Məhkəmə qərarları › İş №2-1(103)-1625/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1625/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1625/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 oglu, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi tələbinə dair iş üzrə 2-1(82)-900/2019 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir . 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı ŞİH Başçısı Aparatı Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 5 avqust 2003-cü il tarixli 31817 saylı müqavilə əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5831 saylı bağ sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəiyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin X1 2-1(103)-2171/2019 saylı, 08.10.2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2019cu il tarixli, 2-1(82)- 900/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 12 yanvar 2022-ci il tarixdə X3 Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2-1(82)- 900/19 saylı, 14 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və üçüncü şəxs qismində cəlb edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-900/2019 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadı ilə iş X2 ərizəsi təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnməklə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-900/2019 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmanın təzələnməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərardada dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-900/2019 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadından görünür ki X3 , iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və icraat təzələnmişdir. Azərbaycan Respublikası İPM-nin 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən məhkəmə qərarının yalnız əsaslandırma hissəsi və məhkəmə xərcləri ilə bağlı şikayətə yol verilmir. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən məhkəmə prosesinin aparılması qaydaları haqqında məhkəmə qərardadlarından (sərəncamlarından), məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarından, sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarından müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından, hakimlərə, məhkəmə tərkiblərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarından və bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-nin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli AR İPM-in 28-ci maddəsinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraatın təzələnməsi və üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardaddan apellyasiya şikayəti verilməsi qanunvericilik normalarında nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbulundan imtina edilərək, şikayət onu verən şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-900/2019 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar