Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1620/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə hüquqların qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(112)-10037/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllə ünvanında yerləşən ticarət pavilyonuna dair mərhum həyat yoldaşı X2 adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllə ünvanında yerləşən ticarət pavilyonuna dair mərhum həyat yoldaşı X3 məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X1 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllə ünvanında yerləşən ticarət pavilyonu miras əmlak kimi qalmışdır. O, mərhum həyat yoldaşının vərəsəsi kimi tanınmış və bununla əlaqədar 1 saylı Bakı Asan xidmət mərkəzində vərəsəlik işi də açılmışdır. Həmin vərəsəlik işinin gedişi zamanı 1 saylı Bakı ASAN Xidmətində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən həmin pavilyona dair mərhum X2 adına hüquqmüəyyənedici sənədlərin verilməsi barədə məktub göndərilmişdir. Eyni zamanda, o, özü də mərhum həyat yoldaşının adına Dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmiş və imtinanın əsası kimi də onun tərəfindən qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikintinin icra edilməsinə icazə haqqında qərarı, istismara qəbul aktının təqdim edilmədiyi üçün ərizənin təmin edilməsinin mümkün olmadığı göstərilmişdir. Rəsmi müraciətdən də əvvəl dəfələrlə cavabdeh orqana şifahi şəkildə də müraciət etmişdir. Həmin müraciətlər zamanı da ondan bu sənədlər tələb olunmuşdur. Buna görə də AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuş və AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə xx.xx.2022-ci il tarixli, 4144 saylı torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Yəni bu pavilyonun yerləşdiyi torpaq sahəsinin rəsmi qaydada onlara ayrılmasına dair müvafiq sənəd əldə olunmuşdur. Cavabdeh tərəfindən ondan tələb olunan digər sənədlərin, yəni müvafiq icra hakimiyyəti orqanının tikintinin icra edilməsinə icazə haqqında qərarı, istismara qəbul aktı və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin əldə olunması ilə əlaqədar onun tərəfindən həm Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə, həm də AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciətlər olunmuşdur. Lakin hər iki dövlət qurumu mərhum ərinin adına olan bu pavilyonun 2000-ci ildən əvvəl tikildiyini nəzərə alaraq və həmçinin bununla əlaqədar Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 122 saylı sərəncamının olmasını nəzərə alaraq, cavabdeh orqanın tələb etdiyi sənədlərin halhazırda verilməsinin qeyri-mümkün olduğunu və həmin sənədlərin ümumiyyətlə qanunla ondan tələb olunmadığını bildirmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün vətəndaşlardan qanunla nəzərdə tutulmuş sənədlərdən əlavə sənədlərin tələb edilməsi qadağandır. Ona görə də hesab edir ki, cavabdeh orqanın imtinası tamamilə əsassız və qanunsuzdur. İş üzrə cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinə daxil olmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, göstərilən qeyri-yaşayış binasının qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər – müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bununla bağlı İddiaçı **********20 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(112)-10037/2023 saylı qərarı ilə (hakim L.Musayeva) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllə ünvanında yerləşən ticarət pavilyonunun İddiaçı mərhum həyat yoldaşı X3 məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu ilə X7 barəsində Binəqədi rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamı və ona əlavə edilmiş digər sənədlər məhkəməyə göndərilmişdir. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamına əsasən 7-ci mkrn, 3123-cü məhəllədə yerləşən 23.1 kv.m sahəsi olan ticarət zalından və 7.3 kv.m köməkçi sahəsindən ibarət ticarət pavilyonu vətəndaş X2 adına qanuniləşdirilmişdir. - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən pavilyonun texniki-iqtisadi göstərişlərini əks etdirən texniki pasport verilmişdir. - 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı X2 vərəsəsidir. - Hüquqi və fiziki şəxslərlə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 4144 saylı müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllə ünvanında yerləşən 23.1 kv.m sahəsi olan ticarət zalından və 7.3 kv.m köməkçi sahəsindən ibarət ticarət pavilyonu Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamı əsasında mərhum X3 məxsus olmuşdur, həmin şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanlanmış 27 may 2022-ci il tarixli məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş adamın adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmçinin, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; - 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanuna qeyd edilən yeni məzmunda 8.0.9-cu, 8.0.10-cu, 8.0.11-ci maddələr 24 fevral 2015-ci il tarixli 1198-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə pavilyonun texniki-iqtisadi göstərişlərinin əks etdirən texniki pasport verilmişdir. Qeyd edilən qeyri-yaşayış binası (pavilyon) texniki pasport əsasında Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamı ilə iddiaçının mərhum əri X2 adına rəsmiləşdirilmişdir. Bina özbaşına inşa edilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırda pavilyonun müvafiq tikinti norma və qaydalarına əsasən inşa olunmaması və ya istismara icazə sənədi mövcud olmadığına görə sökülməsi ilə bağlı hər hansı inzibati icraat aparılmır və ya aidiyyəti dövlət orqanı tərəfindən qaldırılmış iddia yoxdur. Hüquqi və fiziki şəxslərlə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 4144 saylı müqaviləyə əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi iddiaçıya icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamı mübahisələndırılən pavilyon üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsində göstərilən əsaslardan (2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri) biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşına qanuni əsaslarla verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllə ünvanında yerləşən 23.1 kv.m sahəsi olan ticarət zalından və 7.3 kv.m köməkçi sahəsindən ibarət ticarət pavilyonu Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamına və qanunun tələbləri baxımından onun mülkiyyəti sayılır ki, cavabdeh qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirərək onun hüquqlarının dövlət qeydiyyatını həyata keçirməlidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllə ünvanında yerləşən 23.1 kv.m sahəsi olan ticarət zalından və 7.3 kv.m köməkçi sahəsindən ibarət ticarət pavilyonuna dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan ticarət pavilyonun iddiaçının mərhum həyat yoldaşına məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun həmin ticarət pavilyonu üzərində hüquqlarının olması öz təsdiqi tapdığından, qeyd olunan daşınmaz əmlakın başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(112)-10037/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1620/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1620/2024
14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver