Məhkəmə qərarları › İş №2-1(103)-1633/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1633/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1633/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi xidmət nümayəndəliyinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-550/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 64 yaşı tamam olduğu 10.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. 10.04.1974-ci il tarixdən 28.01.2004-cü il tarixədək əmək fəaliyyəti vardır. Ümumilikdə 25 ildən çox sosial sığorta stajı vardır. Qeyd olunan sığorta stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə müraciət edərək pensiyanın təyin edilməsini xahiş etmişdir, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı və ya 25 il sığorta stajı olmadığı əsas gətirərək yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin qeyd olunan əsaslarla iddiaçının müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, 10.04.1971-ci il tarixdən 28.01.2004-cü il tarixədək 25 ildən artıq sosial sığorta stajı əmək kitabçasında qeyd olunmasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi fərdi hesabının sığorta hissəsində pensiya kapitalı və ya 25 il sığorta stajının olmadığını əsas gətirərək imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortlaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göstərilən qanunun normalarından görünür ki, istər əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda, istərsə də “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları”nda sığorta olunanın sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi nəzərdə tutulduğundan, onun əmək kitabçasında 10.04.1971-ci il tarixdən 28.01.2004-cü il tarixədək 25 ildən çox sosial sığorta stajı müəyyən olunduğundan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalı və ya 25 il sığorta stajı olmadığı əsas gətirərək yaşa görə əmək pensiyasının təyin etməsindən imtina etməsi əsassızdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı Sadiq oğlu özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, guya 10.04.1974-cü il tarixdən 28.01.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmaqla ümumilikdə 25 ildən çox sığorta stajı toplamışdır. Lakin iddiaçının əmək kitabçasında qeyd edilmiş bir sıra müəssisələrin mövcudluğu və iddiaçının orada həqiqətən işləməsi məsələləri əsaslı şübhələr doğurur. Belə ki, əmək kitabçasında sonuncu iş yeri olaraq qeyd edilmiş Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsində iddiaçının 23.10.1998-ci il tarixdən 28.01.2004-cü il tarixədək sürücü vəzifəsində işlədiyi qeyd edilmişdir. Halbuki həmin dövrlərdə qeyd edilən birliklərin Təmir Tikinti İdarələri formal olaraq mövcud olsalar belə, heç bir fəaliyyət göstərməmiş və işçi götürməmişlər. Bu məsələlərin daha da dəqiq araşdırılması məqsədi ilə arxiv, vergi və bir sıra digər orqan və təşkilatlara sorğular göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna əsaslanmalı, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-550/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı Sadiq oğluna 64 yaşı tamam olduğu 10.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Binəqədi xidmət nümayəndəliyi kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. O, 1970-ci il tarixdən 01 mart 1974-cü il tarixədək Azərbaycan SSR Ali və Orta Bakı Sovet Ticarəti Peşə İxtisas Məktəbinin “Xörəklərin hazırlanması texnologiyası” peşəsi üzrə “texnik-texnoloq” ixtisası üzrə tam kursunu bitirmiş, 10.04.1974-cü il tarixdə müvəqqəti olaraq 480 saylı mağazaya satıcı təyin edilmişdir. 05.05.1974-cü il tarixdə Sovet Ordu sıralarına çağırıldığına görə vəzifəsindən azad edilmişdir. 02.07.1976-cı ildə “Türkmenrıbxolodflot” Krasnovodsk İdarəsi RMS-ə usta qəbul edilmiş, 26.10.1976-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. 15.03.1977-ci ildə post oxucusunun praktikantı qəbul edilmiş, 04.04.1977-ci il tarixdə sərbəst olaraq post oxucusu işinə buraxılmış, 02.06.1978ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 08.09.1978-ci ildə müvəqqəti olaraq restoran № 51-ə 3-cü dərəcəli bufetçi təyin edilmiş, 25.09.1978-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 10.04.1979-cu ildə № 51-ə 3-cü dərəcəli bufetçi təyin edilmiş, vilayət ictimai iaşə idarəsinin əmrinə əsasən 04.03.1981-ci il tarixdən N-51 saylı restoranın adı 10 saylı kombinatına dəyişdirilmişdir. 01.10.1981-ci ildə 4-cü dərəcəli bufetçi ixtisası verilmiş, 05.07.1986-cı ildə anbarçı vəzifəsinə keçirilmiş, 11.04.1987-ci ildə 4-cü dərəcəli bufetçi vəzifəsinə keçirilmiş, 29.06.1987-ci ildə 4-cü dərəcəli aşpaz vəzifəsinə keçirilmiş, 25.10.1990-cı ildə işdən azad edilmişdir. 25.01.1991-ci ildə anbar ekspeditoru təyin edilmiş, 24.04.1991-ci ildə UAZ a/m sürücüsü keçirilmiş, 25.06.1991-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 05.06.1995-ci ildə 2-ci dərəcəli sürücü qəbul edilmiş, 11.09.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 02.03.1996-cı ildə “STAR” firmasının 3 №li TMP-nə 2ci dərəcəli sürücü qəbul edilmiş, 01.10.1997-ci ildə “STAR CO LTD” firmasına köçürmə yolu ilə işdən azad edilmiş, 01.10.1997-ci ildə müqavilə üsulu ilə sürücü vəzifəsinə qəbul edilmiş, 31.03.1998-ci ildə "xxxx" müəssisəsinə köçürülmə yolu ilə işdən azad edilmiş, 01.04.1998-ci ildə müqavilə üsulu ilə sürücü vəzifəsinə qəbul edilmiş, 16.09.1998-ci ildə “STAR CO LTD” firmasının 16.09.1998-ci il tarixli 4384 saylı əmrinə əsasən 02.03.1996-cı il tarixli müqavilənin müddəti başa çatması ilə əlaqədar olaraq işdən azad edilmişdir. 23.10.1998-ci ildə ikinci dərəcəli sürücü qəbul edilmiş, 28.01.2004-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 17.12.2019-cu il tarixli, **********1 saylı imtina məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad etmiş, qeyd olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (23040 manat kapital) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququnun olduğu, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından və ya 25 il sığorta stajı olmadığından ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının 1955-ci il mayın 10-da doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu 10.05.2019-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Hazırki iddia tələbi üzrə iddiaçı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq pensiyasının təyin edilməsini tələb edir. Cavabdeh isə etirazının əsası olaraq iddiaçının əmək kitabçasında qeyd edilmiş bir sıra müəssisələrin mövcudluğu və iddiaçının orada həqiqətən işləməsi ilə bağlı əsaslı şübhələrin olduğuna istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən “Star” firmasının 3 saylı TMP-nin, “Star co LTD” firmasının və "xxxx" müəssisəsinin fəaliyyətdə olub-olmaması, fəaliyyətinin dayandırıldığı təqdirdə hansı tarixdə dayandırılması barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialından, Azərbaycan Respublikası Vergilər Nazirliyinə sorğu göndərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2020-ci il tarixli, 5/1520 saylı məktubla bildirilmişdir ki, “Star” firmasının 3 saylı TMP-nin, “Star co LTD” firmasının və "xxxx" müəssisəsinin və Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Təmir Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhər X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2020ci il tarixli, **********423500 saylı məktubla bildirilmişdir ki, 05.10.2020-ci il tarixə olan vergi ödəyicilərinin dövlət reyestr məlumatlarına əsasən Star CO LTD Firmasının (VÖEN **********) 21.05.1997-ci il tarixdən və "xxxx" Müəssisəsinin (VÖEN **********) 01.04.1998ci il tarixdən vergi uçotunda olması barədə məlumat müəyyən edilmişdir. Hər iki hüquqi şəxsin fəaliyyəti hazırda aktiv vəziyyətdədir. Məhkəmə sorğusuna cavab olaraq Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarixli, 3/452 saylı məktubla bildirilmişdir ki, İddiaçı Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsində Təmir Tikinti İdarəsinin fəaliyyətinin 2007-ci ildən dayandırıldığı və təsərrüfat hesablı olduğundan orda işləyən şəxslər barəsində idarədə rəsmi heç bir sənəd və məlumatın olmadığından iddiaçının 23.10.1998-ci il tarixindən 28.01.2004-cü il tarixədək sürücü vəzifəsində işləməsinə dair müvafıq əmrlərin və digər zəruri məlumatların verilməsi qeyrimümkündür. İddiaçıya məxsus əmək kitabçasında iddiaçının 23.10.1998-ci il tarixindən 28.01.2004-cü il tarixədək Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsində sürücü vəzifəsində işləməsi müəyyən edilmişdir. Lakin cavabdeh həmin dövr üzrə əmək haqqından sığorta ayırmalarının tutulmasını müəyyən etmək mümkün olmadığına görə həmin illəri iş stajına hesablamaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında onun Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsində 2-ci dərəcəli sürücü vəzifəsində işləməsi qeydi əmək kitabçasında öz əksini tapdığından və bu hal müvafiq qaydada əmrləşdirildiyindən, o cümlədən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsinin möhürü ilə təsdiq edildiyindən, həmçinin bu halın əksini təsdiq edən hər hansı əsaslı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, cavabdeh tərəfindən göstərilən əsaslarla iddiaçının işlədiyi illərin ümumi iş stajına hesablanmaması əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. Apellyasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X5 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X6) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1998-2004-cü illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı 23.10.1998-ci il tarixindən 28.01.2004-cü il tarixədək Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsində sürücü işləməsi barədə əmək kitabçası təqdim etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının 23.10.1998-ci ildən 28.01.2004-cü ilədək Təmir-Tikinti İdarəsində 2-ci dərəcəli sürücü olaraq işlədiyi illər, həqiqi hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun ümumi sosial sığorta stajı 25 ildən çoxdur. Həmçinin, iddiaçının 01 sentyabr 1970-ci il tarixdən 01 mart 1974-cü il tarixədək Azərbaycan SSR Ali və Orta Bakı Sovet Ticarəti Peşə İxtisas Məktəbinin “Xörəklərin hazırlanması texnologiyası” peşəsi üzrə “texnik-texnoloq” ixtisası üzrə təhsil aldığı müddət də sosial sığorta stajına daxil edilməlidir. Kollegiya iddiaçının təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsi ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 64 yaşı tam olduğu 10.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-550/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar