Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1621/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və onun nümayənəsi və vəkili Vəkil3, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X4 cəlb olunmaqla) «torpaq sahəsinə dair plan və ölçünün verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1967/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair plan və ölçünün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı onunla X5 arasında notarial qaydada bağlanmış 6 aprel 2007-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivindəki 71 saylı bağ sahəsini satın almışdır. Bunun əsasında ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 7 aprel 2016-cı il tarixdə RX ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Bundan sonra iddiaçının vəsaiti hesabına həmin bağ sahəsinə hasar çəkilmiş və ora darvaza qoyulmuşdur. Lakin bir müddət sonra bağ sahəsinin başqa şəxslər tərəfindən zəbt olunduğu məlum olmuşdur. Həmin torpaq sahəsinin yerinin daha dəqiq müəyyən edilməsi üçün ona dair kadastr planının verilməsi ilə bağlı iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan həmin məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsi başqa fiziki şəxs tərəfindən istifadə edildiyindən ərizəyə baxılması mümkün olmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152.7, 178.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2, 8.0.4, 9-cu maddələrinə, İPM-in 2.2.3, 14, 35.1, 68.2-ci maddələrinə əsaslanaraq, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi 7 aprel 2016-cı il tarixdə qeydiyyata alınmış (RX ******* nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmiş) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3 oktyabr 2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-312/2020 saylı iş üzrə 4 fevral 2020-ci il tarixli qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 3 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. X1 (nümayəndəsi vasitəsilə) vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək, 2-1(82)- 1646/2019 saylı 30 may 2019-cu il tarixli məhkəmə qərarnın ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və onun (X2) hazırkı iş üzrə inzbati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli 15/558 saylı qərarı ilə Baki şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Şüvəlan bağ massivində yerləşən 51 saylı Bağ Tikinti Kooperativinin tərkibində 770a saylı bağ sahəsi ərizəçi Kamal Nəsirovun istifadəsinə verilmiş, həmin vaxtdan bağ sahəsi fasiləsiz olaraq onun istifadəsindədir. 2016-cı ildən İddiaçı adlı şəxs ona məxsus torpaq sahəsini guya aldığını bildirərək sahəni boşaltmağı tələb etməyə başlamışdır. Ərizəçi yaşlı şəxs olduğundan, bağ sahəsinə daha çox övladı gedib-gəlir. İddiaçı tərəfindən polis orqanlarına şikayət ərizəsi verilmiş və araşdırma zamanı ona Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsinə dair reyestrdən çıxarış verildiyi məlum olmuşdur. Lakin həmin reyestrdən çıxarışın məhz hansı torpaq sahəsinə aid olduğunu təsdiq etməli olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə olduqda, onun torpaq sahəsinin məhz ərizəçiyə məxsus yer olduğunu hansı səbəbdən iddia etdiyi soruşulmuş, lakin məntiqli cavab verilməmişdir. Yalnız məlum olmuşdur ki, onun mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışdan başqa, torpağın dəqiq koordinatlarını bildirməli olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ümumiyyətlə verilməmişdir. Bu məsələyə əhəmiyyət verilməmişdir. Bundan sonra İddiaçı bir neçə dəfə ərizəçini narahat etsə də, ona özünə məxsus olan torpaq sahəsini tapmaq tövsiyyə olunmuşdur. 19 oktyabr 2020-ci il tarixdə ərizəçinin ailə üzvü kimi övladına Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsindən ona məxsus torpaq sahəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qərardadla “iddianın təmin etmə tədbiri”nin tətbiq edildiyi bildirilmişdir. Onun ailə üzvü Şöbəyə dəvət olunmuş və Şöbədə ona 16 oktyabr 2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar təqdim edilmişdir. Məlum olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3454/2020 saylı 15 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsində hər hansı təmir-tikinti işlərinin aparılması cavabdeh X6 və digər şəxslərə qadağan edilmişdir. Bundan sonra, ərizəçinin oğlu Nəsirov Anar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh qismində cəlb edilmiş olduğu 2(003)-3454/2020 saylı mülki işin hakimin icraatında olduğunu öyrənmiş, eyni zamanda da “iddianın təmin etmə tədbiri”nə dair qərardadı, iddia ərizəsinin surətini iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətini 20 oktyabr 2020-ci il tarixdə alınmasına dair qəbzi imzalamaqla əldə etmişdir. Sənədlərlə tanış olduqda məlum olmuşdur ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də iddia ərizəsinə əlavə edilmiş sənədlər arasındadır. Həmin sənədin surətindən məlum olmuşdur ki, bu sənəd 7 avqust 2020-ci il tarixdə tərtib edilmiş və sənədin tərtib edilməsinə əsas 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin 2-1(82)-1646/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qərarı olmuşdur. Beləliklə, 1990-cı ildən fasiləsiz olaraq onun istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 770a saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1646/2019 saylı 30 may 2019-cu il tarixli qərarı əsasında 71 saylı bağa verilmişdir. Belə olduqda, həmin qərarın ərizəçinin maraqlarına toxunmuş olması aşkardır. O, məhkəməyə müraciət edərək, qəbul edilmiş qərarın surətini 28 oktyabr 2020-ci il tarixdə almışdır. Qərarla tanış olduqda məlum olmuşdur ki, İddiaçı iş üzrə cavabdeh DƏDRX-ə müraciət edərək alqı-satqı əsasında əldə etmiş olduğu torpaq sahəsinə dair reyestrdən çıxarışın olduğu halda, kadastr planının verilmədiyini bildirmiş, iş üzrə cavabdeh təşkilata müraciət etdikdə, cavabdeh təşkilat məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsi başqa fiziki şəxs tərəfindən istifadə ediİdiyindən, ərizəyə baxılması mümkün olmamışdır. Hesab edilir ki, məhkəmə işin araşdırılması zamanı əhəmiyyətli olan iki məqama aydınlıq gətirməmişdir. Birinci məqam mübahisəli torpaq sahəsindən faktiki olaraq istifadə edən başqa fiziki şəxsin tərəf kimi işə cəlb olunmamasıdır. İkinci məqam isə, mübahisəli torpaq sahəsinin sxematik xəritəyə əsasən məhz iddiaçıya aid olub-olmadığına da aydınlıq gətirilməməsidir. Hesab olunur ki, bu məqamlar mütləq araşdırılmalıdır. Məhkəmə icraatının təzələnməsi və onun (X2) məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərardadı ilə X2 vəsatəti təmin edilməməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ilə ərizəçinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərardadı ilə X1nun apelyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin 10 avqust 2022-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1646/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və X4 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1967/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi 7 aprel 2016-cı il tarixdə qeydiyyata alınmış (RX ******* nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmiş) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mütəxəssisin izahatından müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin əsas hissəsi “Günəş-3” bağçılıq yoldaşlığına aiddir, iddiaçının mülkiyyət hüququ üzrə qeydiyyata alınmış torpaq sahəsinin ilkin ayrılma əsasları isə “Çinar” bağçılıq yoldaşılığına aiddir. Məhkəmə tərəfindən “Çinar” bağçılıqyoldaşlığına ayrıc aktının hansı əraziyə düşməsi, mübahisəli ərazidən hansı məsafədə olması, həmin “Çinar” bağçılıq-yoldaşlığının cavabdehin arxiv əsaslarında saxlanan cizgisinin araşdırılması üçün məhkəməyə gətirilməsi, həmin cizgi əsasında 71 saylı bağ sahəsinin həqiqi yerinin müəyyən olunması kimi zəruri olan araşdırmalar həyata keçirilməmiş, yekunda mühüm əhəmiyyəti olan bu faktiki halların aydınlaşdırılmaması yalnış olaraq səhv nəticəyə gəlinməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən əslində müəyyən edildi ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyət hüququ üzrə qeydiyyata alınmış torpaq sahəsinin ilkin ayrılma əsasları olan “Çinar” bağçılığın ərazisi deyil. Bu, iş üçün əhəmiyyətli olan haldır və bu hal sübut edilməmişdir, daha doğrusu əksi sübuta yetmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında məsələnin həllini Kollegiyanın mülahizəsinə buraxdığını bildirdi. Apellyasiya İnstansiya Məhkəməsinin Mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə müvafiq alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ əldə etmiş və onun hüququ hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmış, bu barədə müvafiq reyestrdən çıxarış verilmişdir. Sonradan iddiaçı həmin qeydiyyat əsasında sözügedən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsi digər fiziki şəxsin istifadəsindədir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı və 3.1.20-ci bəndlərinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək qurumun vəzifələri sırasına daxildir «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, (10.2.2) torpaq sahəsinin planı və ölçüsü, (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir. Sənədin 4-cü bəndinə görə plan və ölçüdə aşağıdakılar göstərilir: Komitənin, habelə onun strukturuna daxil olan, plan və ölçünü verən qurumun adı, torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi, torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü, torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla), torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla), torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat, plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri, plan və ölçünün tərtib edilməsi tarixi, torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri), torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı, plan və ölçünün X7 Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla), Komitənin strukturuna daxil olan qurumun möhür yeri, vəzifəli şəxsinin imzası, soyadı, adı, atasının adı, plan və ölçünü tərtib etmiş icraçının imzası, soyadı, adı, atasının adı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Göründüyü kimi, mövcud qanunvericilik (o cümlədən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericilik normaları daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həmin əmlakın müvafiq əlamətlərini özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, deməli göstəriciləri əks olunan torpaq sahəsinə müvafiq alqı-satqı müqaviləsi əsasında alıcı kimi İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı aparılsa da, onun adına yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması təmin edilməmişdir. Buna səbəb kimi isə cavabdeh qeyd etmişdir ki, torpaq sahəsi başqa fiziki şəxs tərəfindən istifadə edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış və həmin qeydiyyat ləğv olunmamış torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” qeydiyyat orqanı tərəfindən mülkiyyətçinin adına şərtsiz olaraq tərtib edilməli və ona verilməlidir. Üzərində hüquq qeydiyyat alınmış (ləğv edilməmiş) həmin torpaq sahəsi ilə bağlı hər hansı şəxsin qeydiyyat orqanına müraciəti heç bir halda, mülkiyyətçiyə plan və ölçünün verilməməsinə əsas vermir. Üçüncü şəxs torpaq sahəsinin uzun müddət onun istifadəsində olduğunu və ona ayrıldığını bildirsə də, Kollegiya üçüncü şəxsin apellyasiya şikayəti ilə razılaşmayaraq bildirir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 11 iyul 2023-cü il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinə 30 yanvar 2023-cü il tarixli qərardadın icrası üzrə mütəxəssis rəyi təqdim olunmuşdur. Həmin rəydə aşağıdakılar qeyd edilmişdir: -(1-ci sual üzrə) Sözügedən mübahisəli sahə vahid elektron kadastr baza məlumatlarına əsasən **********57 reyestr nömrəsi ilə İddiaçı adına 71 saylı bağ nömrəsi kimi qeydiyyatdan keçmişdir. Bağ sahəsinin koordinatları 71 saylı bağ sahəsinin texniki pasportunda (plan və ölçüdə) qeyd olunmuşdur. - (2-ci sual üzrə) Sözügedən mübahisəli sahə vahid elektron kadastr baza məlumatlarına əsasən **********57 reyestr nömrəsi ilə İddiaçı adına 71 saylı bağ nömrəsi kimi qeydiyyatdan keçmişdir. Lakin mübahisəli sahəyə X2 adına olan 770a saylı bağ nömrəsi qeyd olunan order ilə iddia olunur. Həmin oprderin sözügedən bağ sahəsi ilə heç bir aidiyyəti yoxdur. Həmçinin, eyni 770a nömrəli bağ sahəsi sözügedən mübahisəli sahədən 1.300 – 1.400 metr şimal-şərq istiqamətində digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir və sonradan özgəninkiləşdirilmişdir. Göründüyü kimi, üçüncü şəxsin istifadəsində olan və ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi iddiaçıya məxsusdur. Üçüncü şəxsin adına olan bağ sahəsi isə mübahisəli ərazidən kənarda yerləşir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan əsassızdır və məhkəmə qərarının ləğvi üçün əsas təşkil etmir. «İnsan hüquqlarının və əsasazadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi iləbağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1967/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1621/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1621/2024
17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver