Məhkəmə qərarları › İş №2-1(103)-1627/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1627/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1627/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9783/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 17 mart 2023-cü il tarixli 4/3- 3589 nömrəli imtinasının qanunsuz hesab edilməklə İddiaçı müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı Əliyev X5 rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 21 iyul 1992-ci il tarixdən 12 sentyabr 1992-ci il tarixədək N saylı hərbi hissədə (Laçın koridoru, Doşanlıq, Kəlbəcər Murovdağı ərazilərində gedən döyüşlərdə) iştirak etmişdir. Bu barədə hərbi biletində qeyd aparılmışdır. Bundan başqa onunla birlikdə döyüşlərdə iştirak edən X2, X3, X6 da bunu təsdiq edə bilərlər. O, səhətində yaranan ciddi problemlə əlaqədar Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda uzun müddətli müalicə kursları aldığından müharibə veteranı statusu və vəsiqəsi üçün müraciət edə bilməmişdir. Müharibə veteranı adı almaq üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanlanmış 17 mart 2023-cü il tarixli 4/3-3589 nömrəli cavabı ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməklə ona müharibə veteranı statusu və müharibə veteranı vəsiqəsi verilməlidir...” Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: "...İddiaçının N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmçinin, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən iddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etmişdir. Bu isə qüvvədə olan veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi birbaşa istisna edir. Məhkəmənin nəzərinə çatdırılır ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9783/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «… Qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, işin faktiki hallarının ümumiyyətcə araşdırılmamış, iş üzrə sübutlara tam və obyektiv şəkildə qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur, halbuki bu barədə heç bir mötəbər dəlil və sübut yoxdur. Məhkəmə mülahizə əsasında qərar qəbul etmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 onun Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 21 iyul 1992-ci il tarixdən 12 sentyabr 1992-ci il tarixədək N saylı hərbi hissədə (Laçın koridoru, Doşanltq, Kəlbəcər Murovdağı ərazilərində gedən döyüşlərdə) iştirak etdiyini bildirsə də qərarında onun şahidin ifadəsinə istinad etməmişdir. Qeyd olunan xüsusatlara və hüquqi faktlara əsasən onun müharibə veteranı statusu daşıması üçün tam surətdə hüququ çatır…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı məcburetmə haqqında iddia qaldıraraq 17 mart 2023-cü il tarixli 4/3-3589 nömrəli imtinası qanunsuz hesab edilməklə ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi rədd edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçının hərbi xidmətə qəbulu, xidmət keçməsi barədə müvafiq əmrlər olsa da lakin sonuncu dəfə xx.xx.1994-cü il tarixli əmrlə hərbi hissəni özbşaına tərk etdyindən hərbi hissənin şəxsi heyətindən çıxarıldığı müəyyən olunur. Başqa sözlə, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə müvafiq sübutlar hazırkı iş üzrə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə məhkəmənin həmin mövqeyi ilə razılaşır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir... Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. «Veteranlar haqqında» Qanundan və Əsasnamənin adıçəkilən qeydlərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilməz. Konkret halda da iş materiallarına və məhkəmə sorğularına verilmiş cavablara əsasən işin aşağıdakı faktiki halları müəyyən olunur: - НЗ seriyalı ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1987-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixli 341 nömrəli əmrlə hərbi xidmətdən tərxis olunmuş; -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Sabunçu Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 3-43-70/2-1155/20203 nömrəli məktubuna əsasən ordu sıralarına səfərbər olunmuş şəxslərin əlifba kitabında 1969-cu il təvəllüdlü iddiaçının 05 iyul 1992-ci il tarixdə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılması və 12 sentyabr 1992-ci il tarixdə geri qayıtması barədə qeydlər var, onun 6 noyabr 1993-cü il tarixdə yenidən ordu sıralarına çağırılması barədə qeydlər aparılmış, lakin sonrakı xidməti (tərxis, yaralanma, fərarilik və s.) barədə əlifba kitabında və digər arxiv-uçot sənədlərində məlumat aşkar olunmamış; -Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-2712 nömrəli məktubuna əsasən N №-li hərbi hissə komandirinin iyul-sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçı məlumat aşkar edilməmiş; Nazirliyin xx.xx.2023-cü il tarixli 1233 nömrəli digər məktubuna əsasən: -3-cü MAT-ın hərbi qulluqçusu olan iddiaçı xx.xx.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 10 №-li əmrilə (əsas: §-4, səh-22, sıra-123, əmrdə atasının adı "Mürvəd” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılmış; -hərbi hissəni özbaşına tərk etmiş iddiaçı xx.xx.1994-cü il tarixdə hərbi hissəyə qayıtdığına görə N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 16 №-li əmri ilə (əsas: §-2, səh-43, sıra-20, əmrdə atasının adı “Mürvəd” yazılmışdır, vəzifəsi yazılmamışdır) xx.xx.1994-cü il tarixdən qazan təminatına qoyulmuş; - mövqeyi özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994- cü il tarixli 139 №-li əmrilə (əsas: §-7, sıra-15, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) qazan təminatından çıxarılmış; -Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin iyul-dekabr 1993-cü il, fevralaprel, iyun-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №-li hərb: hissə komandirinin iyul-dekabr 1992-ci il, mart-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçı barəsində məlumat aşkar edilməmiş; Eyni Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 1050 nömrəli məktubunda da N №-li hərbi hissə komandirinin iyul-dekabr 1992-ci il, mart-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçı barəsində məlumat aşkar edilməmişdir. Beləliklə də tədqiq olunan sübutlara əsasən müəyyən olunur ki, 3-cü MAT-ın hərbi qulluqçusu olan iddiaçı xx.xx.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 10 №-li əmri ilə xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılmış, xx.xx.1994-cü il tarixdə hərbi hissəyə qayıtdığına görə hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 16 №-li əmri ilə yenidən xx.xx.1994cü il tarixdən qazan təminatına qoyulmuş, lakin mövqeyini özbaşına tərk etdiyinə görə təkrarən hərbi hissə komandirinin xx.xx.1994- cü il tarixli 139 №-li əmrilə qazan təminatından çıxarılmış və bundan sonra, 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçı barəsində məlumat aşkar edilməmişdir. Tədqiq olunan sübtlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçı qanuni əsaslarla ehtiyata buraxılmamış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin əmri ilə şəxsi heyətinin siyahısından dən və bütün qazan təminatlarından çıxarılmışdır ki, belə olan halda da ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin qeyd olunan tələbləri baxımından, ona müharibə veteranı adı və vəsiqəsi verilməsini istisna edir. İddiaçı barəsində cinayət işi və araşıdırma materialının mövcud olub-olmamsına gəldikdə isə, məhkəmə kollegiyası onu qeyd edir ki, onun barəsində hər hansı cinayət işinin istintaq olunmaması, yaxud hərbi hissəni və qulluq yerini özbaşına tərk edibetməmədiyi tam və birmənalı şəkildə, həqiqətən onun döyüşən nizami hərbi hissədə xidmətinin və döyüşlərdə iştirakının təsdiqi və qanuni əsaslarla hərbi xidmətdən buraxulmasının əsası kimi qəbul oluna bilməz. Mübahisələndirilən şahid ifadəsinə gəldikdə isə Əsasnamənin qeyd edilən tələblərindən göründüyü kimi, veteran stausu şahid ifadələrinə əsasən deyil konkret sənədlər, o cümlədən, hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd olunanlar onu demyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunması işdə olan sənədlərə və qanunvericiliyin tələblərinə uyğundur. Cavabdehin qanunvericiliyə uyğun olan imtinası onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.1-ci maddəsinin tələbinə görə o halda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanunazidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət verilmiş, iddianın rədd olunması barədə düzgün nəticəyə gəlinmişdir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qanunsuz, əsassız və qeyri-obyektiv qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9783/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirildməən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9783/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar