Məhkəmə qərarları › İş №2-1(103)-1628/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1628/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1628/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Nazirliyinə qarşı “cavabdehin üzərinə iddiaçının əlilliyinin təsdiq olunması və əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4325/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeiyində Dövlət Sosial Müdafiə Fonduna qarşı cavabdehin üzərinə iddiaçının əlilliyinin təsdiq olunması və əlilliyə görə pensiya təyin öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya 08.12.2021-ci il hüquqi yardım məktubu göndərilərək, cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4325/2022 saylı, 16 fevral 2022-ci il tarixl qərardadı (hakim E.Əliyev) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan poçt xəbərnaməsindən (SS773268503AZ) görünür ki, göndərilmiş 08.12.2021-ci il tarixli hüquqi yardım haqqında məktub İddiaçı 02.01.2022-ci il tarixdə çatdırılmışdır. Hüquqi yardım haqqında məktub İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada çatdırılsa da, iddiaçı məhkəmə iclasına gəlməmiş və cavabdehin əvəz edilməsinə razılıq verməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və cavabdehin əsl cavabdehlə əvəz olunması haqqında qərardad qəbul olunaraq işə məhkəmədə baxılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona göndərilmiş məktubda cavabdehin əsl cavabdehlə əvəz olunmasına razılıq verilməsi ilə bağlı təklif olunmamışdır. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi iclasa gəlməmişlər. İddiaçı tərəfindən məhkəmənin elektron poçt ünvanına göndərilmiş məktubda eyni məzmunlu işin Bakı İnzibati Məhkəməsində olduğu və işin baxılmamış saxlanılması xahiş edilmişdir. İşin baxılmamış saxlanılmasına dair institutu İPM-də nəzərdə tutulmadığından Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı müvafiq inzibati orqan tərəfindən 10.04.2015-ci il tarixdə ikinci dərəcə müddətli əlillik təyin edilmişdir. 10.04.2021 -ci il tarixdə əlillik müddətinin bitməsi əsası ilə vətəndaşa təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır, iddiaçı 03.09.2021-ci il tarixdə əlil statusunu təyin etməklə səlahiyyətli edilmiş müvafiq inzibati orqanın (DTSERA) müayinəsindən keçmiş və həmin orqanın 01.10.2021-ci il tarixli qərarına əsasən göndərişin natamam doldurulması əsası ilə vətəndaşa əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iddiasına münasibətdə qüvvədə olan qanunvericiliyə əsasən cavab verməli orqan qismində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi olması və hazırkı inzibati iş üzrə Dövlət Sosial Müdafiə Fondunun cavabdeh qismində prosessual iştirakçılığı iddia tələbinin sözügedən hissəsinə münasibətdə mümkünsüzlüyünə əsas verməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından aydın olduğu kimi iddiaçıya təyin edilmiş əlil statusunun müddəti 10.04.2021-ci il tarixdə bitdiyi üçün və cavabdeh orqan tərəfindən aparılmış növbəti müayinə nəticəsində ona əlillik təyin edilməsindən imtina edildiyi üçün ona təyin edilmiş əlilliyə görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanununa müvafiq olaraq dayandırılmışdır. Belə ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının əsasında duran “əlil statusu”nun qüvvəsini itirməsi səbəbindən pensiya ödənişinin dayandırılması aşkar şəkildə göstərir ki, cavabdeh orqanın hərəkəti nəticəsində iddiaçının hər hansı hüququ və ya qanuni marağı pozulmamışdır. Belə olan halda əlilliyə görə pensiyanın təyin edilməsi ilə bağlı iddia tələbinin mümkünsüz olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarda göstərilmişdir: “9.Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iş materiallarının 9-cu səhifəsində olan iddiaçıya ünvanlanan hüquqi yardım məktubunun məzmunundan aydın olduğu kimi, iddiaçıya cavabdehin əsl cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi olması ilə bağlı hüquqi yardım göstərilmişdir. İş materiallarının 13-cü və 14-cü səhifəsində həmin məktubun 210 nömrəli 27.12.2021-ci il tarixli reyestrlə İddiaçı Binnət qızına ünvanlanması və çatdırılmasına dair poçt xəbərnaməsi mövcuddur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4325/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar