Məhkəmə qərarları › İş №2-1(103)-1631/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1631/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1631/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 933/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1985-ci ildən 2007-ci ilədək “xxxx” QSCnin Həkim Sanitar Xidmətində çalışmışdır. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 19/340 saylı 18.09.1987-ci il tarixli Qərarına əsasən 26 Bakı Komissarları adına Xəstəxana bağçılıq yoldaşlıq üzvləri tərəfindən onlara 1987-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsi verilmişdir. 26 Bakı Komissarları adına Xəstəxananın bağçılıq yoldaşlıq üzvlərinin siyahısında onun da adı vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-933/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-933/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, ona verilmiş torpaq sahəsinin hazırda zəbt olunduğunu, bu barədə polis orqanına müraciətinin olmadığını, torpaq sahələrinin verilməsi ilə bağlı tərtib edilmiş ikinci siyahının olduğunu və onun adının həmin siyahıda olmadığını bildirmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 16.06 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və 3-cü şəxs “xxxx” QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin 19/340 saylı 19 sentyabr 1987-ci il tarixli qərarı ilə 26 Bakı Komissarları Azərbaycan Dəmiryol hissə Xəstəxanasının torpaq sahəsi ayrılmasını arzu edən 52 nəfər üzvünə, o cümlədən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən ərazidə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Hazırda iddiaçı ona yuxarıda adı çəkilən qərarla ayrılmış torpaq sahəsinə dair çıxarışın verilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbinin təmin olunmasından imtina edərək ona istinad edir ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 19.09.1987-ci il tarixli 19/340 nömrəli qərarına əsasən 26 Bakı Komissarları adına xəstəxana bağçılıq yoldaşlıq üzvlərinin siyahısında İddiaçı adı göstərilmiş, lakin həmin siyahıda bağ sahəsinin nömrəsi, ölçüsü və tarixi göstərilməmişdir. Sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində İddiaçı adına bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar edilməmişdir. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə sorğusuna cavab olaraq “xxxx” QSC tərəfindən sənədlər təqdim olunmuşdur ki, həmin sənədlərdən də müəyyən olunmuşdu ki, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin 19/340 saylı 19 sentyabr 1987-ci il tarixli qərarı ilə Əzizbəyov (hazırki Xəzər) rayonu Zirə qəsəbəsində Bakı X3 52 nəfərdən ibarət kollektivinə bağ sahəsi üçün torpaq sahəsi ayrılmışdır. Uzun müddət ərzində xəstəxana işçilərinin bir qrupu Respublikadan getmiş, bəziləri öz dünyasını dəyişmişdir. 24.12.1999-cu il tarixdən xəstəxananın ümumi yığıncağı və həmin yığıncaqda məlum olmuşdur ki, bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısı olmamışdır. Ümumi yığıncağın 02 saylı protokolunun qərarı ilə yeni siyahı tərtib olunmuş və “xxxx” QSC-nin Həkim-Sanitar Xidmətinin Bakı X3 məktubu ilə həmin siyahı qəbul olunması üçün 08.04.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilmişdir. Sorğuya cavab məktubuna əlavə olunmuş Bakı X3 “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyətinin 44 nəfərdən ibarət üzvlərinin siyahısından görünür ki, həmin siyahıda İddiaçı adı göstərilməmişdir. Buna görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11 mart 2020-ci il tarixli məktubu ilə İddiaçı bildirilmişdir ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 19/340 saylı 18.09.1987-ci il tarixli Qərarına əsasən “26 Bakı Komissarları adına Xəstəxana” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında İddiaçı adı göstərilsə də, həmin siyahıda bağ sahəsinin nömrəsi, ölçüsü və tarixi göstərilməmişdir. Sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində İddiaçı adına bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s) arxiv qovluğunda aşkar edilməmişdir. İşə istər birinci, istərsə də apellyasiya qaydasında baxılarkən İddiaçı “26 Bakı Komissarları adına Xəstəxana” bağçılıq yoldaşlıq üzvlərinin sonuncu dəfə 24.12.1999-cu ildə tərtib olunmuş siyahısında adının olmasını, əvvəlki 19.09.1987-ci ildə tərtib olunmuş siyahıda isə adı göstərilsə də, mübahisəli torpaq sahəsinə dair o dövrdə onun üzvlük kitabçasının olmasını təsdiq edən sübutları (üzvlük kitabçasının özünü) məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, hazırki işdə iddiaçının müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdə iddiaçının müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcud olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi onun iddiasının mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-933/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar