Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1625/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4291/2020 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdeh icra məmuruna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 1(101)-774/2017 saylı hökmü üzrə verilən icra vərəqəsi əsasında Bakı şəhəri Cavabdehndə başlanmış icra işi çərçivəsində icra məmurunun hərəkət və hərəkətsizliyi nəticəsində məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş “Mersedes ML-350” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışı baş tutmadıqdan sonra xx xxxx 2018-ci il tarixdən etibarən xx xxxx 2019cu il tarixədək əmlakın mülkiyyətçisinə konkret olaraq borclu şəxs qismində tanınmış İddiaçı2 və onun ailə üzvlərinə qaytarılması, AR Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(102)-14/2019 saylı qərarının tələblərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş ümumi məbləğdə 193.500 manat maddi və mənəvi ziyanın ödənilməsi, icra məmuru tərəfindən «İcra haqqında» AR Qanununun 8-ci maddəsinin 3-cü bəndinin tələblərinin icra olunmaması nəticəsində iş üzrə borclu kimi İddiaçı2 həmin maddənin 5-ci bəndinin tələbi ilə müəyyən edilmiş məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırıldığı və hazırkı məhkəmə mübahisəsinin icra məmurunun hərəkət və hərəkətsizliyi nəticəsində yarandığı nəzərə alınmaqla işin obyektiv və konkret hallarının hüquqi qiymətləndirilməsi, müəyyən edilmiş faktlar əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində xx xxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan dövrdə iddiaların qaldırıldığı, hər iki iddia ərizəsi ilə bağlı məhkəmənin xx xxxx 2019-cu il tarixli 2- 1(82)-2596/2019 saylı və x xxxxxx 2019-cu il tarixli 2-1(82)- 4199/2019 saylı qərardadlarının çıxarıldığı və bu qərardadlarda qeyd olunan tövsiyələrə riayət olunmasının nəzərə alınması, Bakı şəhəri Cavabdehnə ünvanlanmış xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli müraciətlərin cavablandırılmaması hüquqi qiymətləndirilərək iddiaya mahiyyəti üzrə baxılmasının təmin edilməsi, hazırkı iddianın məhkəmə qərarının icrasından sonra icra məmurunun hərəkət və hərəkətsizliyi nəticəsində yarandığı nəzərə alınaraq mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyünə riayət olunması, icra məmuru tərəfindən «İcra haqqında» AR Qanununun 53.3-cü maddəsinin tələblərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıların hüquqlarının kobud surətdə pozulmasına dair sübutların mötəbərliyinin AR Mülki Prosessual Məcəlləsinin 81ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4291/2020 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4291/2020 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan minik avtomobili birgə iddiaçıların nikahda olduğu dövrdə alınıb. Avtomobil ailənin ümumi istifadəsində olub. Avtomobilin üzərində hər iki iddiaçının birgə pay hüququ mövcuddur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4291/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir. Məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyənetmə və ya tanınma haqqında iddia), 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Hazırkı işin halları ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsində bir neçə tələb birləşdirilsə də, tələblərdən biri “icra məmurunun hərəkətlərinə qiymət verilməsi”, digəri “icra məmurunun qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi”-dir. Mövcud qanunvericilik icra işi çərçivəsində icra məmurunun hərəkətlərindən şikayətə iddia qismində inzibati məhkəmə icraatı qaydasında baxılmasını yox, ona icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Halbuki, hazırkı işin bağlı olduğu müvafiq icra işi üzrə icra sənədi Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmişdir. İnzibati məhkəmə icraatı qaydasında “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” ilə bağlı iddiaya baxıla bilər ki, bunun üçün də müvafiq mümkünlük şərtlərinin ödənilməsi vacibdir. Məhkəmə vurğulayır ki, hazırkı iddiada “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi də irəli sürülsə də, işin bəzi xüsusatları iddianın mümkünlük şərtlərinin ödənilməsini istisna edir. Belə ki, hazırkı iş üzrə iddiaçıların birgə iddiaçı kimi çıxış etməsi İPM-in 30-cu maddəsinin tələbləri ilə uzlaşmır. Bu qənaət ondan irəli gəlir ki, iddiaçılardan biri müvafiq icra işi üzrə tərəf (borclu), digəri isə onun ailə üzvü olsa da icra icraatına cəlb olunmamış şəxsdir. Bundan başqa, məhkəmədə hazırkı iddia qaldırılmamışdan əvvəl xx xxxxxx 2019-cu il tarixli ərizə ilə inzibati orqan kimi Bakı şəhəri Cavabdehnə hazırkı iddiaçılardan yalnız biri, yəni İddiaçı2 müraciət etmişdir. O, müraciətində digər iddiaçını ailə üzvü kimi göstərməklə onlara dəymiş ziyan məbləğinin ödənilməsini xahiş etsə də, inzibati icraat zamanı təmsilçiliyi təsdiq edən hallar (sənədlər) məhkəmə icraatında ortaya çıxmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməliolub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4291/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1625/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1625/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver