Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1630/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X10, üçüncü şəxs X2 nümayəndəsi-vəkili X6 və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, X5 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, müqavilənin və çıxarışın ləğv olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16-19 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km, 110B ünvanda yerləşən 227,9 kv. metr olan 5/2 saylı dükana dair ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 09 iyul 2019-cu il tarixli 26/1 nömrəli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi,10 iyul 2019-cu il tarixli 4377 saylı müqavilənin, X2 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km 110B ünvanda yerləşən ümumi sahəsi 227.9 kv. metr olan 5/2 saylı dükana dair ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 09 iyul 2019-cu il tarixli 26/01 nömrəli hərracın nəticələrinə dair protokolunun etibarsız hesab edilməsi, sözü gedən dükanın alqı-satqısına dair 10 iyul 2019-cu il tarixli 4377 nömrəli müqavilənin və X2 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli 569156 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli 2(103)- 4193/2021 saylı qətnaməsilə Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və ona yeni iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mübahisəli dükan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 203 saylı 28 yanvar 2013-cü il tarixli sərəncamı ilə onun icarəsinə verilmişdir. Bədbəxt hadisə haqqında tərtib edilmiş 4 saylı aktın məzmunundan məlum olur ki, istehsalat qəzası nəticəsində aldığı xəsarətlərin nəticəsi olaraq, dükan maddi vəziyyətinin yaxşılaşdırılması üçün ayrılmışdır. Uzun müddət icarə müqaviləsi əsasında məlum obyektdə fəaliyyət göstərmişdir. Hazırda obyekt onun sahibliyində və istifadəsindədir. Lakin cavabdeh təşkilat ona məlumat vermədən, obyektə baxış keçirmədən, X1, bir neçə il keçməsinə baxmayaraq alıcı obyektə gəlməmiş və görmədiyi bir qeyri-yaşayış sahəsinə küllü miqdarda vəsait ödəmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi 58-ci km, 110B ünvanında yerləşən 227.9 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixində keçirilmiş hərracda X5 tərəfindən özəlləşdirilmiş və sonuncuya mülkiyyət hüququ haqqında xx.xx.2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixli sərəncam verilmişdir. Qeyd edilən əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında hər hansı icarə müqaviləsi bağlanmamış, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Komitə tərəfindən sərəncam qəbul olunan zaman həmin sahə üzərində iddiaçının hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.5-cı yarımbəndinə əsasən: icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Yuxarıda qeyd olunduğu kimi mübahisənin predmeti olan əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında icarə müqaviləsi bağlanılmadığından, Əmlak Məsələləri Dövlət Komitəsi həmin əmlakın icarəçiyə təklif olunması öhdəliyini daşımamış və əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9730/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərardadı ilə iddia tələbi X2 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)- 2115/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 2013-cü il tarixli 20s saylı sərəncamına əsasən ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin balansında olan Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş ARDNŞ-nin Nizamnaməsinin 2.4 bəndinə əsasən və SOCARSS - 005,2010 standart sənədinin 01.5-ci bəndi ilə müəyyən edilmiş şərtlərlə Sİİ MKTİTTD-nin balansındakı, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv ünvanında yerləşən 238,50 kv.metr qeyri-yaşayış sahəsinin (keçmiş 5/2 saylı idman malları mağazası) ona, yəni İddiaçı icarəyə verilmişdir. Bu barədə arayış SOCAR tərəfindən Bakı inzibati Məhkəməsinə verilmiş sorğu əsasında təqdim olunmuşdur. Bundan əlavə həmin sözügedən obyektin satışa çıxarılması barədə icarəçi olaraq ona nə rəsmi, nə də qeyri-rəsmi heç bir məlumat verilməmişdir, obyekti satın almaq üçün ona heç bir təklif edilməmişdir. Halbuki, mübahisəli daşınmaz əmlak Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 28 yanvar 2013-cü it tarixdən ona icarəyə verilmişdir və ilk növbədə ona təklif olunsa idi, həmin obyekti o, alacaq idi. Buna baxmayaraq cavabdeh iddia edir ki, hərrac barədə ona bildiriş göndərilib və guya həmin bildirişi o, imzalamışdır, halbuki, onun bundan qətiyyən məlumatı yoxdur. Hər halda məhkəmə həmin bildirişlərin xətti ekspertizasını təşkil etməli və buna qiymət verməli idi, lakin məhkəmə bunu etməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 28 yanvar 2013-cü il tarixdən ona icarəyə verilmiş sözügedən mübahisəli obyektin, 2014-cü ildən həmin daşınmaz əmlakın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməsi barədə onun heç bir məlumatı olmamış, bu barədə ona heç bir məlumat verilməmişdir. Halbuki, 28 yanvar 2013-cü il tarixdən bu günədək elektrik pulu, bələdiyyə pulu və s, ödənişləri ödəməkdə davam edir. Bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 2014-cü il tarixdən bu günədək hər kvartalda həmin qurumun əməkdaşı Akif müəllimə 100 manat pul ödəmişdir. Lakin, obyektin onların balansında olmasından məlumatı olmayıb. Belə olan halda cavabdehin nümayəndələri onunla nə üçün icarə müqaviləsi bağlamışlar, məqsədləri nə olub? Bundan əlavə bildirir ki, o, 2-cı qrup əlildir, qəzet, jurnal və ya hər hansı bir dərgi oxumur. İnternetlə bağlı heç bir məlumat əldə etmək qabiliyyəti də yoxdur. Cavabdehin isə hərrac barədə ona mətbuat və internet vasitəsi ilə məlumat verməsi və bunu əsas kimi göstərməsi sadəcə bəhanədir. Bu barədə onun özünə məlumat vermək lazım idi, onu da cavabdeh etməyib. Bütün bunları nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərar tamamilə əsassız, qanunsuz qərardır. Hakim qarar qəbul edərkən maddi, xüsusən prosessual hüquq normalarını kobud şəkildə pozmuş, ətraflı araşdırma aparmadan qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı üçüncü şəxs X2 nümayəndəsi-vəkili X6 və nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2016-cı il tarixdə Qaradağ RPİ tərəfindən verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubuna əlavə olunmuş "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 2013-cü il tarixli 20s saylı sərəncamının surətindən müəyyən olunur ki, ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin balansında olan Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş ARDNŞ-nin Nizamnaməsinin 2.4 bəndinə əsasən və SOCARSS – 005.2010 standart sənədinin 01.5-ci bəndi ilə müəyyən edilmiş şərtlərlə Sİİ MKTİTTD-nin balansındakı, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv ünvanında yerləşən 238,50 kv.metr qeyri-yaşayış sahəsinin (keçmiş 5/2 saylı idman malları mağazası) İddiaçı icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin 20 sentyabr 2021-ci il tarixli **********81 №li məktubu ilə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” 19 avqust 2016-cı il tarixli 105 №li sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin (dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq aşağıdakılar qərara alınmışdır; - Bu sərəncamın əlavəsində göstərilən kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirmə planları (forma KM2) təsdiq edilsin (əlavə olunur). - Bu sərəncamın əlavəsində göstərilən müəssisələrin (obyektlərin) özəlləşdirilməsi həmin müəssisələr (obyektlər) haqqında məlumatlar “Mülkiyyət qəzetində dərc edildikdən 30 (otuz) gün sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada respublikanın şəhər rayonlarında hərraclar vasitəsi ilə həyata keçirilsin. - Bu sərəncamın əlavəsində göstərilən kiçik dövlət müəssisə və obyektləri 100% dəyəri ilə hərraca çıxarılsın. - Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinə tapşırılsın ki, ictimaiyyətlə əlaqələr və protokol şöbəsi ilə birlikdə özəlləşdirilməsi bu sərəncamla nəzərdə tutulan müəssisə və obyektlər barədə müvafiq məlumatların, həmçinin hərracların nəticələrinin 45 (qırx beş) gün müddətində komitənin vahid informasiya bazasına daxil edilməsini və internet saytında yerləşdirilməsini təmin etsin. - Hərrac komissiyaları hərrac başa çatdıqdan sonra həmin gün onun yekunlarını protokollaşdırsınlar, hərrac və yekun protokollarını 3 (üç) iş günündən gec olmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təqdim etsinlər. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi hərrac keçirildikdən sonra 3 (üç) iş günü ərzində hərracın nəticəsini əks etdirən məlumatları Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinə, hərracda müəssisələrin (obyektlərin) özəlləşdirmə sənədlərini Hüquq şöbəsinə təqdim etsin. - Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi müəssisələrin (obyektlərin) satışından əldə olunan vəsaitin 10 (on) gün müddətində xüsusi özəlləşdirmə hesablarına daxil olunmasına nəzarəti təmin etsin. - Hüquq şöbəsi 10 (on) gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzindən daxil olmuş özəlləşdirmə sənədləri əsasında alıcılarla Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqavilələrinin bağlanmasını və qeydiyyatını təmin etsin. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və İctimaiyyətlə əlaqələr və protokol şöbəsinə tapşırılsın ki, özəlləşdirilməsi bu sərəncamla nəzərdə tutulan müəssisə və obyektlər üzrə keçirilmiş hərracların yekunları da məlumatların hərrac keçirildiyi gündən 15 (on beş) gün müddətində “Mülkiyyət” qəzetində dərc olunmasını təmin etsin. Sərəncama əlavə olunmuş “Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərin siyahısı”ndan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Şossesi, 58-ci km, 110B ünvanında yerləşən ümumi sahəsi 227,9 kv. metr olan 5/2 saylı dükan 31.500 manata satışa çıxarılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 26/01 saylı Hərrac protokolunun surətindən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli 105 №li sərəncama əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58- ci km, 110B ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 5/2 saylı dükanın satışı ilə bağlı keçirilən hərracın qalibi X5 olmuşdur. İş materiallarında olan müəssisənin (obyektin) alqı-satqısına dair xx.xx.2019-cu il tarixli 4377 №li müqavilənin surətindən müəyyən olunur ki, həmin müqavilə bir tərəfdən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (budan sonra “Satıcı” adlandırılacaq), digər tərəfdən X5 (ş/vi AZE № 17521317, xx.xx.2019-cu ildə Qaradağ RPİ tərəfindən verilib) (bundan sonra “Alıcı” adlandırılacaq) arasında bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərəzi tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilən hərracda 26/01 nömrəli protokola əsasən satın aldığı 5/2 saylı dükan (ümumi sahəsi 227,9 kv. metr) təşkil edir. Həmin Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, “Satıcı” satır, “Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Şossesi, 58-ci km., 110B ünvanında yerləşən 5/2 saylı dükanı hərracdan satış qiyməti ilə 15.750.00 (on beş min yeddi yüz əlli) manata satın alır. Müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən sonra hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********06 №li məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km., 110B ünvanında yerləşən qeyri-yaşayış binası X2 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 110B, 58-ci km-də yerləşən, sahəsi 227,9 kv. metr olan qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə X2 adına ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 7241 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hərraca dair Bildirişin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi 58-ci km, 110B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə özəlləşdirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə keçiriləcək hərraca dair Bildiriş sonuncu tərəfindən rəsmi qaydada xx.xx.2019-cu il tarixdə imza etməklə qəbul edilmişdir. İş materiallarında olan Mülkiyyət qəzetinin 19 yanvar 2019-cu il tarixli 03 №li; 08 iyun 2019-cu il tarixli 23 №li və 30 mart 2019-cu il tarixli 13 №li buraxılışlarından müəyyən olunur ki, müvafiq olaraq 19 fevral 2019-cu il tarixdə saat 10:00-da, 09 iyul 2019-cu il tarixdə saat 10:00-da və 30 aprel 2019-cu il tarixdə saat 10:00-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 110B ünvanında yerləşən 5/2 saylı dükanın da adı qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-105/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdehlər ƏMDX-yə, ƏMDX Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və X3 qarşı hərracın keçirilməsinə dair yekun protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 11 OB ünvanında yerləşən, ümumi sahəsi 227.9 kv. metr olan 5/2 saylı dükana dair olan ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 09 iyul 2019-cu il arx 26/01 nömrəli hərracın nəticəsinə dair protokolunun etibarsız hesab edilməsi, sözügedən dükanın alqı-satqısına dair 10 iyul 2019-cu il tarixli, 4377 nömrəli müqavilənin və X2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 569156 nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın rədd olunması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2021-ci il tarixli 2(103)- 4193/2021 saylı qərardadı ilə həmin iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(002)-105/2021 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdehlər ƏMDX-yə, ƏMDX Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və X3 qarşı “hərracın keçirilməsinə dair yekun protokolun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmış və iddiaçıya əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmək və müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km, 110B ünvanda yerləşən 227,9 kv. metr olan 5/2 saylı dükana dair ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 09 iyul 2019-cu il tarixli 26/1 nömrəli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi,10 iyul 2019-cu il tarixli 4377 saylı müqavilənin, X2 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərardadı ilə iddia tələbi X2 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin mübahisəli daşınmaz əmlakla bağlı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və həmin daşınmaz əmlakın alqı-satqısına bağlanmış müqavilənin ləğv edilməsi hissəsində isə təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlak Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 28 yanvar 2013-cü il tarixdən İddiaçı icarəyə verilmiş, 2014-cü ildən həmin daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilmiş, iddiaçı ilə adı çəkilən Komitə arasında mübahisəli daşınmaz əmlaka dair icarə müqaviləsi bağlanmamış, sonuncu tərəfindən həmin daşınmaz əmlakın özəlləşdirilməsi haqqında qərar qəbul edilmiş, qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraca dair iddiaçıya rəsmi qaydada bildiriş təqdim olunmuş, hərrac haqqında məlumat Komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində qanunla müəyyən olunmuş müddətdə dərc olunmuşdur. Lakin iddiaçı hərracda iştirak etmək hüququndan istifadə etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələblərinə əməl olunmaqla mübahisəli daşınmaz əmlakın satışı ilə bağlı hərrac keçirilmiş və hərracı udmuş şəxslə alqı-satqı müqaviləsi bağlanmış, bu zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir. Həmin Qanunun 16.1.6-cı maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir. X8 4.6.5-ci bəndində nəzərdə tutulmuşdur ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilərkən icarəyə verilmiş əmlak 100 % dəyəri ilə icarəçiyə təklif olunur, icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarının; - 1.1-ci bəndinə əsasən bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında dövlət əmlakının habelə dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidentinin "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və dövlət əmlakının hərraclar vasitəsi ilə satışının keçirilməsi qaydalarını, alıcıların hərracda iştirak etməsi və hesablaşma şərtlərini, qaliblərin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir. - 1.2-ci bəndinə əsasən hərraclar vasitəsi ilə dövlət əmlakının habelə torpaq sahələrinin satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir. - 1.3-cü bəndinə əsasən Özəlləşdirilən dövlət əmlakının habelə torpaq sahələrinin satıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Satıcı) çıxış edir. - 2.1-ci bəndində əsasən satıcı hərraca hazırıq mərhələsində: hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Satıcının rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmasını təmin edir. 2.3-cü bəndinə əsasən məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır. - 4.2-ci bəndinə əsasən Komissiya hərracın yekun və digər protokollarını rəsmiləşdirir və onu təsdiq etmək üçün satıcıya təqdim edir; - 4.4-cü bəndinə əsasən hərrac başa çatdıqdan sonra hərrac komissiyası hərracın yekunlarını protokollaşdırır. Hərracın nəticələrinə görə yekun protokolu iki nüsxədə tərtib edilir, hərraca yekun vurulan gün iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 3 (üç) gün müddətində satıcı tərəfindən təsdiq edilir. Protokol 2 (iki) nüsxədə alıcı və ya onun nümayəndəsi, komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Protokolda satıcı və alıcı haqqında məlumatlar, özəlləşdirilən müəssisənin (obyektin) və səhmin adı, axırıncı satış qiyməti, habelə alqı-satqı müqaviləsini imzalamaq haqqında tərəflərin öhdəlikləri əks olunur. Hərracın yekunları haqqında protokolun bir nüsxəsi alıcıya verilir. Bu protokol obyekt üzrə alqı-satqı müqaviləsi bağlanması üçün alıcının hüququnu təsdiq edən sənəddir. Hərracın qalibi hərrac başa çatdıqdan sonra həmin gün hərracın yekunları haqqında protokola imza etməlidir. - 5.1-ci bəndinə əsasən satıcı və alıcı arasında hərracın yekunları haqqında protokol imzalandığı andan 10 (on) təqvim günü ərzində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq alqı-satqı müqaviləsi imzalanmalıdır. - 5.2-ci bəndinə əsasən hərracın yekunları üzrə bağlanmış alqı-satqı müqaviləsində aşağıdakılar göstərilir: satılmış müəssisənin (obyektin) adı və ya səhm zərfinin həcmi; obyektin alınma qiyməti; alıcı haqqında məlumatlar və onun ünvanı; obyektin verilməsi qaydası, ödənişin forma və müddətləri. - 5.6-cı bəndinə əsasən alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə ona reyestrdən çıxarış verilir. - 6-cı bəndinə əsasən özəlləşdirmə əqdləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edilir. “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi” Qaydalarının; 1-ci bəndinə əsasən bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət əmlakının satılmasının rəsmiləşdirilməsi qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən Dövlət əmlakının satılması haqqında qərar qəbul olunduqdan, hərracların müsabiqələrin nəticələri barədə isə protokol imzalandıqdan sonra alıcı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanır. 4-cü bəndinə əsasən müqavilə bağlandıqdan sonra alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə ona reyestrdən çıxarış verilir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən mübahisəli daşınmaz əmlaka dair hərrac keçirilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulmamasına dair birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh iddia edir ki, hərrac barədə ona bildiriş göndərilib və guya həmin bildirişi o, imzalamışdır, halbuki onun bundan məlumatı yoxdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” 19 avqust 2016-cı il tarixli 105 №li sərəncamından müəyyən olunur ki, həmin sərəncamın əlavəsində göstərilən müəssisələrin (obyektlərin) özəlləşdirilməsi həmin müəssisələr (obyektlər) haqqında məlumatlar “Mülkiyyət” qəzetində dərc edildikdən 30 (otuz) gün sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada respublikanın şəhər rayonlarında hərraclar vasitəsi ilə həyata keçirilməsi qərara alınmış və qərarın icrası ilə əlaqədar olaraq mübahisəli daşınmaz əmlakın hərraca çıxarılması barədə elan Mülkiyyət qəzetində dərc edilmişdir. Belə ki, iş materiallarında olan “Mülkiyyət” qəzetinin 19 yanvar 2019-cu il tarixli 03 №li; 08 iyun 2019-cu il tarixli 23 №li və 30 mart 2019-cu il tarixli 13 №li buraxılışlarından müəyyən olunur ki, müvafiq olaraq 19 fevral 2019-cu il tarixdə saat 10:00da, 09 iyul 2019-cu il tarixdə saat 10:00-da və 30 aprel 2019-cu il tarixdə saat 10:00-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 110B ünvanında yerləşən 5/2 saylı dükanın da adı qeyd olunmuşdur. İşə apelyasiya icraatında baxılarkən iddicının bu dəlili araşdırılmışdır. Məhkəmə iclasında sədrlik edənin suallarına iddiacı ziddiyyətli cavablar verərək bildirmişdir ki, obyekt 28 yanvar 2013-cü il tarixdən onun icarəsindədir. Mübahisəli obyektdə çayçılıq faəliyyəti ilə məşğul olurdu. Həmin çayxananı 2019-cu il tarixədək işlətmişdir. Bir neçə dəfə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona obyekti alıb-almamağı ilə bağlı xəbərdar olunmuşdur. Lakin əmlakın qiyməti ilə bağlı məlumat verməyiblər, əmlakın satılması ilə bağlı onu heç kim xəbərdar etməyib. 2016-cı ildə Əmlak Məsələləri Dövlət Xidmətinin satış şöbəsinin rəisi Sadiq adlı şəxs mühasib Nigar adlı xanımla ona yaxınlaşaraq oranı 35.150 manata satdığını qeyd etmişlər. O isə oranı almağa imkanının olmadığını bildirmişdir. Sonra ona gözləməyini bildiriblər. Əmlakın hərraca çıxarılması ilə bağlı ona heç bir məlumat verilməyib. Onun psixioloji və yaddaş problemləri var. Əmlak Məsələləri Dövlət Xidmətindən Vaqif müəllim adlı şəxs onu Lökbatana çağıraraq, əmlakı bir ay ərzində alıb-almamağı barədə soruşub. O isə alaram deyə cavab verib və ona təqdim olunan sənədləri imzalayıb. İddiacının izahatından göründüyü kimi onun əmlakın özəlləşdirilməsindən məlumatı olmuş və bununla əlaqədar müvafiq sənədləri özü imzalamışdır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələblərinə əməl olunmaqla mübahisəli daşınmaz əmlakın satışı ilə bağlı hərrac keçirilmiş, bu zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3967/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus əşyaların iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110B ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(002)-157/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd olunan qətnamə ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən müəyyən olunmuşdur ki, cavabdehin həmin qeyri-yaşayış sahəsinə hər hansı bir hüququ mövcud deyildir. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, onunla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinin 9.1-ci bəndinə görə müqavilə xx.xx.2014-cü il tarixədək qüvvədə olmuşdur. Həmin tarixdən sonra müqavilə müddətinin uzadılması barədə isə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının adına qanuni olaraq özəlləşdirilib-özəlləşdirilməməsi və ya hərracın qanuni əsaslarla keçirilib-keçirilməməsinin mübahisənin həllinə heç bir təsiri yoxdur. Çünki həmin hallar hazırki mübahisənin predmeti deyildir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5508/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2019-cu il tarixli, 2(103)-3967/2020 saylı qətnaməsindən verdiyi kasasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1630/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1630/2022
19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver