Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1632/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Həmidov Həmid Üzeyir oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi və s. tələblərinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(112)-949/2021 saylı qərardadından iddaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ümumi xəstəlikdən İİ qrup əlil kimi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısından çıxarılaraq, yenidən “hərbiçi ailəsi” kimi mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına qaytarılması, payına düşəcək torpaq sahəsi və ya mənzil ilə təmin olunması, torpaq sahəsi və ya mənzil verilmədiyi müddətdə onun əvəzinə kirayə haqqı ödənilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti başçısının 30.06.2010-cu il tarixli 104 saylı sərəncamına dəyişiklik edilməsi barədə Binəqədi rayon İcra hakimiyyəti başçısının 16 dekabr 2016-cı il tarixli 294 saylı sərəncamının ləğv edilərək, Binəqədi rayon İcra hakimiyyəti başçısının 30.06.2010-cu il tarixli 104 saylı sərəncamının qüvvədə saxlanılması, yəni vətəndaş İddiaçı ümumi xəstəlikdən İİ qrup əlil kimi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısından çıxarılaraq yenidən "hərbiçi ailəsi" kimi mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına qaytarılması, onun payına düşəcək torpaq sahəsi və ya mənzil ilə təmin olunması, torpaq sahəsi və ya mənzil verilmədiyi müddətdə onun əvəzinə kirayə haqqı ödənilməsi barədə Binəqədi İcra hakimiyyətinin üzərinə öhdəlik qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, 23 oktyabr 1999-cu ildə X4 ilə rəsmi nikaha daxil olmuş, birgə nigahlarından 3 qız övladları doğulmuşdur. 1974-cü il təvəllüdlü X2 26.10.1992-ci ildən Azərbaycan Ordusunda xidmətə qəbul olunaraq, N saylı hərbi hissədə hərbi xidmətini başa vuraraq, baş gizir rütbəsinə qədər yüksəlmişdir. X2 AR Müdafiə Nazirliyində 17 ildən artıq xidmət etmiş, xidmət etdiyi zaman xəstəliyə tutulmuşdur. 2005-ci ildə öz vəzifə borclarını yerinə yetirərkən iş yerində İ dəfə ürək tutması keçirtmiş, Müdafiə Nazirliyi tərəfindən müalicəsi üçün Türkiyə Respublikasının Gülhanə xəstəxanasına göndərilməsinə baxmayaraq o, İİ dəfə yenə iş yerində ürək tutması keçirərək 16.06.2009-cu ildə kəskin ürək çatışmazlığından ölmüşdür. Əri öldükdən sonra o, 3 övladı ilə evsiz qalmışdır. O, 11 nəfər ailə tərkibi ilə (özü, 3 qızı, qaynatası, baldızısı və 3 qohumu) 2007-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, 1-ci sıra , 197 saylı evə pasport qeydiyyatına alınmışdır. Lakın orada şərait yaxşı olmadığından uşaqları ilə birgə müvəqqəti olaraq atasının evinə köçmüşdür. Orada da ev darısqal olduğundan, övladları ilə birlikdə kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 6 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 29 aprel 2016-cı il tarixli arayışa əsasən ona İİ dərəcəli əlillik təyin olunmuşdur. Mərhum ərinə görə aldığı təqaüd müalicəsinə və dərmanlarına xərclənir. Kirayə haqqını ödəməyə imkanı çatmır. Belə ki, Binəqədi rayon İcra hakimiyyətinin 30 iyun 2010-cu il tarixli 104 saylı sərəncamına əsasən o, və 3 qızı yaşayış yeri üzrə mənzil növbəsinə götürülərək, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. Lakin buna baxmayaraq, hər dəfə müraciət etdikdə, növbəyə götürülməsindən 9 il keçməsinə baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bu məqsədlə mənzil sahələri tikilmədiyi, mənzil fondunun balansında boş yaşayış sahəsi olduqda, növbəlilik əsasında mənzil ayrılacaq cavabı verilərək süründürməçiliyə məruz qalmışdır. Sonradan Binəqədi rayon İcra hakimiyyəti başçısının 30.06.10-cu il tarixli 104 saylı sərəncamında dəyişiklik edilərək “hərbiçi ailəsi kimi” sözləri çıxarılaraq, o, yaşayış yeri üzrə mənzil növbəsinə ümumi əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına 30.06.2010-cu il tarixdən, ümumi xəstəlikdən 2-ci qrup əlil kimi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilmiş, mənzillə təmin olunması haqda müraciəti baxılması üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Növbəti dəfə o, Binəqədi rayon İcra hakimiyyətində qəbulda olduqda 25 dekabr 1991-ci ildə qəbul olunmuş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci və 21-ci maddələrinin ona şamil olunmadığı, Nazirlər Kabinetinin qərarı və Mənzil Məcəlləsinə əsasən hərbi qulluqçu öldükən sonra ona verilən imtiyazların ailəsinə şamil olunmadığı söylənilmişdir. Bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdikdə, 25 dekabr 1991-ci ildə qəbul olunmuş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi əsas gətirilərək İcra başçıları tərəfindən 6 aydan gec olmayaraq mənzil növbəsinə götürülməli və yaşayış sahəsi ilə təmin olunması haqqında müraciətini cavablandırıb, işini Binəqədi rayon İcra hakimiyyətinə yönəltmişdir. Müdafiə Nazirliyinin 13.03.2020-ci il tarixli məktubununda “Hərbi qulluqçuların statusu haqqında” Qanunun müddəaları mərhum X3 ailə üzvlərinə də şamil edilməsi qanunvericiliyə uyğun olduğu bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(112)-949/2021 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim N.Abiyev). Həmin qərardaddan iddiaçının vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayəti vermişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil çıxışında apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, hazırda mübahisələndirilən Bakı şəhəri Binəqədi rayon İHB-nın 16.12.2016-cı il tarixli 294 saylı sərəncamının iddiaçıya 2016-cı ildə icra hakimiyyətinə dəvət olunaraq, orada rəsmi qaydada təqdim olunduğunu, lakin o zaman hüquqlarının pozulduğunu bilmədiyi üçün sərəncamı mübahisələndirmədiyini, hüquqlarının pozulduğunu bildikdə isə vəkilə müraciət etmişdir. Göstərilənlərə əsasən apelyasiya şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı vəkilinin çıxışı ilə razı olduğunu, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan: Nikahın bağlanması haqqında şəhadətnamənin (Vİİ-JQ seriyalı 384923 №li) notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 ilə X1 23.10.1999-cu ildə nikaha daxil olmuşlar, nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin (AZ-İ seriyalı 355440 №li) notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 16.06.2009-cu il tarixdə ölmüşdür. Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti başçısının 104 №-li 30.06.2010-cu il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla vətəndaş İddiaçı ailə tərkibi 4 nəfərlə (özü və 3 qızı) yaşayış yeri üzrə Binəqədi rayon İcra hakimiyyətində mənzil növbəsinə götürülməsi, onun hərbiçi ailəsi olduğunun nəzərə alaraq, mənzil növbəsinin güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti başçısının 294 №-li 16.12.2016-cı il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti başçısının 30.06.2010-cu il tarixli 104 saylı sərəncamında dəyişiklik edilərək, “hərbiçi ailəsi kimi” sözləri çıxarılmış və vətəndaş İddiaçı yaşayış yeri üzrə mənzil növbəsi ümumi əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına 30.06.2010-cu il tarixindən, ümumi xəstəlikdən İİ qrup əlil kimi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına isə hazıki (sərəncamın qəbul edildiyi) vaxtdan daxil edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən 02.12.2020-ci il tarixdə Binəqədi rayon İcra hakimiyyətinə ünvanlanmış və üzərinə sonuncunun “Daxil olma” ştampı vurulmuş ərizənin surətindən görünür ki, İddiaçı 2016-cı ildə ona mənzil növbəsi barəsində verilmiş sərəncamı itirdiyini göstərərək, arxivdən yenidən sərəncamın ona verilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi rayon İcra hakimiyyətinin İddiaçı ünvanlanmış 02/09-11-11/Q- 169-068 №li 11.12.2020-ci il tarixli məktubundan, ona əlavə olunmuş sərəncamın təsdiq olunmuş surətindən və poçt zərfindən görünür ki, sonuncunun 02.12.2020-ci il tarixli müraciətinə əsasən Binəqədi rayon İHB-nın 16.12.2016-cı il tarixli 294 saylı sərəncamının surəti təkrarən ona 15.12.2020-ci il tarixdə poçt vasitəsilə göndərilmiş, həmin sənəd 05.01.2021-ci ildə poçt tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış və 13.01.2021-ci il tarixdə rəsmi qaydada imza olunmaqla İddiaçı təqdim olumuşdur. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin 294 saylı 16.12.2016-cı il tarixli sərəncamın ləğvini məhkəmədən xahiş edir. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 16.12.2016-cı il tarixli, 294 nömrəli sərəncamının ləğv olunması barədə iddiaşının iddia ərizəsi məhkəməyə göndərilməsi üçün 12.05.2020-ci il tarixdə sürətli poçtla təqdim olunmuş və həmin iddia ərizəsi 13..05.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğv edilməsi müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərədə tutulmiş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan (dekabr 2016-cı il) 3 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunlara əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia sərəncamın ləğv olunması hissəsində mümküm sayəlmamalıdır. Bununla yanaşı birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi digər tələblər də, mübahisələndirilən sərəncamın ləğvi ilə bağlı olduğundan həmin hissələrdə də iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətin dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir, ona görə də iddiaçının apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13.04. 2021-ci il tarixli, 2-1(112)-949/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1632/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1632/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver