Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1629/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Hüseyn Aida Əli qızı, Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinə qarşı “maddi yardımın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-1727/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “maddi yardımın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-2019-cu illər üzrə ödənilməmiş ümumilikdə 3.900 (üç min doqquz yüz) manat məbləğində birdəfəlik maddi yardımın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, 03.08.1990-cı ildə vəfat etmiş X3 onun mərhum əridir və sonuncu ilə 13.11.1956-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. O, 1941-ci ilin oktyabr ayından 1945-ci ilin mart ayına kimi 63-cü X5 212-ci zenitatıcı briqadasının tərkibində X4 iştirak etmiş və dəfələrlə müharibədə iştirakına görə müxtəlif medallarla təltif edilmişdir. Həmin xüsusat müraciətinə əlavə etdiyi Azərbaycan Respublikası SHXÇDX Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 22.06.2020-ci il tarixli 267 saylı arayış və medallarla təltif edlməsinə dair vəsiqələrlə təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 24.04.2020-ci il tarixli 1996 saylı sərəncamına əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1.500 (bir min beş yüz) manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur. Həmin 750 (yeddi yüz əlli) manat məbləğ ona ödənilmişdir. Onun kateqoriyasından olan şəxslərə, yəni 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına Azərbaycan Respublikası Prezidentinin 10.05.2006-cı il tarixli 400 saylı Fərmanı ilə 50 (əlli) manat, 04.05.2007-ci il tarixli 2145 saylı sərəncamı ilə 50 (əlli) manat, 06.05.2008-ci il taixli 2791 saylı sərəncamı ilə 100 (bir yüz) manat, 27.04.2009-cu il tarixli 249 saylı sərəncamı ilə 100 (bir yüz) manat, 22.04.2010-cu il tarixli 969 saylı sərəncamı ilə 200 (iki yüz) manat, 03.05.2011-ci il tarixli 1481 saylı sərəncamı ilə 200 (iki yüz) manat, 30.04.2012-ci il tarixli 2207 saylı sərəncamı ilə 200 (iki yüz) manat, 23.04.2013-cü il tarixli 2876 saylı sərəncamı ilə 300 (üç yüz) manat, 30.04.2014-cü il tarixli 421 saylı sərəncamı ilə 300 (üç yüz) manat, 03.04.2015-ci il tarixli 1159 saylı sərəncamı ilə 400 (dörd yüz) manat, 20.04.2016-cı il tarixli 1986 saylı sərəncamı ilə 500 (beş yüz) manat, 24.07.2017-ci il tarixli 2821 saylı sərəncamı ilə 500 (beş yüz) manat, 20.04.2018-ci il tarixli 3 saylı sərəncamı ilə 500 (beş yüz) manat və 23.04.2019-cu il tarixli 1139 saylı sərəncamı ilə 500 (beş yüz) manat verilməsi nəzərdə tutulmuşdur. Əvvəlki illər üzrə nəzərdə tutulmuş birdəfəlik maddi yardımların verilməsi üçün DSMF-nin Cəlilabad rayon şöbəsinə müraciət etsə də, sonuncu tərəfindən əvvəlki illərə görə birdəfəlik maddi yardımın verilməsindən şifahi olaraq imtina edilmişdir. Daha sonra bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi qaydada müraciət etsə də bu dəfə də 27 avqust 2020-ci il tarixli **********5 saylı məktub ilə əvvəlki illərdə 1941-1945-ci illərdə ikinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçünün dul arvadı olması barədə sənəd təqdim etmədiyi əsas gətirilərək, əvvəlki illər üzrə birdəfəlik maddi yardımın verilməsindən imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 aprel tarixli 1996 nömrəli “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul aravadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamına əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1.500 (bir min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yedi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilməsi qərara alınmışdır. Bu sərəncama uyğun olaraq, İddiaçı 750 manat məbləğində birdəfəlik maddi yardım ödənilmişdir. İddiaçı əvvəlki illər üzrə nəzərdə tutulmuş birdəfəlik maddi yardımların verilməsi üçün rəsmi qaydada ƏƏSMN-nə müraciət etmiş və ƏƏSMN tabeliyində DSMF X10 cavab məktubu ilə imtina etmişdir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2002-ci il tarixli Qanunu mövcuddur ki, həmin Qanunun 6-cı maddəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu və orada toplanan məbləğlər öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 6.1-ci maddəsində dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər və fövqəladə hallar üçün məbləği müəyyən edilən ehtiyat fondu yaradılır. Eyni zamanda həmin Qanunun 6.3-cü maddəsində qeyd edilir ki, “Ehtiyat fondunun vəsaitinin istifadə müddəti büdcə ilinin sonunda başa çatır”. “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 aprel tarixli Sərəncamının 2.1-ci maddəsində Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş məbləğin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılması öz əksini tapır. Bu baxımdan da Azərbaycan Respublikası Prezidentinin ötən dövrlər ərzindəki Fərman və Sərəncamları ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına verilmiş birdəfəlik maddi yardımların istifadə müddəti başa çatmışdır. Bu halda İddiaçı ötən müddətə birdəfəlik maddi yardımın verilməsinə qanunvericiliyin tələbləri imkan vermir. Belə ki, həmin şəxslər üçün ödəniləcək olan məbləğ əvvəlcədən müəyyən edilir və həmin müəyyən edilmiş məbləğ müvafiq ilin sonunda başa çatır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-1727/2021 saylı qərarı ilə iddia qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin üzərinə İddiaçı ona birdəfəlik maddi yardımın ödənilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 69.3-cü maddəsində deyilir ki, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 24.04.2020ci il tarixli 1996 saylı sərəncamına əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadı kimi birdəfəlik yardımın ödənilməsini tələb edir. İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli **********5 №li cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 aprel tarixli 1996-cı il nömrəli Sərəncamına əsasən 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, ikinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur. Araşdırma məlumatına əsasən bildirilmişdir ki, yuxarıda qeyd olunan birdəfəlik maddi yardımın ödənilməsi ilə bağlı müvafiq sənədlərlə Fondun Cəlilabad rayon filialına ilk dəfə 14.05.2020-ci il tarixində müraciət etmişdir. Müraciətə uyğun olaraq 2020-ci il üçün nəzərdə tutulmuş birdəfəlik maddi yardım ona ödənilmişdir. Əvvəlki illərdə 1941-1945-ci illərdə ikinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçünün dul arvadı olmağı barədə sənəd təqdim etmədiyindən 2006-2019-cu illər üzrə birdəfəlik maddi yardımın ödənilməsi mümkün olmamışdır. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş 26 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamə ilə müəyyən edilir ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən İddiaçı vəfat etmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə müvafiq olaraq iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilməlidir ki, prosessual hüquq varisliyi o halda mümkündür ki, vəfat etmiş şəxsin əvəz olunmasını istəyən şəxsə birincinin prosessual hüquq norma baxımından bütün subyektiv maddi və prosessual hüquqları keçmiş olsun. Belə ki, varis özü şəxsi hüquqları pozulduğu halda məhkəmədə iddia qaldıra bilər. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə hüquq münasibətinin hüquq varisliyinə yol verib-verməməsini aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə hüquq münasibətinin hüquq varisliyinə yol verilib-verilməməsi aydınlaşdırılmalı, yol verildiyi halda təkrar məhkəmə baxışında iddiaçının hüquqi varisi (və ya hüquq varisləri) müəyyən edilərək məhkəmə icraatına cəlb edilməli, iddiaçı onun hüquq varisi ilə əvəz edilməli, işə baxılması davam etdirilməli, yol verilmədiyi təqdirdə isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görməlidir. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmışdır, odur ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmayaraq, iddiaçının müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraatın yenidən aparılması barədə gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli **********5 №li cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 aprel tarixli 1996-cı il nömrəli Sərəncamına əsasən 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, ikinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur. Araşdırma məlumatına əsasən bildirilmişdir ki, yuxarıda qeyd olunan birdəfəlik maddi yardımın ödənilməsi ilə bağlı müvafiq sənədlərlə Fondun Cəlilabad rayon filialına ilk dəfə 14.05.2020-ci il tarixində müraciət etmişdir. Müraciətə uyğun olaraq 2020-ci il üçün nəzərdə tutulmuş birdəfəlik maddi yardım ona ödənilmişdir. Əvvəlki illərdə 1941-1945-ci illərdə ikinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçünün dul arvadı olmağı barədə sənəd təqdim etmədiyindən 2006-2019-cu illər üzrə birdəfəlik maddi yardımın ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, bu səbəbdən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-1727/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinə qarşı “maddi yardımın ödənilməsi” tələbinə dair iş, məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1629/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1629/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver