Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1623/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12759/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə əvvəlki illərdə daxil olmaqla istifadə olunmayan məzuniyyətə görə ödənişlər nəzərə alınmaqla, ona təyin edilmiş yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək pensiyası hesablanarkən nəzərə alınmamış 7868,0 manat kompensasiya məbləğinin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq artırılması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək pensiyaçısıdır. Cavabdeh tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə 1222,78 manat əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda, onun əvvəlki illərdə istifadə olunmayan məzuniyyətə görə son 24 ay ərzində hesablanmış və büdcə vəsaiti hesabına ödənilmiş 7868,00 manat kompensasiyanın məbləği nəzərə alınmamışdır. Belə ki, əvvəlki illərdə daxil olmaqla istifadə olunmayan məzuniyyətə görə son 24 ay ərzində hesablanmış və büdcə vəsaiti hesabına ödənilmiş kompensasiyanın məbləği 10565,60 manat olmuş və bu vəsaitlərdən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin mühasibatlığı tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanaraq tutulması təmin edilmişdir. Cavabdeh tərəfindən pensiya təyinatı ilə əlaqədar dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı istifadə olunmamış məzuniyyətə görə son 24 ay ərzində ödənilmiş 10565,60 manat dəyərində kompensasiyanın məbləği deyil, son 24 aya aid ödənilmiş 2697,60 manat kompensasiyanın məbləği əsas götürülmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının 1-ci bəndinə əsasən həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin Qaydaların 3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Qaydaların digər 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Qanunvercilikdən göründüyü kimi, pensiya təyinatı ilə əlaqədar dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı dövlət qulluqçusunun son 24 aya aid aldığı dövlət məvacibindən deyil, son 24 ay ərzində aldığı dövlət məvacibindən hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunan qanunvericilik nəzərə alınmaqla dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın məbləği son 24 aya aid ödənilmiş 2697,60 manat məbləğ deyil, son 24 ay ərzində ödənilmiş 10565,60 manat götürülməlidir. İddiaçı cavabdehə müraciət edərək 7868,00 manat kompensasiya fərqindən əlavə pensiya hesablanması üçün yenidən baxılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02 avqust 2024-cü il tarixli cavab məktubu ilə onun müraciətindən imtina etmiş və “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edildiyini bildirməklə kifayətlənmişdir. Cavabdehin imtinası qanunsuzdur və cavabdehin üzərinə pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-12759/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi iddiaçının cavabdehə qarşı əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə son 24 ay ərzində ödənilmiş 7868,00 manat kompensasiya məbləğindən pensiyanın əlavə hesablanması və əlavə hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbini təmin etməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı əsassızdır. Belə ki, cavabdeh tərəfindən pensiya təyinatı ilə əlaqədar dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı istifadə olunmamış məzuniyyətə görə son 24 ay ərzində ödənilmiş 10565,60 manat dəyərində kompensasiya məbləğindən deyil, ancaq son 24 aya aid hesab etdiyi ödənilmiş 2697,60 (10565,60- 7868,00) manat kompensasiya məbləği nəzərə alınmışdır. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsini əsas gətirərək istifadə olunmamış əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş 7868,00 manat kompensasiya məbləğini onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmaması ilə əlaqələndirmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-659/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarını vahid məhkəmə təcrübəsinin formalaşdırılması kimi qəbul edən məhkəmə cavabdehin mövqeyini qanuni və əsaslı hesab etmişdir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 9-cu bəndinin tələblərinə riayət etməmişdir. Bu Qaydalar əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda bu Qanunun 20.12-ci maddəsində qeyd olunmuş qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi və dövlət məvacibinin hesablanması qaydası Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarla müəyyən edilir və bu Qaydalar əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin Qaydaların 9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Dövlət məvacibi isə vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Göründüyü kimi, dövlət məvacibinin tərkibində kompensasiya qeyd olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-4 -cü hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı, onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği müəyyən edilir və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş birgünlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Əmək Məcəlləsinin qeyd olunan maddəsinin tələbindən görünür ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya illər üzrə ayrılıqda hesablanmır. Müəyyən edilmiş bir günlük əmək haqqının məbləğini məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla hesablanır. Göründüyü kimi, kompensasiya əmsallaşdırılma nəticəsində dəyəri artırılmış vəsaitdir. Həmçinin, məcburi dövlət sosial sığortasına cəlb edilmiş bu vəsait hesablanıb ödənildiyi anda gəlirə aid olduğu üçün son 24 aya aid pul ödənişidir və illər üzrə ayrılıqda hesablanması mümkünsüzdür. Bu səbəbdən, oxşar hal kimi mövcud olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2222/2023 nömrəli Qərarında, iddiaçının “istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış ödənişlərdən (kompensasiya) gəlir vergisinin məzuniyyət illərinə görə ayrılıqda tutulması” hissəsinə aid iddiasını məhkəmə mümkünsüz saymışdır. Beləliklə, qeyd olunmuş qanunvericilik aktlarına və oxşar hal kimi mövcud olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarına əsaslanaraq bildirir ki, istifadə olunmamış əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş 7868,00 manat kompensasiya məbləği son 24 aya aid pul ödənişidir və illər üzrə ayrılıqda hesablanması mümkünsüzdür. Eyni zamanda əmək pensiya təyinatı ilə əlaqədar dövlət məvacibi müəyyən edilərkən bu pul ödənişləri də nəzərə alınmalıdır. Əks halda bu ödənişlər əməkdaşa aid heç bir hesablamada nəzərə alınmır, sanki bu ödənişin əməkdaşa heç bir aidiyyəti yoxdur. Göründüyü kimi, Ali Məhkəmənin oxşar hal kimi qeyd olunmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli hər iki qərarında istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə ödənilmiş kompensasiya eyni qaydada hesablanmış, lakin birincidə sosial ödənişlər və gəlir vergisi ödənişlərin ümumi cəmindən tutulmuş, ikincidə isə əmək pensiyası ancaq son 24 aya aid iddia etdikləri ödənişlərdən hesablanmışdır. Belə olan halda, kompensasiyadan sosial ödənişlərin və gəlir vergisinin çox tutulması, əmək pensiyasının isə az hesablanması ilə müşayiət olunmuşdur. Hər iki halda iddiaçının əleyhinə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı cavabdehə qarşı “istifadə edilməmiş əmək məzuniyyəti nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçının iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilərək yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçının apellyasiya şikayəti tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı müxtəlif tarixlərdə cavabdehə müraciət edərək təqdim edilmiş əmək haqqı arayışına uyğun olaraq qulluq stajına görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarda ona təyin edilmiş qulluq stajına görə əmək pensiyasının hesablanması zamanı təqdim olunmuş əmək haqqı arayışında nəzərə alınan məbləğlər barədə ətraflı məlumat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanununun 20.11ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 20.30-cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. İddiaçıya 16 may 2024-cü il tarixdən 1222,78 manat məbləğində vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası məbləği Qanunun 20.11.2-ci maddəsinə əsasən 29 il 2 ay 17 gün qulluq stajına uyğun olaraq, vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı 1528,48 manatın 80 faizi - 1222,78 manat təşkil etmişdir. Belə ki, son 24 ay ərzində ödənilmiş 104716,90 manatdan 60165,50 manat büdcədənkənar ödənilmiş vəsait, həmçinin büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən 7868,00 manat hissəsi çıxıldıqdan sonra qalan pul vəsaitinin (36683,40 manat) 24-ə olan nisbəti əsasında orta aylıq əmək haqqı 1528.48 manat təşkil etmişdir. Qanunun 20.11.2-ci maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Odur ki, 1528,48 manat orta aylıq əmək haqqının 80 faizi 1222,78 manat əmək pensiyası məbləği müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi əmək haqqı arayışına dair cədvəlin “son haqq-hesab (kompensasiya)” haşiyəsində istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın cəmi məbləği 10565,60 manat (büdcə üzrə) müəyyən edilmişdir. Həmçinin arayışın “Qeyd" hissəsində son 24 ay üzrə istifadə olunmayan məzuniyyətə görə kompensasiyanın məbləği büdcə üzrə 2697,60 manat kimi qeyd olunmuşdur. Aydın olur ki, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiyanın məbləği ümumilikdə 10565,60 manat olsa da, bu kompensasiya məbləğinin 7686 manatı son 24 aya aid olmamış, əvvəlki dövrlər üzrə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya məbləği olmuşdur: 10565,60 - 2697,60 = 7686 manat. Odur ki, sözügedən 7686 manat iddiaçının qulluq keçdiyi orqanda son 24 aya dair orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alına bilməz. Həmçinin iddiaçının əmək pensiyası məbləğinin müəyyən edilməsi zamanı bu məbləğ istifadə oluna bilməzdi. Oxşar hal ilə əlaqədar Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-1208/2022 nömrəli qərarı mövcuddur. Belə ki, qərarın 25-ci bəndində qeyd olunmuşdur ki, “Belə olan halda, iş üzrə araşdırılmalı və müəyyən edilməli məsələ iddiaçıya istifadə edilməyən məzuniyyətlərə görə verilən 10.414 manat 22 qəpik pul məbləğinin hansı illərin məzuniyyəti ilə bağlı ödənilməsidir. Belə ki, iddiaçının pensiyaya çıxmadan əvvəl işlədiyi son 24 ay ərzində istifadə edilməyən məzuniyyətinə görə verilmiş pul məbləği pensiyanın yenidən hesablanmasında nəzərə alınmalıdır”. Həmçinin 27-ci bənddə qeyd olunur ki, “Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə istifadə edilməmiş əmək məzuniyyətinə görə ödənilən məbləğin hansı illərə aid olması ilə araşdırma aparmalı, nəticədən asılı olaraq qərar qəbul etməlidir”. Eyni zamanda Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, «mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir». Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Vergi orqanlarında qulluğunuza xitam verilməsi ilə əlaqədar Sizə 16 may 2024-cü il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. Belə ki, əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 29 il 2 ay 17 gün qulluq illərinizə uyğun olaraq, vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın 1528,48 manatın (son 24 ay ərzində ödənilmiş 104716,90 manatdan 60165,50 manat büdcədənkənar ödənilmiş vəsait, həmçinin büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən 7868,00 manat hissəsi çıxıldıqdan sonra qalan pul vəsaitinin (36683,40 manat) 24-ə olan nisbəti) 80 faizi-1222,78 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçı vergi orqanlarında xidmət etmişdir. İddiaçıya 16 may 2024-cü il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı işəgötürən tərəfindən ona istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiya məbləğinin dövlət qulluğunun son 24 ayı üzrə dövlət məvacibinin tərkibində nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir. İddiaçının pensiya işinin təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçıya istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın cəmi məbləği 10565,60 manat (büdcə üzrə) müəyyən edilmiş, həmin məbləğdən son 24 ay üzrə istifadə olunmayan məzuniyyətə görə kompensasiyanın məbləği büdcə üzrə 2697,60 manat olmuşdur. İddiaçıya təyin edilmiş əmək pensiyası hesablanarkən son 24 aya aid 2697,60 manat istifadə olunmayan məzuniyyətə görə kompensasiya məbləği nəzərə alınmışdır. Göründüyü kimi, istifadə edilməmiş məzuniyyətə görə məbləğin bir qismi, 2697,60 manat kompensasiya məbləği iddiaçının dövlət orqanında qulluğun son 24 ayı dövlət məvacibinin orta aylıq məbləği ilə əlaqədar olsa da, iddiaçının nəzərə alınmasını tələb etdiyi kompensasiyanın digər 7868,00 manat olan hissəsi həmin son 24 aylıq dövrə aid olmamış, həmin dövrə aid olmayan ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiya olmuşdur. İddiaçıya əmək pensiyası hesablanarkən dövlət məvacibinin orta aylıq məbləğində nəzərə alınmayan 7868,00 manat kompensasiya məbləği orta aylıq əmək haqqı hesablanan dövr üzrə yox, əvvəlki dövrə aid olan ödənişdir. Belə ki, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi son 24 ay üzrə əmək haqqının tərkibinə daxil olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş həmin 7868,00 manat kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən hesablanır. 10565,60 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinin bir qismi adıçəkilən son 24 aya aid olmaqla pensiya təyinatı zamanı nəzərə alınsa da, 7868,00 manat məbləğ son 24 aya aid olmadığından qanuni və əsaslı olaraq əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12759/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1623/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1623/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver