Məhkəmə qərarları › İş №2-1(103)-1632/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1632/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1632/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7822/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 55 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə pensiya təyin edilməsi və bu pensiyanı almaq hüququnun yarandığı xx.xx.2020-ci il tarixindən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi ilə bağlı lazım olan hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə pensiya təyinatı barədə cavabdeh Filiala 28 fevral 2022-ci il tarixində müraciət etmişdir. Onun bu müraciətinə xx.xx.2022-ci il tarixli imtina məktubu gəlmişdir. Filial imtinasında qeyd edir ki, çalışdığı müəssisədən verilən arayışda rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Halbuki, çalışdığı müəssisə olan “SOCAR”- dan təqdim olunan arayışda qeyd edilir ki, Emal İnterzone 505, İnterqard 269 astar boya (İngiltərə), İnterqard 251 astar boya (İngiltərə), İnterhane 990 son qat boya, İnterqard 475 HS araqat boya (İngiltərə), Həlledici GTA-220, Həlledici İnter.Thin.713, araqat boya üçün həlledici və sair materiallar tətbiq etməklə rəngləmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan “rəngsaz” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Filialın imtina üçün gətirdiyi “əsas” həqiqətə uyğun deyil və qanunaziddir. Belə ki, cavabdehə təqdim edilən arayışda rəngsaz peşəsində çalışarkən istifadə olunan zərərli maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmuşdur. Həmçinin, onun güzəştli şərtlərlə pensiya hüququ əldə etməyi üçün gərəkli olan yaş, ümumi sosial sığorta stajı və güzəştli şərtlərlə pensiya hüququ əldə etməyə imkan verən zərərli iş üzrə sosial sığorta stajı göstəriciləri uyğundur. Qeyd edir ki, yaşı 57dir (xx.xx.1965-cü il). Ümumi sosial sığorta stajı 36 il 5 ay 24 gündür və o hazırda da işləməyə davam edir (əmək kitabçasındakı qeydlər). Güzəştli şərtlərlə pensiya hüququ əldə etməyə imkan verən zərərli iş üzrə sosial sığorta stajı 16 il 9 ay 10 gündür (“SOCAR”dan verilən arayış). Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2020-cu il 1 dekabr tarixindən (55 yaşı tamam olduqda) yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7822/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı tərəf qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarına əsasən 4-cü təhlükəlilik sinfinə aid edilmiş aseton maddəsi ilə işləyən rəngsazın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 45.600 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42.456,26 manat təşkil etmişdir. Lakin işdə olan sübutlardan xx.xx.2022-ci il tarixli SOCAR **********30490075X00025 saylı məktuba əlavə edilmiş sənədlərdən xx.xx.2009cu il tarixdə tərtib edilmiş “İş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəli”ndən də göründüyü kimi İxtisaslaşmış tikinti sexinin rəngsaz peşəsi üzrə işləyən şəxslər həmin dövrdə “toluol” maddəsi ilə işləmişlər. Həmin maddənin təhlükəlilik dərəcəsi isə ГОСТ 12,1005-88 “İşçi zonasına olan ümumi sanitar-gigiyenik tələblər” SSRİ dövlət standartlarından çıxarışın 54-cü sıra nömrəsində 3-cü sinfə aid edilmişdir. İddiaçı isə tərkibində toluol olan maddələrlə 10 ildən artıq müddətdə işləmişdir. Buna görə də məhkəmənin iddiaçının güzəşrli şərtlərlə əmək pensiya hüququ verən iş stajının olmamasına dair gəldiyi nəticə yanlış olmuş, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu faktiki hal məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530- VİQD№-li Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində edilmiş dəyişiklikdə nəzərdə tutulan “azı 25 il stajı olan şəxslər üçün pensiya kapitalının tələb edilməməsi” müddəası İddiaçı münasibətdə tətbiq edilməmişdr. Nəticədə məhkəmə tərəfindən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu məhdudlaşdıran əsassız və qanunsuz qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsi şəxsin 25 il sığorta stajına malik olduğunu, 2017-ci ilin iyulun 1-dək ona hər hansı bir pensiya təyin edilmədiyini bilmiş olsa da, lazımi pensiya kapitalının olmamasını iddianın rədd edilməsi səbəblərindən biri olaraq qəbul etmişdir. Məhkəmə şəxsin 3-cü sinif təhlükəlilik dərəcəsinə aid edilən toluol maddəsi ilə işləməsi faktını araşdırmamışdır. Halbuki, məhkəmənin iddianı rədd etməsi üçün əsaslardan biri iddiaçının işləmiş olduğu aseton maddəsinin 4-cü dərəcəli təhlükəlilik sinifinə aid edilməsinə dair gəldiyi nəticə olmuşdur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməli olsa da, işdə olan SOCAR-ın xx.xx.2022-ci il tarixli, SOCAR **********30490075X00025 nömrəli məktuba əlavə edilmiş sənədlərdən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş “İş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəli”ni tam araşdırmamışdır. Nəticədə iddiaçının xx.xx.2003-cü ildən 2013-cü ilin avqust ayına qədər olan dövr ərzində 3-cü sinif təhlükəlilik dərəcəsinə malik olan toluol maddəsi ilə işləməsi, azı 10 il xüsusi staja malik olması faktı nəzərə alınmamışdır. Məhkəmə iddiaçının malik olduğu 16 il, 9 ay, 10 gün xüsusi stajının 2013-cü ildən əvvəlki dövründə hansı zərərli maddə ilə işləməsi hissəsinə qiymət verməmişdir. Nəticədə məhkəmə iddiaçının tələb olunan xüsusi stajının olmaması qənaətinə gəlmişdir. Məhkəmə iddiaçının tələb olunan xüsusi stajının olmaması qənaətinə gələrkən bunu sübutedən sənədlərin hamısını araşdıraraq fakta obyektiv qiymət verməmişdir. Bakı İnzibati Məhkəməsi qəbul edilmiş qərarın 6-ci vərəqəsinin 7-ci abzasında iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün qeyd olunan 3-cü element kimi iddiaçının 12 il 6 ay güzəştli iş stajının olması tələbini qeyd etmişdir. Lakin qeyd edilən element kişilərə münasibətdə tətbiq edildiyindən, iddiaçıya münasibətdə şərt kimi qəbul edilə bilməzdi. Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun “Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının aparılması və sanitar-texniki pasportların hazırlanması haqqında” xx.xx.2004-cü il tarixli 345/1 nömrəli əmrin surətinin birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbi məhkəmənin aseton maddəsini 4-cü dərəcəli təhlükəlilik sinfinə aid edərək bu əsasla da iddianı rədd edəcəyinin əvvəlcədən məlum olması olmuşdur. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilərək İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7822/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış, lakin iddiaçı tərəfindən təqdim edilmiş arayışda rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmadığından qeyd olunan məlumatlar müvafiq arayışda əks olunaraq Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacağı bildirilmişdir (“Güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında” xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktub). Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixə qədər qüvvədə olan (həmçinin, iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat aparılan vaxt) redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: iddiaçının 55 yaşının tamam olması; iddiaçının 20 il ümumi iş stajının mövcud olması; iddiaçının 10 il güzəştli iş stajının mövcud olması; iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçının 55 yaşının xx.xx.2020-ci il tarixdə tamam olması, həmin tarixə 20 ildən artıq ümumi iş stajının olması işin mübahisəsiz halı olsa da, iddiaçının güzəştli iş stajı və pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasına imkan vermir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2003-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına Bakı Dərin özüllər Zavodu”nun 19 saylı Təmir tikinti sexində və xx.xx.2012-ci il tarixindən bugünədək isə həmin zavodun İxtisaslaşmış tikinti sexində rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən müəssisənin ona dair 14 fevral 2022-ci il tarixli, SOCAR**********80020123X00016 nömrəli arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır (xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktub). Birinci instansiya məhkəməsindəki icraat zamanı məhkəmə sorğusuna cavab olaraq “Heydər Əliyev adına Bakı Dərin özüllər Zavodu” tərəfindən məhkəməyə 30 iyun 2022-ci il tarixli SOCAR**********30480092X00013 nömrəli məktub ünvanlanmışdır. Həmin məktub və ona əlavə edilmiş sənədlər tədqiq edildiyi zaman iddiaçının xx.xx.2003-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2012-ci il tarixdən arayışın təqdim edildiyi tarixədək sözügedən müəssisədə təhlükəlilik sinifi 4 olan aseton maddəsini tətbiq etməklə rəngsaz vəzifəsində işlədiyi müəyyən edilmişdir. Belə ki, 30 iyun 2022-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2013-cü ildə (həmçinin 2022-ci ildə) təsdiq edilmiş iş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəlinə əsasən iddiaçının işlədiyi 3 №-li xidmət sahəsi üzrə rəngsazın iş şəraitinin zərərlilik amilləri kimi aseton, əmək şəraitinə görə və vəzifə (tarif) maaşına artım əmsalı 1,04 müəyyən edilmişdir. “İş zonasının havasında tez-tez təsadüf edilən zərərli maddələr toplantısının buraxıla bilən həddi (THB)” - ГОСТ 12.1.005-88. “İşçi zonanın havasına olan ümumi sanitar-gigiyenik tələblər” SSRİ dövlət standartından çıxarışda aseton maddə 4-cü təhlükəlilik sinfinə aid edilmişdir. Göründüyü kimi adıçəkilən şəxsin rəngsaz vəzifəsində işlədiyi zaman tətbiq etdiyi aseton maddəsi təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan 1-ci, 2-ci, 3-cü sinif təhlükəli deyil, 4-cü sinif təhlükəli maddədir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir (xx.xx.2022-ci il tarixli, **********4 nömrəli xidməti məktub). İddiaçının 55 yaşının tamam olduğu 1 dekabr 2020-ci il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45.600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42.456,26 manat təşkil edirdi. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixdən sonra qüvvədə olan hazırki 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına əsasən qadınların pensiya yaşı 58 yaş (63 yaş - 5 il = 58 yaş) müəyyən edildiyindən və iddiaçının 58 yaşı tamam olmadığından (xx.xx.2023-cü il tarixdə müvafiq yaş həddinə çatacaqdır) ona hazırda da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı 55 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə pensiya təyin edilməsi və bu pensiyanı almaq hüququ yarandığı xx.xx.2020-ci il tarixindən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad edərək tələbin təmin edilməsindən imtina etmişdir. Daha sonra iddiaçı hazırkı iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdehə təqdim edilən arayışda rəngsaz peşəsində çalışarkən istifadə olunan zərərli maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmuşdur. Həmçinin, onun güzəştli şərtlərlə pensiya hüququ əldə etməyi üçün gərəkli olan yaş, ümumi sosial sığorta stajı və güzəştli şərtlərlə pensiya hüququ əldə etməyə imkan verən zərərli iş üzrə sosial sığorta stajı göstəriciləri uyğundur. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçı qanunla tələb olunan güzəştli iş stajına malik olmadığından, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li, xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. - 01 yanvar 1981-ci il tarixli, ПТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1988-ci ilə kimi sovxozda fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə kimi 10 №-li Stomatoloji Poliknikada sanitar, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi 253 №-li orta məktəbdə laborant, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi Xanlar istehsalat kombinatın Çaykənd trikotaj sahəsində İ dərəcəli toxucu, xx.xx.1994-cü ildən xx.xx.1995-ci il tarixə kimi “Xüsusitəmirtikinti” terstində 3-cü dərəcəli rəngsaz, xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə kimi İxtisaslaşdırılmış Tikinti İdarəsi 1 №-li sahədə 2-ci, 3-cü, 4-cü dərəcəli fəhlə, xx.xx.2003-cü ildən hal-hazıradək “Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu”nda 4-cü, 5-ci dərəcəli rəngsaz, istehsalat hamamlarının fəhləsi, istehsalat sahəsini və xidməti otaqları yığışdıran, 5-ci dərəcəli rəngsaz vəzifəsində işləyir. - “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, SOCAR**********80020123X00016 №-li şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən rəngsaz peşəsində: “Bakı Dərin Özüllər zavodu”nun 19 saylı Təmir tikinti sexində xx.xx.2003-cü il tarixindən (xx.xx.2003-cü il tarixli, 31/k-10 saylı əmr) xx.xx.2010cu il tarixinədək (xx.xx.2010-cu il tarixli, 372/k saylı əmr) “Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu”nun İxtisaslaşmış tikiniti sexində xx.xx.2012-ci il tarixindən (xx.xx.2012-ci il tarixli, 298/k saylı əmr) hal-hazıradək həmin peşədə işləyir. İşlədiyi peşə üzrə iş stajı 16 il 9 ay 10 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Emal İnterzone 505. İnteraard 269 astar boya (İngiltərə). İntergard 251 astar boya (İngiltərə). İnterthane 990 son qat boya. İntergard 475 HS araqat boya (İngiltərə). Həlledici GTA-220, Həlledici lnter.Thin.713., araqat boya üçün həlledici və sair materiallar tətbiq etməklə rəngləmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan “rəngsaz” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. - “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, SOCAR**********80020123X00016 №-li məktubdan görünür ki, zavodda “rəngsaz” peşəsi üzrə işçinin əmək funksiyaları istehsalat sahələrində və tikinti meydançalarında, anbarlarda və bazalarda səthlərin köhnə boya və çirkdən təmizlənərək rəng püskürdücü avadanlığın, rolik, yastı fırça və s. alətlərin vasitəsi ilə rəngləməsi işlərinin yerinə yetirilməsindən ibarətdir. SOCAR-ın iş yerlərinin attestasiyasını aparan müəssisəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun mütəmadi olaraq (hər 5 ildən bir) keçirilən iş yerlərinin attestasiyası zamanı “rəngsaz” peşəsi zərərli iş yeri kimi qiymətləndirilmiş (bu barədə tərtib olunmuş sənədlərin təsdiq olunmuş kserosurətləri məktuba əlavə olunur) və bu peşədə işləyən işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” xx.xx.2002-ci il tarixli 137 №-li qərarına əsasən tarif maaşının 4%-i qədər əlavə əmək haqqı ödənilmişdir. - Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, ARDNŞ-nin 14 sentyabr 2012-ci il tarixli, 126 saylı əmrinə əsasən 2013-cü ilin avqust ayı ərzində “H.Əliyev adına Bakı dərin özüllər zavodu” üzrə 57 iş yerinin attestasiyası aparılmış və 5 zərərli iş yeri müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş iş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəlinə əsasən Heydər Əliyev adına BDÖZ-nin 3 №-li xidmət sahəsinin rəngsazlar peşəsi – istehsalat mühitin amilləri: zərərli kimyəvi maddələr - İİİ-İV təhlükəlilik- aseton; THB SBH – 200, amillərin durumu, vəziyyəti – 213; X dərəcə bal – 1; T92%; X Fakt Bal – 1; istehsalat mühitinin amilləri cəmi 1 bal; əmək şəraitinə görə güzəştlər (1 və 2 №-li siyahılara aiddir) – 1,04 qeyd edilmişdir. ARDNŞ-nin Heydər Əliyev adına BDÖZ üzrə əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və xüsusi ilə zərərli peşə və vəzifələrin siyahısında 3 №-li xidmət sahəsi üzrə rəngsazın iş şəraitinin zərərlilik amilləri kimi aseton, əmək şəraitinə görə və vəzifə (tarif) maaşına artım əmsalı 1,04 qeyd edilmişdir. - Həmin məktuba əlavə edilmiş “İş zonasının havasında tez-tez təsadüf edilən zərərli maddələr toplantısının buraxıla bilən həddi (THB)” - ГОСТ 12.1.005-88. “İşçi zonanın havasına olan ümumi sanitar-gigiyenik tələblər” SSRİ dövlət standartından çıxarışdan görünür ki, aseton maddənin THB (toplantının buraxıla bilən həddi) mq/m3 – 200, istehsalat şəraitində üstünlük təşkil edən aqreqat halı – b, təhlükəlilik sinfi – 4 göstərilmişdir. - “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, SOCAR**********30480092X00023 №-li məktubdan görünür ki, müvafiq iş üzrə bundan əvvəlki sorğuya cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli, SOCAR**********30480092X00013 nömrəli məktuba əlavədə təqdim olunmuş sənədlərdə, zavodda “rəngsaz” peşəsində işləyən işçilərin əmək funksiyalarını yerinə yetirən zaman işlətdiyi materialların təhlükəlilik sinfi 4-cü sinif qeyd olunmuşdur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndindəki “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz” vəzifə kodunda müəyyən edilmiş materiallar ilə eynilik təşkil edir. - “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, SOCAR**********30490075X00025 №-li məktubdan görünür ki, Emal İnteroze 505, İnterqard 269 astar boya, İnterqard 251 astar boya, İnterthane 990 son qat boya, İnterqard 475 HS araqat boya, Həlledici GTA-220, Həlledici İnter.Thun.713 araqat boya üçün həlledici maddələrin təhlükəlilik sinfi “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan” sinfə aiddir. Həmin maddələrin təhlükəlilik sinfi ГОСТ 12.0.003-74 “Təhlükəli və zərərli istehsalat amilləri” barədə Dövlətlərarası Standartlara, ГОСТ 12.1.007-76 “Zərərli maddələr. Təsnifatı və ümumi təhlükəsizlik tələbləri” Dövlətlərarası Standartlara və ГОСТ 12.1.005-88 “İşçi zonasının havasına olan ümumi sanitar-gigyenik tələblər” SSRİ Dövlət Standartlarına əsasən SOCAR-ın X2 İşlənməsi İdarəsi tərəfindən “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu”nda vaxtaşırı aparılan iş yerlərinin attestasiyası nəticələrinə görə iş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəlinə uyğun olaraq müəyyən edilmişdir. - Filial tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 №-li məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına əsasən qadınların pensiya yaşı 58 yaş müəyyən edildiyindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Bununla əlaqədar olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı 55 yaşının tamam olduğu 1 dekabr 2020-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45.600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42.456,26 manat təşkil edirdi. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********4 №-li xidməti məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı dair verilmiş “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun 30 iyun 2022-ci il tarixli SOCAR**********30480092X00013 nömrəli arayışında onun xx.xx.2003-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2012-ci il tarixindən arayışın təqdim edildiyi tarixədək sözügedən müəssisədə təhlükəlilik sinifi 4 olan aseton maddəsini tətbiq etməklə rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi adıçəkilən şəxsin rəngsaz vəzifəsində işlədiyi zaman tətbiq etdiyi aseton maddəsi təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan 1-ci, 2-ci, 3-cü sinif təhlükəli deyil, 4-cü sinif təhlükəli maddədir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********8 №-li məktubdan görünür ki, Filiala xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2003-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun 19 saylı Təmir tikinti sexində və xx.xx.2012-ci il tarixindən bugünədək isə həmin zavodun İxtisaslaşmış tikinti sexində rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən müəssisənin ona dair 14 fevral 2022-ci il tarixli, SOCAR**********80020123X00016 nömrəli arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd olunan məlumatlar müvafiq arayışda əks olunaraq Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacaqdır. Qeyd olunan iş materialları ilə yanaşı məhkəmə kollegiyasının müvafiq sorğularına: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli məktubuna əsasən İddiaçı 55 yaşının tamam olduğu 01 dekabr 2020-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45.600,00 manat hesablandığı halda, onun cəmi pensiya kapitalı 42.458,41 manat təşkil etmişdir. “Heydər Əliyev adına Bakı Dərin özüllər zavodu”nun 26 aprel 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı “Heydər Əliyev adına Bakı Dərin özüllər zavodu”nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən rəngsaz peşəsində hazırda da işləyir, bu peşədə işlədiyi bütün dövrlərdə ağır iş şəraitində işlədiyinə görə ona hər iş ili üşün 6 gün əlavə məzuniyyət və əmək haqqında 4% əlavə haqq ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddənin Qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən İddiaçı barəsində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün dörd element mövcud olmalıdır:

1. İddiaçının 55 yaşının tamam olması;

2. İddiaçının 20 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 10 il güzəştli iş stajının mövcud olması;

4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Halbuki, iş materiallarından görünür ki, digər bütün şərtlər, yəni iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında olan peşələrdən olması kimi götürülsə belə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01 dekabr 2020-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45.600,00 manat hesablandığı halda, onun cəmi pensiya kapitalı 42.458,41 manat təşkil etmişdir. Bu səbəbdən də, iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində İddiaçı barəsində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 58 yaşının tamam olması;

2. İddiaçının 10 il güzəştli iş stajının mövcud olması; Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla 58 yaşı 01 dekabr 2023-cü il tarixdə tamam olacaqdır. Bu səbəbdən də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan şərtlər ödənilmir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya hazırkı vəziyyətdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan şərtlər ödənilmədiyindən, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas müəyyən edilmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə ətraflı münasibət bildirməyə lüzum görmür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7822/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7822/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar