Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1625/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2-1(112)-764/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs) barədə ərizə təqdim edərək, Qaradağ rayon İcra hakimiyyəti tərəfindən ona verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki ölçüsünə uyğun qeydiyyata alınmaqla, onun adına daşınmaz əmlaka dair texniki pasportun tərtib olunması və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ rayon İcra hakimiyyəti başçısının 1183 saylı, 20.02.2000-ci il tarixli sərəncamına əsasən Qaradağ rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə mağaza tikintisi üçün X3 Sahil qəsəbəsində ayrılmış torpaq sahəsi etibarsız hesab edilərək, həmin torpaq sahəsi mağaza tikintisi üçün atası X6 verilmişdir. Bununla yanaşı Qaradağ rayon İcra hakimiyyəti başçısının 117 saylı 01.02.2001-ci il tarixli sərəncamına əsasən Sahil qəsəbəsində yaradılmış ticarət cərgəsində 16,0 kv. metr sahəsi olan mağaza tikintisinə icazə verilmişdr. Daha sonra həmin mağaza dövlət ehtiyacları üçün sökülmüş əvəzində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsi verilmişdir. Atası 18.11.2006-cı il tarixdə ölmüş, Bakı şəhəri 45 saylı Notariat ofisində vərəsəlik işi açılmış və o, X4 yeganə vərəsəsi kimi tanınmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən imtina məktubu verilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2-1(112)-764/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Qaradağ rayon İcra hakimiyyəti tərəfindən İddiaçı verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində faktiki ölçüsünə uyğun İddiaçı mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış binasına dair çıxarış verilməsi ilə bağlı 01.02.2020-ci il tarixdə İdarəyə poçt vasitəsilə müraciət etmişdir və ərizəyə sənəd surətləri əlavə edilmişdir (sənədlərin əsilləri əlavə edilməmişdir). Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı) təqdim edilməmişdir və özbaşına tikilidir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin 01.02.2001-ci il tarixli, 117 nömrəli sərəncamı əsasında inşa edilmiş qeyri-yaşayış binası (mağaza) sökülmüş və yerində ümumi sahəsi 82,7 kv.m olan birmərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. Bundan əlavə, müvafiq qeyri-yaşayış binası yol kənarındakı yaşayış binasının yaxınlığında yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X2 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və ekspertiza təyin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2-1(112)-764/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Qaradağ rayon İcra hakimiyyəti başçısının 1183 №li 20.12.2000-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan sərəncamla Qaradağ rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə mağaza tikintisi üçün X3 Sahil qəsəbəsində ayrılmış torpaq sahəsinin etibarsız hesab edilməsi (əsas vətəndaşın şəxsi ərizəsi); bu torpaq sahəsinin mağaza tikintisi üçün Sahil qəsəbə sakini X6 verilməsi qərara alınmışdır. Qaradağ rayon İcra hakimiyyəti başçısının 117 №li 01.02.2001-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan sərəncamla Bakı şəhər İcra hakimiyyəti başçısının 1362 saylı 10 dekabr 1997-ci il tarixli sərəncamına əsaslanaraq və vətəndaş İddiaçı müraciəti nəzərə alınaraq Sahil qəsəbəsi, Ə.Gülbalayev küçəsi, ev 18, mənzil 44-də yaşayan X1 fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində yaradılmış ticarət cərgəsində 16,0 kv. metr sahəsi olan mağazanın tikintisinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən 21 noyabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 212143 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 18.11.2006-cı ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin noyabr ayının 21-ci günündə 532 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş 003 №li 25 mart 2015-ci il tarixli arayışda göstərilmişdir ki, Ə.Gülbalayev küçəsi 18-ci binanın qarşısında mərhum X6 məxsus olan 01.02.2001-ci il tarixli 117 saylı sərəncamla tikilmiş dükanı olmuşdur. Lakin 2013-cü il tarixində Dövlət tədbiri ilə əlaqədar olaraq binaların və məhlələrin abadlaşması ilə əlaqədar dükanlar sökülmüşdür. Həmin dükanlar M.Seyidov küçəsində Dövlət tərəfindən tikilərək mərhumun oğlu İddiaçı verilmiş, 004 №li 25 mart 2015-ci il tarixli arayışda göstərilmişdir ki, Ə.Gülbalayev küçəsi 18-ci binanın qarşısında mərhum X6 məxsus 20.12.2000-ci il tarixli 1183 saylı sərəncamla tikilmiş dükanı olmuşdur. Lakin 2013-cü il tarixində Dövlət tədbiri ilə əlaqədar olaraq binaların və məhlələrin abadlaşması ilə əlaqədar dükanlar sökülmüşdür. Həmin dükanlar M.Seyidov küçəsində Dövlət tərəfindən tikilərək mərhumun oğlu İddiaçı verilmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq, Bakı şəhəri Qaradağ rayon İcra hakimiyyəti tərəfindən verilmiş 3/17 №li 05 mart 2021-ci il tarixli məktubda göstərilmişdir ki, X6 Qaradağ rayon İcra hakimiyyəti başçısının 01.02.2001-ci il tarixli 117 nömrəli sərəncamına əsasən Sahil qəsəbəsində yerləşən ticarət cərgəsində 16 kv. metr sahəsi olan mağazanın tikintisinə icazə verilmişdir. Vətəndaş T.Q.Musayev Ə.Gülbalayev küçəsində mağaza tikdirmişdir. 18.11.2006-cı ildə vətəndaş T.Q.Musayev vəfat etmişdir. 2013-cü ildə Sahil qəsəbəsində “Abad məhəllə”nin yaradılması və abadlıqquruculuq işlərinin aparılması ilə əlaqədar Sahil qəsəbəsi, Ə.Gülbalayev küçəsində İddiaçı atasının adına olan sərəncama əsasən istifadəsindəki 16 kv. metr sahəsi olan mağaza Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaradılmış ticarət cərgəsində daha böyük sahə ilə əvəzləşdirilmişdir. İddiaçı 01.02.2020-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyriyaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********00 №li 21.02.2020-ci il tarixli cavab məktubu ilə müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, sözügedən ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmiş və yol kənarındakı yaşayış binasının yaxınlığında yerləşdiyi müəyyən olunmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İşə baxan məhkəmə isə iddianı təmin etmiş və hesab etmişdir ki, Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” AR 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nöömrəli Fərmanının 4.7-1.2.1-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyeklərinə münasibətdə-müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. İş materiallarından da göründüyü kimi Qaradağ rayon İcra hakimiyyəti başçısının 1183 №li 20.12.2000-ci il tarixli sərəncamı ilə iddiaçının mərhum atası X6 Sahil qəsəbəsində mağaza tikintisi üçün torpaq sahəsi ayrılmış, Qaradağ rayon İcra hakimiyyəti başçısının 117 №li 01.02.2001-ci il tarixli sərəncamı sonuncuya kommersiya fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində yaradılmış ticarət cərgəsində 16,0 kv. metr sahəsi olan mağazanın tikintisinə icazə verilməsi qərara alınmış, 2006-cı ildə iddiaçının atası ölmüş, 2013-cü ildə isə Sahil qəsəbəsində “Abad məhəllə”nin yaradılması və abadlıqquruculuq işlərinin aparılması ilə əlaqədar Sahil qəsəbəsi, Ə.Gülbalayev küçəsində İddiaçı atasının adına olan sərəncama əsasən istifadəsindəki 16 kv. metr sahəsi olan mağaza Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaradılmış ticarət cərgəsində daha böyük sahə ilə əvəzləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı) təqdim edilməmiş, birinci instansiya məhkəməsi sadəcə Bakı şəhəri Qaradağ rayon İcra hakimiyyəti tərəfindən verilmiş 3/17 №li 05 mart 2021-ci il tarixli məktuba istinad edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbinin təmini üçün əsasların olmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşsa da, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X2 Təşkili üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində icraata cəlb edilməli olduqlarına dair apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmur. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinin əsasları yoxdur, rədd olunmalıdır. Bu barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2-1(112)-764/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2-1(112)-764/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1625/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1625/2021
12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver