Məhkəmə qərarları › İş №2-1(103)-1633/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1633/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1633/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11705/2023 saylı xx.xx.2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyinin dayandırıldığı vaxtdan müharibə əlili kimi orqanizmin (funsiyalarının pozulmasının 61-80 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. O. 1991-ci ildə Ağdam rayon Hərbi Komissiyası tərəfindən hərbi xidmətə çağırılmışdır. O, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə yaralanmış və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. Diaqonoz olaraq isə "qapalı kəllə-beyin travması, orta dərəcəli beyin silkələnməsi, sağ təpə nahiyyəsinin yumşaq toxumalarının əziyi, sağ diz oynağının laxlaması” qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 175 nömrəli Qərarında da qeyd olunduğu kimi, "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Belə ki, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir, növbəti müayinə xx.xx.2018-ci il tarixdə keçirilmiş və 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə keçirilən müayinə zamanı isə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin xx.xx.2023-cü ildə keçirilən müayinə zamanı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb olaraq isə diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçıya ikinci dərəcəli əlilliyin təyini bərpa edilməlidir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “iddiaçının xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi” kimi dəyişdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularını şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davam formala”rının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlə verilir) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikli klə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsini zərurət yaranması aiddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11705/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Zərdab rayon X5 Hüquqi şəxsi) qarşı “iddiaçının xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə İddiaçı hazırkı sağlamlıq vəziyyətinin ona əlillik təyinatına əsas veribverməməsinin yoxlanılması məqsədilə canlı müayinəsinin həyata keçirilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabiliyasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İddiaçı hazırda qüvvədə olan Meyarlara əsasən orqanizmin funksiyalarının pozulması faiz göstəricisinə uyğun İİ dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11705/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı ləğv edilməli və hazırkı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2015-ci il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə təkrar əlillik (ikinci dərəcə) təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 25 nəfər vətəndaşların müraciətləri əsasında əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 175 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, orta dərəcəli beyin silkələnməsi, sağ təpə nahiyyəsinin yumşaq toxumalarının əziyi, sağ diz oynağının laxlaması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yorğunluq və halsızlıqdan şikayətlənmişdir. Baxış zamanı sinəsində və boynunun ön və yan səthlərində yanıq çapıqları izlənmiş, hərəkətləri sərbəst qeyd edilmişdir. Anamnezində qıcolma haqqında danışsa da, tutmaları təsvir edə bilməmişdir. Nevroloji müayinə zamanı 12 cüt kranial sinirlər normal, reflekslər canlı və bərabər alınmış, D=S, əzələ gücü və tonusu normal, atrofiya, parez qeyd edilməmişdir. Qəbul etdiyini medikamentoz preparatların adlarını bilməmişdir. M.Ə.Əfəndiyev adına X10 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 4665 nömrəli Çıxarışda diaqnoz “Qapalı kəllə-beyin travmasının nəticələri. Baş beyin əzilməsi. Beyin daxili qanaxma nəticəsində yaranan Hemorraqik insultdin qalıqları. Sol tərəfli hemiparez. Çanaq orqanları funksiyasının pozulması ilə təkrarlanan epileptik tutmalarla (ayda 6-8 dəfə). Üzvi mənşəli emosional labil pozuntu" kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 Saylı X1 xx.xx.2023-cü il tarixli 1/362 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi emosional labil pozuntu" kimi qeyd olunmuş, obyektiv müayinə zamanı psixi dəyişikliklər müşahidə edilməmiş, öz təsdiqini tapmamışdır. A.N.Heydərov adına Respublika Hospitalının Beyin MRT müayinəsinin nəticəsi “Normal qörünümlü MRT müayinəsi’ kimi qeyd edilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında iddiaçı Xuduyev İbrahim Həsən oğlunun sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 776/2023 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir:

1. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş son xx.xx.2023-cü il tarixli, N0008062YHP saylı Forma 088 göndərişindən görünür ki, o “Kəllədaxili travmalarının nəticələri, keçirilmiş qapalı kəlləbeyin travmasının, baş beyinin əzilməsindən sonrakı vəziyyət (xx.xx.1992), beyindaxili qansızma nəticəsində yaranmış hemorragik insultun davamlı qalıq əlamətləri (2017), üzvi mənşəli emosional labil (astenik) pozuntu, spastik hemiplegiya, soltərəfli hemiparez (əzələ gücü 3 bal), sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, təkrarlanan epileptik tutmalarla (ayda 6-8 dəfə), hipertrofık çapıq, bədənin, döş qəfəsinin sağ yarısının, boyunun ön səthinin yanıqdan sonrakı vəziyyəti, keloid çapıq” diaqnozundakı xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkir. 2,3. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-4519/2024 №-li, 24 iyun 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli N00080562YHP nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1 -15525/2023). Vətəndaş 3-17-4/1 - 16074/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-1633/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur.Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 175 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, orta dərəcəli beyin silkələnməsi, sağ təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ diz oynağının laxla ması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yorğunluq və halsızlıqdan şikayətlənmişdir. Baxış zamanı sinəsində və boynunun ön və yan səthlərində yanıq çapıqları izlənmiş, hərəkətləri sərbəst qeyd edilmişdir. Anamnezində qıcolma haqqında danışsa da. tutmaları təsvir edə bilməmişdir. Nevroloji müayinə zamanı 12 cüt kranial sinirlər normal, reflekslər canlı və bərabər alınmış, D=S, əzələ gücü və tonusu normal, atrofiya, parez qeyd edilməmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını bilməmişdir” qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qeyri-iradi sidik ifrazından, əsəbilikdən, aşağı ətraflarda hərəkət məhdudluğundan, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 2017-ci ildən özünü xəstə hesab etdiyini, işemik insult keçirdiyini, yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı döş qəfəsinin ön səthində, boyunun ön səthində yanıqdan sonrakı çapıqlar izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji statusda kranial sinirlər tərəfindən heç bir patologiya aşkarlanmamış, əzələ gücü və tonus normal, aşağı ətraflarda reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam həcmdə və ağrısız, yerişi sərbəst olmuşdur.Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2021-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Zəmin ritm (alfa-ritm) qeyri-mütəşəkkildir. So/ hemisferada epi-aktivlik qeydə alınır” kimi müəyyənləşdirilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır.Akademik C.Abdullayev adına X7 İnstitutun xx.xx.2022-ci il tarixli 3503 nömrəli Tibbi rəyində diaqnoz “Arterial hipertenziya, İİİ dərəcə. Şəkərli diabet, tip 2” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.2 saylı X1 xx.xx.2023-cü il tarixli 324 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi emosional labil pozuntu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.Vətəndaş işemik insult keçirdiyini bildirsə də, MRT müayinəsi təqdim etməmiş, şəkərli diabet xəstəliyi səbəbi ilə komada olduğunu təsdiq edəcək məlumat əks etdirən sənədlər gətirməmişdir.Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq o İ a ra q Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində xx.xx.2015-ci il tarixdə Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016cı il müəyyən olunmuşdur. Daha sonra iddiaçıya “Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələn.Keçirilmiş ağır qapalı KBT davamlı uzaq nətıcələri.Qabarıq ifadə olunan asteno nevratik sindrom.Postkontuzion sindrom Ensotalopatiya tez-tez baş verən epilektik qıcolma tutmaları ilə” diaqnozu ilə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə təkrar əlillik (ikinci dərəcə) təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il müəyyən olunmuşdur. xx.xx.2018-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Beyindaxili qansızma Kəllə daxili qansızmanın nəticələri. Hərəkətin və yeriyin pozulmaları. Hərəkətin və yeriyin kəskin pozulması. Hemorragik insultdan sonrakı sol tərəfli hemiplegiya. Başqa rubrikalarda təsnif olunmayan sidik saxlaya bilməyən sidik kisəsi Çanaq orqanlarının funkstyasının əhəmiyyətli dərəcədə pozulması Disfaziya və afaziya. Generalize olunmuş idiopatik epilepsiya və epdeptik sindromlar. Tez tez təkrarlanan epdeptik qıcolma tutmaları (ayda 7-8 dəfə) Üzvi mənşəli emosional labil jastenik] pozuntu. Diensefal sindrom kəskin asteno-nevrobk sindrom. Vegetativ (avtonom) sınır sisteminin pozğunluqları. NSD kardial və hipertonik tipli. Hipertenziv ensefalopatiya. Dissirkulyator ensefalopatiya hipertenzion tip” diaqnozu ilə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2023-cü il müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədəxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmassınn, baş beynin əzilməsindən sonrakı vəziyyət (OS.OS 1992). Beyindaxili qansızma nəticəsində yaranmış hemorragik insultun davamlı qalıq əlamətləri (2017).” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının 21 iyun 2023-cü il tarixdə əyani müayinəsi zamanı təqdim olunmuş epikrizlərdəki diaqnozlar klinik olaraq öz təsdiqini tapmamışdır qeyd edilsə də, həmin uyğunsuzluğun nədən ibarət olması barədə məlumat qeyd edilməmişdir. Hal- hazırda iddiaçı ona qüvvədə olan Meyarlara əsasən orqanizmin funksiyalarının pozulması faiz göstəricisinə uyğun İİ dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, tələb əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 776/2023 saylı ekspert rəyində göstərilmişdir ki, Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş son xx.xx.2023-cü il tarixli, N0008062YHP saylı Forma 088 göndərişindən görünür ki, o “Kəllədaxili travmalarının nəticələri, keçirilmiş qapalı kəlləbeyin travmasının, baş beyinin əzilməsindən sonrakı vəziyyət (xx.xx.1992), beyindaxili qansızma nəticəsində yaranmış hemorragik insultun davamlı qalıq əlamətləri (2017), üzvi mənşəli emosional labil (astenik) pozuntu, spastik hemiplegiya, soltərəfli hemiparez (əzələ gücü 3 bal), sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, təkrarlanan epileptik tutmalarla (ayda 6-8 dəfə), hipertrofık çapıq, bədənin, döş qəfəsinin sağ yarısının, boyunun ön səthinin yanıqdan sonrakı vəziyyəti, keloid çapıq” diaqnozundakı xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkir. Həmçinin işin birinci instansiya icraatı zamanı təqdim olunmuş ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnozlara əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri– T90 Başın travmalarının nəticələri; 2-ci bənd Qan dövranı sisteminin xəstəlikləri; İ69 Serebrovaskulyar xəstəliklər; 7-ci bənd Psixi və davranış pozuntuları 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular F06 baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Əlavə olaraq qeyd edilməlidir ki, işin hallarından göründüyü kimi xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə olan halda iddiaçının hazırkı iş üzrə hüquqi marağı ona yenidən İİ dərəcəli əlillik təyin edilməsi ilə bağlı olmuşdur ki, bu səbəbdən işin hazırkı apellyasiya icraatı zamanı iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Sonuncu məhkəmə iclasına iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbin “İddiaçı hazırda qüvvədə olan Meyarlara əsasən orqanizmin funksiyalarının pozulması faiz göstəricisinə uyğun İİ dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən təmin edilmiş iddia tələbi fərqli olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və hazırkı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11705/2023 saylı xx.xx.2023ci il tarixli qərarı ləğv edilməli və hazırkı iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11705/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “İddiaçı hazırda qüvvədə olan Meyarlara əsasən orqanizmin funksiyalarının pozulması faiz göstəricisinə uyğun İİ dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar