Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1626/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs X6, Yasmal Rayon Bələdiyyəsi) qarşı “sərəncamın ləğv olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8573/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı mübahisəsələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamının ləğv edilməsi, eyni zamanda, mübahisəli torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.32.1.). İddianın əsaslarına görə Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin 04 aprel 2007-ci il tarixli, 31/2 saylı sərəncamına əsasən Bakı şəhəri, Yeni Yasamal, Ü.Əkbərov küçəsində yerləşən ümumi sahəsi 1050.00 kv.m olan torpaq sahəsi 150 il müddətinə iddiaçıya icarəyə verilmişdir. O, məcburi köçkün olduqdan sonra həmin sahəni məişət tullantılarından təmizləmiş və orada abadlıq işləri aparmışdır. Həmin torpaq sahəsi hasara alınmış, darvaza qoyulmuşdur. Fakitiki olaraq mübahisəli torpaq sahəsi 2007-ci ildən onun istifadəsindədir. Bu günədək hər il illik ödəniş iddiaçı tərəfindən tam həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixədək bələdiyəyə heç bir borcu yoxdur. Buna baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 102 saylı Sərəncamına və xx.xx.2020-ci il tarixli 1601 saylı İcarə müqaviləsinə əsasən Bakı şəhəri, Yeni Yasamal, Ü.Əkbərov küçəsində yerləşən 0,1097 ha torpaq sahəsi X4 49 il müddətinə icarəyə verilmişdir. Halbuki, 2007-ci il tarixdən etibarən iddiaçının istifadəsində olmuş, hər il Yasamal Bələdiyyəsinə onun tərəfindən tam şəkildə müvafiq ödənişlər edilmişdir. Ətrafdakı şəxslər də torpaq sahəsinin iddiaçıya məxsus olduğunu, 2007-ci ildən onun tərəfindən istifadə olunduğunu təsdiq edə bilərlər. Üçüncü şəxs X5 tanımır, onun kim olduğu, qeydiyyat ünvanı barədə hər hansı məlumat əldə edə bilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilinəsi birbaşa bələdiyyənin səlahiyyətindədir. Qanunvericiliyin tələblərinə görə bələdiyyə torpaqlarının icarəyə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində deyildir. Lakin Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qanunsuz olaraq qəbul edilmiş xx.xx.2020-ci il tarixli 102 saylı Sərəncam nəticəsində istifadə hüququ pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8573/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı əsassız, qanuna zidd və qeyri obyektivdir. İddia tələblərinə düzgün hüquqi qiymət verilməmişdir. Sübutları və iddiasının əsasları araşdırılmamış, iş üzrə ekspertiza keçirilməmişdir. Torpaq sahəsi onun müraciətinə əsasən Bakı şəhəri Yasamal bələdiyyə sədrinin 04 aprel 2007-ci il tarixli 31/2 saylı sərəncamına əsasən onnun icarəsinə verilmiş, onunla aralarında icarə müqaviləsi bağlanılmış, vaxtı-vaxtında icarə haqlarını bələdiyyə büdcəsinə ödəmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli sərəncamı torpaq sahəsinin icarədarı olaraq onun heç bir məlumatı olmadan verilmişdir. Onun qonşuluğunda olan torpaq sahələrində fərdi yaşayış evləri tikilib, əksəriyyətinin mülkiyyət hüququna dair çıxarışları var. Belə olan halda 2007-ci ildən icarə müqaviləsi əsasında mübahisəsiz istifadəsində olan və sahiblik etdiyi torpaq sahəsinin onun məlumatı olmadan, gizli şəkildə digər şəxsə icarəyə verilməsi ədalətsiz və qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1026/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2169/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 96.1-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə iş üzrə qərarında qeyd etmişdir ki, məhkəmə Bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, icarəyə dair aktı imzalayan şəxsləri müəyyən etməklə həmin aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil “sərəncam” adlandırılmasının texniki səhv və yaxud “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.3-cü maddəsi ilə nəzərdə tutulan pozuntu olmasını aydınlaşdırmaq, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin olub-olmamasını müəyyən etmək imkanlarına malik idi. Eyni zamanda Yasamal rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 31/2 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində, 1050 kv.metr torpaq sahəsi ayrılan vaxt torpaq sahəsinin Yasamal Bələdiyyəsinin balansında, yaxud cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən dövlət mülkiyyətində olması apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır (b.b.47, 49). Ali Məhkəmənin qeyd olunan göstərişlərindən irəli gələrək, işə təkrar apellyasiya qaydasında baxılarkən, Yasamal Rayon Bələdiyyəsi məhkəmənin 24 iyul 2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs kimi adi cəlbetmə qaydasında işə cəlb edilmişdir. Eyni zamanda, işin təkrar apellyasiya qaydasında araşdırılması zamanı müəyyən olunan mübahisəli hallar ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 102 nömrəli mübahisələndirilən sərəncamından görünür ki, ofis binalarının tikintisi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,10 ha torpaq sahəsi vətəndaş X1, 0,11 ha torpaq sahəsi isə vətəndaş X2 icarə əsasında istifadəsinə verilmişdir. Lakin iddiaçı tərəfindən mübahisəndirilir ki, Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli 31/2 nömrəli sərəncamı ilə həmin ərazidə 1050 kv.metr torpaq sahəsi məcburi köçkün kimi ailə-məişət vəziyyətini yaxşılaşdırmaq məqsədilə İddiaçı icarəsinə verilmişdir. İşə əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyəti başçısının üçüncü şəxs X4 ünvanladığı xx.xx.2021-ci il tarixli, H-275/2-091/2-t/1 nömrəli məktubda bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən icarə əsasında X2 adına rəsmiləşdirilmiş 0.1097 ha torpaq sahəsi “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə Yasamal Bələdiyyəsinə ayrılmış ərazilərə aid deyildir. Göstərilənlərələ əlaqədar qeyd olunmalıdır ki, 2007-ci ild Yasmal Rayon Bələdiyyəsinin qeyd olunan sərəncamı ilə iddiaçının adına icarəyə torpaq sahəsi ayrılarkən qüvvədə olmuş Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci hissəsində nəzərdə tutulurdu ki, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir, 4-cü hissəsi isə nəzərədə tuturdu ki, bələdiyyə torpaqlarının isğifadəyə verilməsi «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi qaydalar çərçivəsində həyata kençirilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun (29 iyun 2001-ci il № 160- İİQ) 6.5-ci madəsinin həmin vaxt qüvvədə olan redaksiyası nəzərədə tuturdu ki, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafıq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir (Həmin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli Fərmanına əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri(qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.) Lakin iş materiallarına əsasən 2007-ci ildə Yasamal Rayon Bələdiyyəsi tərəfindən iddiaçının icarəsinə 1050 kv m torpaq sahəsinin qanunun qeyd olunan tələblərinə uyğun, müvafiq bələdiyyə qərarı qəbul edilməklə, həm də adıçəkilən müvafiq icra hakimiyyətlərinin rəyi alınmaqla, ayrıldığı müəyyən olunmur. Eyni zamanda, Ali Məhkəmənin göstərişi nəzərə alınmaqla, hazırkı mərhələdə iddia olunan torpaq sahəsinin bələdiyyə torpaqlarına, yoxsa, dövlət mülkiyyətində olan torpaqlara aid olub-olmadığını müəyyənləşdirmək üçün torpaq kadastrının yerquruluşu üzrə mütəxəssis rəyinin alınması zəruri hesab edilərək, iddiaçıya - Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində ayrılan 1050 kv.metr torpaq sahəsinin Yasamal Bələdiyyəsinin balansında, yoxsa, dövlət mülkiyyətində olmasına aydınlıq gətirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 27 iyul 2023-cü il tarixli sorğu-məktub ünvanlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi (X9) tərəfindən verilmiş mütəxəssis rəyində isə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının üçüncü şəxsə ünvanladığı xx.xx.2021-ci il tarixli, H-275/2-091/2-t/1 nömrəli məktubunda mübahisələndirilən sərəncamla üçüncü şəxs Z.Hüseynova ayrılmış 1097 kv.m torpaq sahəsinin Yasamal Bələdiyyəsinə ayrılmış ərazilərə aid olmadığı öz təsdiqini tapır. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallar və qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, 2007-ci ildə Yasamal Rayon Bələdiyyəsinin sərəncamı ilə Ü.Əkbərov küçəsində iddiaçının icarəsinə 1050 kv m torpaq ayrılarkən qanunvericiliyin tələblərinə riayət edilməmiş, bu isə sonda onunla nəticələnmişdir ki, bələdiyyə üçün ayrılmayan, dövlət mülkiyyətində olan torpaq sahəsinə münasibətdə bələdiyyə sədri tərəfindən təkbaşına sərəncam verilmişdir. “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsi isə nəzərdə tutur ki, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Belə olan halda, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti, dövlət mülkiyyətində olan həmin torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilməsi barədə xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamı qəbul etməsi onun səlahiyyətləri daxilində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.4-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Belə olan halda, iddiaçının həmin sərəncamın ləğv edilməsi və hüquqi nəticəsinin aradan ( torpağa çıxarın ləğv edilməsi) qaldırılması barədə iddia tələbi əsassızdır və həmin sərəncmla onun hüquqları pozulmuş hesab oluna bilməz. İPM-in 70.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin akt qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı iilə iddianın rədd olunması mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8573/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8573/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1626/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1626/2023
07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver