Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1622/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Xroniki” İctimai-siyasi Beynəlxalq Qəzeti cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı qəzetinin redaksiyası cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 31 iyul 2000-ci il tarixli 688 saylı sərəncamı ilə İddiaçı qəzeti redaksiyasına inzibati binanın tikintisi üçün ünvan 1də 90 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı ŞİH başçısının Aparatı tərəfindən verilmiş 3-52/2-714/2023 saylı xx.xx.2023 tarixli arxiv arayışından məlum olur ki, həmin sərəncam həqiqətən İddiaçı ictimaisiyasi beynəlxalq qəzetinə verilmiş və hal-hazırda qüvvədədir. Məzmunundan da görünür ki, sərəncam müddətsiz verilmişdir. Qeyd edilən sərəncam əsasında 20 sentyabr 2000-ci il tarixdə 246 saylı istifadəyə verilən torpaq sahəsinin ayrıc aktı verilmiş və həmin ayrıc aktı Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, torpaq sahəsinin ayrılmasına dair 04 dekabr 2000-ci il tarixli 10990 saylı inşaat pasportu verilmişdir və 22 yanvar 2001-ci il tarixli 18/04Q/52 saylı razılaşma aktından görünür ki, torpaq sahəsində tikilləcək inzibati binanın eskiz layihəsi Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. Bundan əlavə, tikinti işlərinin aparılması ilə əlaqədar olaraq, Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsi ilə İddiaçı qəzetinin redaksiyası arasında 15 il müddətinə 29 mart 2002-ci il tarixli 61 saylı torpaq icarə müqaviləsi bağlanmışdır və həmin müqavilə Bakı şəhər torpaq şöbəsində 25 aprel 2002-ci il tarixdə qeydiyyat kitabında qeydiyyata alınmışdır. Bakı ŞİH başçısının 31 iyul 2000-ci il tarixli 688 saylı sərəncamı və Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsi ilə İddiaçı qəzetinin redaksiyası arasında bağlanmış 61 saylı torpaq icarə müqaviləsi əsasında hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 14 il müddətinə JN-1796, KOD-00700003 saylı 25 aprel 2002-ci il tarixli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” səhadətnamə verilmişdir. Bu şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı aparılmışdır. Nərimanov rayon Bələdiyyəsi ilə 29 mart 2002-ci il tarixdə 15 il müddətinə bağlanmış torpaq icarə müqaviləsinin müddəti 29 mart 2017-ci il tarixdə bitdiyi üçün bələdiyyə ilə yeni razılaşma əsasında icarə müqaviləsi bağlanmış 01 saylı müqavilə ilə 10 il müddətinə, yəni 29 mart 2027-ci il tarixədək uzadılmışdır. Yeni torpaq icarə müqaviləsinin bağlanması ilə bağlı Bakı ŞİH başçısına edilmiş müraciətə həmin qurumun Aparatı tərəfindən verilmiş 3-52/2-714/2023 saylı 3 may 2023 tarixli cavab məktubunda Bakı ŞİH başçısının 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair hüquqların qeydiyyatının müvafiq dövlət orqanı tərəfindən həyata keçirildiyi bildirilmişdir. Bununla bağlı torpaq sahəsi üzərində hüquqların təkrar dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi üçün cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunsa da, hüquqların dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdehin imtina məktubu JN-1796 saylı şəhadətnamədə qeyd olunan 29 mart 2002ci il tarixli və 61 saylı bələdiyyə ilə bağlanmış icarə müqaviləsinin qüvvədə olma müddətinin bitməsi, həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının arasında ümumi istifadədə olan yaşıllıq ərazisi daxilində yerləşməsi və ümumi əraziyə digər şəxsin müraciətinin olması ilə əsaslandırılmışdır. Cavabdeh təqdim edilmiş sənədləri tam araşdırmadan belə qərara gəlmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi İddiaçı ictimai-siyasi beynəlxalq qəzetinin redaksiyası ilə Nərimanov rayon Bələdiyyəsi arasında bağlanmış torpaq icarə müqaviləsinin müddəti 29 mart 2027-ci ilə kimi uzadılmışdır. Lakin cavabdeh həmin sənədi nəzərə almadan qərar qəbul etmişdir. Bakı ŞİH isə, müvafiq qurum tərəfindən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavab məktubu göndərmişdir. Bundan əlavə, cavabdehin imtina məktubunda qeyd edildiyi kimi, həmin ərazidə yaşıllıq mövcud deyildir. Yuxarıda qeyd edilmiş sənədlər verilərkən həmin əraziyə əvvəlcə baxış keçirilmiş və sonra sənədlər verilmişdir. Cavabdeh daşınmaz əmlaka hüququn təkrar dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi tələbinə belə məzmunlu cavab verməklə öz səlahiyyətlərindən kənara çıxmışdır. Əgər həmin ərazidə hər hansı ağacı və ya kol bitkisini nəzərdə tuturlarsa redaksiya öz xərci hesabına müvafiq qurumla razılaşdırmaqla onun köçürülməsinə də razıdır. Cavabdeh imtina məktubunda ümumi əraziyə digər şəxsin müraciətinin olması da qeyd edilmişdir. Yuxarıda sadalanan sənədlərdən görünür ki, həmin torpaq sahəsi uzun müddətdir ki, redaksiyanın icarəsindədir və arxiv arayışından da məlum olur ki, həmin sərəncam qüvvədədir. Hal-hazırda həmin torpaq sahəsinə dair icarə haqları 2002-ci il tarixdən 2023-cü il tarixədək tam ödənilmişdir. İcarəçi İddiaçı ictimai siyasi qəzet öz üzərinə götürdüyü bütün öhtəlikləri tam icra etmişdir. Həmin ərazi hazırda qüvvədə olan Bakı ŞİH başçısının sərəncamı ilə redaksiyanın istifadəsində olduğu halda və Nərimanov Bələdiyyəsi ilə icarə müqaviləsinin müddəti 29 mart 2027-ci il tarixədək uzadıldığı halda digər müraciət edən şəxsin nəzərə alınması qanunsuzluqdur. Cavabdeh redaksiyanın uzun illərdir mövcud olan hüququnu nəzərə almamış və lakin yeni müraciət edən barədə narahatlıq keçirmişdir. Cavabdeh imtina məktubunda həm ərazinin ümumi istifadədə olan yaşıllıq ərazi daxilində olduğunu qeyd edir, həm də, ərazi barədə digər şəxsin müraciətinin olmasını diqqətə çatdırır. Əgər ərazidə olan yaşıllıqla bağlı redaksiyaya icazə verilmirsə, deməli digər müraciət edən şəxs barəsində də ərazinin yaşıllıq olması nəzərə alınmalıdır. Görünür ki, cavabdeh bu qaydanı yalnız redaksiyaya tətbiq etmiş, digər müraciət edən barədə nəzərə almamışdır. Cavabdehin imtinası tamamilə qanunsuzdur. Qeyd edilən torpaq sahəsi ilə bağlı qanunauyğun sənədlərin olmasına baxmayaraq hal-hazıra kimi redaksiyaya həmin ərazidə tikinti aparılmasına şərait yaradılmamışdır. Cavabdeh belə qərara gəlməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 139-1-ci maddələrinin, «Torpaq islahatı haqqında» Qanunun 4-cü və 7-ci maddələrinin tələblərini pozmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinin tələbinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qanunun 4.2-ci maddəsinə görə bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Qanunun 4.3-cü maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1, 8.0.5-ci maddələrinə, İPmin 2.2.2, 4.1, 12.1, 33.1, 73.1-ci maddələrinə əsaslanaraq, cavabdehin imtinasının qanunsuz və əsassız sayılması, ünvan 1 ünvanında yerləşən 90 kv.m torpaq sahəsinə dair daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı müvafiq tələblə 20 aprel 2022-ci il, 12 may 2023-cü il və 23 iyun 2023-cü il tarixlərdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim olunan JN-1796 saylı şəhadətnamədə qeyd olunan 29 mart 2002 tarixli 61 saylı icarə müqaviləsinin qüvvədə olma müddəti bitmişdir. Belə ki, şəhadətnamənin məzmununa əsasən torpaq sahəsi 14 il müddətinə İddiaçı redaksiya qəzetinin müvəqqəti istifadəsinə verilmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının arasında ümumi istifadədə olan yaşıllıq ərazisi daxilində yerləşir. Bundan başqa ümumi əraziyə Əmlak Məsələləri Dövlət Xidmətinin idarəyə müraciəti olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı ilə iddiaçıya inzibati binanın tikintisi üçün ünvan 1də ayrılmış 90 kv.m torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı qəzetinin redaksiyasının Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı ilə ona inzibati binanın tikintisi üçün ünvan 1də ayrılmış 90 kv.m torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11658/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsinə istinadən Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinə İddiaçı qəzetinin redaksiyasının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hallar müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci hissəsi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və mötəbər sübut kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası üç əsasdan ibarət olmuşdur: 1) iddiaçı tərəfindən təqdim olunan JN-1796 saylı şəhadətnamədə qeyd olunan 29 mart 2002 tarixli 61 saylı icarə müqaviləsinin qüvvədə olma müddəti bitmişdir; 2) elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının arasında ümumi istifadədə olan yaşıllıq ərazisi daxilində yerləşir; 3) ümumi əraziyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin idarəyə müraciəti olmuşdur. Cavabdehin imtinasını əsassız hesab edən məhkəmə kollegiyası imtinanın 1-ci dəlilinə münasibətdə qeyd edir ki, müvafiq torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən həm inzibati icraatda, həm də hazırkı məhkəmə icraatında iki hüquq müəyyənedici sənəd – Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı və Nərimanov bələdiyyəsi ilə bağlanmış 29 mart 2002-ci il tarixli icarə müqaviləsi təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, həmin sərəncam hüquqi qüvvədə olduğundan (geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən) hüquqi qüvvədədir və torpaq sahəsinin müqavilə bağlanan zaman bələdiyyə mülkiyyətində olması, habelə torpaq ayrılması ilə bağlı aidiyyəti orqanların (o cümlədən yeri icra hakimiyyəti orqanının) rəyi alınmadığından, həmin müqavilə mötəbər sübut sayılmır. Odur ki, müqavilənin müddətinin başa çatması iddiaçının Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı ilə yaranmış istifadə hüququna təsirsizdir. İmtinanın digər dəlili olan “torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazi daxilində yerləşməsi” ilə bağlı qeyd edilməlidir ki, belə halın ərazidə tikinti işlərinin aparılmasında nəzərə alınması istisna deyil. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci hissəsinə görə daşınmaz əmlaklar magistral boru kəmərlərinin, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda həmin Fərmanın 1-ci hissəsi ilə təsdiqlənmiş Siyahıdakı müvafiq hüquqmüəyyənedici sənədlər həmin əmlaklara hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Lakin nəzərə alınmalıdır ki, sözügedən Fərmanla təsdiqlənmiş Siyahı yaşayış və bağ evləri, habelə onların altında olan və ya tikintisi üçün ayrılmış torpaq sahələrinə dair verilmiş sənədləri (qərar, akt və s.) nəzərdə tutur və hazırda iddia edilən torpaq sahəsinə münasibətdə tətbiq oluna bilməz. İddiaçı müvafiq torpaq sahəsinə hüquqlarının qeydiyyatını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə istinadən iddia edir. Mövcud qanunvericilik normaları ümumi istifadədə olan yaşıllıq ərazinin hüquqi şəxsə istifadəyə verilməsini istisna etmir. İmtinanın 3-cü dəlili ilə bağlı isə qeyd edilməlidir ki, torpaq sahəsinin də daxil olduğu əraziyə dair hər hansı hüquqi və fiziki şəxsin, eləcə də dövlət orqanının ərizəsinin qeydiyyat orqanı kimi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olması hüququ olan şəxsin hüququnun qeydiyyatına mane olan hal deyil. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı yuxarıda qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1622/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1622/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver