiş iş materiallarına əsasən və hesablamalara dair qanunvericiliyin tələbləri nəzərə alınmaqla “Araş" Firmasının 01 yanvar 2019 - sentyabr 2020-ci illərdə 30 gün ərzində (vergi ödəyicisinin) eyni xüsusiyyətli və ya eyni cinsli mallara (İşə, xidmətə) tətbiq etdiyi qiymətlərinin səviyyəsi bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən (çox aşağı və yuxarı) fərqlənməsi müəyyən olunmur. Bundan başqa ekspert rəyində məhkəmənin “iddiaçının özünün yoxlanılan dövr üzrə bəyan etdiyi vergi məbləğləri düzgün olaraq göstərilmişdirmi” sualına cavab olaraq qeyd edilmişdir ki, hazırkı rəyin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə hissəsində müəyyən olunan satış dəyəri, təqdim edilmiş iş materiallarında olan sənədlər (e-qaimə,fakturalar, bank çıxarışları, ödəniş tapşırıqları, ƏDV depozit hesabından çıxarışlar, e vergi hesab fakturalar, qəbzlər, YGB-lər, invoyslar, müqavilələr və s.) və elektron daşıyıcıda (USB) məlumatları (satışla bağlı e qaimə fakuralar və s.) nəzərə alınmaqla vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən, xx.xx.2020-ci il tarixə kimi olan fəaliyyət dövrü üzrə bəyan (ƏDV və mənfəət) etdiyi vergi məbləğlərinin düzgün olaraq göstərildiyi müəyyən edilir. Bundan başqa cavabdeh apellyasiya şikayətində 4 yük gömrük bəyannaməsinin məhkəmə icraatında cavabdehə təqdim edilmədiyini və bu sənədlərin Dövlət Gömrük Komitəsindən vergi orqanına təqdim edilməməsi həmin sənədlərin həqiqiliyini şübhə altına aldığını bildirmişdir. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, 4 yük gömrük bəyannaməsi məhkəmə icraatında təqdim edilmiş, həmçinin həmin sənədlər elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Həmin sənədlərin mötəbərliyi məsələsinə gəldikdə isə, cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim edilməmişdir. İnzibati İcraat Haqqında Qanunun 19.1-ci maddəsində qeyd edilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçının təqdim etdiyi gömrük bəyənnamələrinin mötəbər olmaması ilə bağlı cavabdehin dəlili də əsassızdır. Bundan başqa cavabdehin apelyasiya şikayətinin bir dəlili də ondan ibarət olmuşdur ki, iddiaçı elektron qaimə-faktura təqdim etməli olduğu halda, malları elektron qaiməfaktura verilmədən təqdim etdiyinə görə ona 254829,16 manat məbləğində maliyyə sanksiyası düzgün tətbiq edilmişdir. Apelyasiya şikayətinin həmin dəlili ilə də kollegiya razılaşmır. Belə ki, iddiaçının malları alıcıya satışını (təqdim etməsini) Vergi Məcəlləsində müəyyən edilmiş qaydada nəzarət kassa aparatının cekini təqdim etməklə həyata kecirdiyi işin mübahisəsiz halı olduğu halda, iş materiallarında iddiaçıdan mal alan alıcılar tərəfindən malın alınması zamanı qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab fakturasının tərtibinin tələb edildiyini və iddiaçı tərəfindən bu tələbin təmin edilmədiyini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Bundan əlavə, kollegiyanın qənaətinə görə qaimə-faktura bunu yalnız alıcı tələb etdiyi halda tərtib edilə bilər, əks halda nəzarət kassa aparatının çekinin alıcıya təqdim edilir. Çünki, satıcının alıcıdan həmin malı hansı məqsədlə aldığını bəyan etməsini tələb etmək hüququ və öhdəliyi yoxdur. Eyni zamanda Kollegiya bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (səyyar vergi yoxlaması aktının əhatə etdiyi 2017-2019-cu illərə dair dövrdə qüvvədə olan) 56.1-ci maddəsinə görə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. İş materiallarından isə görünür ki, vergi ödəyicisi vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə xx.xx.2022-ci il tarixli qərarla cəlb edilmişdir. Yəni, iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulmasını fərz etsək, bu halda belə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmiş olur. Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyini kifayət qədər əsaslandırmış və cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərarının “345316,36 manat əlavə olaraq mənfəət vergisinin hesablanması, həmin vergi məbləğinə 172658,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 461766,36 manat əlavə olaraq ƏDV hesablanması, həmin vergi məbləğinə 230893,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 254829,16 manat məbləğində (Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən) maliyyə sanksiyanın tətbiq edilməsi” hissəsində ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7922/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz manat) manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsini kodu: 3, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar