Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1622/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyinə qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-477/2021 saylı qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.01.1977-ci ildən 16.06.1989-cu ilə qədər Sumqayıt Avtomotorservis və Ticarət müəssisəsində 12 il 6 ay müddətində sığorta stajının əmək pensiyası təyin olunması üçün əsas götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.02.2021-ci il trixli 2-1(112)-477/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı “İddiaçının 02.01.1977-ci ildən 16.06.1989-cu ilə qədər Sumqayıt Avtomotorservis və Ticarət müəssisəsində işlədiyi dövr üzrə 12 il 6 ay iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim E.Əliyev). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədli verdiyi izahatında bildirmişdir ki, məhkəmə araşdırması nəticəsində iddiaçının əmək kitabçasında göstərilən müəssisənin mövcud olması, daha sonra isə həmin müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh orqan inzibati icraat zamanı yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad etməklə, yəni digər sübutetmə vasitələrindən istifadə etməyərək iddiaçının müraciətini təmin etməmişdir. Birincisi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qeyd olunan müəssisənin sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. İkincisi, müəssisənin mövcud olması İddiaçı həmin müəssisədə işləməsinə dəlalət etmir. Bu fikir Məhkəmə Ekspertizası Mərkəzinin 30.09.2020-ci il tarixli 5/583-5/588 nömrəli Ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ekspert rəyində qeyd olunmuşdur ki, əmək kitabçasının iç üzlüyünün iç hissəsində “l-ci, 2-ci və 3cü səhifəsində olan əlyazılan və imzalar əlyazılan rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar, əmək kitabçasının 2-ci və 3-cü səhifələrində əl yazılar əvvəl icra edilmiş, sonra isə möhür vurulmuşdur. Üçüncüsü, əmək kitabçasına baxış keçirilərkən kiril və latın qrafikalı hərflərdən qarışıq olaraq istifadə edilməsi aydın görünür. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasında işlədiyi dövr Azərbaycan SSR zamanına təsadüf edir (1977-1989), lakin möhürdə Azərbaycan Respublikası sözlərindən istifadə olunmuşdur. Həmçinin əmək kitabçasında 1 N-li qeydin əmək haqqına əsasən yazılması qeyd olunmuşdur, lakin iddiaçı tərəfindən təqdim olunmuş əmək haqqı cədvəlində 1977-ci il üzrə “əmək haqqı olmaması” qeyd olunmuşdur. Dördüncüsü, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmin illər ərzində onunla birgə işləyən X2, X4, X3 onun həmin müəssisədə işlədiyini təsdiq edə bilər. Həmçinin əmək kitabçasına əsasən X2 işəgötürən olmuşdur. Lakin A.V.Fətəliyeva 22.03.1963-cü i! təvəllüdlüdür, 02.01.1977-ci il tarixdə 14 yaşı olmuşdur. Əmək fəaliyyət qabiliyyəti 15 yaşdan yarandığı halda, A.V.Fətəliyevanın 14 yaşında işəgötürən olması mümkünsüzdür. Onunla yanaşı, X3 isə hazırda əliiliyə görə əmək pensiyası almaqdadır. X5 (PAS) Ə.R.Məmmədovun sosial sığorta stajına nəzər yetirdiyimiz zaman əmək fəaliyyətinə 1992-ci il tarixdən sonra başladığını müşahidə edirik. Beşincisi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında tanınmalıdır. İddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan soyad, ad, ata adı (İddiaçı) ilə əmək kitabçasında qeyd olunan soyad, ad, ata adı (X10) tamamilə fərqlidir. Altıncısı, iddiaçının 1978-ci il tarixdə aldığını iddia etdiyi Sosialist Əmək Yarışının qalibi medalının verilməsinə əsas olmuş heç bir mötəbər sübut yoxdur. Göstərilənlərə əsasən qərarın ləğv edilməsini iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Gürcüstan, Bolnisi rayonunda anadan olmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçasından (əlavə kitabça) görünür ki, İddiaçı 02.01.1977-ci ildən 16.06.1989-cu ilə qədər Sumqayıt “Avtomotoservis və ticarət” müəssisəsinin 1 №-li texniki xidmət emalatxanasına “TXE” 3-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir və imtinasını belə əsaslandırmışdır ki, müəssisənin arxiv sənədlərinin saxlanılmaması səbəbindən sığorta stajının yoxlanılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır, iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur və cavabdeh inzibati orqanın göstərilən dəlili ilə bağlı aşağıdakıları qeyd etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 30.09.2020-ci il tarixli 5/583-5/588 nömrəli Ekspert rəyindən görünür ki, əmək kitabçasının iç üzlüyünün iç hissəsində 1-ci, 2-ci və 3-cü səhifəsində olan əlyazıları və imzalar əlyazıları rəngləyici maddələrinin kimyəvitərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar, əmək kitabçasının 2-ci və 3-cü səhifələrində əl yazılar əvvəl icra edilmiş, sonra isə möhür vurulmuşdur. İş materiallarından görünür ki, Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi 30.06.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq "xxxx"ASC-nin dövlət qeydiyyat qovluğundakı təsis sənədlərinin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 210 nömrəli 31.05.2002-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası «Avtomotoservis və ticarət» İstehsalat Birliyinin tabeliyində olan Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən Sumqayıt Avtomotoservis və ticarət müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Birinci instansiya məhkəməsi qərarında iddiaçının əmək kitabçasında göstərilən müəssisənin mövcud olması, daha sonra isə həmin müəssisənin bazasında "xxxx" ASCnin yaradılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığını qeyd etmişditr. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqan inzibati icraat zamanı yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad etməklə, yəni digər sübutetmə vasitələrindən (işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan və s.) istifadə etməyərək iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun tam və hərtərəfli inzibati icraat aparılmadığından, yəni bütün mümkün sübutetmə vasitələrindən (təqdim edilmiş arayışlar, sənədlər və s.) istifadə etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə müvafiq öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, məcburetmə haqqında iddia üzrə məhkəmə qərarının 2 növü fərqlənir: birinci halda məhkəmə inzibati orqanın üzərinə öhdəlik qoyur; ikinci halda məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci halda iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi inzibati orqanın diskresion səlahiyyətindən asılı olmur. Məhkəmə konkret işin faktiki hallarını araşdırmışdırsa, onda işin hüquqi hallarını qiymətləndirməkdə məhkəmə azaddır və inzibati orqanın üzərinə konkret inzibati aktı qəbul etmək öhdəliyini qoya bilər. İkinci hal diskresion səlahiyyətlərdən, yəni inzibati orqanın fəaliyyəti qanunla birmənalı və dəqiq müəyyən edilmədiyi və inzibati orqanın öz mülahizəsi əsasında hərəkət etmək imkanı verildiyi hallarda mövcud olur. ”İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Qeyd etmək lazımdır ki, diskresion səlahiyyətlərin mövcud olduğu zaman inzibati orqan yalnız qanunun tətbiqini həyata keçirmir. Diskresion olaraq inzibati orqan qanunla ona icazə verilmiş çərçivədə müəyyən hüquqi nəticələri seçmək imkanı verilir. Ona görə də, məhkəmə yalnız diskresion səhvin olub-olmamasını yoxlaya bilər. Bundan başqa, qeyd edilməlidir ki, ikinci halda məhkəmə prosesi çərçıvəsində işi davam etdirmək mümkün olmadıqda baş verə bilər. Bu zaman məhkəmə işin davam etdirilməsini inzibati orqana həvalə edə və hüquqi mövqeyinin nəzərə alınmasını inzibati orqanın üzərinə öhdəlik kimi qoya bilər. Belə olan halda məhkəmə işin mahiyyəti üzrə qərar qəbul etmir, inzibati orqanın üzərinə vəzifə qoyur ki, işin hallarını yenidən araşdırsın və məhkəmənin hüquqi mövqeyini nəzərə nəzərə almaqla, iş üzrə yenidən qərar qəbul etsin. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İPM-nin 73.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qanunla müəyyən edilmiş birbaşa vəzifəsi kimi iki şərti - qanuna zidd hərəkət və ya hərəkətsizlliyi və maraqlı şəxsin hüquqlarının pozulmasını müəyyən etməlidir. Məhkəmə hər iki şərti əsaslıq şərtləri kimi öz təşəbbüsü ilə yoxlamalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqlarının pozulmasını müəyyən etmək üçün iddiaçının arzuladığı inzibati aktı qəbul etməyi inzibati orqandan tələb etmək hüququn mövcudluğunu araşdırıb. Həmin hüququn mövcudluğu onun inzibati orqana qarşı çıxış edən iddiaçının mövqeyini, yəni hüquqlarının pozulmasının iddia etməkdə düzgünlüyünü təsdiqləmişdir. Yuxarıda qeyd edildiyi kimi cavabdeh inzibati orqan imtinasını belə əsaslandırmışdır ki, müəssisənin arxiv sənədlərinin saxlanılmaması səbəbindən sığorta stajının yoxlanılması mümkün olmamışdır. Məhkəmə kollegiyası öz təşəbbüsü ilə imtinanın səbəbinin yoxlanılması məqsədilə "xxxx" ASC-nə sorğu göndərmişdir. "xxxx" ASC-nin sorğuya cavab olaraq məhkəməyə ünvanlandığı 19.08.2021-ci il tarixli, 04 saylı məktubunda bildirmişdir ki, Sumqayıt Avtomotoservis və Ticarət müəssisəsinin bazasında AR İqtisadı İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəllədirilməsi Departamentinin 31.05.2002-ci il tarixli 210 nömrəli Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Sumqayıt Avtomotoservis və Ticarət müəssisəsi özəllədirikdən sonra, onun bazasında çalışmış işçilərin işə qəbulu və işdən olunmaları barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti heç bir məlumata malik deyil.Lakin, “Sumqayıt Avtomotoservis vəTicarət müəssisəsinin maliyyə-arxiv sənədlərində 1977-1989-cu illər üçün əmək haqqı kitabından şıxarışa əsasən Авилов Субхан Умбат (X11) oğluna çalışdığı iş günlərinə uyğun olaraq əmək haqqı hesablanmışdır. Məktubun qoşmasına 1977-1989-cu illər üçün əmək haqqı kitabından çıxarışların kserosurətləri əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işin davam etdirilməsinin inzibati orqana həvalə edilməsi və hüquqi mövqeyinin nəzərə alınmasını inzibati orqanın üzərinə öhdəliyinin qoyulması üçün əsas yoxdur. Kollegiya belə nəticəyə gəlir ki, hazırki işin məhkəmə prosesi çərçivəsində davam etdirilməsi mümkündür və məhkəmə icraatının davam etdirilməsi zəruri olduğundan apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı inzibati məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-477/2021 saylı qərarı ləğv edilsin və iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vahid Sadıqov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1622/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1622/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver