Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1622/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və vəkili X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11711/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 5 (beş) illik pul təminatı məbləğində sığorta ödənişinin həyata keçirilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mayor rütbəli ehtiyatda olan zabitidir. 04 avqust 2001-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 15 iyul 2007-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Müdafiə nazirinin müvafiq nömrəli məxfi əmrinə əsasən "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin" subyekti olaraq xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində N (on iki) il müddətində xüsusi şəraitdə xidmət keçmişdir. Müdafiə nazirinin 16 sentyabr 2019-cu il tarixli, 0699 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) əsasən, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 5282 nömrəli xəstəlik şəhadətnaməsində xəstəliyinin səbəb əlaqəsi kimi qeyd olunmuşdur ki, "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli Qərarı ilə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona ikinci dərəcəli müharibə əlilliyi təyin olunmuşdur. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq, ikinci dərəcəli müharibə əlili vəsiqəsi ilə təmin olunmuşdur. 2-ci dərəcə hərbi əlil olduğuna görə, Dövlət SığortaŞirkəti tərəfindən 2020-ci ildə "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin" subyekti olmağı nəzərə alınmadan, ona digər hərbi qulluqçular kimi cəmi 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu ödənilmişdir ki, bu da onu qane etmir və qanunvercilyin tələblərinə tam ziddir. Halbuki, qanunvericliyin tələblərinə əsasən "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin" subyekti olduğu üçün ona, 5 (beş) illik pul təminatı məbləğində sığorta pulu ödənilməli idi. Belə ki, Dövlət Sığorta Şirkətinin verdiyi rəsmi məlumata görə, kəşfiyyat subyekti olaraq 5 illik pul təminatı məbləğində sığorta haqqının ödənilməməsinin əsl səbəbi, 01 yanvar 2019-cu il tarixində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov tərəfindən bağlanılmış səhv müqavilədir. Həmin müqaviləyə əsasən də bu məsələdə "Sığortaçı" tərəf deyil, "Sığortalı" tərəf olaraq Müdafiə Nazirliyi məsuliyyət daşıdığı bildirilir. Təqdim olunan müqavilə və ödəniş sənədlərindən də bir daha məlum olur ki, Müdafiə Nazirliyi aparatı Dövlət Sığorta Şirkətinə ona məxsus 5 illik pul təminatı miqdarında sığorta pulu ödəməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11711/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsində göstərdiyi dəlillərin araşdırılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” AR Qanununun 20.11-ci maddəsi ilə bağı bildirirlər ki, bu maddəyə əsasən kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının sığorta olunmalı olması imperativ qaydada öz əksini tapmışdır. Maddi hüquq normasının hansı qaydada və formada tətbiq mexanizmni həll etmək sadə vətəndaş olan iddiaçının vəzifəsi deyil. Bir vətəndaş olaraq İddiaçı qanunvericiliyin ona tanıdığı hüququndan istifadə etmək niyyətindədir. Əgər qanunverciliklə şəxsin belə bir hüququ təsbit edilmişsə və təsbit edilmiş hüququn tətbiqi mexanizmi mövcud deyildirsə o zaman işə baxan hakim qanunverciliyin ona verdiyi səlahiyyətlərdən istifadə edərək adıçəkilən qanunun normasının şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət ünvanlaya bilərdi. Lakin işə baxan hakim işin tam, hərtərəfli və obyektiv şəkildə həll edilməsində maraqlı olmadığından tez tələsik başdansovdu şəkildə iddianın mümkünsüz sayılması barədə qərardad qəbul etmişdir. Məhkəmə qərardadı qəbul edərkən həmçinin qeyd etmişdir ki, iddiaçının almaq istədiyi və hazırkı tələbin əsası kimi göstərdiyi sığorta haqqı icbari sığorta növlərinə aid deyil. Bununla bağlı qeyd edir ki, iddiaçı olaraq İddiaçı üçün tələb olaraq irəli sürdüyü sığorta haqqının icbari və ya digər sığorta növü olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, İddiaçı qanunverciliklə müəyyən edilmiş və hüququ olan sığorta məbləğini almaq niyyətindədir. Qeyd olunmalıdır ki, İddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı cavabdeh dövlət sığorta kommersiya şirkətinə qarşı mülki məhkəmə icraatı qaydasında Nəsimi rayon Məhkəməsinə müraciət edilmişdir. Nəsimi rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən qaldırılmış iddia tələbi rədd edilmişdir.Adıçəkilən qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmiş və həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsinə əsasən təmin edilməmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamədən kassasiya qaydasında şikayət tərtib edərək məhkəməyə təqdim edilib. Göründüyü kimi hazırkı mübahisə üzrə istər mülki, istərsə də inzibati məhkəmə icraatı qaydasında məhkəmələrə müraciətlər edilmişdir. Düzdür hər iki iddia üzrə cavabdehlər fərqli olsa da yekun etibarı ilə irəli sürülən tələb sığorta pulunun ödənilməsi ilə bağlıdır. İşə mülki məhkəmə icraatı qaydasında baxılan zaman qaldırılmış iddia üzrə sığorta şirkətinin cavabdehlik daşımadığı məhkəmə tərəfindən irəli sürülmüşdür. Odur ki, onlar hərbi qulluqçunun tabe olduğu və xidməti münasibətdə olduğu Müdafiə Nazirliyinə qarşı inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmişlər. İşə baxan Bakı İnzibati Məhkəməsi isə hesab etmişdir ki, Müdafiə Nazirliyi hazırkı mübahisə üzrə cavabdeh ola bilməz. O zaman maraqlı bir sual meydana çıxır. Bəs bu mübahisənin cavabdehi kimdir və vətəndaş qanunverciliklə təsbit edilmiş imtiyazından niyə istifadə edə bilmir. Hesab edirlər ki, Müdafiə Nazirliyi ilə Dövlət Sığorta Kommersiya şirkəti arasında İddiaçı münasibətdə müqavilə bağlanarkən iddiaçının kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olması qeyd olunmamış və bu yalnışlığa bir başa olaraq Müdafiə Nazirliyi məsuliyyət daşımışdır. Əgər Müdafiə Nazirliyi iddiaçının hərbi qulluqçu kimi deyil kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı kimi sığorta etdirsə idi, o zaman belə bir mübahisə yaranmazdı. Deməli bütün məsuliyyət Müdafiə Nazirliyində olduğundan və onun təqsirli hərəkətləri nəticəsində belə bir hadisə baş verdiyindən iş üzrə bir başa cavabdehlik Müdafiə Nazirliyinin üzərinə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Müdafiə Nazirliyi ilə Dövlət Sığorta Kommersiya şirkəti arasında İddiaçı münasibətdə müqavilə bağlanarkən iddiaçının kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olması qeyd olunmamış və bu yalnışlığa bir başa olaraq Müdafiə Nazirliyi məsuliyyət daşımışdır. Əgər Müdafiə Nazirliyi iddiaçının hərbi qulluqçu kimi deyil kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı kimi sığorta etdirsə idi, o zaman belə bir mübahisə yaranmazdı. Deməli bütün məsuliyyət Müdafiə Nazirliyində olduğundan və onun təqsirli hərəkətləri nəticəsində belə bir hadisə baş verdiyindən iş üzrə bir başa cavabdehlik Müdafiə Nazirliyinin üzərinə düşür.Əgər məhkəmə iddianı mümkün saymayarkən onun iştirakını təmin etsə idi onun tələbini məsələn ziyanın ödənilməsi və.sair kimi də dəyişdirməli olub-olmamasını məhkəmədə müzakirə etmək imkanı yaranacaqdı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 11711/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Məhkəmə tərəfindən cavabdeh Müdafiə Nazirliyinin iddiaçıya sığorta ödənişi vermək vəzifəsi ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlmədiyindən, cavabdehin iddiaçının tələbinə cavab verməli orqan olması müəyyən edilmədiyi qənaətinə gələrkən, məhkəmə tərəfindən iddiaçının iştirakı təmin olunaraq tələbinə düzgün qiymət verilməmiş və AR İPM-nin 13-cü maddəsində müəyyən edilmiş hüquqi yardım göstərilməsi ilə bağlı vəzifəni yerinə yetirməmiş, iddia ərizəsinə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunun yuxarıda qeyd edilən imperativ tələblərinə əməl edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11711/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2-1(103)-1622/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1622/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver