Məhkəmə qərarları › İş №2-1(103)-1631/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1631/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1631/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Bağırov Firudin Əlisa oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı (Bağırov Firudin Əlisa oğlu və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) “qərarın ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9529/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 53 saylı Notariat Kontorunun 8İ-3234 saylı icra sənədi üzrə icra işinin icraata xitam verilməsi barədə olan Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4 qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 2-1(112)-9529/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bağırov Firudin Əlisa oğlu və X8 iş üzrə üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əmirov X9 Firudin Əlisa oğlu və onun həyat yoldaşı X5 2016-cı ildə notarial təsdiqli müqavilələr əsasında ümumilikdə 50.000 (əlli min) manat məbləğində borc pul vermişdir. Həmin borc öhdəliyi aşağıdakı qaydada rəsmiləşdirilmişdir: 1) xx.xx.2016-cı il tarixdə borclular - ünvan 1 ünvanında qeydiyyatda olan Bağırov Firudin Əlisa oğlu və ünvan 2 ünvanında qeydiyyatda olan X5 xx.xx.2018-ci il tarixdə qaytarmaq şərtilə Bakı şəhər 53 saylı Notariat Kontorunun təsdiq etdiyi 3M-85 reyestr qeydli müqavilə əsasında 30.000 (otuz min) manat məbləğində; 2) xx.xx.2016-cı il tarixdə isə borclular ünvan 1 ünvanında qeydiyyatda olan Bağırov Firudin Əlisa oğlu və ünvan 2 ünvanında qeydiyyatda olan X5 xx.xx.2018-ci il tarixdə qaytarmaq şərtilə Bakı şəhər 53 saylı Notariat Kontorunun təsdiq etdiyi 3M-113 reyestr qeydli müqavilə əsasında 20.000 (iyirmi min) manat məbləğində borclar olmuşdur. Borclular borcu qaytarmadığından notarial qaydasında icra qeydi verilmiş və xx.xx.2018-ci ildə rəsmiləşdirilərək icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. 53 saylı Notariat Kontorunun 8İ-3234 saylı, xx.xx.2018-ci il tarixli və 8İ-3236 saylı, xx.xx.2018-ci il tarixli icra qeydləri əsasında Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Ruslan Əsgərovun xx.xx.2018-ci il tarixli qərarı ilə icraata başlanılaraq borclulara bildiriş verilmişdir. İcra hərəkətləri başlanılmış və uzun sürən tədbirlərdən sonra borclu Bağırov Firudin Əlisa oğlunun verməli olduğu borcun hissə-hissə ödənilməsi qismən təşkil edilmişdir. Belə ki, borclu pulu ona icra məmurunun iştirakı ilə qəbz yazılmaqla və ya hesaba pul köçürməklə verirdi. xx.xx.2022-ci il tarixdə 1500 (bir min beş yüz), xx.xx.2022-ci il tarixdə 4975 (dörd min doqquz yüz yetmiş beş) manat, xx.xx.2021-ci il tarixdə 4467 (dörd min dörd yüz altmış yeddi) manat, xx.xx.2022-ci il tarixdə 1000 (bir min) manat, xx.xx.2022-ci il tarixdə 1010 (bir min on manat) manat, xx.xx.2021-ci il tarixdə 19.910 (on doqquz min doqquz yüz on) manat, xx.xx.2021-ci il tarixdə 6965 (altı min doqquz yüz altmış beş) manat, cəmi 39827 (otuz doqquz min səkkiz yüz iyirmi yeddi) manat pul rəsmən icra qaydasında qaytarılmışdır. Borclunun əsaslandığı və guya ki, verildiyinin iddia etdiyi 30.000 manat borcun 10.000 manatının xx.xx.2017-ci il tarixdə qaytarılmasına dair qəbz saxtadır və o, belə bir pul məbləği almamışdır. Həmin qəbz iddiaçı tərəfindən verilməmişdir. Necə ola bilər ki, icra vərəqəsi və icra qeydi xx.xx.2018-ci ildə verilir və icraçı 30.000 manata və 20.000 manata dair icra işi başlayır və ödənilməli olan pulun məbləğinin 50.000 manat olmasını bildirir. Borclu isə xx.xx.2017-ci il tarixdə 10.000 manatın qaytarılmasına dair qəbzi təqdim edir ki, guya bu pul qaytarılmışdır. Tamamilə yalandır və belə bir ödəniş olmamışdır. Qalan pul məbləği isə icra qaydasında qaytarılmamışdır. Buna baxmayaraq, icra məmuru icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir ki, o, həmin qərarın əsassız olmasını hesab edir. Belə ki, icra məmurunun bu qərarın tərtib olunmasına əsas verən heç bir hüquqi əsasları olmadığından bu qərar qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, iki borc müqaviləsi əsasında notariatda rəsmiləşdirilmiş iki icra qeydi verildikdən sonra Bağırov Firudin Əlisa oğlu və həyat yoldaşı X8 ona və iş üzrə üçüncü şəxslər 53 saylı Notariat Kontoruna və Yasamal rayon icra və probasiya şöbəsinə qarşı “öhdəliyin icrasına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçılarla onun arasında Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış 01 iyun 2016-cı il və 14 iyul 2016-cı il tarixli kredit müqavilələri üzrə öhdəliyin icrasına xitam verilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişlər. İddianın mahiyyəti və işin əhəmiyyətli hallarını nəzərə alaraq tərəfindən ilkin iddia üzrə iddiaçılar Bağırov Firudin Əlisa oğlu və həyat yoldaşı X5 qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və cavabdehlər Bağırov Firudin Əlisa oğlu və X2 ödəmədikləri 40.000 (qırx min) manat əsas borcu və həmin borcu il ərzində gecikdirdiklərinə görə 10% bank uçot dərəcəsi və əldən çıxmış fayda nəzərə alınmaqla, 4.000 (dörd min) manatın, bu işlə bağlı vəkilə ödədiyi 300 (üç yüz) manatın və 30 manat dövlət rüsumunun, cəmi 44.330 (qırx dörd min üç yüz otuz) manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-7733/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilk iddia və onun qarşılıqlı iddia üzrə tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin edilməməsinə dair hissədə dəyişdirilmədən, qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair hissədə isə dəyişdirilərək, həmin hissədə onun qarşılıqlı iddia tələbinin tam təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2836/2019 saylı, 11 mart 2019cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, cavabdehlərdən 40.000 (qırx min) manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi, ilkin iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən əks tərəf, Bağırov Firudin Əlisa oğlu kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5288/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-946/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayətləri təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilərək ilkin iddia üzrə iddiaçılar Bağırov Firudin Əlisa oğlunun və X3 “öhdəliyin icrasına xitam verilməsi” barədə ilkin iddia tələbləri təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Mövcud olan məhkəmə qətnamələri ilə həm onun, həmçinin əks tərəfin iddiası təmin edilməmişdir. Bu o deməkdir ki, icra qeydinə xitam verilməmişdir və ödənilməli məbləğ 50.000 manatlıq borc sənədlərinə əsaslanır. Hesab edir ki, icra məmuru haqlı deyildir və icra qeydi üzrə borc qaytarılmamışdır. İstinad olunan bütün faktlar - cavabdehlərin birinci dəfə xx.xx.2016-cı ildə 15.000 (on beş min) manatı xx.xx.2017-ci il tarixində qaytarmaq şərtilə, ikinci dəfə xx.xx.2016-cı ildə yenə 15.000 (on beş min) manatı xx.xx.2017-ci ildə qaytarmaq şərtilə, ümumilikdə 50.000 (əlli min) manat məbləğində götürdükləri, həmin puldan cəmi 10.000 (on min) manat qaytardıqları, həmçinin cavabdehlərin özlərinin təklifi ilə notariat qaydada bağlanılan xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə ümumilikdə 50.000 (əlli min) manat məbləğində pulun onlara verilməsi məhkəməyə təqdim olunmuş sənəd və sübutlarla (sadə yazılı qəbzlər və rəsmi təsdiq olunmuş borc müqavilələri), həmçinin məhkəmə baxışı zamanı cavabdehin borcu etiraf etməsi- qəbzlərdəki imzaların onlara məxsus olmasını təsdiq etməsi işdəki hallarla öz təsdiqini tapmışdır. İş üzrə keçən borclu F.Bağırov ondan xahiş etdi ki, ona pul lombard üçün lazımdır, ona görə hissə-hissə verəcək, o da razı olmuşdur. Qəbzlə verdiyi borc 1 illik verilib, qaytarma vaxtı 1 ildən sonradır. Müqavilə ilə verilən borc 2 illiyə verilib, qaytarma vaxtı 2 ildən artıqdır. Beləliklə hesab edir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9529/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərarı (hakim Ş.Həsənova) ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə oxşar məzmunda tərtib edilmiş, həmçinin əlavə olaraq onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin müddətlə bağlı mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Mövcud mübahisəli vəziyyətdə işə baxan hakim heç bir halda bu yardımın həyata keçirilməsini təmin etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs F.Bağırov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs Y.Bağırova məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxs Y.Bağırovanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, 01 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən üçüncü şəxslər Bağırov Firudin Əlisa oğlu və X5 30.000 manat məbləğində pul borc verilmiş, üçüncü şəxslər isə 01 iyun 2018-ci il tarixədək krediti qaytarmağı öhdələrinə götürmüşdürlər. Habelə, eyni tərəflər arasında bağlanmış 14 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən üçüncü şəxslər Bağırov Firudin Əlisa oğlu və X5 20.000 manat məbləğində pul borc verilmiş, üçüncü şəxslər isə 01 iyun 2018-ci il tarixədək krediti qaytarmağı öhdələrinə götürmüşdürlər. Bundan sonra, Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə Bağırov Firudin Əlisa oğlundan və X2 30.000 manat pulun, 10 manat dövlət rüsumunun, həmçinin Bağırov Firudin Əlisa oğlundan və X2 müştərək qaydada cəmi 20.010 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar İddiaçı ödənilməsi barədə icra qeydləri verilmiş və icra qeydləri icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icra qeydləri üzrə icraat başlanmış, müvafiq icra tədbirləri görülmüş və nəticədə Yasamal rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə mübahisələndirilən qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş borc verən X14 ilə borc alanlar Bağırov Firudin Əlisa oğlu və X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən borc verən borc alanlara 30.000 (otuz min) manat məbləğində borc verməyi, borc alanlar isə krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdələrinə götürmüşlər. - Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş borc verən X14 ilə borc alanlar Bağırov Firudin Əlisa oğlu və X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən borc verən borc alanlara 20.000 (iyirmi min) manat məbləğində borc verməyi, borc alanlar isə krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdələrinə götürmüşlər. - Bakı şəhərinin X1 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış N/X 1517 nömrəli, 03 sentyabr 2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı və Bağırov Firudin Əlisa oğlu, X8 arasında xx.xx.2016-cı il tarixində 3M-855 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilədə icra qeydi aparılmışdır. İcraata qəbul edilməsi xahiş edilmişdir. - Bakı şəhərinin X1 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış N/X 1516 nömrəli, 03 sentyabr 2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı və Bağırov Firudin Əlisa oğlu, X8 arasında xx.xx.2016-cı il tarixində 3M-113 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilədə icra qeydi aparılmışdır. İcraata qəbul edilməsi xahiş edilmişdir. - Bakı şəhəri 53 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli icra qeydinin surətindən görünür ki, X7 xeyrinə Bağırov Firudin Əlisa oğlundan və X2 müəyyən edilmiş müddət üçün vaxtında ödənilməmiş 30.000 manat pulun, 10 manat dövlət rüsumunun tutulması nəzərdə tutulmuşdur. - Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli, 180970/2018-53-12 nömrəli tələbin könüllü icrası haqqında bildirişinin və xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətlərindən görünür ki, borclu Bağırov Firudin Əlisa oğlundan və X2 müştərək qaydada cəmi 30.010 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar İddiaçı ödənilməsi barədə Bakı şəhəri 53 saylı Notariat Kontorunun 8İ-3234 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmış, icranın 10 gün müddətində könüllü təmin edilməsi borclu Bağırov Firudin Əlisa oğluna təklif edilmişdir. - Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli, 180987/2018-53-12 nömrəli tələbin könüllü icrası haqqında bildirişinin və xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətlərindən görünür ki, borclu Bağırov Firudin Əlisa oğlundan və X2 müştərək qaydada cəmi 20.010 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar İddiaçı ödənilməsi barədə Bakı şəhəri 53 saylı Notariat Kontorunun 8İ-3236 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmış, icranın 10 gün müddətində könüllü təmin edilməsi borclu Bağırov Firudin Əlisa oğluna təklif edilmişdir. - Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, icra sənədinə əsasən borclu Bağırov Firudin Əlisa oğlundan və X2 müştərək qaydada cəmi 30010 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına müvafiq qərarla başlanmış və xx.xx.2018-ci il tarixli tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcraat dövründə Bakı şəhəri, 53 saylı Notariat Kontorunun 8İ-3234 saylı, xx.xx.2018-ci il icra sənədi üzrə borclu F.Bağırov tərəfindən 20.010 manat ödəniş həyata keçirilmişdir. Həmçinin məlum olmuşdur ki, icra qeydinin verilməsinə əsas tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-855 reyestr nömrəli kredit müqaviləsidir. Həmin müqavilə tərəflər arasında mübahisələndirilmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)-7733/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7627/2020 saylı, xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1892/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarlarına əsasən iddialar təmin olunmamışdır. Sözügedən məhkəmə qərarlarından, eləcə də tərəflərin özləri tərəfindən tərtib edilmiş və əl yazısıyla yazılmış qəbzdə F.Bağırov tərəfindən 10.000 manat borc məbləğinin ödənildiyi məlum olmuşdur. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5 və 20.2-ci maddəsi rəhbər tutularaq Bakı şəhəri, 53 saylı Notariat Kontorunun 8İ-3234 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. - İddiaçı ilə X12 arasında imzalanmış xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı X6 verdiyi 30.000 (otuz min manat) manatdan 10.000 (on min manat) geri almışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı aşağıda qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. -6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. -8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -7.1-ci maddəsinə əsasən icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. - 7.2-ci maddəsinə əsasən məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. - 7.3-cü maddəsinə əsasən digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir. - 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. - 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. - 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Mübahisələndirilən qərarın əsasını notariusun icra qeydləri təşkil edir ki, həmin icra qeydləri məhz X14 (borc verən) ilə Bağırov Firudin Əlisa oğlu, X8 (borc alan) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn 30.000 manat və xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn 20.000 manat borc ilə bağlıdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, icra sənədi üzrə 40.000 manat icra orqanı tərəfindən tələbkara ödətdirilmiş (bunu müvafiq bank hesabına mədaxil qəbzləri, tələbkarın icra şöbəsinə təqdim etdiyi ərizə və qəbzlər təsdiq edir), 10.000 manat hissəsi isə Firudin Bağırov tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı ödənilmiş, bu hal müvafiq olaraq qəbz ilə təsdiq edilmiş, eyni zamanda tərəflər arasında mövcud olan mülki mübahisə üzrə məhkəmə qərarlarında da bu hal öz təsdiqi tapmışdır. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbində, o cümlədən apellyasiya şikayətində istinad etdiyi hal, yəni borclulara kredit müqaviləsi üzrə 50.000 manatdan əlavə borc pul verməsi, borclu tərəfindən qəbzlə ödənilən 10.000 manatın kredit müqaviləsi üzrə borcla bağlı deyil, digər borcla bağlı olması mülki məhkəmə icraatında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin hala qiymət verilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 7733/2018 nömrəli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçılar Bağırov Firudin Əlisa oğlunun və X3 cavabdeh İddiaçı və üçüncü şəxslər 53 saylı Notariat Kontoruna və Yasamal rayon icra və probasiya şöbəsinə qarşı onlarla İddiaçı arasında Bakı şəhəri, 53 saylı Notariat Kontorunda bağlanmış 01 iyun 2016-cı il və 14 iyul 2016-cı il tarixli kredit müqavilələri üzrə öhdəliyin icrasına xitam verilməsi tələbinə dair ilkin iddia tələbi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər Bağırov Firudin Əlisa oğluna və X5 qarşı cavabdehlər Bağırov Firudin Əlisa oğlu və X2 ödəmədikləri 40.000 manat əsas borcun və həmin borcu bir il ərzində gecikdirdiklərinə görə 10% bank uçot dərəcəsi və əldən çıxmış fayda nəzərə alınmaqla 4000 (dörd min) manatın, bu işlə bağlı vəkilə ödədiyi 300 (üç yüz) manatın və 30 manat dövlət rüsumunun, cəmi 44.330 (qırx dörd min üç yüz otuz) manatın alınaraq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 7627/2020 nömrəli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Bağırov Firudin Əlisa oğlu və X3 cavabdeh İddiaçı qarşı “öhdəliyin icrasına xitam verilməsi barədə” ilk iddiası rədd olunmuş, İddiaçı cavabdehlər Bağırov Firudin Əlisa oğlu və X5 qarşı “pul tələbi barədə” qarşılıqlı iddiası rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1892/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7627/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 3 qəbzdə göstərilən pul (cəmi 50.000 manat) ilə 2 kredit müqaviləsində göstərilən pul (cəmi 50.000 manat) eyni puldur. Yəni kredit müqavilələri bağlandıqdan sonra pulun verilməsi qəbzlərdə əks olunub. Belə ki, 30.000 manata dair kredit müqaviləsinin bağlandığı tarixdən (xx.xx.2016cı il tarixdən) 5 gün sonra (xx.xx.2016-cı il tarixdə) və 32 gün sonra (xx.xx.2016-cı il tarixdə) müvafiq olaraq 15.000 və 15.000, cəmi 30.000 manata dair qəbzlər tərtib olunub. 20.000 manata dair kredit müqaviləsinin bağlandığı tarixdən (xx.xx.2016-cı il tarixdən) 3 gün sonra (xx.xx.2016-cı il tarixdə) 20.000 manata dair qəbz tərtib olunub. Göründüyü kimi müqavilələr və qəbzlər xronologiya və məbləğ baxımından bir-birini tamamlayır. Bu isə onu təsdiq edir ki, qəbzlər müqavilələrin icrasını təsdiq etmək üçün tərtib olunub. Bunun əksi, yəni 3 qəbzin hər birinin ayrıca kredit münasibəti kimi qiymətləndirilməsi o deməkdir ki, 5 kredit münasibəti olub: 1-ci dəfə 30.000 manat verilib, bundan 5 gün sonra 2-ci dəfə 15.000 manat verilib, bundan 27 gün sonra 3-cü dəfə 15.000 manat verilib, bundan 11 gün sonra 4-cü dəfə 20.000 manat verilib, bundan 3 gün sonra 5-ci dəfə 20.000 manat verilib. Qısa zaman kəsiyində 5 dəfə, xüsusilə 3 gün və 5 gün zaman fərqi ilə pul verilməsi ağlabatan deyil. Yalnız 50.000 manat pul verilib, pulun verilməsinin etibarlılığının təmin edilməsi üçün kredit müqaviləsi ilə yanaşı qəbzlər də tərtib olunub. 50.000 manatdan 10.000 manat qaytarılıb, qalan 40.000 manatın tutulması ilə bağlı notariusun icra qeydi var. Göründüyü kimi, 3 qəbz kredit müqaviləsi deyil. Həmin qəbzlər daha əvvəl bağlanmış 2 kredit müqaviləsindən əmələ gələn öhdəliyin (pul vermək öhdəliyinin) kredit verən tərəfindən icra edildiyini təsdiq edən sənəddir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İcra sənədi üzrə borcluların ödəməli olduğu ümumi məbləğ 50.000 manat olmuş, 30.000 manatın 10.000 manatı İddiaçıla üçüncü şəxs Firudin Bağırov arasında imzalanmış qəbz əsasında, qalan 40.000 manat isə icra mərhələsində ödənilmişdir. Belə olan halda 53 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş icra sənədi tam icra olunmuş hesab olunur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9529/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar