Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1631/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ömürlük ikinci dərəcəli əlilliyin səbəbinin peşə xəstəliyi olduğunun qeyd edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2650/2021 saylı, 13 dekabr 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 25 sentyabr 2019-cu il tarixdə verilmiş “Ümumi səbəbdən ömürlük ikinci dərəcəli əlillik” bildirişində əlilliyin səbəbini “Peşə xəstəliyi” olduğu təyin etməyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı RMX-da xx.xx.1986-cı il tarixdə 91 saylı əmrlə 1.0 ştat vahidi rentgenoloq vəzifəsinə təyin olunmuş və xx.xx.2012-ci ilə kimi həmin vəzifədə rentgenoloq vəzifəsində işləmişdir. Əmək Məcəlləsində edilmiş əlavə və dəyişikliyə əsasən büdcədən maliyyələşən müəssisələrdə çalışmanının yaş həddi 65 yaş müəyyən edilmiş, bununla əlaqədar olaraq işdə olan ehtiyac və kadr çatışmazlığını nəzərə alıb Yardımlı rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi xx.xx.2012-ci il tarixdən 55 saylı əmrin 2-ci paraqrafına əsasən onunla rentgenoloq kimi bağlanmış əmək müqaviləsi xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü tarixə kimi uzadılmışdır. xx.xx.2013-cü il tarixli 15 saylı əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 11 dekabr 1998-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti tərəfindən ona xx.xx.2019-cu il tarixdə ümumi xəstəlik üzrə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. O, insan orqanizminə zərərli olan rentgenoloq vəzifəsində işlədiyi üçün xəstəliyə düşmüşdür. Onu düzgün yönləndirməmişlər və ona ümumi xəstəliklə əlillik qrupu verilməklə pensiyaya çıxmışdır. Ona verilən bütün klinik diaqnozlarda əsas xəstəliyin mənşəyi peşə xəstəliyindən ağırlaşdırıcı dərəcədə əziyyət çəkdiyi qeyd edilmişdir. Klinik diaqnoz:Ağırlaşmış katarakta (H26.2), görmə sinirinin hissəvi antrofiyası, makulodistrofiya, postradiasion toksiki ensefalopatiya (G93.4). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Axundov adına ETTPİ-nin peşə xəstəlikləri Klinikasının xx.xx.2020-ci il tarixli xəstəlik tarixçəsindən çıxarışa əsasən əsas xəstəliyin mənşəyi peşə mənşəli olması barədə rəy verilmiş, 4 nömrəli əlavə tibbi sənəd 388/Y №-li bildiriş yazılıb YRMX-na göndərilmiş və dispenser müşahidəsində saxlanılması tövsiyə olunmuşdur. Yardımlı rayon MX-sı Məsləhət Komissiyası Tibbi Sosial Ekspert Komissiyasına peşə xəstəliyi ilə əlaqədar 088 forma göndəriş ünvanlanmış, lakin imtina verilmişdir. İmtinanın səbəbi kimi onun xəstəliyi qiymətləndirilməmiş, adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmamasını əsas götürmüşdür. İddiaçı iş üzrə cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası”-nın əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2650/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası” əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2650/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı əlilliyinin səbəbinin “ümumi xəstəlik”-dən “peşə xəstəliyi”nə dəyişdirilərək qeyd edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göndəriş “Peşə xəstəliyi” səbəbi ilə gəlsə də, lakin iddiaçının adı Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud deyildir. Göründüyü kimi, İddiaçı təqdim etdiyi göndərişlər nəzərə alınmaqla əlilliyin təyin edilməsi və müvafiq əlillik səbəbinin müəyyən edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə, uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. İşin hazırkı apellyasiya icraatı zamanı iddiaçı apellyasiya şikayətinə dair yazılı etirazlar təqdim edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X.Abıyev adına Yardımlı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xroniki peşə xəstəliyi (zəhərlənməsi) haqda Bildirişinin surətindən görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı əsas diaqnozu ağırlaşmış katarakta (H26.2), görmə sinirinin hissəvi atrofiyası, makulodistrofiya, postradiasion toksiki ensefalopatiya; xəstəlik törədən zərərli istehsalat amili-rentgen şüaları; sonuncu diaqnozun qoyulma tarixi avqust 2020, diaqnoz qoyan müəssisənin adı V.V.Axundov adına ETTRİ Peşə xəstəlikləri klinikası olmuşdur. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Axundov adına ETTPİnin Peşə xəstəlikləri klinikasının 10/2020 saylı xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı əsas xəstəliyi peşə mənşəlli olması qeyd edilmişdir. -Yardımlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş 0266003AAKDW saylı göndərişinin surətindən görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı əsas diaqnozu baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri Postradiasion toksiki ensefalopatiya. Sağ beynin yarımkürələrdə keçirilmiş işemik tormbovaskulitin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Sol uzaqlaşdırıcı sinir zədəsi ilə olduğu, TSEK-ə göndərilməsi üçün əsas peşə xəstəliyi qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında 0266003AAKDW saylı forma 88 göndərişi “Peşə xəstəliyi” səbəbi ilə gəldiyi, lakin şəxsin adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu (xx.xx.2019-cu il tarixli) müayinəyə dair məlumatın verilməsinin surətindən görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı diaqnozu beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, sağ orta beyin arteriya hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri. Sol tərəfli hemiparez. Androgenlərin artıqlığı, cinsiyyət orqanlarında hiperaktivlik, tez-tez narahat olması, ÜİX. Ateroskler kardioskleroz Sinus taxikardiyası. Psixotik simptomlarsız müşahidə olunan maniya, prostat vəzinin adenoması arxa qütbün və ləkənin degenerasiyası, makulodistrofiya xroniki pnevmoniya, maniakol epizod, xroniki sistit, Hər iki ayağın altında epidermik qalınlaşma, beyin damarlarının aterosklerozu. Dissirkulyator ensefalopatiya İİİ dərəcə. Yerimənin ataktik tipli pozulması. Görmə sinirinin hissəvi atrofiyası. Sidik kisəsinin papilloması. Tur cərrahi əməliyyatdan sonrakı vəziyyət (törəmə xarakteri:xoşxassəli) ağırlaşmış katarakta. OU-başlanğıc katarakta, əlillik səbəbi ümumi xəstəlik qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx.xx.1945-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixli № xxxxxxx0006 saylı müayinəsi barədə məlumatın surətindən görünür ki, xəstəliyin səbəbi ümumi xəstəlik, əlillik dərəcəsinin ikinci qrup olması, əmək zəmanətinin yüngül oturaq işlərdə işləyə bilməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yardımlı rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli № 563/1 saylı arayışınnan görünür ki, həqiqətən Şabiyev X7 RMX-da 1.0 ştat vahidi xx.xx.1986-cı il tarixdən rentgenoloq vəzifəsinə təyin olunmuşdur. (Əmr № 91 &5 xx.xx.1986). Azərbaycan Respublikasının Əmək məcəlləsində edilmiş əlavə və dəyişiklikliyə əsasən büdcədən mailiyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilmiş bununla əlaqədar olaraq işdə olan ehtiyac və kadr çatışmazlığını nəzərə alıb Yardımlı RMX-nın rəhbərliyi xx.xx.2012-ci il tarixdən 55 saylı Əmrin 2-ci paraqrafına əsasən onunla rentgenoloq (Ş.D.həkimi) kimi bağlanmış əmək müqaviləsi xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək daha bir il müddətinə kimi uzadılmışdır. xx.xx.2013-cü il tarixdən 15 saylı əmrə əsasən son haq-hesabı ödənilməklə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yardımlı rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli № 563/1 saylı arayışından görünür ki, Şabiyev X7 RMX-da 1.0 ştat vahidi xx.xx.1986-cı il tarixdən rentgeoloq vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yardımlı rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli № 563/2 saylı arayışınnan görünür ki, Yardımlı RMXS-nın sabik rentgenoloqu həkim Şabiyev X7 RMX-nın göndərişi və Yardımlı SES-in rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Axundov adına ETTPİ-nin peşə xəstəliklərinin klinikasının xx.xx.2020ci il tarixli xəstəlik tarixçəsindən çıxarışa əsasən əsas xəstəliyin mənşəyi peşə mənşəli olması barədə rəy verilmişdir. 4 №-li əlavə tibbi sənəd № 388/Y nömrəli bildiriş yazılıb RMX-na göndərilibmiş və dispanser müşahidəsində saxlanması tövsiyə olunmuşdur. Kliniki diaqnoz: Ağırlaşmış katarakta (H26.2) görmə sinirinin hissəvi atrofiyası, makulodistrofiya, postradiasion toksiki ensefalopatiya (G93.4). Yardımlı RMX-nın Məsləhət Komissiyası Tibbi Sosial Ekspert Komissiyasının peşə ilə əlaqədar üçüncü dəfə 088 ünvanlanmışdır və imtina olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yardımlı Mərkəzi rayon Xəstəxanası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.1964cü il tarixdən Yardımlı rayonu Bozayran kənd feldşer-mama məntəqəsində müdir vəzifəsinə təyin edilmiş (Əmr N1,xx.xx.1964), N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutuna qəbul olunduğu üçün oxumağa getdiyinə görə 31,08.1966-cı il tarixdən vəzifəsindən azad edilmiş (Əmr N51,xx.xx.1966), 14.01,1967-ci ii tarixdə Şəhər Klinik Xəstəxanasında tibb qardaşı vəzifəsinə təyin edilmiş (Əmr N12,xx.xx.1967),xx.xx.1972-ci il tarixdən öz arzusu ilə işdən azad edilmiş (Əmr N243,xx.xx.1972),xx.xx.1973-cü il tarixdə Yardımlı rayonu Porsova kənd sahə xəstəxanasında baş həkim vəzifəsinə təyin edilmiş (Əmr N15,xx.xx.1973),xx.xx.1981-ci il tarixdən Yardımlı MRX-na sahə həkimi vəzifəsinə keçirilmiş (Əmr N58,xx.xx.1981), xx.xx.1983-cü il tarixdən Yolocaq KSX-na həkim-terapevt vəzifəsinə keçirilmiş (Əmr N18,xx.xx.1983),xx.xx.1986-cı il tarixdən Yardımlı MRX-da rentgenoloq və əvəzçilik üzrə 0.5 aklad həkim terapevt vəzifəsinə təyin edilmiş (Əmr N91, xx.xx.1986), xx.xx.1990-cı il tarixdən terapiya şöbəsində terapevt-ordinator vəzifəsinə keçirilmiş və əvəzçilik üzrə 0.5 aklad rentgenoloq vəzifəsində saxlanılmış (Əmr N24,xx.xx.1990), 01.11,1992-ci il tarixdən rentgenoloq vəzifəsinə keçirilmiş və əvəzçilik üzrə 0.5 aklad terapevt vəzifəsində saxlanılmış (Əmr N64, xx.xx.1992) və xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikası Ə/M-nin 70-ci maddəsinin “C” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtiərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin həmin dövrdə tək mütəxəssis olduğu və işdə olan zəruri ehtiyacla ələqədar əmək fəaliyyətini xx.xx.2013-cü ilədək terapevt işləməklə yanaşı rentgen şöbəsində davam etdirmişdir. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yardımlı Mərkəzi rayon Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli № 54 saylı arayışdan görünür ki, sabiq rentgenoloq İddiaçı həqiqətəndə Yardımlı MRX-da iki ixtisas üzrə işləmişdir-Həkim terapevt və həkim rentgenoloq. xx.xx.1998-ci il tarixdən 1 nömrəli siyahı üzrə yaşla bağlı güzəştli şərtlərlə əmək pensiyasına çıxdıqdan sonra da işdə olan ehtiyac, yəni tək mütəxəssis və onu əvəz edən kadr olmadığı üçün xx.xx.1992-ci il tarixdən həkim-rentgenoloq vəzifəsinə keçirilmiş və əvəzçilik üzrə 0,5 aklad həkim terpevt vəzifəsində saxlanılmışdır. xx.xx.2009-cu il tarixdə əvəzçilik üzrə həkim-terapevt vəzifəsində işləməsi dayandırılmış, xx.xx.2010-cu il tarixdə “Şüa-diaqnostikası üzrə 2 aylıq kursa göndərilmiş və sonra da xx.xx.2013-cü il tarixədək Yardımlı MRX-da rentgnoloq vəzifəsində işləmiş və həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə” əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.2013-cü il tarixədək fasiləsiz olaraq rentgen kabinetdə həkim rentgenoloq vəzifəsində işləmişdir. -Yardımlı rayon Gigiyena və Epidemioloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Sanitar gigiyenik rəydən görünür ki, İddiaçı 1986-cı ildən 27 il ərzində Yardımlı MRX-da rentgenoloq işləmiş, işlədiyi dövr ərzində RUM-20 rentgen və RUM-20 skapiya aparatları ilə işləyərək 60 min rayon əhalisinə, o cümlədən çağırışlara, oblikat qruplara xidmət göstərmişdir. Həkim rentgen şüaları ilə təmasda olmuş, işlədiyi dövrün bir hissəsini uyğunlaşdırılmış binada qeyri nisbətən şəraitdə olmuşdur. Sanitar gigiyenik tələblərə cavab verməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 14 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı xx.xx.2020-ci il tarixli № **********4 arayışdan görünür ki, Yardımlı rayonu Bozayran kəndində qeydiyyatda olan İddiaçı əmək müqaviləsi bildirişləri elektron informasiya sistemindən əldə olunan məlumatlara əsasən hal-hazırda heç bir yerdə işləmir. - “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış xx.xx.2020-ci il tarixli 0266003AAKDW nömrəli Göndərişin surətindən görünür ki, xx.xx.1945-ci il tarixdə doğulmuş İddiaçı peşə xəstəliyi əsas ilə əlillik təyin edilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. - “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” ilə bağlı elektron sənədin surətindən görünür ki, İddiaçı peşə xəstəliyi ilə bağlı əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtina səbəbləri: Göndəriş “Peşə xəstəliyi” səbəbi ilə gəlib, lakin bu şəxsin adı Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud deyildir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqdim olunmuş rəyin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ömürlük ikinci dərəcəli əlilliyin səbinin peşə xəstəliyi olduğunun qeyd edilməsi” tələbinə dair 2-1(112)- 2650/2021 saylı inzibati iş məhkəmənin icraatındadır. Göstərilən işin obyektiv araşdırılması məqsədilə, zərurət yarandığından xx.xx.1945-ci il təvəllüdlü İddiaçı Peşə xəstəlikləri klinikasında qeydiyyatdan keçibkeçməməsi baradə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı 21 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sorğu ünvanlanmış, lakin cavablandırılmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 01 sentyabr 2021-ci il tarixli 2- (112)2650/2O21 saylı sorğunu isə baxılması üçün xx.xx.2021-ci il tarixli xx/xx-4166 saylı məktubla Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə xx.xx.1945-ci il təvəllüdlü İddiaçı Peşə xəstəlikləri klinikasında qeydiyyatdan keçibkeçməməsi barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı məktubu xx.xx.2021-ci il tarixdə V.Y.Axundov adına ET X1 direktoru professor Adil Allahverdiyevə ünvanlanmışdır. Xəstə, İddiaçı, ilk dəfə xx.xx.2018-ci ildə institutun Peşə xəstəlikləri klinikasına müraciət etmişdir, lakin təqdim edilən sənədlərdə qeydlər peşə xəstəliklərinin təsdiqi üçün tam əsas vermədiyindən sənədlərin yenidən hazırlanması tövsiyə edilmişdir. Xəstə yenidən xx.xx.2020-ci ildə klinikaya müraciət etmişdir. İddiaçı əmək kitabçasında həkim-rentgenoloq vəzifəsində çalışdığı qeyd olunmadına görə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə müraciət etmişdir. Sorğuya 10 saylı region üzrə Dövlət Əmək lüfəttişliyi xx.xx.2020-ci il tarixli **********7(26-Ş) saylı məktubla cavab bildirmişdir. Bundan sonrakı dövrdə xəstənin sənədləri yenidən araşdırılmış, pandemiya dövrü ilə əlaqədar olaraq müayinələrin stasionar aparılması və ixtisaslı mütəxəssislərdən rəylərin yenidən toplanması çətinlik törətmişdir. Məhz buna görə ambulator olaraq, xəstə tərəfindən təqdim edilən sənədlər (təqdim edilən sənədlərin dürüstlüyünün yoxlanılması onların səlahiyyətlərinə daxil deyil) və bu sahədəki müvafiq qanunvericiliyə istinad edərək rəy verilmiş və məlumatların reyestrə elektron qaydada daxil edilməsi məqsədilə isə 29 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya şöbəsi tərəflərindən ünvanlanmışdır. Birinci instansiya məhkəməsi idianı təmin edərkən qərarında qeyd etmişdir ki, iş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyi ilə İddiaçı əlil olmasına səbəb olan xəstəliyin peşə mənşəli olması və həmin xəstəliyin onda rentgenoloq vəzifəsində işlədiyi dövrdə xx.xx.2009-cu il tarixdən başlanması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə səbəbi “ümumi xəstəlik” qeyd edilməklə ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı əlillik səbəbinin dəyişdirilərək “peşə xəstəliyi” qeyd edilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh iddiaçının adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmadığı əsası ilə iddiaçının tələbindən imtina etmişdir. İşin birinci instansiya icraatı zamanı Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 tərəfindən təqdim olunmuş T 175/2021 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, vətəndaş İddiaçı V.Axundov adına ETTPİ-nin Peşə xəstəlikləri klinikasında 17.03xx.xx.2020-ci il tarixlərdə “ağırlaşmış katarakta H26.2; görmə sinirinin hissəvi atrofiyası, makulodistrofiya, radiasion toksiki ensefalopatiya G93.8, Yanaşı: İ25 ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, sinus taxikardiyası, E28.1 androgenlərin artıqlığı, cinsiyyət orqanlarında hiperaktivlik, teztez narahat olma, C67.9. sidik kisəsinin dəqiqləşdirilməmiş yeni törəməsi, papilloma (cərrahi əməliyyatdan sonrakı vəziyyət, 2dd009-cu il), Z01.1. hər iki qulaqda neyrosensor tip orta dərəcəli zəif eşitmə, L85.3; F31.1. bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Yardımlı rayon Mərkəzi Xəstəxanası tərəfindən B.S.Şabıyevin adına doldurulmuş xx.xx.2020-ci il tarixli, 0266003AAKDW saylı göndərişlə göndərilmiş 88 saylı arayışda göstərilən diaqnoz və onun ağırlaşmaların şəxsin V.Axundov adına ETTPİ-nin Peşə xəstəlikləri klinikasında müayinə və müalicədə olarkən olmuş şikayətləri, aparılmış laborator funksional diaqnostik müayinələrin nəticələri əsasında qoyulmuş və həmin xəstəliklərin peşə mənşəli olması müəyyən olunmuşdur. İş materiallarında olan sənədlərə əsasən onda olan həmin xəstəliklər xx.xx.2009-cu il tarixdən başlamışdır və peşə xəstəliyi olduğundan rentgenoloq vəzifəsində işlədiyi dövrdə şəraitlə bağlı yarana bilməsi də inkar olunmur. AR İPM-nin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. AR MPM-nin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin tədqiqat hissəsindən müəyyən edildiyi kimi iddiaçıda xx.xx.2009-cu il tarixdən etibarən işlədiyi rentgenoloq peşəsi səbəbindən qeyd edilən xəstəliklər başladığından cavabdeh inzibati orqanın imtinası qanunazidd olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmaması ilə bağlı qeyd edir ki, iş materiallarında olan V.Y.Axundov adına Elmi Tədqiqat X1 direktoru professor Adil Allahverdiyev tərəfindən verilmiş Rəydən müəyyən edilir ki, xəstə İddiaçı yenidən xx.xx.2020-ci ildə Peşə xəstəlikləri klinikasına müraciət etmiş, təqdim edilən sənədlər və bu sahədəki müvafiq qanunvericiliyə istinad edərək rəy verilmiş və məlumatların reyestrə elektron qaydada daxil edilməsi məqsədilə isə 29 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya şöbəsinə ünvanlanmışdır. Göründüyü kimi iddiaçının adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmamasının onun təqsiri üzündən baş verməsi müəyyən edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası, eyni zamanda apellyasiya şikayətinin dəlili formal xarakter daşımışdır. İkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona ömürlük ikinci dərəcəli əlilliyin səbəbinin peşə xəstəliyi ilə əlaqədar təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir. İnzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin hərəkətləri qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2650/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1631/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1631/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver