Məhkəmə qərarları › İş №2-1(103)-1627/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1627/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1627/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Pro Bono” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1959-cu il tarixində Mingəçevir şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-2031/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 06.10.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 476, 21 mərtəbəli binada yerləşən 4 (dörd) otaqlı sahəsi 226 kv. metr olan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi məhəllə 476, 21 mərtəbəli binada yerləşən 4 (dörd) otaqlı sahəsi 226 kv. metr olan mənzil ona məxsusdur. Həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********64 saylı 02 oktyabr 2020-ci il tarixli məktubu ilə müraciətindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd olunan mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi göstərilmişdir. İddia ərizəsinə əlavə edilən 09.10.2005-ci il tarixli 188/09/10/2005 saylı müqavilədən görünür ki, “X6” MMC-nin direktoru X3 ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 476-cı məhəllədə inşa etdiyi 21 mərtəbəli binada hər bir kv. m-nin qiyməti 400 ABŞ dolları dəyərində sahəsi 226 kv. metr olan 1 bloklu 1 saylı binada 12-ci mərtəbəsində sağ tərəf 4 otaqlı mənzili İddiaçı satmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi məhəllə 476, 21 mərtəbəli binada yerləşən 4 (dörd) otaqlı sahəsi 226 kv. metr olan mənzil 09.10.2005-ci il tarixli, 188/09/10/2005 saylı müqavilə əsasında dəyəri tam şəkildə ödənilməklə ona satılmışdır. Mənzilin dəyəri tam ödənildiyi üçün mülkiyyət hüququ ona keçmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Mənzil yazılı müqavilə əsasında ona keçdiyi andan onun həmin mənzil üzərində mülkiyyət hüququ artıq yaranmışdır. Konstitusiya ilə müəyyən edilmiş mülkiyyət hüquqlarının pozulmasına yol verilmir. İş materiallarında olan Bakı şəhəri “X5” MMC tərəfindən iddiaçıya verilmiş arayışda (direktor İ.T.Rzayev tərəfindən imzalanmışdır, tarix və nömrə yoxdur) qeyd edilmişdir ki, İddiaçı 09/10-2005 tarixli, 188/09/10/2005 saylı müqaviləyə əsasən “X5” MMC-yə borcu yoxdur. İş materiallarında olan 09.10.2005-ci il tarixli, 188/09/10/2005 saylı müqavilədə qeyd edilmişdir ki, “İcraçı” yəni, “X5” MMC Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 476-cı məhəllədə inşa etdiyi 21 mərtəbəli binada hər bir kv.m.-nin qiyməti 400 ABŞ dolları dəyərində, sahəsi 226 kv.m. olan 1 bloklu, 1 saylı binada 12-ci mərtəbəsində sağ tərəf 4 otaqlı mənzili “Sifarişçi”yə yəni, İddiaçı satmağı öz öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 06.11.2020-ci il tarixli, 09/10-5031 nömrəli məktubunda (sədrin birinci müavini N.Hümmətov tərəfindən imzalanmışdır) qeyd edilmişdir ki, ünvan 2 ünvanında “X5” MMC tərəfindən inşa edilmiş binanın istismara qəbul edilməsinə dair məlumat Komitədə yoxdur. Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-2031/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, məhəllə 476, 21 mərtəbəli binada yerləşən 4 (dörd) otaqlı sahəsi 226 kv. metr olan mənzilin xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 05.05.2021-ci il tarixdə apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-2031/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2, 21 mərtəbəli binada yerləşən 4 (dörd) otaqlı sahəsi 226 kv.metr olan mənzilə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı 28.08.2020-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədi İdarəyə təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə» qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. İşin apellyasiya icraatı zamanı 07.09.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə cavabdehin apellyasiya şikayətinin geri götürülməsi barədə 07.09.2021-ci il tarixli, **********76 nömrəli ərizəsi daxil olmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin geri götürülməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)- 2031/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə təmin edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-2031/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə təmin edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-2031/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti onu vermiş şəxsə geri qaytarılsın və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar