Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1622/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1839/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmağına dair qərar qəbul edilməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin 27 sentyabr 2019-cu il tarixli, 187 saylı sərəncamının ləğv edilməsinə, mənzil növbəsinə götürülməyi bərpa edilməklə Binəqədi rayon İcra Hakimiyyətinin 12 avqust 2014-cü il tarixli, 172 saylı sərəncamı ilə güzəştli şərtlə 4 nəfər ailə üzvü ilə mənzil növbəsinə götürülməyinin qanuni və əsaslı olmasına, mənzil növbəsinə götürülməyinin bu tarixdən hesablanmasına, həmin tarixdən ona kirayə pulu verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ehtiyatda olan əlil hərbi zabit kimi yaşayış yerinə ehtiyacı olan şəxs qismində uçota alınmağı üçün etdiyi müraciəti Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun xx.xx.2020-ci il tarixli cavab məktubu ilə əsassız hesab edilərək uçota alınmasından imtina edilmişdir. İmtinaya əsas səbəb kimi Qusar rayonunun İmamqulular kəndində olan fərdi yaşayış evini xx.xx.2019-cu il tarixdə özgəninkiləşdirməyi olduğu göstərilmişdir. Hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdehin yaşayış yeri hesab etdiyi mənzil deyilən evdə o yaşamamış və yaşamır. Bütün sənədlərlə təsdiq olunur ki, Bakı şəhəri, Binəqədi rayonu,8-ci mikrorayon Azadlıq pros-ti ev 192, mənzil 28-də qeydiyyatda olmaqla başqa ünvanda kirayədə yaşamışdır.30 aprel 2019-cu il tarixdə X8 ilə Yasamal rayonu, Müzəffər Həsənov küçəsi ev 1 mənzil 3-ə kirayə müqaviləsi bağlayaraq və notariusda təsdiq etdirərək bu ünvanda məskunlaşmışdır. Ailə üzvləri də Bakı şəhərində yaşamaqla övladları da Bakıda təhsil alırlar. Ev deyilən həmin daxma yararsız vəziyyətdə olmaqla istismar müddəti ən azı 50 il əvvəl keçmişdir. Yaşayış üçün yararsızdır və xeyli müddətdir ki, orada yaşayış yoxdur. Uzun müddət vətənə zabit rütbəsində hərbi xidmətilə qulluq etmiş və bu xidmətlə bağlı 1-ci qrup əlil olmuşdur. Qusardakı mülk deyilən yararsız ev mərhum atasının mərhum valideynlərinin olub və hazırkı duruma görə qardaşının Rusiyada yaşaması ilə bağlı ayrı vərəsə olmadığından qısa müddət onun adına rəsmiləşib. Qusar rayon İcra Hakimiyyəti Başçısının İmanqulukənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 10 noyabr 2020-ci il tarixli, 907 saylı arayışı ilə də təsdiq olunur ki, qeyd edilən ev 1905-ci ildə babası Əşirsultan tərəfindən inşa edilmiş, hazırda evin texniki vəziyyəti yarıtmaz olmaqla yaşayış üçün yararsızdır. Belə vəziyyətə onun mənzilə ehtiyacının olmaması qənaətinə gəlinməsinə əsas yoxdur. Digər tərəfdən onun və 4 nəfərdən ibarət ailə üzvünü Binəqədi rayon İcra Hakimiyyəti 12 avqust 2014-cü il tarixli, 172 saylı sərəncamı ilə mənzil növbəsinə götürüblər. Bu tarixdən sonra elə sərəncamın özünə görə də İcra Hakimiyyəti ona kirayə pulu verməli idi. Əlində mənzil kirayə müqaviləsi var ki, kirayədə yaşayır. Bununla belə 12 avqust 2014-cü il tarixdən bu günə kimi tələb etməsinə baxmayaraq, ona kirayə pulu ödənməyib. Halbuki, Əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, ’’Hərbi qulluqçuların statusu haqqında” Qanuna və “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə əsasən cavabdeh bunu etməli idi. Elə sərəncamın özündə ona ’’Hərbi qulluqçuların statusu haqqında” Qanuna əsasən mənzil sahəsi ilə təmin olunana kimi mənzil kirayə haqqı ödənilməsi qərara (sərəncamın 3-cü bəndi) alınıb. Sərəncamın ləğvi isə heç vaxt gündəmdə olmamış və bu barədə məlumatlı olmamışdır. 12 mart 2021-ci il tarixdəki məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi bir sərəncam surəti təqdim etmişdir ki, guya 2014-cü ildəki sərəncam 27 sentyabr 2019-cu il tarixli, 187 saylı sərəncamla ləğv edilmişdir. Bu sənədin qanuniliyi ciddi şübhə doğurur. Sərəncamda 30 gün müddətinə şikayət vermək hüququnun olması göstərilsə də bu barədə ona məlumat verilməmişdir. Sərəncam onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Azadlıq prospekti 30 saylı binanın 28 saylı mənzili paylı mülkiyyət hüququ əsasında ona məxsus olmuş və xx.xx.2014-cü il tarixdə müqavilə əsasında qızı Mədinəyə bağışlanmışdır. Ona görə də 5 il sonra növbəyə götürülə bilərdi. Hesab edir ki, bu sərəncamın 2019-cu ildə verilməsi şübhəlidir. Belə sərəncam olsa idi vaxtında üzə çıxardı. Sərəncamın qeydi ilə bağlı kitaba baxış keçirilsə məsələyə aydınlıq gələr. Digər tərəfdən sərəncamın mətni ilə də sənədin qanunsuzluğu öz təsdiqini tapır .Əgər doğurdan da göstərilən səbəbdən 28 iyun 2014-cü il tarixdən 5 il sonra uçota götürmə hüququ yaramırdısa 28 iyun 2019-cu il tarixdə 5 il tamam olur və belə hüququ yaranır. Sərəncamın imzalandığı 27 sentyabr 2019-cu il tarixdə iddia olunan tarixdən 3 ayda keçmiş olur. Bununla belə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməyi üçün o, qəsdən hər hansı bir başqa qanunsuz hərəkətə də yol verməmişdir. Onun heç vaxt yaşayış evi olmayıb. Göstərilən və mübahisələndirilən evlər müəyyən dövrdə vərəsəlik hüququ ilə bağlı olmuşdur. Sərəncamda Azadlıq prospekti 30 saylı binanın 28 saylı mənzili paylı mülkiyyət hüququ əsasında ona məxsus olması da düz göstərilməyib. Həmin ümumi sahəsi 62.08 kv.metr olmaqla 43.58 kv.metr yaşayış, 18.5 kv.metr yardımçı sahəsi olan mənzil valideynlərinin olub. O vərəsələrdən biri olmuşdur. Həmin mənzil atasının vəfatından sonra DƏDRX-nin xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən analığı Minvarə, o və qardaşı Kazanbəyin ümumi birgə mülkiyyəti kimi tanınıb. Orada 43.58 kv.metr yaşayış sahəsindən onun payı 14.52 kv.metr həcmində olub. Payı cüzi olduğundan və ailəsilə birgə orada yaşamağının mümkünsüz olması səbəbindən özümə aid payı qanuna uyğun qızına vermişdir. Dövlət Reyestrindən verilmiş RX seriyalı,0450057 saylı çıxarışla da təsdiq olunur ki, xx.xx.2014-cü il tarixdə, ********** nömrə ilə həmin mənzil ümumi mülkiyyət kimi analığı Minvarə, qardaşı Kazanbəy və Mədinənin ümumi birgə mülkiyyəti olmuşdur. 28 iyun 2014-cü il tarixli bağışlama müqaviləsində aydın göstərilmişdir ki, bütünlükdə mənzili yox mənzildə olan payını Mədinəyə bağışlamışdır. Qızı Mədinə həmin mənzildəki payını İH-nin Qəyyumluq və Himayə orqanının rəyi ilə Rusiya Respublikasında yaşayan qardaşı Qırxlarov Kazanbekə 28 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə bağışlamışdır. İşdə notariusda təsdiq olunmuş müqavilə var. Odur ki, həmin mənzil hazırkı vəziyyətdə DƏDRX-nin xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1\3 hissədə analığı X7, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə 2\3 hissədə qardaşı Gyrkhlarov Kazanbekə məxsusdur. Bakı şəhər ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli arayışı ilə təsdiq olunur ki, heç vaxt Bakı şəhərində onun adına özəlləşdirilmiş mənzil olmayıb. Müdafiə Nazirliyinin Maliyyə-İstismar şöbəsinin xx.xx.2014-cü il tarixli, 2417 saylı arayışı ilə təsdiq olunur ki, onu Nazirlik mənzillə təmin etməyib. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1839/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 187 №-li, xx.xx.2019-cu il tarixli sərəncamı ləğv olunmuş və İddiaçı və onun ailə üzvlərinin ehtiyyatda olan hərbi qulluqçuların mənzil növbəsinə bərpa olunması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilərək, xx.xx.2019-cu il tarixdən ödənilməyən aylar üzrə kirayə xərclərinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. (hakim: A.Oruczadə) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixli sərəncama əsasən Binəqədi rayon İcra Hakimiyyətində ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil kimi mənzil növbəsinə götürülmüşdür. Ehtiyata yaxud istefaya buraxılmış şəxslərin işləri araşdırılarkən Binəqədi rayonu, 8-ci mikrorayon Azadlıq pros-ti, ev 192, mənzil 28-ci mənzili paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsus olması, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən qızı Mədinə Qırxlarovaya bağışladığı müəyyən edilmişdir. Bundan əlavə, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən iddiaçı Qusar rayonu, İmamqulu kəndində ümumi sahəsi 0,1183 ha torpaq sahəsini arvadının anası X17 hədiyyə etmişdir. Bundan əlavə, iddiaçıya məxsus Qusar rayonu, İmamqulu kəndində ümumi sahəsi 0,0620 ha torpaq sahəsinin üzərində tikilmiş 211,70 kv.m fərdi yaşayış evində arvadının anası X17 hədiyyə olunmuşdur. Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Beləliklə, ehtiyatda olan zabit iddiaçı ehtiyacı olan torpaq və mənzil sahəsinə malik olmuşdur. ”Hərbi qulluqçuların statusu haqqında Qanunun 12-ci maddəsinin 2-ci bəndinə və Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən ehtiyacı olan hərbi qulluqçulara və vətəndaşlara yaşayış sahəsi verilir. Odur ki, Mənzil Məcəlləsinin 55, 55.1-ci maddələrinə müvafiq olaraq iddiaçının uçotdan çıxarılması barədə 27 sentyabr 2019-cu il tarixli, 187 saylı sərəncam qəbul edilmişdir. İddiaçı iddia qaldırılmamışdan əvvəl icra hakimiyyətində qəbulda olarkən, ona məxsus qeyd olunan əmlakları barədə bildirildikdən dərhal sonra özünə məxsus yaşayış sahəsini və torpaq sahələri özgəninkiləşdirmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2397/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1839/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək və iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-375/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2397/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə təkrar apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Krasnovodsk şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE № 09516385 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının həyat yoldaşı X15 xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasının Leninqrad şəhərində anadan olmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE № 12125237 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının qızı Qırxlarova Mədinə xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Qırxlarova Aytən. ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE № 12125401 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının oğlu Qırxlarov Murad xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Qırxlarova Aytən. ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İ № 287594 saylı 05 dekabr 2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X1 ilə nikah 05 dekabr 2006-cı il tarixdə Cəlilabad rayon VVADQ şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli № 52 saylı arayışından görünür ki, həqiqətən istefada olan baş leytenant İddiaçı Mürsəl oğlu xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilədək müdavim, xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək dinləyici, xx.xx.2006-cı ildən xx.xx.2012-ci ilədək Azərbaycan Respublikası SQ-də xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0165 saylı xx.xx.2012-ci il tarixli əmrinə əsasən istefaya buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş № 436175 saylı arayışın surətindən görünür ki, 1984-cü il təvəllüdlü İddiaçı 1 (birinci) qrup əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövründə aldığı xəstəlik qeyd edilmişdir. Əlillik müddətsiz təyin edilmişdir. Əlilin iş yararlığı barədə TSEK-in rəyinə əsasən kənar şəxslərin daimi qulluğuna ehtiyacı olduğu qeyd edilmişdir. Əsas 3541 nömrəli xx.xx.2014-cü il tarixli müayinə aktı. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 2014-cü il tarixli № 172 saylı sərəncamından çıxarışın surətindən görünür ki, vətəndaş İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, arvadı, qızı və oğlu) yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində ehtiyyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil kimi mənzil növbəsinə götürülməsi, ehtiyyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil olmasını nəzərə alaraq, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi, “Hərbi qulluqçuların statusu haqqında” qanuna əsasən mənzil sahəsilə təmin olunanadək mənzil kirayə haqqı ödənilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2019-cu il tarixli № 187 saylı sərəncamının surətindən görünür ki, Vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixli Q-66/2-059/2-1/1 saylı ərizə ilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərək, xx.xx.2014-cü il tarixdən bu günədək olan dövr üçün müvəqqəti mənzil kirayə haqqının hesablanaraq ödənilməsini xahiş etmişdir. Müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar araşdırma aparılarkən məlum olmuşdur ki, vətəndaş X14 Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 172 saylı sərəncamı ilə ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar 1 qrup əlil kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Vətəndaş İddiaçı Binəqədi Rayonu İcra Hakimiyyətində mövcud olan mənzil növbə qovluğu araşdırılarkən məlum olmuşdur ki, Bakı şəhəri, Azadlıq prospekti, 30 saylı binanın 28 saylı mənzili paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş və xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən qızı Mədinə Qırxlarovaya bağışlanmışdır. Vətəndaş İddiaçı mənzil növbəsinə götürülən zaman qüvvədə olan AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Lakin İddiaçı mənzil növbəsinə götürülərkən Mənzil Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət olunmamışdır. Belə ki, yuxarıda qeyd olunan ünvanda yerləşən mənzilə dair bağışlama müqaviləsinin bağlanmasından 5 il keçməmişdir. Bundan başqa, vətəndaş İddiaçı məxsus olmuş mənzilin bir hissəsi bağışlama müqaviləsinə əsasən onun qızı Mədinə Qırxlarovaya keçmişdir ki, bu da öz növbəsində hüquq pozuntusudur. Belə ki, adına mülkiyyət hüququ əsasında mənzilin bir hissəsi olan Qırxlarova Mədinə mənzil növbəsinə götürülmüş İddiaçı qızı olduğundan onun Binəqədi Rayonu İcra Hakimiyyətində olan mənzil növbəsinin ailə tərkibinə salınmışdır. Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota duraraq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Göründüyü kimi İddiaçı xx.xx.2014-cü il tarixdə mənzil növbəsinə götürülməsi barədə ərizə ilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərkən yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim etməmişdir. Binəqədi Rayon icra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 172 saylı sərəncamı ləğv olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX № ******* saylı xx.xx.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 62.08 kv.m olan mənzil X2, X3 və İddiaçı ümumi birgə paylarına verilmişdir. Hüququ rəsmiləşdirilən şəxs isə X9 qeyd edilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1740 nömrəli reyestr kitabının 159907 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX № ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 62.08 kv.m olan mənzil X2, X3 və X6 ümumi birgə paylarına verilmişdir. Hüququ rəsmiləşdirilən şəxs isə X13 qeyd edilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1740 nömrəli reyestr kitabının 159907 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 28 iyun 2014-cü il tarixli Bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı 1 saylı Bakı “Asan xidmət” mərkəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 30 №-li binada yerləşən 28 saylı mənzildən ümumi paylı mülkiyyət hüququ üzrə özünə məxsus olan hissəni qızı X10 bağışlamışdır. İş materiallarında olan 28 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X13, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 62.08 kv.m, yaşayış sahəsi 43.58 kv.m, yardımçı sahəsi 18.5 kv.m olan 3 otaqlı mənzilin ümumi birgə mülkiyyət üzrə ona məxsus hissəni, atasının qardaşı olan Gyrkhlarov Kazanbekə hədiyyə vermişdir. İş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 5 kəndi ünvanında yerləşən ümumi sahəsi 0.1183 ha olan torpaq sahəsini (tam hissədə) arvadının anası olan X17 hədiyyə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 62.08 kv.m ibarət mənzil Gyrkhlarov Kazanbekin adına **********58-05101-093014 saylı reyestr nömrəsi ilə rəsmiləşdirilərək qeydiyyata alınmışdır. Hüquq sahibləri kimi xx.xx.2012-ci il tarixdə X9 1/3 hissə ilə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır, xx.xx.2019-cu il tarixdə Gyrkhlarov Kazanbek 2/3 hissə ilə ********** saylı qeydiyyat nömrəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin № ********** saylı xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 kəndində 0.1183 ha torpaq sahəsi X16 adına **********63 saylı qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin № ********** saylı xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 kəndində 0.0620 ha torpaq sahəsinin üzərində tikilmiş 211.70 kv.metrlik fərdi yaşayış evi xüsusi mülkiyyətlə X16 adına **********62-10301 saylı qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 72 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli № 706 saylı arayışından görünür ki, X9 həqiqətən də ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci tarixli № 02/09-11-11/Q-8/2- 068/2H1 saylı imtina məktubundan görünür ki, təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, ünvan 5 kəndi ərazisində fərdi ev və onun yerləşdiyi 0,1183 ha torpaq sahəsi mülkiyyət hüquqları əsasında iddiaçıya məxsus olmuş və xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləsinə əsasən iddiaçı həmin daşınmaz əmlakı özgəninkiləşdirmişdir. İddiaçıya məxsus olmuş yuxarıda qeyd olunan evin və torpaq sahəsinin özgəninkiləşdirilməsi tarixindən (yəni xx.xx.2019-cu il tarixdən) 5 il keçdikdən sonra mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağı məsələsinə yenidən baxıla bilər. İş materiallarında olan məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli № BRB/d-472 saylı məktubundan görünür ki, Binəqədi rayon X5 uçot məlumat bazasında İddiaçı haqqında məlumat aşkarlanmamışdır. İş materiallarında olan məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli № **********52 saylı məktubundan görünür ki, İddiaçı və X11 adlarına hazırda Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışının surətindən görünür ki, ehtiyyatda olan hərbi qulluqçu baş leytenant İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı və X12 ünvanlanmış 16 sentyabr 2019-cu il tarixli № 04/06- 11-11/Q-123-166 saylı məktubun surətindən görünür ki, yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X6 ümumi birgə mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən 28 saylı mənzildən onun payına düşən hissənin bağışlanmasına razılıq verilməsi barədə Binəqədi-Rayon İcra Hakimiyyətin xx.xx.2019-cu il tarixli Q-123-166 saylı ərizə ünvanlanmışdır. “Vətəndaşları müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmış, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası Azərbaycan Respublikası “Ailə Məcəlləsi”nin 55.5-ci maddəsini, “Qəyyumluq və himayəçilik orqanları haqqında Əsasnamə”nin 7-ci maddəsinin 8-ci bəndini, toplanmış sənədləri və uşağın mənafeyini nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 30 ünvanında yerləşən 28 saylı mənzildən xx.xx.2007-ci il təvəllüdlü X6 payına düşən hissənin bağışlanmasına etiraz etmir. İş materiallarında olan 30 aprel 2019-cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, X8 ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 41 kv.m olan 2 otaqlı evini İddiaçı 300 (üç yüz) manata kirayə vermişdir. İşdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1)Binəqədi rayon İcra Başçısının 27 sentyabr 2019-cu il tarixdə verdiyi sərəncamın ləğv edilməsi, onun və ailə üzvlərinin ehtiyatda olan zabit qismində hərbi qulluqçuların güzəştli mənzil növbəsinin bərpa olunması; 2)12 avqust 2014-cü il tarixdən ödənilməyən ayların kirayə xərclərinin ödənilməsi. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və iddianın birinci hissəsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2006-cı ildən xx.xx.2012-ci ilədək Azərbaycan Respublikası SQ-də xidmət etmiş, ona hərbi xidmət dövründə alınmış xəstəliklə əlaqədar olaraq 1-ci qrup müddətsiz əlillik təyin edilmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində torpaq sahəsi və ya mənzillə təmin olunmamışdır. İddiaçı inzibati orqan tərəfindən ilk olaraq 12 avqust 2014-cü ildə ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil kimi güzəştli əsaslarla yaşayış yeri üzrə RİH-də mənzil növbəsinə götürülmüş, 5 il keçdikdən sonra xx.xx.2019-cu ildə həmin sərəncam ləğv edilmiş, səbəb kimi Bakı şəhəri, Azadlıq prospekti 30 saylı binanın 28 saylı mənzilində olan payını xx.xx.2014-cü ildə qızına bağışlaması göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin bu əsasla vətəndaş üçün əlverişli inzibati aktı ləğv etməsi əsassız olmuşdur. Göründüyü kimi, iddiaçı həmin mənzildən cüzi paya malik olmuş, mənzil köməkçi sahələrlə birlikdə 62,08 kvm olmuşdur. iddiaçı 4 nəfər ailə üzvündən ibarət olduğundan, iddiaçıya düşən 1\3 hissə sahə elə həmin vaxtı onun yaşayış sahəsinə ehtiyacı olmasına əsas hesab edilməli idi. Bundan əlavə cavabdehin AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad etməsi də əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Göründüyü kimi, cavabdeh iddiaçının mənzildə ona məxsus cüzi payı özgəninkiləşdirilməsindən 5 il 3 ay keçdikdən sonra qanunvericiliyin müvafiq normasına istinad edərək, ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil olan iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi barədə sərəncamının ləğv edilməsi formal xarakterli olmaqla, iddiaçının qazanılmış hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən - Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. - Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər ailədə adambaşına 9 kvm və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Beləliklə, işin araşdırılması nəticəsində məhkəmə hesab etmişdir ki, mübahisələndirilən sərəncam ləğv edilməli, iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalır. Birinci instansiya məhkəməsi iddianın ikinci hissəsi ilə bağlı qeyd etmişdir ki, bu hissədə iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li xx.xx.2012-ci il tarixli qərarının 1-ci və 2-ci bəndlərinə əsasən: 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. 2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə qüvvədə olan normativ hüquqi aktın tələblərini rəhbər tutaraq, qeyd etmişdir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Yaşayış sahəsi və ya yaşayış sahəsi alana kimi kirayə haqqı yalnız o halda verilir ki, vətəndaşın mülkiyyətində hər hansı bir əmlak mövcud olmasın və vətəndaşın kirayədə yaşaması ilə bağlı müvafiq sənədlər olsun (kirayə müqaviləsi). İddiaçı 12 avqust 2014-cü ildən kirayə xərclərinin ödənilməsini tələb etsə də, iş materiallarına sübut qismində iddiaçının kirayədə yaşamasını təsdiq edən 30 aprel 2019-cu il tarixli kirayə müqaviləsinin surəti əlavə edilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh orqan əsassız olaraq Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 172 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamını xx.xx.2019-cu il tarixli 187 saylı sərəncamı ilə ləğv etdiyindən, hazırki mübahisənin araşdırması çərçivəsində Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 187 saylı sərəncamı ləğv edilməli, iddiaçı ailə üzvləri ilə birlikdə hərbi qulluqçu kimi mənzil növbəsinə bərpa olunmalı və xx.xx.2019-cu il tarixdən keçmiş müddət ərzində ödənilməyən kirayə xərcləri ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. xx.xx.2018-ci il tarixində ləğv edilmiş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanun 43-cü maddəsinə əsasən əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzil-məişət xidməti Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərara əsasən Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Ali Məhkəmənin işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, mübahisəyə mahiyyətə üzrə qiymət verərkən ilk növbədə iddiaçının 2014-cü ildə “yaşayış sahəsinə ehtiyac olan” şəxs olub-olmadığı hazırkı qərarın 20-24-cü bəndlərində göstərilən maddi hüquq normaları nəzərə alınmaqla müəyyən edilməli, həmin normaları və hazırkı qərarın 25-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 187 saylı sərəncamının qanuniliyinə qiymət verilməlidir. Təkrar apelyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2012-ci il tarixindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 62,08 kv.m , o cümlədən 43 kv.m. yaşayış sahəsi olan mənzil X2, X3 və hazırkı işdə iddiaçı olan İddiaçı ümumi birgə mülkiyyətlərində olmuşdur. İddiaçı, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 30 nömrəli binada yerləşən 62,08 kv.m. ümumi sahəsi olan və X2, X4 və İddiaçı 28 saylı mənzildən ümumi birgə paylı mülkiyyət hüququ üzrə özünə məxsus olan hissəni qızı X10 bağışlamışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 172 saylı sərəncamı ilə İddiaçı ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar 1-ci qrup əlil kimi 4 nəfərdən ibarət ailə üzvü ilə birlikdə (özü, arvadı, qızı və oğlu) mənzil növbəsinə götürülməsi, onun güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi, mənzillə təmin olunanadək ona mənzil kirayə haqqının ödənilməsi qərara alınmışdır. Bundan 5 il 3 ay keçdikdən sonra xx.xx.2019-cu il tarixində həmin sərəncam cavabdeh tərəfindən ləğv edilmiş, səbəb kimi Bakı şəhəri, Azadlıq prospekti 30 saylı binanın 28 saylı mənzilində olan payını xx.xx.2014-cü ildə qızına bağışlaması göstərilmiş və hesab edilmişdir ki, iddiaçının mənzil növbəsinə götürülməsi qanunsuz olmuşdur. Yəni, iddiaçı mənzil uçotuna götürülən zaman Mənzil Məcəlləsinin 52ci maddəsində nəzərdə tutulmuş tələbə riayət olunmamışdır. Belə ki, həmin maddənin məzmununa əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İşdən də görünür ki, iddiaçı 4 nəfər ailə üzvü, qardaşı və bacısı ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərara əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması kimi 16 kvadratmetr müəyyən edilmişdir. İşin müəyyən olunmuş hallarından da göründüyü kimi iddiaçının mülkiyyətində olmuş və sonradan qızına bağışlanmış mənzil payı cüzi olmuş, mənzil köməkçi sahələrlə birlikdə 62,08 kv.m. olmuşdur. İddiaçı 4 nəfər ailə üzvündən ibarət olmuş və həmin mənzil digər 2 nəfər şəxsin birgə mülkiyyətində olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya düşən 1\3 hissə sahə elə həmin vaxtı onun yaşayış sahəsinə ehtiyacı olmasına əsas hesab edilməli idi. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncam qəbul olunan vaxt cavabdeh iddiaçının mənzildə ona məxsus cüzi payı özgəninkiləşdirilməsindən 5 il 3 ay keçdikdən sonra ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil olan iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi barədə sərəncamı ləğv edilmişdir. Bundan əlavə yuxarıda qeyd olunan qanunvericiliyin normaların məzmunundan görünür ki, əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Göründüyü kimi cavabdeh orqan inzibati aktı qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya münasibətdə əlverişsiz akt qəbul etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh iddiaçının mənzildə ona məxsus cüzi payı özgəninkiləşdirilməsindən 5 il 3 ay keçdikdən sonra qanunvericiliyin müvafiq normasına istinad edərək, ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil olan iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi barədə sərəncamının ləğv edilməsi formal xarakterli olmaqla, iddiaçının qazanılmış hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1839/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1622/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1622/2022
08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver