Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1621/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “imtinanın qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4991/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək, X1 Azərbaycan Respublikasının hüdudlarından kənara giriş-çıxışına dair məlumat verilməsini xahiş etmişdir. Lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4991/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iclas xx.xx.2020-ci il tarixə təyin edilib, qərardad xx.xx.2020-ci il tarixdə qəbul edilib. Mümkünlük məsələsini məhkəmə Konstitusiyanın 32-ci maddəsi ilə əsaslandırıb, halbuki məlumat tələb edilən şəxs hər hansı bir vətəndaş deyil, 2 uşaq anası olmaqla uşaqlarına görə məsuliyyət daşıyan şəxsdir. Belə olan halda hər hansı bir şəxsi toxunulmazlıq hüququ anlayışına istinad əsassızdır. Digər tərəfdən İnformasiya əldə etmək haqqında Qanunun tələbinə istinad da qanunsuzdur. Məhkəmə tələb edilən məlumata fərdi məlumat kimi yanaşsa da, həmin məlumatı konfidensial kateqoriyaya aid etməklə Konstitusiya ilə təminat verilmiş hüquqlarını kobudcasına pozmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi xx.xx.1986-cı il təvəllüdlü X1 Azərbaycan Respublikasının hüdudlarından kənara giriş-çıxışına dair məlumat verilməsini cavabdehdən tələb etməsi barədədir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.1986-cı il təvəllüdlü X1 Azərbaycan Respublikasının hüdudlarından kənara giriş-çıxışına dair məlumat verilməsinin cavabdehdən tələb olunmasına subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarında olan sənədlər əsasında X2 tərəfindən iddiaçıya onu təmsil etmək üçün etibarnamə verilməsi və ya iddiaçının həmin şəxsin qanuni nümayəndəsi olması müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ bəndində əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Həmin maddənin Vİ bəndinə əsasən Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Həmin maddənin Vİİİ bəndinə əsasən Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Həmin Qanunun 34.4-cü maddəsinə görə isə fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Qanunun 10.4.7-ci maddəsində göstərilir ki, əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumaq informasiya sahibinin vəzifəsidir. Eyni zamanda Qanunun 21.1.1-ci maddəsinə uyğun olaraq sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda informasiya sahibi həmin sorğunu icra etməkdən imtina edir. Kollegiya iddiaçının apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4991/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1621/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1621/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver