Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1627/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi ilə (məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər: X3, X2 və “xxxxxxxx” ASC) “torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-2144/2020 saylı qərardadından ərizəçi, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra – Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yer müəyyən edilməklə plan-ölçü və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadları ilə X3, X2 və “xxxxxxxx” ASC hazırkı işə üçüncü şəxs qismində cəlb edilmişlər. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, xx xxxxxx 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə iddiaçıya rəsmi məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2144/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx xxxxxx 2004-cü il tarixli JN-10756D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə iddiaçıya rəsmi məlumatın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Daha sonra ərizəçi ərizəçi Bakı şəhər İcra Hakimiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin həmin iş üzrə üçüncü şəxs qismində tanınmasını xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2144/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və qeyrilərinə qarşı torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə iddiaçıya məlumat verilməsi barədə iddiası təmin olunmuş, xx xxxxxx 2004-cü il tarixli JN-10756D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə iddiaçıya rəsmi məlumatın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qeyd edilən məhkəmə qərarı Bakı şəhər İcra Hakimiyyətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğundan, Bakı şəhər İcra Hakimiyyətinin həmin iş üzrə üçüncü şəxs qismində tanınması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-2144/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçi qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2144/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı bilavasitə Bakı şəhər İcra hakimiyyətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu üçün ərizəçi iş üzrə üçüncü şəxs qismində icraata cəlb olunmalı və işə yenidən baxılmalıdır. Apelyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi Cəlil Xudiyev şikayətə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsini dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı,iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2144/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərarxx.xx.2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubuna əsasən, sözügedən torpaq sahəsinə texniki baxış keçirilmiş və Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən mühəndis təyin etdiyi koordinatlar üzrə yerləşən torpaq sahəsi **********37 reyestr nömrəsi ilə digər fiziki şəxsin mülkiyyətində olduğu bildirilmişdir. İş üzrə xx xxxxxx 2018-ci il tarixdə icra vərəqəsi verilərək icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iş üzrə icraata başlanılmışdır. Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Daha sonra iddiaçı Bakı şəhər İcra Hakimiyyətinə və digərlərinə qarşı məhkəmədə iddia qaldıraraq 150000 AZN məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixli Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair qərarında göstərilmişdir:
1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə qarşı kompensasiya ödənilməsinə dair iddia qaldırdığından hazırki iş ərizəçinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunur. Buna görə də kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı,iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
q ə r a r a a l d ı:
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-2144/2020 qərardadı ləğv olunsun. İddiaçı cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər: X3, X2 və “xxxxxxxx” ASC) “torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və s.” tələbinə dair iş baxılması üçün həmin məhkəməyə göndərilsin.
Sədrlik edən: Valeh Ağayev
Hakimlər: Afaq Nuriyeva
Cahangir Yusifov