Məhkəmə qərarları › İş №2-1(103)-1621/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1621/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1621/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Həmidov Həmid Üzeyir oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “elektron nəzarət vasitəsi olan qolbağın dəyişdirilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2-1(112)-4448/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona tətbiq edilən elektron nəzarət vasitəsi olan qolbağın dəyişdirilməsi, daha rahat, kiçik, əlverişli, standartlara uyğun elektron nəzarət vasitəsi ilə əvəz edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ayağına taxılan elektron nəzarət vasitəsi olan qolbaq Ədliyyə Nazirliyinin İcra şöbələri tərəfindən barəsində şərti cəza tətbiq edilən məhkumlara taxılan elektron qolbaqlardan fərqlənir və onu narahat edir. Belə ki, bu qolbaq daha iri olduğundan onun sərbəst hərəkət etməsinə mane olur və ayağında yara, şiş və səpkilərin əmələ gəlməsinə səbəb olur. Həmçinin elektron nəzarət vasitəsi 2 saatdan çox enerji saxlamır, enerjisi bitdiyində güclü səs çıxarır ki, bu da iddiaçını və ətrafdakı insanları narahat edir. Həmin qolbağın daha rahat, əlverişli, standarlara uyğun, narahatlıq yaratmayan qolbaqla əvəz edilməsi barədə cavabdehlərə müraciət etsə də, İddiaçının müraciətinə heç bir cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2-1(112)-4448/2021 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim S.Salahova). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh Daxili İşlər Nazirliyinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-162/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs – 14.01.1979-cu il tarixdə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuş, ali təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən azad olunmuş və üzərinə hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək faktiki yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmuşdur. İddiaçı hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-162/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərarı əsasında ona tətbiq olunan elektron nəzarət vasitəsinin sərbəst hərəkət etməsinə mane olması, digər hüquqlarının pozulması əsası ilə həmin vasitənin dəyişdirilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 2.2-ci bəndinə əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq elektron nəzarət vasitələrinin tətbiqi məhkəmənin qərarının elan olunmasından sonra polis orqanı tərəfindən həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Həmin Məcəllənin 449-cu maddəsi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi qaydasını tənzimləyir. Həmin Məcəllənin 449.3.3-cü maddəsinə əsasən tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, qanunvericilik elektron nəzarət vasitələrinin tətbiq edilməsinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun həyata keçirilməsini müəyyən etmiş, eyni zamanda barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması ilə bağlı məhkəmə nəzarəti qaydasında müvafiq birinci instansiya məhkəməsinə (CPM-in 67.3-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri) müraciət etməklə cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası qaydasını nəzərdə tutmuşdur. Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanunun müddəaları inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətin dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir, ona görə də iddiaçının apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2-1(112)-4448/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Həmid Həmidov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar