Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-163/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi , İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1008/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1042A saylı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatını təsdiq təsdiq edən çıxarışın və bağ sahəsinin sərhədlərini təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1008/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq bağ sahəsinin yerləşməsi İdarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, müvafiq bağ sahəsi sənəd üzrə 1200,0 kv.m olsa da, faktiki ölçüsü 3010,0 kv.m-dir. Həmçinin, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin 0,163 ha hissəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən İdarəyə ünvanlanmış 18/364 nömrəli, 18.11,2020-ci il tarixli məktubunda qeyd edilən Nardaran əhəngdaşı yatağının konturları (sərhədləri) daxilində yerləşir və göstərilən ərazi üzərinə müvəqqəti nəzarət qoyulmuşdur. Məhkəmə iclasınnın yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştriak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış bağın icarəyə verilməsi haqqında 23 oktyabr 1995-ci il tarixli 25981 saylı müqavilənin surətindən müəyyən olunur ki, Birlik tərəfindən Nardaran qəsəbəsində 0,12 ha torpaq sahəsindən ibarət 1042A nömrəli bağ sahəsi 20 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 10 aprel 2020-ci il tarixli **********51 saylı cavab məktubunda bildirilmişdir ki, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1042A saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə baxılmış, göstərilən bağ sahəsinin yerləşməsi İdarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi xx.xx.2020-ci il tarixli məktubla Sabunçu rayonu, Nardaran bağ massivindəki bağ sahələrinin bölgüsünə dair sxematik xəritənin surətini təqdim edərək, 1042A saylı bağ sahəsinə dair arxiv cizgisinin İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Birinci innstansiya məhkəməsi tərəfindən 16 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 1042A saylı bağ sahəsinə yerində müayinə aparılan zaman müəyyən edilmişdir ki, 1042A, 1049 və 1049A saylı bağ sahələri ümumi hasara alınıb, bir mənzərə (landşaft) dizayna malik olan vahid bağ sahəsi kimi istifadə olunur, 1042A və 1049 saylı bağ sahələrinin küçəyə çıxışları var, 1049 saylı bağ sahəsinin hissəsində üç mərtəbəli ev, 1042A saylı bağ sahəsinə aid hissəsində hovuz mövcuddur, 1049A saylı bağ sahəsinə aid hissəsində bağça salınmış, bağ sahələri qonşu evlər ilə üç tərəfdən əhatə olunur. Torpaq sahəsinin ümumi sahəsi təxmini 3600 kv.m təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, araşdırması ilə müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyi tərəfindən 23 oktyabr 1995-ci il tarixli, 25981 saylı müqavilə əsasında, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 1042A saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh bağ sahəsinin yerləşməsinin ərazinin sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi səbəbi ilə müraciəti təmin etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsində xüsusi olaraq qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qeyd olunan maddələrin məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən qərarı və orderləri hesab olunur. İş materiallarından məlum olur ki, qeyd olunan torpaq sahəsi xx.xx.2007-ci ilədək vətəndaşlara bağ torpaq sahələri ayırmaq səlahiyyəti olmuş Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan X1 və İstismarı Birliyi ilə iddiaçının 23 oktyabr 1995-ci ildə bağladığı 1042A saylı bağın icarəyə verilməsi haqqında müqavilə əsasında iddiaçıya ayrılmış və iddiaçı tərəfindən hər hansı formada qanunsuzluğa yol verilməmişdir. İddiaçı isə qanuni əsaslarla ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş ki, həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamışdır. Bundan əlavə, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Hazırki iş üzrə də, Bakı Şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış bağın icarəyə verilməsi haqqında 23 oktyabr 1995-ci il tarixli 25981 saylı müqavilə yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı göstərilən halların heç birisi hazırki iş üzrə müəyyən edilməmiş, iddia ərizəsinə etirazda isə imtinaya əsas olan hallar əsaslandırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1., 3.0.11. və 3.0.23-cü bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlətreyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə, kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, habelə həmin torpaq sahələrinə dair plan və ölçü sənədinin tərtib edilməsi və iddiaçının adına müvafiq dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçıların ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “müvafiq bağ sahəsinin yerləşməsi İdarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir.” dəlilinə qeyd edir ki, iddiaçı təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında istifadəsində olan 1200 kv.m torpaq sahəsindən ibarət 1042A saylı bağ sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi və çıxarış verilməsini bəyan etmişdir. Həmin torpaq sahələrinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olubolmamasının iddiaçıya heç bir aidiyyəti yoxdur və həmin halın aradan qaldırılması iddiaçının yox, qeydiyyat orqanı kimi məhz cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Apellyasiya şikayətində “müvafiq bağ sahəsi sənəd üzrə 1200,0 kv.m olsa da, faktiki ölçüsü 3010,0 kv.m-dir” qeyd edilsə də cavabdeh orqan bu faktı təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir və məhkəmə araşdırması nəticəsində də öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin “İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin 0,163 ha hissəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən İdarəyə ünvanlanmış 18/364 nömrəli, 18.11,2020-ci il tarixli məktubunda qeyd edilən Nardaran əhəngdaşı yatağının konturları (sərhədləri) daxilində yerləşir və göstərilən ərazi üzərinə müvəqqəti nəzarət qoyulmuşdur.” dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iş materiallarından görünür ki, bağ sahəsinin iddiaçıya ayrılmasına dair 23 oktyabr 1995-ci il tarixli 25981 saylı bağın icarəyə verilməsi haqqında müqavilə hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Bununla yanaşı kollegiya qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun “Mötəbərlik prezumpsiyası” adlanan 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.1 və 19.2-ci bənd). Beləliklə, məhkəə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1042A saylı bağ sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və bağ sahəsinin sərhədlərini təsdiq edən sənədin verilməsi vəzifəsi cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1008/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-163/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-163/2022
02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver