Məhkəmə qərarları › İş №2-1(103)-1629/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1629/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1629/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı əlilliyə görə pensiyanın təyin edilməsi tələbinə dair barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2472/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2472/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim N.Abiyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyə görə pensiyanın təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasına və məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş iş stajının nəzərə alınmaqla onun hüquqları yarandığı xx.xx.2016-cı il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin hüququnun yarandığı tarixdən hazıradək ödənilməyən pensiya məbləğinin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin əmək kitabçasında bütün qeydlərin olması, yalnız işdən çıxarılma barədə son qeydin olmaması səbəbindən ərizəçi öz hüququndan istifadə edə bilməmiş, zəruri qeydlərin aparılması üçün “Mübarək” kiçik dövlət müəssisəsinin axtarışları heç bir nəticə verməmiş, bu səbəbdən də ərizəçi xx.xx.2016-cı il tarixdə iddiaçı xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, onun xx.xx.1982-ci il tarixdən xx xxxx 1995-ci il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində baş mühasib vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin məhkəmə işin baxılmamış saxlanılması barədə qərardad qəbul etmiş, ümumi iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Lakin tərəfindən verilmiş Bakı Apelyasiya Məhkəməsi tərəfindən təmin edilmiş, qərardad ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamə iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Yasamal Rayon Şöbəsi tərəfindən mübahisələndirilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qətnamə ləğv edilmiş, ərizəçinin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilməmişdir. Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə Ali Məhkəmə həmin qətnaməni ləğv edərək işin yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarmışdır. Həmin məhkəmənin yeni qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlı şəxs həmin qətnamədən şikayət verməmiş, beləliklə qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra o, DSMF-nin Yasamal rayon şöbəsinə müraciət etsə də, onun müraciətinə baxılmamış, sonradan səhlənkarlıq edərək onun sənədlərini itirmişlər, sonradan onlara “DOST” Mərkəzinə müraciət etmələri tövsiyə edilmiş, ora müraciət edilsə də, 6 ay müddətində müraciətinə cavab verməkdən yayınmışlar. Sonuncu dəfə ona bildirilmişdir ki, onun pensiyası hesablanır, hamısı ödəniləcəkdir, lakin sonradan ona məlum olmuşdur ki, heç bir ödəmə edilməmişdir. Nəhayət cavabdeh orqan ona heç bir əsas göstərmədən, onun 13 il iş stajının olmamasını əsas gətirərək, imtina cavabı vermişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı 10 il 3 ay 21 gün (belə ki, qanunia tələb olunan staj 12 ildir) təşkil edir. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 1) 51 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 36 il (əmək qabiliyyətli yaş dövrü) 2) 36 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 144 ay, 3) 144 ay: 12 ay = 12 il. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərtə cavab vermir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31,05.2018-ci il tarixli Qanunun 1.0.1- ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. İddiaçının əmək kitabçasında xx.xx.2002-ci il tarixindən xx.xx.2005-ci il tarixi nədək “xxxx’’ Məhdud Məsuliyyətli Cəmiyyətində Baş Mühasib vəzifəsində işlədiyi barədə müvafiq qeydlər olsa da,bu dövrün düzgünlüyü barədə əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə işə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, həqiqətən də qeyd olunan dövrdə müəssisənin dövlət qeydiyyatından keçib-keçməməsi, fəaliyyətinin olub-olmaması, şəxsin əmək haqqı cədvəlləri və digər məlumatların bizə təqdim edilməsinə dair sorğu yazılmışdır. Göründüyü kimi, iddiaçının sosial sığorta stajına daxil olunmasını tələb etdiyi dövrlə bağlı əmək kitabçasında qeydlər düzgün aparılmamış və məhkəmə şəxsə müvafiq dövrlər nəzərə alınmaqla pensiya təyin olunması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan: - ASAN 3 tərəfindən xx.xx.2015-ci ildə verilmiş AZE seriyalı 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - xx xxxx 1989-cu ildə verilmiş 635538 №li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1984-1989-cu il tarixlərdə Kubışev adına mühəndis-tikinti institutunda təhsil almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli xxxxxxx0002 saylı müayinənin nəticələrinə dair arayışa əsasən İddiaçı ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. - İddiaçıya məxsus xx xxxxxx 1982-ci il tarixli əmək kitabçasının tərcümə olunmuş və notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci il tarixdə 44 saylı atelyeyə sifarişləri qəbul edən vəzifəsinə qəbul edilmiş (Əmr № 67, 23.11.82-ci il); xx.xx.1987-ci ildə həmin atelyedə mühasib keçirilmiş (Əmr № 1, 05.01.87ci il); xx.xx.1990-cı ildə 1 saylı fərdi tikiş fabrikindən köçürülmə ilə 44 saylı atelyeyə buxalter qəbul edilmiş (Əmr № 4/k, 16.03.90-cı il); xx.xx.1991-ci ildə 44 saylı fərdi tikiş atelyesi yaradılmış “Mübarək” kiçik dövlət müəssisəsinə keçirilmiş (Əmr № 61/k, 17.06.91ci il); xx.xx.1991-ci ildə Oktyabr RPİ-dən köçürülmə ilə mühasib qəbul edilmiş (Əmr № 2/k, 17.06.91-ci il); xx.xx.1991-ci ildə baş mühasib vəzifəsinə keçirilmiş (Əmr № 3/k, 04.07.91ci il); xx.xx.2002-ci ildə “xxxx” MMC-yə baş mühasib vəzifəsinə qəbul edilmiş (Əmr № 04/k, xx.xx.2002-ci il); xx.xx.2005-ci ildə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)- 4370/2016 saylı qətnaməsi ilə İddiaçı xx xxxx 1991-ci ildən xx xxxx 1991-ci il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində baş mühasib vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3720/2017 saylı xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli, 2(004)-4370/2016 saylı qətnaməsinin ləğv edilməsi, ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8680/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3720/2017 saylı xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apelyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2407/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli, 2(004)-4370/2016 saylı qətnaməsi dəyişdirilərək ərizəçi İddiaçı xx xxxx 1991-ci il tarixdən xx xxxx 1991-ci il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində mühasib vəzifəsində, xx xxxx 1991-ci il tarixdən xx xxxx 1993-cü il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində baş mühasib vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5421/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2407/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11555/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-4370/2016 saylı qətnaməsi ləğv edilərək, ərizənin qismən təmin edilməsi, İddiaçı xx xxxx 1991-ci il tarixdən xx xxxx 1991-ci il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində mühasib vəzifəsində, xx xxxx 1991-ci il tarixdən xx xxxx 1993-cü il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində baş mühasib vəzifəsində işləməsi faktının müəyyən edilməsi, qalan hissədə ərizənin təmin edilməməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının DSMF-nin Yasamal rayon şöbəsi kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11555/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2383/2019 saylı xx xxxxx 2019cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11555/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı xx.xx.2019-cu il tarixdə 1 nömrəli DOST Mərkəzinə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, onun müraciətinə DSMF-nin 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubla bildirilmişdir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, qanunda göstərilən sığorta stajı olduqda təyin edilir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli Qərarı əsasında onun xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək “Mübarək” kiçik dövlət müəssisəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə iş stajının 10 il 03 ay 21 günə çatdırılmasına baxmayaraq, mövcud iş stajının əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş stajından (13 il) az olduğundan əlilliyə görə əmək pensiyası hüququnun yaranmadığı qeyd olunmuşdur. - Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli, **********744000 saylı məktubunda “xxxx” MMC-nin reyestr məlumatları göstərilmişdir: cəmiyyətin qeydiyyata alındığı tarix-xx.xx.1995-ci il; əvvəlki dövlət qeydiyyat nömrəsi- 26197 saylı olduğu; dövlət qeydiyyat nömrəsi (VÖEN) **********; hüquqi ünvanı AZ 1138, ünvan 2 MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 04 saylı arayışa əsasən İddiaçı həqiqətən xx.xx.2002-ci ildən (Əmr № 04/k xx.xx.2002-ci il) – xx.xx.2005-ci il tarixədək (Əmr № 08/k xx.xx.2005-ci il) “xxxx” MMC-də Baş Mühasib vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində iddiaçının əmək kitabçasında xx.xx.2002-xx.xx.2005-ci il tarixinədək “xxxx” MMC-də baş mühasib vəzifəsində işləməsi ilə bağlı qeydlərin düzgün aparılmaması dəlillərini qəbul etmir. Belə ki, apelyasiya instansiya məhkəməsi tərəfindən “xxxx” MMC-nə xx.xx.2020-ci il tarixli, 2-1(103)-1629/2020 saylı sorğu göndərilmiş və sorğuya cavab olaraq İddiaçı qızının həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “xxxx” MMC-də baş mühasib işləməsi barədə bildirilmişdir. “İnzibati icraat haqqında” Qanun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunana sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübüta yetiriməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin, kollegiya qeyd edir ki, AR ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Məhkəmə kollegiysı hesab edir ki, iddiaçının əmək kitabçasındakı mübahisələndirilən məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur və həmin məlumatlar iş stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin maddənin tələblərinə görə əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün pensiyaçı əlil olmalı və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla, ən azı 5 il sığorta stajına malik olmalıdır. xx.xx.1965-ci il təvəllüdlü iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi ilə tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanır: ona əlillik təyin olunan 51 yaşı - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 36 yaş x 4 ay = 144 ay : 12 ay = 12 il. Hazırki iş üzrə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün minimum 12 il iş stajı tələb olunur. Birinci instansiya məhkəməsinin gənaətinə görə iddiaçının əlilliyə görə pensiya hüququnun yarandığı tarixə 13 il 3 ay 17 gün sosial sığorta stajına malik olmuşdur ki, inzibati orqan bu illəri əmək stajı kimi qeydə almalı idi. Lakin iddiaçının əmək kitabçası ilə onun xx.xx.1982-xx.xx.1990-ci illərdə (08 il 03 ay 21 gün); xx.xx.1990-xx.xx.1991-ci illərdə (01 il 03 ay 01 gün); xx.xx.1991-xx.xx.1993cü illərdə (02 il 09 ay ) ; xx.xx.2002-xx.xx.2005-ci illərdə ( 02 il 11 ay 05 gün işlədiyi və cəmi 14 il 02 ay 27 gün sosial sığorta stajının olduğu müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Həmçinin məhkəmə hesab etmişdir ki, hazırkı qərar əsasında hesablanmalı olan məbləğ iddiaçıya ödənilməlidir və bu zaman həmin ödənişin hissə-hissə aparılması mümkünlüyü yalnız tərəflərin qarşılıqlı razılığı və ya məhkəmənin müvafiq qərarına əsasən müəyyən edilə və həyata keçirilə bilər. Odur ki, birinci instansiya məhkəməsi ödənilməmiş fərqin birdəfəlik ödənilməli olmasının xüsusi göstərilməsini məqsədəuyğun hesab etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2472/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar