Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1623/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2626/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 23.08.2021-ci il tarixli, **********4939 №-li “vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının qanunsuz akt kimi ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən **********4939 saylı Qərarı ilə İddiaçı MMC 75063.25 manat məbləğində cərimə etmişdir. Qərar rəsmi qaydada poçt vasitəsi ilə yox elektron formada Cəmiyyətin elektron kabinetinə 24.08.2021-ci il tarixində yerləşdirilmişdir. İddiaçı MMC 11.03.2021-ci il tarixində 11 saylı Ərazi Vegilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İlkin qeydiyyat zamanı nizamnamə kapitalı 10 manat olmuşdur. 01.06.2021-ci il tarixində Cəmiyyətin təsisçisinin Qərarı ilə nizamnamə kapitalının artırılması qərara alınmışdır. Bunun üçün təsisçi X7 özünə məxsus olan və 2016-cı ildə borc əvəzinə ona verilmiş mal-materialı qiymətləndirərək nizamnamə kapitalının artırılmasına yönəltmişdir. Bunun üçün Ələddin Cəfərov müstəqil X1 müraciət edərək özünə məxsus olan mal-materialların auditinin keçirilməsi və qiymətləndirilməsini xahiş etmişdir. Müstəqil Auditorun 07.06.2021-ci il tarixli Nizamnamə kapitalının formalaşdırılmasına dair Auditor Rəyi alınmışdır. Həmin rəyə əsasən vahid təsisçinin 25.05.2021-ci il tarixli protokoluna əsasən təsisçi X3 məxsus olan mal, materialların bazar qiymətinə uyğun qiymətləndirilməsi həyata keçirilmişdir. 750 638 manat dəyərində qiymətləndirilən mal-materillar nizamnamə kapitalına əlavə edilməsi üçün sənədlərlə birlikdə 11 saylı Vergilər Baş İdarəsinə təqdim etmişdir. Həmin İdarə tərəfindən sənədlər qəbul edilmiş və İddiaçı MMC-nin nizamnamə kapitalının 750 648 manat olması müəyyən edilməklə 16.06.2021-ci il tarixində **********386900 saylı Çıxarış verilmişdir. Vergi orqanı tərəfindən operativ nəzarət tədbirinin keçirilməsi zamanı DVX№002373 seriyalı AKT tərtib edilmişdir. Müvafiq olaraq yoxlama zamanı sənədlərinin olmadığı iddia edilən malmateriailların nizamnamə kapitalı olduğu bildirilsədə vergi əməkdaşları bunu nəzərə almamışdır. Məcəllənin tələbi pozularaq vergi ödəyicisi olaraq cəmiyyətə yoxlama barədə heç bir məlumat verilməmişdir. Yoxlama keçirdiyini iddia edən vergi əməkdaşları müəyyən etdiklərini iddia etdikləri mal- materialların sənədlərinin bir saat içərisində təqdim edilməsini, əks halda cərimə tətbiq ediləcəyini bildirərək yoxlamanı başa çatdırdılar. Cəmiyyətə cərimə tətbiq edən şəxslərin İddiaçı MMC-nin nizamnamə kapitalından, kapitalın artırılması barədə sənədlərdən heç bir xəbəri yox idi. 5 aydır yaradılan və heç bir əməliyyatı olmayan Cəmiyyətə 75063.52 manat məbləğində cərimə yazılması tam məntiqsizdir. Qanunverici vergi orqanının üzərinə vəzifə qoyub ki, vergi ödəyicisinin təqsirini sübut etsin. Təqdim edilən sənədlərə isə ümumiyyətlə baxmamışlar. 09.07.2021ci il tarixində tərtib edilmiş AKT 12.07.2021-ci ildə iddiaçıya göndərilib. 13.07.2021-ci ildə isə bildiriş göndərərək 23.08.2021-ci il tarixində vergi orqanına dəvət olunmuşlar. Həmin bildirişdə göstərilir ki, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Həmin maddədə deyilir: “bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; Vergi orqanı aşkar etdiyini düşündüyü materialların nizamnamə kapitalı olmasını bildiyi halda bu maddəyə istinad edərək cərimə tətbiq etməsi qanunsuzdur. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 08.07.2021-ci il tarixli **********6947 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən 08.07.2021-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri dairəsi, daş-qum bazarında yerləşən dəmir məmulatlarının satışı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulmuş sənədlər əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində olan ümumi çəkisi 787,483 t olan 750 635,15 manat dəyərində metal borular aşkar edilmiş və və həmin malların alışını təsdiq edən sənədlərin olmadığı müəyyən olunmuşdur. Nəticədə vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq 09.07.2021-ci il tarixdə operativ vergi nəzarətinin nəticəsi barədə “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron-qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsiməsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 002373 nömrəli akt tərtib edilmişdir. Vergi ödəyicisi qeyd edilən aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş akt 12.07.2021-ci il tarixli **********395200 nömrəli bildirişlə vergi ödəycisinin elektron qutusuna və poçt vasitəsilə hüquqi ünvanına göndərilmiş və vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi 23.08.2021-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə dəvət edilmişdir. Vergi ödəyicisi bu dəfə də malların əldə edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş alış sənədlərini yoxlamaya təqdim edə bilməmişdir. Nəticədə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 23.08.2021-ci il tarixli **********4939 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla MMC-yə 75 063,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh aşağıda göstərilən səbəblərə görə iddia ərizəsi ilə razılaşmır: iddiaçı iddia ərizəsində ona məxsus təsərrüfat subyektində aşkar edilmiş alış sənədləri olmayan malların təsisçi X3 məxsus olmasını, müəssisənin nizamnamə kapitalının auditor rəyi ilə 750 638 manat dəyərində qiymətləndirilən mal-materialların hesabına artırıldığını, qiymətləndirmə və auditor rəyinin alış sənədi olaraq nizamnamə kapitalının artırılması üçün rəsmiləşdirildiyini qeyd etmiş və aşkar edilmiş malların satışını təşkil etmək üçün həmin malları rəsmi şəkildə nizamnamə kapitalına əlavə etdiyini bildirmişdir. Göründüyü kimi vergi ödəyicisi özü qeyd edilən malların məhz satış məqsədi ilə MMC- nin obyektində olduğunu etiraf etmişdir. İddia ərizəsində qeyd edilənlərdən fərqli olaraq müəssisənin rəhbəri X7 yoxlamaya təqdim etdiyi 09.07.2021-ci il tarixli izahatında mağazada aşkar edilmiş 750 635,15 manat dəyərində malların İddiaçı MMC-yə məxsus olduğunu, malların alış qiymətlərinin özü tərəfindən yoxlamaya təqdim edildiyini bildirmişdir. Həmçinin iddia ərizəsində aşkar edilmiş alış sənədləri olmayan malların İddiaçı MMC-yə deyil, MMC-nin təsisçisinə məxsus olduğu bildirilsə də, malların X2 mülkiyyətində olmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçının yuxarıda qeyd edilən auditor rəyinin həmin mal-materialların alış sənədi olaraq qəbul etməsi isə mövcud qanunvericiliyə tamamilə ziddir. İş materiallarında mövcud olan 08.07.2021-ci il tarixli **********6947 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərardan, o cümlədən 08.07.2021-ci il tarixli KY211589900 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, İddiaçı MMC-nin rəhbəri X7 qərar və çıxarışla tanış olması barədə həmin sənədlərin üzərində qeyd aparmış, bunu öz imza və müəssisənin möhürü ilə də təsdiq etmişdir. Beləliklə bütün qeyd edilənlər, yəni operativ vergi nəzarəti keçirilmiş obyektin vergi orqanlarında qeydiyyata alınmaması, yoxlama zamanı obyektdə qeyd edilən mallardan başqa hər hansı digər malların olmaması, MMC-nin sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı vergi tutulan əməliyyatının olmaması MMC tərəfindən vergi üstünlüyü əldə etmək məqsədi ilə vergidən yayınma sxeminin yaradıldığını və bununla da ödənilməli olan vergilərin dövlət büdcəsindən yayındırıldığını tam sübuta yetirir. Hazırkı iş üzrə mübahisələndirilən 23.08.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar, o cümlədən bu qərarla tətbiq edilmiş maliyyə sanksiyası məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda, həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2626/2022 saylı, 11 yanvar 2022-ci tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında mövcud olan 08.07.2021-ci il tarixli **********6947 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərardan, o cümlədən 08.07.2021-ci il tarixli KY211589900 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, İddiaçı MMC-nin rəhbəri X7 qərar və çıxarışla tanış olması barədə həmin sənədlərin üzərində qeyd aparmış, bunu öz imza və müəssisənin möhürü ilə də təsdiq etmişdir. Məhkəmənin qərar qəbul edərkən istinad etdiyi dəlillərdən biri ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus təsərrüfat subyektində aşkar edilmiş mallar iddiaçının nizamnamə kapitalına 07.06.2021-ci il tarixli auditor rəyinə əsasən əmlak şəklində qoyulmuş və bu fakt vergi orqanının özü tərəfindən də təsdiq edilmişdir. Nəticədə məhkəmə mal-materialların qiymətləndirilməsi və nizamnamə kapitalının artırılması ilə bağlı olan 07.06.2021-ci il tarixli auditor rəyini malların mədaxilini təsdiq edən sənəd kimi qiymətləndirmiş və Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərin olmamasına görə iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyasının hüquqi əsasının olmaması qənaətinə gəlmişdir. İddiaçı ona məxsus təsərrüfat subyektində aşkar edilmiş alış sənədləri olmayan malların təsisçi X3 məxsus olmasını, müəssisənin nizamnamə kapitalının auditor rəyi ilə 750 638 manat dəyərində qiymətləndirilən malmaterialların hesabına artırıldığını, qiymətləndirmə və auditor rəyinin alış sənədi olaraq nizamnamə kapitalının artırılması üçün rəsmiləşdirildiyini qeyd etmiş və aşkar edilmiş malların satışını təşkil etmək üçün həmin malları rəsmi şəkildə nizamnamə kapitalına əlavə etdiyini bildirmişdir. Göründüyü kimi vergi ödəyicisi özü qeyd edilən malların məhz satış məqsədi ilə MMC-nin obyektində olduğunu etiraf etmişdir. Həmçinin, aşkar edilmiş alış sənədləri olmayan malların İddiaçı MMC-yə deyil, MMC-nin təsisçisinə məxsus olduğu bildirilsə də, malların X2 mülkiyyətində olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə isə qeyd edilən hala ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmənin yuxarıda qeyd edilən auditor rəyinin həmin mal-materialların mədaxilini təsdiq edən sənəd olaraq qəbul etməsi isə mövcud qanunvericiliyə tamamilə ziddir. Qanunvericilik malların alışını təsdiq edən sənədlərin konkret siyahısını müəyyən etmiş, malların qiymətləndirilməsi və nizamnamə kapitalının formalaşdırılmasına dair audit rəyi isə malların alış və ya mədaxilini təsdiq edən sənəd kimi nəzərdə tutulmamışdır. Həmçinin bildiririk ki, iddiaçı ilə auditor arasında bağlanmış müqaviləyə əsasən keçirilən yoxlamanın nəticəsi kimi tərtib edilən 07.06.2021-ci il tarixli auditor rəyi ilə yalnız təsisçiyə məxsus olan mal-materialların bazar qiymətinə uyğun qiymətləndirilməsi və nizamnamə kapitalının formalaşdırılması rəsmiləşdirilmişdir. Yəni keçirilən auditor yoxlaması ilə malların dəyərləndirilməsi həyata keçirilmiş və müvafiq olaraq mal-materialın dəyəri hesabına nizamnamə kapitalı artırılmışdır. Auditor rəyinə istinad edərək ona malların mədaxilini təsdiq edən sənəd kimi yanaşması ilə bağlı məhkəmənin mövqeyi tamamilə əsassızdır. İş üzrə mövcud halların ətraflı araşdırılaraq ədalətli və qanunauyğun qərarın qəbul edilməsi məqsədilə auditor X4 şahid qismində dindirilməsi, hansı sənədlərə əsaslanaraq malmaterialın təsisçi X3 məxsus olduğu qənaətinə gəlməsinin, audit zamanı 750 638 manat dəyərində malın alışını təsdiq edən sənədlərin mövcud olub-olmadığının, malların qiymətləndirilməsinin hansı qaydaya həyata keçirildiyinin müəyyən edilməsinin zəruriliyi nəzərə alınaraq cavabdeh tərəfindən “Şahid qismində dindirmə və sübutların təqdim edilməsi barədə” 10.01.2022-ci il tarixli **********178200 nömrəli vəsatətlə 1-ci instansiya məhkəməsinə müraciət olunmuşdur.Lakin tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi zəruri olsa da, vergi orqanının qeyd edilən vəsatəti 1-ci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İnzibati işdən müəyyən olunur ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 08.07.2021-ci il tarixli **********6947 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri dairəsi, daş-qum bazarında yerləşən dəmir məmulatlarının satışı obyektində 08.07.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində olan ümumi çəkisi 787,483 t olan 750 635,15 manat dəyərində metal borular aşkar edilmiş və həmin malların alışını təsdiq edən sənədlərin olmadığı müəyyən olunmuşdur. Nəticədə vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq 09.07.2021-ci il tarixdə operativ vergi nəzarətinin nəticəsi barədə “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron-qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 002373 nömrəli akt tərtib edilmişdir. Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 23.08.2021-ci il tarixli **********4939 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla MMC-yə 75 063,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə Kollegiyası gldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisin vəzifəsidir. 50.3. operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 53.3. bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 71.1-ci maddəsinə əsasən Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2-ci. vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 71.3. vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. 71.4. mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır.
130. vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.5. idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda). İş materiallarından görünür ki, 07.06.2021-ci il tarixli “Nizamnamə kapitalının formalaşdırılmasına” dair auditor rəyinə əsasən təsisçi X3 məxsus olan mal-materialların bazar qiymətinə uyğun qiymətləndirilməsi həyata keçirilmişdir. 750 638 manat dəyərində qiymətləndirilən mal-materillar nizamnamə kapitalına əlavə edilməsi üçün sənədlərlə birlikdə 11 saylı Vergilər Baş İdarəsinə təqdim etmişdir. Həmin İdarə tərəfindən sənədlər qəbul edilmiş və İddiaçı MMC-nin nizamnamə kapitalının 750 648 manat olması müəyyən edilməklə 16.06.2021-ci il tarixində **********386900 saylı çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, 07.06.2021-ci il tarixli auditor rəyinə əsasən şirkətin nizamnamə kapitalına əmlak şəkilində qoyulmuş və 11 saylı ərazi Vergilər Baş idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış 750 638 manat məbləğində olan dəmir borulara görə tətbiq edilmiş maliyyə sanksiyasının hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: 58.8.2-ci maddəsinə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarındamaliyyə sanksiyası tətbiq edilir. Maddələrin tələblərinə görə, vergi ödəyicisində operativ vergi nəzarəti həyata keçirilən zaman sonuncunun sahibliyində olan malların alışını təsdiq edən müvafiq sənədlərin (qaimə-faktura, elektron qaimə-faktura, elektron vergi hesab-faktura, idxal gömrük bəyannaməsi, gəlir və xərclərlə dair) təqdim edilməməsi maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsasdır. İş materiallarında olan 09.07.2021-ci il tarixli operativ vergi nəzarəti aktında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin pozulmasına görə həmin məcəllənin 58.8-ci maddəsinə əsasən vergi ödəyicisinə 75 065,51 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Lakin Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində qeyd olunmuşdur ki, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir. Qeyd edilən dəmir borular şirkətin nizamnamə kapitalına 07.06.2021-ci il tarixli auditor rəyinə əsasən qoyulmuşdur və bu faktı vergi orqanının özü (11 saylı Ərazi Vergilər Baş İdarəsi) təsdiq etmiş və baş vermiş dəyişikliklər 16.06.2021-ci il tarixində hüquqi şəxslərin dövlət reyestrinə daxil edilərək, cəmiyyətə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 11.3-cu maddəsinə əsasən Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-cı maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə verən məbləğdən az ola bilməz. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır Beləliklə, qanunvericilik normalarından aydın olduğu kimi hüquqi şəxsin nizamnamə kapitalında baş vermiş dəyişikliklər müvafiq olaraq reyestrdə qeydə alınan zamanı inzibati orqan tərəfindən müvafiq inzibati icraat aparılır. Hüquqi şəxsin ərizəsi əsasında tələb olunan sənədlər inzibati orqana təqdim edilir, imtina üçün əsaslar olmadıqda, 5 gün müddətində inzibati orqanda dəyişikliklər qeydə alınır. Hazırki halda da İddiaçı MMC-nin təsisçisinin 02 saylı 01 iyun 2021-ci il tarixli qərarı ilə nizamnamə kapitalının artırılması ilə əlaqədar nizamnamənin müvafiq bəndlərində dəyişiklik edilməsi qərara alınmış, nizamnamə kapitalının formalaşmasına dair auditor rəyi 11 saylı Ərazi vergilər Baş İdarəsinə təqdim edilmiş, 5 gün müddətində inzibati orqan öz səlahiyyətləri çərçivəsində imtina əsaslarını yoxlamış və imtina üçün əsaslar olmadığından auditor rəyi əsasında təsisçiyə məxsus olan malların nizamnamə kapitalına daxil edilməsi ilə bağlı nizamnamə kapitalındakı dəyişikliyi qeydə almış və buna dair çıxarış təqdim edilmişdır. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bir qurumu olan 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən aparılmış inzibati icraat və onun nəticəsi mübahisələndirilmədiyi halda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin digər bir qurumu tərəfindən nizamnamə kapitalına qoyulmuş malların sənədlərinin olmamasına istinad edilərək maliyyə sanksiyasının tətbiq edilməsi inzibati icraat haqqında qanunun da normalarına ziddir.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:
Apellyasiya şikayətinin dəlillərindən biri olan nizamnamə kapitalında qeyd edilən malların alışını və ya mədaxilini təsdiq edən sənədlərin olmamasına münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, malların alış sənədləri 2 vergi ödəyicisi arasında alqısatqı və ya hansısa bir kommersiya əməliyyatı həyata keçirilən zamanı tərtib olunur. Hazırki halda mübahisə predmeti olan malların vergi ödəyicisinin göstərdiyi əməliyyat nəticəsində əldə edilmiş mallar deyil, bu mallar MMC-nin nizamnamə kapitalına qoyulmuş mallardır. Apellyasiya şikayətinin digər bir dəlili VM-nin 164.1.5-ci maddəsinə istinad edilməsinin əsassız olması ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, həmin maddəyə əsasən idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması vergidən azaddır. Belə olan halda nizamnamə kapitalına qoyulmuş mallara maliyyə sanksiyasının tətbiq olunması da əsassızdır. Apellyasiya şikayətinin digər bir dəlili olan təsisçi tərəfindən nizamnamə kapitalına qoyulmuş malların satılması ilə bağlı verilmiş izahatın əslində etiraf xarakteri daşıması ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin təsisçisi X2 09.07.2021-ci il tarixli izahatında məhz nizamnamə kapitalında olan malların satışının aparılması kimi ifadə mövcud deyil. Həmin izahatda “....malların satış qiymətini alışın üzərinə 10 faiz əlavə edərək formalaşdırırıq” ifadəsi işlədilmişdir. Digər bir dəlilə münasibətdə də Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən keçirilmiş operativ vergi yoxlaması zamanı məhz nizamnamə kapitalına qoyulmuş mallara dair auditor rəyinə əlavə edilmiş qiymətləndirmə aktına və 07.06.2021-ci il tarixli malların bazar dəyərinə istinad edilməsi həmin auditor rəyinin əsas sənəd kimi qəbul edilməsi deməkdir. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, sözügedən mallar cəmiyyətin nizamnamə kapitalına qoyulduğundan və bu vergi orqanı tərəfindən təsdiq edildiyindən, bununla baş vermiş dəyişikliklər hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyindən, qeyd edilən inzibati icraat sonradan mübahisələndirilmədiyindən, həmçinin mübahisələndirilən qərarda iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı əsaslandırılmadığından və MMC-nin təqsiri sübuta yetirilmədiyindən, 23.08.2021-ci il tarixli, **********4939 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”la İddiaçı MMC vergi məsuliyyətə cəlb edilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2626/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2626/2022 saylı, 11 yanvar 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə