Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1624/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı aktın ləğv edilməsi və s tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4493/2021 saylı, 21 oktyabr 2021- ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı cavabdehin 26.01.2018-ci il tarixli **********110291 saylı əsassız tərtib edilmiş aktın ləğv olunması, habelə İddiaçı MMC-nin ümumi iclasının 10.01.2020-ci il tarixli MMC-nin müflis (iflas) olunması barədə iclasın çıxardığı qərarın təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin birinci instansiya icraatı zamanı iddiaçıya 23.09.2021-ci il tarixli məktubla İPM-in 13-cü maddəsinə əsasən iddia tələbi dəqiq və aydın olmadığından, həmçinin mübahisələndirilən **********110291 nömrəli akt inzibati akt olmadığından, iddia tələbinin dəqiqləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsi iddiaçıya təklif edilmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirməmiş və müvafiq sübutları məhkəməyə təqdim etməmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4493/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş və əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş həmin akta əsasən, ona 7000 manat cərimə hesablanmışdır. Məhkəmənin səlahiyyəti vardır ki, həmin aktı qanunsuz hesab edərək ona hesablanmış peniyanı, cəriməni silsin. Odur ki, qərardad ləğv olunmalı və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən şikayətə etiraz təqdim edilmişdir və onunla əsaslandırılmışdır ki, İddiaçı yanlış olaraq inzibati akt hesab etdiyi səyyar vergi yoxlaması aktını məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin həmin sənəd müstəqil inzibati akt olmayıb, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmamışdır. İnzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Belə ki, Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 28.08.2017-ci il tarixli **********109190 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən "Dencool Caspian” Məhdud Məsuliyyətli Cəmiyyətində növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi 26.01.2018-cİ il tarixli **********110291 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Həmçinin Akt əsasında 26.01.2018-ci il tarixli **********137645 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən, aralıq inzibati akt konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Məhkəmə qərardadında əsaslı olaraq qeyd edilmişdir ki, “Məhkəmə iddia tələbinin birinci, yəni “cavabdehin 26.01.2018-ci il tarixli **********110291 saylı əsassız tərtib edilmiş aktın ləğv olunması hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin 26.01.2018-ci il tarixli **********110291 saylı aktı səyyar vergi yoxlaması aktıdır, səyyar vergi yoxlaması aktı isə inzibati akt hesab edilmədiyindən, iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır. Belə ki, səyyar vergi yoxlaması aktı "İnzibati icraat haqqında" Qanunun 2.0.2-ci və İPM-in 32.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati məhkəmələr qarşısında mübahisələndirilə bilən inzibati akt sayılmır. Başqa sözlə, sözügedən aktda “İnzibati icraat haqqında" Qanunun 2.0.2-ci maddəsinin (inzibati aktın mövcudluğu üçün) şərtləndirdiyi inzibati orqan tərəfindən kənara (xaricə) münasibətdə bilavasitə nəticələr yaratmaqla “nizamasalma (həll etmə)" ünsürü yoxdur. İddiaçının müflis olma barədə qərarın təsdiqi ilə əlaqədar iddia tələbi iqtisadi mübahisələrə aid olduğundan, müstəqil iddia şəklində kommersiya məhkəməsində qaldırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, ümumi (pubiik) hüquq sahəsinə aid olmayan mübahisəni, inzibati mübahisə kimi qiymətləndirib, onu mahiyyəti üzrə həll etmək mümkün deyildir." İddia tələbinin ikinci hissəsinə münasibətdə də məhkəmənin mövqeyi əsaslı olmuşdur. İddiaçının müflis olma barədə qərarın təsdiqi ilə əlaqədar iddia tələbi iqtisadi mübahisələrə aid olmaqla, mütəqil iddia şəklində kommersiya məhkəməsində qaldırılmalı olduğu halda, inzibati məhkəməyə müraciət edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsini qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının nümayəndəsi cərrahi əməliyyat aparıldığına görə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir.Əlavə olaraq apellyasiya şikayətini müdafiə etdiyini və təmin edilməsini xahiş etmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, apellyasiya şikayətinə etiraz etdiyini və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd edilmişdir ki, “iddiaçının müflis olma barədə qərarın təsdiqi ilə əlaqədar iddia tələbi iqtisadi mübahisələrə aid olduğundan, müstəqil iddia şəklində kommersiya məhkəməsində qaldırılmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir: - cavabdeh tərəfindən 26.01.2018-ci il tarixdə tərtib edilmiş **********110291 saylı aktın ləğv olunması; -İddiaçı MMC-nin ümumi iclasının 10.01.2020-ci il tarixli MMC-nin müflis (iflas) olunması barədə iclasın çıxardığı qərarın təsdiq edilməsi. Kollegiya hesab edir ki, iddia tələbinin birinci hissəsi cavabdehin 26.01.2018-ci il tarixli **********110291 saylı aktı səyyar vergi yoxlaması aktının ləgv edilməsi hissəsindəsəyyar vergi yoxlaması aktı inzibati akt hesab edilmədiyindən, iddia tələbi həmin hissədə mümkün sayılmamışdır. Belə ki, səyyar vergi yoxlaması aktı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci və İPM-in 32.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati məhkəmələr qarşısında mübahisələndirilə bilən inzibati akt sayılmır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarında nəzərdə tutulmuşdur ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati aktkimi qəymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxs üçün müəyyən hüquqi nəticələr yaratsın. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.” İddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İddiaçının müflis olma barədə qərarın təsdiq edilməsi ilə baglı tələbi iqtisadi mübahisələrə aid oldugundan, həmin tələbə müstəqil iddia şəklində kommersiya məhkəməsində baxılmalıdır. Göründüyü kimi iddia tələbi hər iki hissədə mümkün hesab edilmədiyindən məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4493/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1624/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1624/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver